Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-377/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə, Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Yaşayış massivi nömrəsiz evdə yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə saat 07 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «Ford Transit» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısından keçən hissəsi ilə Nizami rayon İcra hakimiyyəti istiqamətinə 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni qarşıda piyada keçidinin olmasını və keçidə yaxınlaşarkən piyada keçidi ilə piyadanın yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi Ford Transit markalı avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadaya yol verməli, piyada keçidi ilə yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozub piyada keçidi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyin postravmatik ödemi, baş beyinin sol təpə-ənsə nahiyəsinin əzilməsi, təpə-ənsə nahiyəsinin subdural hematoması, subaraxnoidal qansızma, burun sümüklərinin qəlpəli sınığı, hər iki ağciyərin travmatik kontuziyası və pnevmotoraksla müşayiət olunan sol İ-V və sağ İ qabırğaların yerdəyişmiş sınıqları, sol diz oynağının çox saylı parçalı sınıqları, bədənin və aşağı ətrafların genişsahəli hematomalarından ibarət xəsarətlərdən yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində sol təpə-ənsə nahiyəsinin əzilməsi və baş beyinin postravmatik ödemi səbəbindən beynin həyati vacib mərkəzlərinin sıxılması 24 yanvar 2023-cü tarixdə Zərərçəkmiş şəxs müalicə olunduğu Baku Medikal plaza xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» dərəcəli sürücülük vəsiqəsi olmaqla tanışı Şahid məxsus, «Ford Transit» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Bakı şəhəri Məhəmmədli qəsəbəsində yerləşən "xxxx" MMC-də sürücü-ekspeditor işləyir. 23 dekabr 2022-ci il tarixdə səhər saat 07 radələrində həmin avtomobili idarə etməklə Nizami rayonu Q.Qarayev prospekti ilə Nizami rayon İcra Hakimiyyəti istiqamətinə təxminən 40-50 km/saat sürətlə hərəkət edib «Komfort» şadlıq evinin qarşısı ilə hərəkətdə olarkən, piyada keçidinə diqqət vermədiyindən yolu sağdan sola keçən piyadanın artıq avtomobilin qarşısında olduğumu görmüş, məsafə yaxın olduğundan heç bir tədbir görə bilməmiş və avtomobilin qarşı hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada bir neçə metr qarşıda asfalt üzərinə düşmüşdür. Təxminən 10 metr qabağa hərəkət edib avtomobili saxlamış, düşüb baxdıqda görmüşdür ki, piyada hərəkətsiz qalmışdır. Dərhal təcili yardıma zəng vurub məlumat vermişdir. Təcili yardım maşını gəldikdə yaralını maşina qoyub birlikdə Sabunçu xəstəxanasına aparmışlar. Həmin gün onu ödənişli «Medikal Plaza» hospitalına köçürmüşdür. Onun xəstəxanada olduğu müddətdə bütün müalicə xərclərini, yəni 20 000 manatdan artıq pul ödəmiş, pulu tükəndiyinə görə təklif etmişdir ki, onu dövlət xəstəxanasına köçürsünlər. Daha sonra öyrənmişdir ki, ailə üzvləri onu X13 köçürmüşlər. Göstərilən tibbi yardımlara baxmayaraq 24 yanvar 2023-cü ildə xəstəxanada ölmüşdür.. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərmişdir ki, mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs təqribən 1 ildir ki, Nizami rayonu, 229 saylı orta məktəbdə mühafizəçi kimi çalışırmış. 23 dekabr 2022-ci il tarixdə səhər saat 06:50 radələrində yaşadıqları evdən çıxıb işlədiyi məktəbə işə getmişdir. O, işə getdikdən sonra özü ev işləri ilə məşğul olmuş və təqribən saat 11:00-da həmin məktəbin direktoru Vüsalə xanım ona zəng edib həyat yoldaşı Atamanın nə üçün işə gəlmədiyini soruşmuşdur. O, narahat olub Atamanın telefonu ilə əlaqə saxlamaq istəsə də onun telefonuna zəng çatmamışdır. Həmin gün təxminən saat 11:50 radələrində Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasından həkim telefonla zəng vurub həyat yoldaşı Atamanın yol qəzasına düşdüyünü və ağır vəziyyətdə travmatologiya şöbəsində olması barədə məlumat vermişdir. Bundan sonra o, 3 saylı şəhər klinik xəstəxanasına getmiş, orada öyrənmişdir ki, həyat yoldaşı Ataman yol nəqliyat hadisəsi nəticəsində ağır xəsarət aldığı üçün əməliyyat olunub və hal-hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Həmin gün axşam oğlu Fərhad Xəlilov atası Zərərçəkmiş şəxs müalicəsini X16 xəstəxanasında davam etdirməkdən ötrü ora köçürtmüşdür. Lakin orada 2 həftə müalicə aldıqdan sonra, xəstəxananın xərclərinə gücü çatmadığından həyat yoldaşı X15 mərkəzinə köçürtmüşlər. Klinik tibb mərkəzində 07 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixə qədər müalicə almış, 24 yanvar 2023-cü il tarixdə təxminən saat 10:20 radələrində Zərərçəkmiş şəxs həmin xəstəxanada vəfat etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid göstərmişdir ki, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs işsiz olduğundan onun xahişi ilə ailəsini dolandırmaqdan ötrü özünə məxsus olan “Ford Tranzit” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin noyabr ayında etibarnamə əsasında sürmək üçün Abdullaya vermişdir. 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək bildirmişdir ki, həmin avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanının qarşısında yolu sağdan sola keçən piyadanı vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan piyada, sonradan adını bildiyi Xəlilov X6 rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Onu da qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Ford Tranzit” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə də ziyan dəymişdir. Lakin, Təqsirləndirilən şəxs qarşı heç bir mülki iddiası və tələbi yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 27 №-lı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: baş beyin postravmatik ödemi, baş beynin sol təpə-ənsə nahiyəsinin əzilməsi, təpə-ənsə nahiyəsinin subdural hematoması, subaraxnoidal qansızma, burun sümüklərinin qəlpəli sınığı, hər iki ağciyərin travmatik kontuziyası və pnevmotoraksla müşayiət olunan sol 1-5 və sağ 1-ci qabırğaların yerdəyişmiş sınıqları sol diz oynağının çoxsaylı parçalı sınıqları, bədənin və aşağı ətrafların genişsahəli hematomaları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022ci ildə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təşlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır. Zərərçəkmiş şəxs ölümünə almış olduğu başın küt travması nəticəsində sol təpə-ənsə nahiyəsinin əzilməsi və baş beyin postravmatik ödemi səbəbindən beyinin həyati vacib mərkəzlərinin sıxılması olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 aprel 2023-cü il tarixli 8/817 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Ford Tranzit” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsnın hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığı, ona dəymiş zərərin tam ödənildiyi və təqsirləndirilən şəxslə barışdığı müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materillarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı-xx.xx.2018-ci təvəllüdlü X4, xx.xx.2020ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X5 müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınını və himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-377/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-377/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver