Məhkəmə qərarları › İş №1(007)-378/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-378/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-378/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, rəsmi sənədi şəxsi niyyətlə məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs gələcəkdə ixtisası üzrə işləməsinə mane olmaq niyyəti ilə sonuncuya Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 08 iyul 2013-cü tarixli 3/170 saylı əmrə əsasən verilmiş, ali təhsil alması faktının mövcudluğunu təsdiq edən və rəsmi sənəd hesab edilən “İbtidai təhsil pedaqogikası və metodikası” ixtisası üzrə qiyabi şöbəni bitirməsi və ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə ali bakalavr dərəcəsi barədə BN266048 (qeydiyyat N°1697/13) saylı adi diplomu cırmaqla məhv etmişdir. Bundan başqa, o, 22 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 41 saylı binanın 83 nömrəli mənzilində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruq, təpik və dabankeşlə sonuncunun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ təpəənsə sərhəddinin və sol təpə nahiyəsinin, sol əlin İİ barmağının əsas falanqasının şişkinlik halında əzilmələri, üst dodağın sağ yarısının şişkinlik halında əzilməsi və qançırı, selikli qişasının qansızması, sol əlin ovuc səthinin sıyrığı, alt çənənin sol çənə bucağı nahiyəsinin, sol saidin arxa səthinin, boynun yuxarı şöbəsinin arxa səthinin, sol budun ön,bayır və ön-bayır səthlərinin, sol sağrının aşağı bayır kvadrantının qançırları, sol bazu oynağının ön bayır səthinin, sol bazunun bayır səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının, sağ bazunun arxa-bayır səthinin, sağ bazunun arxa səthinin, sağ budun arxa səthinin hematomaları, hərəkət məhdudluğu ilə müşayiət olunan sol aşıq-baldır oynağının arxa səthi və daban nahiyəsini əhatə edən şişkinlik halında əzilməsi və hematomasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128 və 326.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-378/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyinə və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur. Ailə qurduqları dövrdən münasibətləri normal olmuş, lakin maddi sıxıntı çəkdiyindən və arvadını qısqandığından, sonradan aralarında münaqişəli vəziyyət yaranmışdır. Növbəti münaqişələrin birində 19 may 2023-cü il tarixində Elnarə işə gedib evə qayıtmamış, ona məlum olmuşdur ki, Elnarə bibisi Xanımgildədir. 20 may 2023-cü il tarixində saat 14 radələrində arvadının bibisi Xanımın yaşadığı ünvan 3 ünvanına getmiş, arvadı Elnarənin, azyaşlı qızı Səmayənin, qaynı Orxanın və qaynanası Gülnarənin orada olduğunu görmüşdür. Elnarəyə onları evə aparmaq üçün gəldiyini bildirdikdə Elnarə onunla yaşamaq istəmədiyini bildirmişdir. Bu zaman o, Xanıma demişdir ki, Elnarə evdən çıxarkən özü ilə nikah haqqında şəhadətnaməni, uşaqların doğum haqqında şəhadətnaməsini, diplomunu və mənzilin ipoteka müqaviləsini götürmüşdür ki, bu da onun ayrılmaq istəyinin nəticəsidir. Onun bu sözlərindən sonra qaynı Orxan Elnarənin çantasını stolun üstünə qoymuşdur. Çantanı açdıqda qeyd olunan sənədlərin həqiqətən çantada olduğu aşkar olunmuşdur. O, arvadı Elnarəyə bildirmişdir ki, bundan sonra onu işləməyə qoymayacaq və o, evdar qadın kimi evdə oturub uşaqlara baxacaq. Elnarə isə israrla işləyəcəyini bildirmişdir. Bundan sonra o əsəbləşib Elnarəyə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş, ali təhsil alması faktının mövcudluğunu təsdiq edən “İbtidai təhsil pedaqogikası və metodikaşı” ixtisası üzrə qiyabi şöbəni bitirməsi və ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə ali bakalavr dərəcəsi barədə diplomu cırıb iki yerə bölmüşdür ki, Elnarə həmin diplomdan istifadə edə bilməsin və işə çıxmayıb evdə uşaqlarına baxsın. Bundan sonra o, Elnarəni və azyaşlı qızı Səmayəni götürüb evə aparmışdır. Yolda ondan etdiyi hərəkətlərə görə üzr istəmiş və diplomu bərpa etdirəcəyinə söz vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, himayəsində 3 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, məhkəmədən onun barəsində nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində hadisənin Təqsirləndirilən şəxs qeyd etdiyi şəraitdə baş verdiyini göstərərək həyat yoldaşı Elnurla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək birgə nikahdan 3 uşaqlarının olmasını nəzərə alıb təqsirləndirilən şəxsə məhkəmədən nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid4 məhkəmə istintaqı zamanı elan və tədqiq olunmuş ifadələrindən görünür ki, onlar hadisənin Təqsirləndirilən şəxs qeyd etdiyi şəraitdə baş verdiyini göstərmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai istintaq orqanının sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli 05-32/126 saylı cavab məktubundan görünür ki, Əliyeva (Nadirova) Elnarə Musa qızı həqiqətən 08 iyul 2013-cü il tarixli 3/170 saylı əmrə əsasən universitetin “İbtidai təhsil pedaqogikası və metodikası” ixtisası üzrə qiyabi şöbəsini bitirmiş və ona ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə ali bakalavr dərəcəsi və BN266048 (qeydiyyat N°1697/13) saylı adi diplom verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 29 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə nikahından 2012-ci il təvəllüdlü Ayxan, 2013-cü il təvəllüdlü Məhəmməd və 2015-ci il təvəllüdlü Səmayə adlı uşaqları doğulmuşdur. İş materiallarında olan qərarlardan görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonunun ərazisində yaşadıqları mənzildə arvadı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması faktına görə 17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 326.1-ci maddələri ilə ittiham elan olunaraq məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı tərəflər barışdığına görə 11 iyul 2024-cü il tarixli 3(007)-378/2024 saylı qərarla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına CM-nin 128-ci maddəsi ilə olan hissədə xitam verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsində rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. İş materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus rəsmi sənəd hesab edilən diplomu cırıb məhv etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 14 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 84 manat (14x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmün icrası məhkumun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 84 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar