Məhkəmə qərarları › İş №1(007)-377/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-377/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-377/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Atatürk prospekti ev 265, mənzil 46-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Mədən 2, ev 11-də yaşamış, 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində tanışı Zərərçəkmiş şəxs özünə məxsus 19573 manat nağd pul vəsaitini xarici valyuta olan ABŞ dolları ilə dəyişmək istədiyini öyrənib sonuncuya köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan ünvan 1 ünvanda yerləşən “X14” adlı oyuncaq dükanında həmin 19573 manat pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs mülki iddiasını onunla əsaslandırmışdır ki, o, özünə məxsus 19573 manat vəsaitin aldatma yolu ilə X5 tərəfindən talandığını bildikdən dərhal sonra AR DİN 102 xidmətinə, həmçinin Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilmişdir. O, cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. X2 törətdiyi cinayət əməli nəticəsində 19573 manat maddi vəsaitindən məhrum olmuş, işdə zərərə düşmüş, biznes planları pozulmuşdur. Təqsirləndirilən şəxslə uzun müddət yaxın münasibətləri olmuş, onlara həmişə etibar etmişdir. Özünə dost hesab etdiyi insan tərəfindən bu cür aldadılmağı onu ciddi mənəvi sarsıntılara məruz qoymuşdur. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu mənəvi zərərin əvəzini də tam həcmdə ödəməlidir. Vurulmuş maddi zərərin əvəzi olaraq 19573 manatın, vəkil xidmətlərinə görə görə ödədiyi 420 manatın, vurulmuş mənəvi zərərə görə 1000 manatın, cəmi 20993 manatın və ödənilmiş 153 manat dövlət rüsumunun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, “X14” adlı oyuncaq dükanında qeyri-rəsmi olaraq sürücü işləmişdir. Zərərçəkmiş şəxs cəmi 4000 manat məbləğində borca pul almışdır. Onun həmin şəxsə 19573 manat məbləğində borcu yoxdur. 16 fevral 2024-cü il tarixdə Bakı şəhərində olmuş, həmin gün müəssisənin maşınından istifadə etmişdir. O, dollar dəyişməyə getməmişdir. Bağıra ünvanladığı səs yazısını məcburiyyətdən, borca görə sıxışdırıldığı üçün atmışdır. Borcu bağlaması üçün kredit götürməyə banka getmişdir. Kredit götürə bilmədiyindən maşını “Neftçilər” ərazisində, “Expressbank”ın qarşısında atmış, 10 gün müddətinə çıxıb getmişdir. Zərərçəkmiş şəxs ona dəyişdirilməsi üçün pul verməmişdir. Qardaşı da işini itirməmək üçün onun Bağırın pulunu ələ keçirməsi barədə yalan danışmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 03 mart 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən üç ildir ki, tanıyır. Onunla aralarında heç bir ədavət olmayıb. Bağır Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “X14” adlı obyekti icarə əsasında işlədir. Həmin obyektdə uşaq oyuncaqlarının topdan satışı həyata keçirilir. O, həmin şirkətdə müştərilərinə olan mal sifarişlərini çatdırmaq işi ilə, qeyri-rəsmi olaraq sürücü-ekspeditor işi ilə məşğul olmuşdur. Lakin həmin iş yerində rəsmi olaraq qeydiyyatı olmayıb. Onun işi dükandan ona verilən “Ford Tranzit” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dükanda olan malları yükləyərək, həmin malları Respublika ərazisində, o cümlədən Bakı şəhərinin daxilində gəzdirməklə müştərilərə təqdim edib, satışı həyata keçirməkdən ibarət olmuşdur. Nağd şəkildə həyata keçirdiyi satışlardan ələ edilən gəlirdən 5%-i ona zəhmət haqqı olaraq verilmişdir. İşlədiyi müddətdə Bağırla aralarında olan alış-veriş və pul haqq-hesabları ilə bağlı heç bir problem olmadığı üçün Bağırın etibarını tam şəkildə qazanmışdır. Ondan başqa qardaşı Əhməd də həmin dükanda işləmişdir. Təxminən iki ay əvvəl dəqiq xatırlamadığı tarixlərdə müxtəlif vaxtlarda iki dəfə, hər birində 2000 manat olmaqla ümumilikdə 4000 manat Bağırdan öz şəxsi ehtiyacları üçün borc pul götürmüşdür. Hazırda onun Bağıra 4000 manat borcu vardır. Zərərçəkmiş şəxs, guya onun Bağırdan 19573 manat pulu, ABŞ dollarını çevirmək adı ilə alıb, geri qaytarmayaraq onu aldatmağı barədə ərizəsində göstərmiş olduğu xüsusatlar tamamilə yalandır. Qeyd edilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə o, həqiqətən də, səhər saatlarında Bağırın icarə əsasında işlətdiyi dükana hər gün olduğu kimi getmişdir. Orada Bağırla aralarında olan alver ilə bağlı söhbət olmuşdur. Lakin o, Bağırdan bankda ABŞ dollarına dəyişmək üçün və ya başqa adla hər hansı bir məbləğdə pul götürməmişdir. Ümumiyyətlə nə Bağır, nədə ki, həmin vaxt dükanda olan heç kim ona bankda manatını ABŞ dollarına dəyişdirməsini xahiş etməyib və ona dəyişdirilməsi üçün pul verməyib. Həmin gün o, ümumiyyətlə banka getməmişdir. Həmin vaxt o, Bağırdan ailəsi ilə problem olması ilə bağlı qısa müddət ərzində yaşadığı evə gedib, geri qayıtmaq üçün icazə almışdır və Bağırın razılığı ilə şirkətə məxsus “Ford Tranzit” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oradan yaşadığı evə getmək üçün yola çıxmışdır. Evə tərəf gedərkən ailəsi ilə olan problemlərlə bağlı həyat yoldaşı ilə əlaqə saxlamaq istəmiş və mobil telefonu ilə həyat yoldaşı X3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə zəng etmişdir. Lakin Şəfa onun zənglərini əngəllədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan əsəbiləşərək, idarə etdiyi avtomobili Nizami rayonunda “Neftçilər dairəsi” adlanan yerin yaxınlığında yol kənarında saxlayaraq öz şəxsi işləri üçün getmişdir. Həmin gündən sonra nə işlədiyi yerə, nədə ki, yaşadığı evə getməmişdir. Bağırın hansı səbəbdən onun barəsində yalan məzmunda şikayət etməsi ona aydın deyil. Zərərçəkmiş şəxsla xx.xx.2024-cü il tarixdə onun işlədiyi dükanda söhbət edərkən yanlarında həmin dükanda işləyən Aygün adlı xanım əvvəldən sonra qədər olmuşdur. Söhbət müddətində həmin dükanda işləyən Rövşən, qardaşı Əhməd olduqları otağa hansısa işlərlə bağlı girib çıxmışlar. Ola bilər ki, həmin şəxslər də, Bağır ilə onun arasında olan söhbətin müəyyən hissələrini eşidə bilərlər. Təqsirləndirilən şəxs ifadələrində olan həmin ziddiyyətli hallara aydınlıq gətirə bilməsə də, məhkəmədə son sözlə çıxışında elan olunmuş ittihamda özünü təqsirli bilmiş, əməlini etiraf edib səməmi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiklərini, himayəsində azyaşlı uşağı olduğunu göstərmiş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Nizami rayonu Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4 ünvanında yerləşən “X14” MMC-də satış müdiri işləyir. Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Belə ki, Röyal əvvəllər Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən oyuncaq zavodundan oyuncaq alıb-satmışdır. Həmin ərəfədə o da həmin zavoddan oyuncaq alıb-satdığına görə orada Röyal ilə tanış olmuşdur. Hazırda satış müdiri işlədiyi dükanı Röyal onun vasitəsi ilə tanımışdır və mütəmadi olaraq qeyd etdiyi dükana gələrək onun anbarında olan malları, onun tərəfindən Röyala verilmiş “Ford Tranzit” markalı avtomobil ilə müştərilərə təqdim edərək, satışını həyata keçirmiş, satışdan əldə olunan gəlirdən 5% məbləğdə gəlir əldə etmişdir. Bundan başqa Röyalın qardaşı Əhməd təxminən bir neçə aydır ki, onun işlədiyi dükanda satıcı işləyir. 16 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində o, işlətdiyi dükanda olan zaman Röyal şirkətə gəlmişdir. Həmin vaxt o, özünə məxsus 19573 manat pulu bankda ABŞ dollarına mübadilə etməsini Röyaldan xahiş etmişdir. Röyal razılıq verdikdən sonra o, həmin gün saat 11:30da 19573 manat pulu Röyala vermişdir. Röyal ondan həmin məbləği aldıqdan sonra həmin gün təxminən 30 dəqiqə ərzində pulu ABŞ dollarına mübadilə etdirib, ona geri qayıdacağını deyərək dükandan çıxıb getmişdir. Həmin vaxt ona “Ford” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobilini vermişdir. Təxminən 1 saat sonra Röyal qayıtmadığına görə o, narahat olaraq dəfələrlə zəng etsə də Röyal hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Röyal mobil telefonuna “WhatsApp” tətbiqi ilə mesaj göndərərək, bankda növbə olmasını, əvvəlcə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” adlı hipermarketdə olan “Kapital Bank” filialına getməsini, orada pulun az olmasını, bu səbəbdən “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Bravo” adlı hipermarketdə olan “Kapital Bank” filialına getməsini, orada pulun az olmasını, bu səbəbdən “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Kapital Bank” filialına gedərək, orada növbəyə durmasını, növbə üçün bilet almasını və növbədə gözləməsini bildirmişdir. Həmin gün saat 15 radələrində Röyal qardaşı Əhmədə “WhatsApp” tətbiqi ilə özünün borclarının hədsiz çox olması, ailəsinin onu tərk etməsi, Bağırgilin onun üçün hər kəsdən əziz olması, etdiyi hərəkətin yanlış olması, buna görə üzr istədiyi, nə borcu varsa son qəpiyinə qədər geri qaytaracağı, işləmək üçün Türkiyəyə gedəcəyi məzmunda mesaj yazmışdır. Bundan sonra Röyalın ona qarşı dələduzluq edərək 19573 manat pulunu ələ keçirdiyinə əmin olduğu üçün DlN-in 102 xidməti-zəng rnərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş və bir qədər sonra 23-cü PB-yə gedərək Röyalın barəsində şikayət ərizəsi yazmışdır. Röyalın həmin gün ondan pul aldıqdan sonra ona göndərmiş olduğu səsli mesajı, o cümlədən həmin gün Röyalın öz qardaşına yazdığı mesajı istintaqa təqdim etmişdir. O, 19573 manat pulu 16 fevral 2024-cü il tarixdə saat 11:30-da Röyala verən zaman satıcılar Şahid3, Şahid1 və Şahid2, direktor X1 yanında olmuşlar. Həmin şəxslər onun həmin pulu hansı məqsədlə Röyala verilməsi ilə bağlı aralarında olan söhbətə və Röyalın ondan 19573 manat məbləğdə pulu götürməsinə şahid olmuşlar. Qeyd etdiyi məbləğdən başqa Təqsirləndirilən şəxs hadisədən təxminən 2 ay əvvəl dəqiq xatırlamadığı tarixlərdə 2 dəfəyə, təxminən 1 həftə ara ilə hər dəfə 2000 manat olmaqla ümumilikdə 4000 manat borc vermişdir. Lakin Röyal ondan borca olaraq götürdüyü ümumilikdə 4000 manat məbləğində pulu da bu günə kimi geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan mal alış-verişi ilə bağlı bir-birlərinə hər hansı bir məbləğdə pul verəcəkləri olmamışdır. Zərərçəkmiş şəxs 21 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və məhkəmə proseslərinin onun iştirakının olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “X14” şirkətində satış təmsilçisi işləyir və həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs tanıyır. Röyal həmin şirkətdən topdan oyuncaq alıb satmış və şirkətin rəhbərliyi ona inandığı üçün oyuncaqları ona nisyə satmışdır. Röyal da nisyə aldığı malların pulunu vaxtında şirkətə ödəmiş və sonuncu hadisəyə qədər Röyal şirkətin rəhbərliyini heç vaxt aldatmamışdır. 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində o, şirkətdə olan zaman Röyal şirkətə gəlmişdir. Həmin vaxt şirkətin satış müdiri Zərərçəkmiş şəxs özündə olan 19573 manat pulu bankda ABŞ dollarına mübadilə etdirməsi və ona qaytarması məqsədi ilə Röyala vermişdir. Röyal da təxminən 30 dəqiqə ərzində pulları ABŞ dollarına dəyişdirib, qaytaracağını dedikdən sonra şirkətdən çıxmışdır. Röyal şirkətdən çıxıb uzaqlaşdıqdan bir müddət sonra Bağır ona dəfələrlə zəng etmiş və hər dəfə Röyal telefona cavab verərək müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Röyal əlaqəni tam kəsdiyinə görə şirkətin müdiri Bağır Röyal tərəfindən aldadıldığına tam əmin olaraq bu barədə həmin gün 23-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs 19573 manat pulu Röyala verən zaman orada ondan başqa satıcılar Şahid3, Şahid1 və şirkətin direktoru X1 olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “X14” şirkətində satıcı işləyir və həmin ərəfədən etibarən Təqsirləndirilən şəxs tanıyır. Röyal həmin şirkətdən topdan oyuncaq alıb satmışdır. Şirkətin rəhbərliyi Röyala inandığı üçün malları nisyə satmışdır. Röyal da aldığı malların pulunu vaxtında şirkətə ödəmiş və sonuncu hadisəyə qədər Röyal şirkətin rəhbərliyini heç vaxt aldatmamışdır. 16 fevral 2024-cü il tarixdə saat 12 radələrində o, şirkətdə olan zaman Röyal şirkətə gəlmişdir. Həmin vaxt şirkətin satış müdiri Zərərçəkmiş şəxs özündə olan 19573 manat pulu bankda ABŞ dollarına mübadilə etdirməsi məqsədi ilə Röyala vermişdir. Röyal da təxminən 30 dəqiqə ərzində pulları ABŞ dollarına dəyişdirib, qaytaracağını dedikdən sonra şirkətdən çıxmışdır. Röyal şirkətdən çıxıb uzaqlaşdıqdan təxminən 1-2 saat sonra Bağır ona dəfələrlə zəng etmiş, hər dəfə Röyal telefona cavab verərək müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Röyal əlaqəni tam kəsdiyinə görə şirkətin müdiri Bağır Röyal tərəfindən aldadıldığına tam əmin olaraq bu barədə həmin gün 23-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan Röyal 23-cü polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. İşlədiyi şirkətin satış müdiri Zərərçəkmiş şəxs 19573 manat pulu Röyala verən zaman orada ondan başqa satıcılar Şahid3, Şahid1 və şirkətin direktoru X1 olmuşlar. Röyal şirkətin maşını ilə banka getmiş, sonra maşını yolda tərk etmişdir. Maşının yeri 3-4 gündən sonra tapılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “X14” adlı şirkətdə mühasib vəzifəsində işləyir. Həmin şirkətin ofisi və eyni zamanda satış həyata keçirdiyi ünvan Nizami rayonu Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4 saylı ünvanda yerləşir. X4 həmin şirkətin rəhbəridir. Təqsirləndirilən şəxs isə həmin şirkətin məhsullarının satışını həyata keçirmişdir. Röyalın qardaşı Şahid1 də, onlarla eyni şirkətdə işləyir. Bu səbəbdən Röyalı mütəmadi olaraq işlədiyi şirkətdə görmüşdür. Şirkətin rəhbəri Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münasibətləri yaxşı olmuşdur. Bağır Bağırlının pulunun Röyal tərəfindən ələ keçirilməsi ilə bağlı polisə müraciət etməsindən məlumatı vardır. Belə ki, 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində o, iş yerində, Zərərçəkmiş şəxs otağında kompüter vasitəsi ilə iş görərkən Zərərçəkmiş şəxs otaqda Təqsirləndirilən şəxs ilə söhbət etmişdir. Onlar arasında olan söhbətə tam olaraq diqqət yetirməmişdir. Bununla belə otaqda olduğu üçün onlar arasında olan söhbətin bir hissəsini eşitmişdir. Belə ki, söhbət zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə hansısa məbləğdə pulun ABŞ dollarına çevrilməsi ilə bağlı söhbət etmişdir. Röyal da, cavabında ABŞ dolları ala biləcəyini demişdir. O, həmin vaxt qısa müddətə həmin otaqdan çıxıb, geri qayıtdığı üçün onlar arasında söhbətin tam məzmununa, o cümlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hansısa məbləğdə pul verməsinə şahid olmamışdır. Bir qədər sonra Röyal həmin yerdən çıxıb getmişdir. Bundan bir qədər sonra Röyalın qardaşı X8 iş otağına gələrək, Röyalın ona mesaj yazmasını demişdir. Həmin mesajı Əhməd öz telefonunda Bağıra göstərərkən o da Bağırla birlikdə həmin mesajı oxumuşdur. Həmin mesajda Röyal qardaşı Əhmədə özünün borclarının hədsiz çox olmasını, ailəsinin onu tərk etməsini, Bağırgilin ona hər kəsdən əziz olmasını, etdiyi hərəkətin yanlış olmasını, buna görə üzr istədiyini, nə borcu varsa son qəpiyinə qədər geri qaytaracağını, işləmək üçün Türkiyəyə işləmək üçün gedəcəyini yazmışdır. Bundan sonra otaqda gedən söhbətlərdən ona aydın olmuşdur ki, Zərərçəkmiş şəxs həmin gün saat 11 radələrində Röyalla öz iş otağında söhbət edərkən ABŞ dollarına çevirib, həmin gün geri qaytarması üçün Röyala 19753 manat pul vermiş, lakin Röyal həmin pulu alıb, oradan çıxdıqdan sonra bir daha geri qayıtmamışdır. 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sonuncunun iş otağında aralarında pul ilə bağlı söhbət edərkən otaqda onlarla birlikdə işləyən Nicat, Sübhan, Rövşən və Əhməd olmuşlar. Həmin şəxslər Röyal ilə Bağır arasında olan söhbətin şahidi olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında təqsirləndirilən şəxsin yaxın qohumu - qardaşı olduğu üçün ifadə verməkdən imtina etdiyindən, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun zərərçəkmiş şəxs və şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 mart 2024-cü il tarixli könüllü təqdim etmə və baxış protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə xx.xx.2024-cü ildə göndərdiyi səsli mesajın və sonuncunun qardaşı Şahid1 “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi sms mətninin əks olunduğu mobil telefonunu istintaqa təqdim etmişdir. Təqdim edilmiş telefona baxış zamanı həmin telefonun “İphone 12 pro” markalı mobil telefon olduğu və telefonun “WhatsApp” proqramına daxil olduqda həmin proqramın ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi, proqramda “Royal İŞ” adı altında qeydiyyatdan keçmiş ***-***-**-** mobil nömrəsinin sahibi ilə aralarında olan danışıqda sonuncunun xx.xx.2024-cü ildə saat 12:34də göndərdiyi səsli mesajı olduğu və həmin səsli mesajın “Burda oçiretdiye, Bağır, oçiret. Gəlmişəm Neftçilərə “Kapital”-a. Getdim şeydədkində olmadı, nədi onun adı Bravodakında olmadı. Dedilər bizdə yoxdur, azdır. Gəlmişəm Nefçitlərə. İndi bilət götürmüşəm gözləyirəm” mətinindən ibarət olduğu, bundan başqa qeyd edilən “WhatsApp” proqramında “Əhməd İşçi” adı altında qeydiyyadan keçmiş ***-***-**-** mobil nömrəsinin sahibi tərəfindən xx.xx.2024-cü il saat 15:49-da “Menim heçkimim yoxdu özüvüzə yaxwi baxin bagir gilə deki royal diyir ki cox uzur isdiyirem onlara qaşı elediyim coxyanlişdi amma qepiyinə kimi oduyecem pularini soz verirem amma biraz zaman versinlər turkiyeye catim iwe bawliyim oduyecem bagir eger oxuyursansa qaqa meni baqiwla nolar mecburam cox sixiliram ozumu oldurmek heddine qeder gelmişem nolar bagiwla sen mene her zaman dayaq olmusan and ola kiwiliyime ki bunlari yaza yaza vicdan ezami cekirem menim bir tek aylem var idi onlarida itirdim kimsesiz biriyem men” və “Qardaş kimi ezizsen seni cox isdiyirem meni baqiwliyin menim borcum hedsiz çoxdu aylemde meni terk eledi sizde unudun meni bagir qile deki royal diyir ki onlar mene herkesden eziz olublar ne bircum varsa qepiyine kimi verecem doze bilmirem bulara men heckesi olmuyan heckimem dunen bilet almiwam maşinida qoymuşam nefcilerde exspres bankin qabaqina açarda ustundedi” məzmununda mesaj göndərildiyi müəyyən edilmiş və qeyd edilən səs yazısı CD diskə köçürülməklə, sms mətnin foto surəti çıxarılaraq tərtib edilmiş protokola əlavə edilmişdir. (i.v. 69-71) - 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmiş və məlum olmuşdur ki, faylda olan səs yazısı 14 saniyə davam edir. Qeyd edilən səs yazısında olan şəxs “Burda oçiretdiye, Bağır, oçiret. Gəlmişəm Neftçilərə “Kapital”-a. Getdim şeydəkində olmadı, nədi adı Bravodakında olmadı. Dedilər bizdə yoxdur azdır. Gəlmişəm Neftçilərə. İndi blet götürmüşəm gözləyirəm.” sözləri deyilmişdir. CD diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin səsli mesajdakı səsin özünə məxsus olduğunu, həmin səsli mesajın xx.xx.2024-cü il tarixdə onun tərəfindən “WhatsApp” mesajlaşma sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs mobil telefonuna göndərdiyini qeyd etmişdir. (i.v. 72) - 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə xx.xx.2024-cü ildə göndərdiyi səsli mesajın əks edildiyi 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, istərsə də başqa tarixlərdə AŞB dollarına dəyişdirmək üçün hər hansı bir məbləğdə pul almadığını göstərməsi iş materialları ilə təkzib olduğundan həmin xüsusatlar özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş və sübut kimi qəbul edilməmiş, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrinə əsasən Təqsirləndirilən şəxs hadisədən 2 ay əvvəl Zərərçəkmiş şəxs 4000 manat borc alması xüsusatı mülki xarakterli olduğundan həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliksı CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılamsı rədd edilmişdir. (i.v. 130-135) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə ittihamın elan olunması zamanı özünü təqsirli bilməmiş, sərbəst ifadəsində verilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, məhkəmədə son sözlə çıxışında isə əməlini etiraf edib peşman olduğunu bildirmiş, cəzanı yüngülləşdirən müvafiq halların nəzərə alınmaqla ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, lakin bundan sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.3-cü maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 44-45) - 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 103-108) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2010-cü il tarixli 811 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 125) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 23 avqust 2016-cı il tarixdə doğulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazıra, yəni 06 sentyabr 2024-cü il tarixədək ümumilikdə 06 ay 04 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia verilmişdir, ona dair ayrıca qiymətləndirmə aparılacaqdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış içərisində Təqsirləndirilən şəxs səsli mesajının əks edildiyi 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmışdır. Lakin məhkəmə iclasının gedişində iş üzrə dəymiş maddi ziyan ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs 06 sentyabr 2024cü il tarixdə ərizə verərək, Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəməyi barədə borc müqaviləsi bağladıqlarını, bu səbəbdən mülki iddiadan imtina etdiyini göstərmiş və mülki iddiaya dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Belə olan halda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyi, təqsirləndirilən şəxslə barışdığı, ondan heç bir şikayət və tələbinin olmadığı barədə ərizə verməsi, eyni zamanda mülki iddiadan imtina etməsi yazılı müraciəti nəzərə alınaraq, bu imtina qəbul olunaraq mülki iddiaya dair hissədə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İçərisində Təqsirləndirilən şəxs səsli mesajının əks edildiyi 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi zərərin əvəzi olaraq 19573 manatın, vəkil xidmətlərinə görə görə ödədiyi 420 manatın, vurulmuş mənəvi zərərə görə 1000 manatın, cəmi 20993 manatın və ödənilmiş 153 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi” tələbinə dair mülki iddiasından imtina etməsi nəzərə alınaraq, həmin hissədə işin icraatına xitam verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar