Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-379/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Naxçıvan MR, ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 guya özünün yüksək vəzifəli şəxslər ilə yaxın əlaqələrinin olduğuna inandırıb sonuncunun qeyri-rəsmi münasibətdə yaşadığı X3 həbsdən azad edilməsinə dair köməklik göstərəcəyi ilə bağlı yalan vədlər verib onu aldadaraq 2024-cü ilin fevral ayı ərzində Zərərçəkmiş şəxs1 onun işlədiyi ünvan 3 ünvanında yerləşən “SM Studio” adlı gözəllik salonunda hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə 1500 manat məbləğində pulu alaraq verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 guya özünün yüksək vəzifəli şəxslər ilə yaxın əlaqələrinin olduğuna inandırıb sonuncunun qardaşı X3 həbsdən azad edilməsinə dair köməklik göstərəcəyi ilə bağlı yalan vədlər verib onu aldadaraq 22 fevral 2024-cü il tarixdə zərərçəkmiş şəxsin istifadəsində olan 409809******8140 nömrəli bankomat kartından qardaşı X1 məxsus olmaqla özünün istifadəsində olan 541124******2691 nömrəli bankomat kartına göndərilməklə Zərərçəkmiş şəxs2 350 manat, 2024-cü ilin mart ayının əvvəllərində isə ünvan 4 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinin inzibati binasının qarşısında 200 manat olmaqla ümumilikdə vahid niyyətlə 550 manat məbləğində pulu alaraq verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ondan birlikdə yaşadığı X7 RPİ-nin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə həbs edildiyini bildirmiş və ona kömək etməsini xahiş etmiş, o da Samirəyə bu işi həll edəcəyini, Muradın həbsdən azad olunmasına köməklik göstərəcəyini bildirmişdir. Beləliklə, həmin ərəfələrdə, yəni 2024-cü ilin fevral-mart ayları ərzində müxtəlif məbləğlərdə pulları, yəni əvvəlcə 500 manat, sonradan 300 manat, 100 manat, 300 manat və sonda yenidən 300 manat olmaqla, ümumilikdə 1500 manat pulu Samirədən onun Bakı şəhəri, Nizami rayonu ərazisində işlədiyi gözəllik salonunda almışdır. Samirə ilə danışdığı zaman X9 adlı qardaşının olduğunu bildirmiş, Bəylərlə telefonla danışmış və ona qardaşına kömək etmək istədiyini bildirib, Samirəyə verdiyi vədləri ona da vermiş, bu adla Bəylərdən əvvəlcə 350 manat pul istəmiş və Bəylər həmin pulu istifadəsində olan bankomat kartına göndərmişdir. Daha sonra isə Bələrdən 200 manat pul almışdır. Bəylər və Samirədən aldığı bütün pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını, həmçinin vurulmuş ziyana görə iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X4 təxminən 8 ildir ki, tanımış və onunla qeyri-rəsmi birlikdə yaşamış, 2024-cü ilin əvvəllərində Murad Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs gözəllik salonunda müştərisi olan Aytən adlı şəxs vasitəsi ilə tanımış, Aytənlə dərdləşib başına gələnləri danışarkən Aytən özünün Seymur adlı yüksək vəzifədə işləyən tanışının olduğunu demiş, o, Seymurun əlaqə nömrəsini istəmiş, bir neçə gün sonra Seymura zəng edərək başına gələnləri ona danışmışdır. Telefon danışıqları zamanı o, özünü DİN-nin əməkdaşı kimi təqdim edərək bu məsələni həll edə biləcəyini bildirmiş, təxminən 10-15 gün sonra zəng edərək ilkin rəsmi sənədləşdirmə işləri üçün 500 manat ödəniş lazım olduğunu demişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Seymur ünvan 6 ünvanında yerləşən işlədiyi gözəllik salonuna gələrək 500 manat pulu Seymura vermişdir. 2024-cü ilin fevral ayında Seymur həmin ünvanda Muradı həbsdən çıxarmaq adı ilə ardıcıllıqla 300 manat, 100 manat, 300 manat və sonda 300 manat olmaqla, ümumilikdə 1500 manat pul almışdır. Verdiyi pulların hər birini işlədiyi salonda vermişdir. Hadisə ilə bağlı ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qardaşı X6 2024-cü ilin əvvəllərində Azərbaycan Respublikası CM-in 186-cı maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Samirə onun polis əməkdaşı olduğunu, Muradın işinə köməklik göstərəcəyini bildirmiş, bundan sonra Seymur ilə əlaqə saxladıqda Seymur ona bu işə köməklik göstərə biləcəyini demişdir. Seymur ona narahat olmamağı, qardaşını həbsdən çıxaracağını bildirmiş və buna görə ilkin olaraq 350 manat pul istəmişdir. Ona inanaraq istifadəsində olan kartı vasitəsi ilə Seymurun istifadəsində olan kartı 350 manat pul göndərmiş, təxminən 2024-cü ilin mart ayının əvvəllərində 200 manat pulu da Nizami RPİ-nin qarşısında ona vermişdir. Bundan sonra Samirə danışdığı zamanı Seymurun taksi sürücüsü olduğunu demiş və bu zaman həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini anlamışdır. Hadisə ilə bağlı ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi - ümumilikdə 512.5 (beş yüz on iki manat 50 qəpik) manat pul vəsaiti ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hazırki vaxtadək həbsdədir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-379/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-379/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver