Məhkəmə qərarları › İş №1(007)-376/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-376/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-376/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1979-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs övladı X3 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Nizami Rayon Məhkəməsində baxılan cinayət işi üzrə həbsdən azad olunmasına köməklik edəcəyi adı ilə aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs 26 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında 1300 manat, 28 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında 1700 manat, ümumilikdə 3000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işi üzrə 3 saylı İstintaq Təcridxanasında saxlanılan zaman onunla eyni kamerada olan Kamal Məmmədovla tanış olmuşdur. Kamal Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək həmin maddənin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə soruşmuşdur. O da bu işi həll etməyin mümkün olduğunu bildirmişdir. Kamal ona qardaşı Əlinin nömrəsini verib əgər həbsdən tez çıxsa qardaşı ilə danışıb işini həll etməyini xahiş etmişdir. O, 12 sentyabr 2023-cü il tarixdə həbsdən çıxdıqdan sonra Əli ilə əlaqə saxlayıb Kamal barədə demiş, Əli onu yaşadıqları evə dəvət etmişdir. 26 sentyabr 2023-cü il tarixdə onların evinə gedərək Kamalın anası Rəfiqə ilə tanış olmuş və oğlunun işini həll etməyi üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Rəfiqə xanım həmin vaxt ona 1300 manat pul vermişdir. Daha sonra 28 sentyabr 2023-cü il tarixdə Rəfiqə xanım Nizami Rayon Məhkəməsinin qarşısında ona 1700 manat pul vermişdir. Kamalın işini həll etməyi üçün ümumilikdə Zərərçəkmiş şəxs 3000 manat pul almışdır. Zərərçəkmiş şəxs oğluna hər hansı kömək etmək iqtidarında olmamış, həmin işlə bağlı heç bir məhkəmə əməkdaşı ilə əlaqə saxlamamış, aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Daha doğrusu, barəsində olmuş CM-nin 177.1-ci maddəsi ilə cinayət işi üzrə zərərçəkmiş şəxs olan, keşmişdə qeyri-rəsmi yaşadığı qadına borcu olduğuna görə Zərərçəkmiş şəxs aldığı pulları həmin qadına vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu Kamal Məmmədov 07 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, təxminən 1-2 gün sonra oğlu Kamalın barəsində prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Təcridxanada olarkən oğlu Kamal Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs oğluna həbsdən azad olunması üçün köməklik edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra 2023-cü ilin avqust-sentyabr aylarında oğlu Şahid ilə əlaqə saxlayaraq Kamalla eyni təcridxanada olduğunu, nömrəni Kamalın verdiyini, onun cəzadan azad olunmasına köməklik edə biləcəyini bildirmişdir. X11 yaşadıqları evə dəvət etmişdir. 26 sentyabr 2023-cü il tarixdə Pərviz onların yaşadıqları evə gəlmiş, söhbət zamanı Pərviz Kamalın işini həll etməyi üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. O həmin məbləğdə pul verməyə imkanının olmadığını demişdir. Pərviz kiminləsə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra işi 3000 manata düzəldə biləcəyini demişdir. Həmin vaxt Pərvizə 1300 manat pul vermişdir. 28 sentyabr 2023-cü il tarixdə Pərviz oğlu Əli ilə əlaqə saxlayaq qalan pulu da istəmişdir. O, 1700 manat pul düzəldərək Pərvizlə Nizami Rayon Məhkəməsinin qabağında görüşüb pulu ona vermişdir. Pərviz pulu götürərək məhkəmənin inzibati binasına daxil olmuş, daha sonra çölə çıxaraq ASAN xidmətə gedib yaşayış yerindən arayış almaq lazım olduğunu demişdir. O da razılaşmış, ASAN xidmətə gedib yaşayış yerindən arayış almışlar. Sonra Pərviz ilə bir neçə dəfə əlaqə saxlasalar da onun mobil telefon nömrələri sönülü vəziyyətdə olmuşdur. 06 oktyabr 2023-cü il tarixdə məhkəmənin hökmü ilə oğlu Kamal 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra başa düşmüşdür ki, Pərviz onu aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3000 manat ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “DVD” disk açılanda 04 ədəd “WhatsApp” səs yazısı aşkar edilmişdir. 1-ci səs yazısı 01:58 dəqiqə, 2-ci səs yazısı 01:42 dəqiqə, 3-cü səs yazısı 04:56 dəqiqə və 4-cü səs yazısı 00:05 dəqiqəni əhatə edir. Hər 4 səs yazısında Təqsirləndirilən şəxs Şahid qardaşı Kamal Məmmədovun cəzasını azaltdıracağını, onun maddəsini CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəyə tövsif etdirərək daha aşağı həddə cəza təyin etdirəcəyini, bu işlə əlaqədar olaraq vəzifəli şəxslərlə daimi təmasda olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin səs yazısında öz səsinin olduğunu, digər şəxsin isə Kamal Məmmədovun qardaşı Şahid olduğunu bildirir. - maddi sübut kimi tanınma barədə 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 yanvar 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1(007)-170/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli 1686/8 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1(007)-170/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata götürüldüyü 27 noyabr 2023-cü il tarixdən ona tətbiq edilmiş elektron nəzarət vasitələrini özbaşına açaraq ENV-ni daşımaq vəzifəsini qərəzli pozduğu 13 iyun 2024-cü il tarixədək hesablanmaqla cəzasının çəkilməmiş hissəsi 10 ay 28 gün təşkil edir. - Şəki Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(075)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə zərərçəkmiş şəxslər X1, X2 və X4 qarşı törədilmiş əməllər üzrə hər birinə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 1(007)-376/2024 saylı qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. - Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(039)-51/2024 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. - Yevlax rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 3-13- 117/2-23097/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400641 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 3000 manat ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmiş və onunla barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 1(007)-376/2024 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, barəsində Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(039)-51/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan 1(007)-376/2024 saylı cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 1(007)-376/2024 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(039)-51/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu (həbsdə olan məhkuma qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar