Məhkəmə qərarları › İş №1(007)-378/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-378/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-378/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası yeni hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzaları təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmış, cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməlində cinayətlərin təhlükəli residivinin olması nəzərə alınmış, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası yeni qərarla təyin edilən cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzaları təyin edilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicə olunan və cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 oktyabr 2022-ci il tarixdə saat 04:55 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi ərzaq mağazasının qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olub oradan 800 manat dəyərində müxtəlif növ siqaretləri və masanın birinci siyirməsindən 220 manat, eyni masanın ikinci siyirməsindən 60 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümümilikdə 1080 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə Kürdəmir rayonu ərazisində və eləcə də Bakı şəhərində bir neçə mağazadan oğurluq etmiş, buna görə bəzi işlərə baxılmışdır, hazırda bu işdən başqa bir işinə də Xətai Rayon Məhkəməsində baxılır. Oğurluqları maddi vəziyyəti pis olduğuna görə törətmişdir. 26 oktyabr 2022-ci il tarixdə gecə saatlarında oğurluq etmək üçün Nizami rayonu ərazisində münasib mağaza axtararaq E.Süleymanov küçəsində yerləşən ərzaq mağazasına yaxınlaşmış, mağazanın şüşə qapısının kilidini əvvəlcədən özü ilə götürdüyü armaturla açıb içəri daxil olmuşdur. Mağazadan dəqiq sayını bilmədiyi müxtəlif növ siqaretləri mağazada olan iki kisəyə doldurmuş, həmin kisələrdən başqa mağazanın piştaxtasının siyirməsində olan 280 manat pulu da götürüb çıxmışdır. Sonradan həmin siqaretləri “Neftçilər” metrosunun yaxınlığında dəqiq xatırlamadığı köşklərə ucüz qiymətə satmış və əldə etdiyi pulu, həmçinin mağazadan götürdüyü pulları öz ehtiyaclarına xərcləmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, açıq vərəm xəstəsi olmaqla müalicədə olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ərzaq mağazasını VÖEN əsasında icarəyə götürüb işlədir. Mağazada ərzaq məhsullarının satışı ilə məşğul olur. Hər gün mağazanı səhər saat 08 radələrində açır və saat 00-da bağlayır. Mağazada əvvəllər Ayşən adlı qadın satıcı kimi işləmişdir. 26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində satıcı Ayşən ona zəng edərək mağazanın qapısının bağlı olduğunu, lakin əşyaların dağıdıldığını bildirmişdir. O, dərhal bu barədə polisə müraciət etmiş, özü mağazaya baxan zaman təxminən 800 manat dəyərində “Davidov”, “Vest”, “Sobranie, “Vinston”, “Kent”, “Classik”, “Magna”, “LD” və “Rotmans” markalı siqaretlərin, həmçinin masanın siyirməsində olan 280 manat pulun oğurlandığını aşkar etmişdir. Polis əməkdaşları da gələrək hadisə yerinə baxış keçirmiş və müvafiq sənədləşmə aparmışlar. Oğurluq nəticəsində ona ümumilikdə 1080 manat maddi ziyan dəymişdir. Həmin vaxt oğurluğun törədilməsində şübhələndiyi şəxs olmamış, lakin müşahidə kamerasında qeydə alınmış görüntüləri polisə təqdim etmişdir. Polislər tərəfindən aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Hazırda ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayəti yoxdur, onunla barışmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında satıcı işləyir və 320 manat məvacib alır. Hər gün mağazanı səhər saat 08 radələrində açır və saat 00-da bağlayır. 26 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində işlədiyi mağazaya gələn zaman mağazanın qapısını açmaq istədikdə qapının açıq olduğunu görmüş, içəri daxil olduqda isə vitrində olan siqaretlərin bir neçəsinin yerə dağıldığını, oturduğu masanın qarşısında olan siyirmənin açıq olduğunu gördükdə mağazadan oğurluq olduğunu başa düşüb mağazanın sahibi Elçinə zəng vurub məlumat vermişdir. Sonradan mağazadan ümumi dəyəri 800 manat olan “Davidov”, “Vest”, “Sobranie”, “Vinston”, “Kent”, “Classik”, “Magna”, “LD” və “Rotmans” markalı siqaretlərin, həmçinin masanın siyirməsində olan 280 manat pulun oğurlandığını aşkar etmişlər. Polis əməkdaşları da gələrək hadisə yerinə baxış keçirmiş və müvafiq sənədləşmə aparmışlar. Mağazanın qapısının 2 ədəd açarı olmaqla biri onda, digəri isə Elçində olmuşdur. Oğurluğun törədilməsinə şübhələndiyi şəxs yoxdur, lakin müşahidə kamerasında qeydə alınmış görüntüləri polisə təqdim etmişdir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-9) - 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən ərzaq mağazasındakı müşahidə kamerasından götürülmüş diskdə olan görüntüyə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 04:55-də nisbətən hündür boylu, başında dimdikli kepka olan, təxminən 25-30 yaşında oğlan mağazanın şüşə qapısından əlində təxminən 1 metr uzunluqda armatura bənzər əşya ilə daxil olur, armaturu kənara qoyur, piştaxtaya yaxınlaşır və axtarışa başlayır. 2-ci faylda həmin şəxs saat 05:02-də əlində 2 ədəd dolu torba və armatur qapıya yaxınlaşır, bir əli ilə qapının dəstəyindən tutub açmaq istəyir, lakin qapı açılmır. Əlindəki torbanın birini yerə qoyur, armaturla qapını aralayıb açır, torbaları götürüb qapıdan çıxır, qapını örtüb aralaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs etiraf etmişdir ki, görüntüdə olan şəxs o, özüdür. (i.v. 72) - 16 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, müşahidə kamerasından götürülmüş 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (i.v. 96-98) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Şirinov X2 Hərbi Məhkəməsinin 01 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.2 və 333.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq üzərində 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 11 noyabr 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2000 manat cərimə cəzasına məhkum edilmiş; Ağsu Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3000 manat cərimə cəzasına məhkum edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ildən 04 il 09 aya azaldılmış, Salyan Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il 09 aydan 04 il 06 aya azaldılmış, Salyan Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, 07 avqust 2019-cu il tarixdə cəza müddəti başa çatmış; Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, 28 iyun 2022-ci il tarixdə cəza müddəti başa çatmış; Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası yeni hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzaları təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmış, cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməlində cinayətlərin təhlükəli residivinin olması nəzərə alınmış, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası yeni qərarla təyin edilən cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzaları təyin edilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. (i.v. 93-95) - 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılması nəzərə alınmaqla, haqqında qətimkan tədbiri seçilməsi lüzumsuz hesab edilmişdir. (i.v. 96-98) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin residivi və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Şirvan Apellyasiya Məhkəməsi özünün 23 iyun 2023-cü il tarixli qərarı ilə belə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 22 may 2015-ci il və 02 iyun 2020-ci il tarixli hökmləri ilə təyin edilmiş cəzalara münasibətdə onun məhkumluqları ödənilməmişdir, əməlində cinayətlərin təhlükəli residivi vardır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, ona görə cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən, 3000 manat məbləğində cərimə cəzası tamamilə hazırkı hökmlə təyin ediləcək müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplanılmaqla, qəti olaraq ona azadlıqdan məhrum etmə və 3000 məbləğində cərimə cəzaları təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hazırda CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edildiyinə və CM-nin 67.1-ci maddəsi ilə cəza təyini məsələsi əvvəlki hökm üzrə artıq həll edildiyinə görə cari iş üzrə CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməsinə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs kimi tutulmamış, həbsdə saxlanılmamışdır, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin hal hazırda da nəzərə alınmaqla qətimkan tədbiri seçilməməli, eyni zamanda cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə müəyyən edilmiş 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən, 3000 (üç min) manat məbləğində cərimə cəzası tamamilə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə toplanılmaqla, qəti olaraq ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar