Məhkəmə qərarları › İş №1(007)-379/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-379/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-379/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxxx 1982-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3,178.2.4, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək CMnin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 il 01 ay 05 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs guya dövlət orqanlarında əlaqələrinin olmasını bildirib buna inandıraraq əlaqələrindən istifadə etməklə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22F ünvanında yerləşən fərdi evini sonuncunun adına sənədləşdirməkdə kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 5239 15** **** 0023 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:30-da yaşadığı ünvan 3 ünvanında olarkən qızı Arzu Alışovanın adına olmaqla faktiki öz istifadəsində olan 4169 7388 5767 2590 nömrəli bank kartı hesabından köçürülmüş 550 manat, xx.xx.2024cü il tarixdə saat 17:29-da eyni ünvandan köçürülmüş 400 manat, xx.xx.2024-cü il tarixdə saat 19:15-də ünvan 4 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürülmüş 4000 manat, həmin gün saat 19:19-da eyni ünvandan köçürülmüş 3000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:10-da eyni ünvandan köçürülmüş 3000 manat, xx.xx.2024-cü il tarixdə saat 16:45-də Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürülmüş 1000 manat və xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binada işdə olan zaman istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 5767 2590 nömrəli bank kartının hesabından köçürülmüş 250 manat, ümumilikdə 12200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi təqdim edərək ona vurulmuş zərərə görə 12200 manatın və dövlət rüsumu kimi ödənilmiş 127 manatın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək, əməlindən peşman olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 10 ilə yaxındır tanıyır. Onların yaxın tanışlıq münasibətləri olmuşdur. Əvvəllər 7 ilə yaxın vəkil kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22F ünvanında yerləşən fərdi evi adına sənədləşdirməkdə kömək etmək üçün ona müraciət etmişdir. Həmin zaman Mayis onun artıq vəkil kimi fəaliyyət göstərmədiyini bilmişdir. Sadəcə 2015- 2016-cı illərdə qeyd olunan mənzillə bağlı problemlərin həllində Mayisin vəkili olduğundan və həmin məsələni bildiyi üçün Mayis yenidən ondan kömək istəmişdir. O, Mayisə artıq vəkil kimi fəaliyyət göstərmədiyini bildirsə də Mayis bu məsələni bildiyindən israrla kömək etməyini xahiş etmiş və ona istənilən məbləğdə mükafat verməyə hazır olduğunu söyləmişdir. Mayis bu işi həll etdiyi təqdirdə ona ümumilikdə 40000 manat pul mükafatı verəcəyini bildirmişdir. O, ilkin olaraq Mayisdən 10000 manat pul istəmişdir. Mayis etiraz etməmiş və hissə-hissə olmaqla, ümumilikdə 10000 manat pulu ona məxsus "xxxx" tərəfindən verilmiş 5239 1517 6519 0023 nömrəli bank kartının hesabına köçürmüşdür. Bundan bir müddət sonra o, Mayisə əlavə pul da lazım olduğunu dedikdə Mayis ona əlavə olaraq 2200 manat pul vermişdir. Onun Mayisi aldatmaq niyyəti olmamışdır. O, Mayisin işini həll etməkdə kömək etmək üçün həmin pulu almışdır. Sonradan həbs olunduğundan Mayisə köməklik edə bilməmişdir. Mayisin ona verdiyi 12200 manat pulu hissə-hissə olaraq qaytarmağa cəhd edəcəkdir. Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında 12200 manat pulu alan ərəfədə vəkil kimi fəaliyyət göstərməmişdir. Həmin ərəfədə vəkillik fəaliyyətinə xitam verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22F ünvanında yerləşən fərdi evin sənədləşdirilməsi üçün Zərərçəkmiş şəxs aldığı 12200 manat puldan heç kimə verməmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zıg şossesi 22 F ünvanında yerləşən fərdi evi adına rəsmiləşdirmək üçün köməklik məqsədi ilə vəkil Təqsirləndirilən şəxs müraciət etmişdir. Vəkil Təqsirləndirilən şəxs sözügedən həyət evinin onun adına sənədləşməsini məhkəmə yolu ilə həll edəcəyini bildirərək bu işin qarşılığında ümumilikdə ondan 30000 manat pul istəmişdir. O da razılaşmışdır. Sözü gedən həyət evinə dair bütün sənədlərin əslini və sübutları Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra evin sənədlərinin hazırlanması və çıxarışın alınması üçün müəyyən rüsumları və ödənişləri həyata keçirmək üçün hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 12200 manat pulu Təqsirləndirilən şəxs məxsus bank kartının hesabına köçürmüşdür. Həmin vaxtdan sonra dəfələrlə Ruhidə zəng vurub və ya mesaj yazıb işlə maraqlansa da, Ruhid hər dəfə müxtəlif bəhanələr gətirərək işi uzatmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsi tərəfindən tutulduğunu və Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi getdiyini öyrənmişdir. O, aldadıldığını başa düşdükdən sonra xx.xx.2024-cü il tarixdə bu barədə 102 xidmətinə məlumat vermiş və Nizami RPİ-nin 25-ci Polis Şöbəsində ərizə yazmışdır. Təqsirləndirilən şəxs səkkiz il onun mülkiyyət işləri ilə bağlı hüquqlarını müdafiə etmişdir. Sonuncu dəfə o, müraciət edən zaman Ruhid vəkillik fəaliyyətinə xitam verildiyini bildirmiş, lakin qısa müddətdə vəkillik fəaliyyətinin bərpa olunacağını söyləmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid həyat yoldaşı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi pul köçürmələrinə dair qəbzlərdən göründüyü kimi "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus 5239 15** **** 0023 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə, saat 18:30-da 550 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:29-da 400 manat, xx.xx.2024-cü il tarixdə, saat 19:15-də 4000 manat, həmin gün saat 19:19-da 3000 manat, xx.xx.2024-cü il tarixdə saat 17:10-da 3000 manat, xx.xx.2024-cü il tarixdə saat 16:45-də 1000 manat və xx.xx.2024-cü il tarixdə saat 10:30-da 250 manat olmaqla ümumilikdə 12200 manat pul köçürülmüşdür. Qeyd olunan qəbzlər sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək materiala əlavə edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 12200 manat məbləğində pulunu ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 il 01 ay 05 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1834/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 dekabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək ev dustaqlığında olduğu 02 ay müddət nəzərə alınaraq qəti olaraq 6 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda icraatda olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1834/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1834/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək 02 ay müddətində ev dustaqlığında olması ev dustaqlığında saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərə görə 12200 (on iki min iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11(on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 352 (üç yüz əlli iki) manat (32x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1834/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 7 (yeddi) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək 2 ay ev dustaqlığında saxlanılması nəzərə alınmaqla ev dustaqlığında (həbsdə) saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs maddi zərərə görə 12200 (on iki min iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 352 (üç yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar