Məhkəmə qərarları › İş №1(007)-38/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-38/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-38/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1959-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Bakı Slavyan Universitetində metodist işləyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, bina 19, mənzil 143-də yaşayan və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Mikayil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Slavyan Universitetində baş metodist vəzifəsində işləyərkən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs övladı X1 İ.M.Seçenov adına Moskva Tibb Universitetinə qəbul olunmasına kömək edəcəyinə dair yalan vəd verərək aldadıb etibarından sui-istifadə etməklə bu adla xx.xx.2018- ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Mado” restoranında Zərərçəkmiş şəxs 10.000 manat və xx.xx.2018-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən “Sərin” kafesində 25.000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilkdə 35.000 manat miqdarında xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1984-cü ildən Bakı Slavyan Universitetində metodist işləmiş, hazırda təqaüdə çıxmışdır. 2018-ci ilin yay aylarında işlədiyi institutda əvvəllər dekan vəzifəsində işləmiş Fidan Qaraqurbanlı ilə söhbət zamanı sonuncu ona söyləmişdir ki, tanışının qızı instituta qəbul olunmaq üçün sənəd verib, lakin imtahanda topladığı bal qəbul üçün kifayət etməyib, ondan həmin işi düzəldə bilən münasib tanışının olmasını soruşmuşdur. Həmin vaxt o Fidana demişdir ki, elə bir tanışı var, bir-neçə ilə əvvəl həmin tanışı onun qohumunun instituta qəbul olunmasına kömək etmişdir. Fidan ona demişdir ki, onun mobil nömrəsini tanışına verəcək ki, əlaqə saxlasın. Növbəti gün Fidanın adından ona bir qadın zəng edib görüşmək istədiyini bildirmiş və onunla Bakı şəhəri, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “Mado” restoranına görüş təyin etmişdir. Sonradan adını bildiyi X3 görüşə əri Nurəddin və qızı Ləman ilə gəlmişdir. Onlar kafedə əyləşib nahar etdikdən sonra Xanım ona qızı Ləman barədə söyləmişdir ki, ali məktəbə qəbul imtahanında kifayət qədər bal toplamadığı üçün imtahandan kəsilib, Ləmanın topladığı balın müqabilində başqa bir instituta qəbul olunmasına kömək etməyi ondan xahiş etmişdir. O deyilən məsələ ilə maraqlanıb nəticəsi barədə deyəcəyini söyləmişdir. O həmin gün tanışı, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd Filialının direktor müavini işləyən Nabat Kazımovanın telefonuna “Whatsapp” proqramı ilə zəng edib maraqlanmış, Nabat bildirmişdir ki, 10.000 manat pulun müqabilində Ləmanın Azərbaycan Dövlət Pedoqoji Universitetinin Biologiya Fakültəsinə qəbul olunmasına kömək edə bilər. O növbəti gün Xanıma zəng edib bu barədə bildirdikdən sonra xx.xx.2018-ci il tarixdə onlar həmin “Mado” kafesində görüşmüş, orada Xanım həyat yoldaşı Nurəddinin və qızı Ləmanın yanında 10.000 manat pulu ona vermişdir. Həmin vaxt Xanım ona demişdir ki, Ləmanın arzusu həkim olmaqdır, imkan varsa birdəfəlik Ləmanın Seçenova adına Moskva Tibb Universitetinə qəbul olunması ilə maraqlansın. O razılaşmış və elə həmin gün Nabatın mobil telefonuna “WhatsApp” proqramı ilə zəng edib Xanımın fikrini çatdırmışdır. Nabat ona söyləmişdir ki, əlavə 25.000 manat pulun müqabilində Ləmanın birbaşa İ.M.Seçenova adına X8 qəbul olunmasına kömək edə bilər. O Nabatdan həmin işlə əlaqədar ona nə verə biləcəyini soruşanda Nabat ona 5.000 manat verəcəyini demişdir. Xanımla əlaqə saxlayıb Nabatın dediklərini söyləyəndə Xanım razılaşmış və xx.xx.2018-ci il tarixdə yerini xatırlamadığı restoranda Xanım, Nurəddin və Ləman ilə görüşmüşdür. Həmin vaxt Xanım çantasından 25.000 manat pulu çıxarıb ona vermişdir. 2-3 gün sönra o Nabatın mobil telefonuna “WhatsApp” proqramı ilə zəng edib pulun hazır olduğunu demiş, Nabat ona pulu göndərəcəyi adama çatdırmasını tapşırmışdır. Həmin gün orta yaşlı br kişi onun iş yerinə gəlib 30.000 manat pulu ondan götürmüşdür. Nabat ona zəng edib İ.M.Seçenova adına Moskva Tibb Universitetin nümayəndəsi ilə danışdığını, Ləmanın universitetin hazırlıq kursunda Moskvada oxuyacağını, qəbul olunduqdan sonra isə təhsilini Bakı şəhərində İ.M.Seçenova adına Moskva Tibb Universitetin Filialında davam etdirəcəyini demiş və bu barədə ona universitetin sənədini göndərmişdir. O deyilənləri Xanıma və Nurəddinə dedikdə sonuncular razılaşmış, lakin bir müddət sonra X10 hazırlıq kursuna getməsinə etiraz edib demişdir ki, Ləmanın yalnız Bakıda təhsil almasına razıdırlar. O bu barədə Nabata söylədikdə Nabat demişdir ki, pulu artıq verib, amma deyilənlər barədə danışacaqdır. Sonradan Nabat ona demişdir ki, Ləman gərək Seçenova adına Moskva Tibb Universitetinin 1-ci kursuna Moskva şəhərində getsin, 2-ci kursu Bakıdakı Filialda davam etdirəcək. Lakin Xanım və Nurəddin bu şərtlə də razılaşmamış və verdikləri 35.000 manat pulu ondan geri istəmişlər. O bu barədə Nabata söyləyəndə sonuncu demişdir ki, Moskvada olan nümayəndələr ilə danışıb ona cavab deyəcək. Beləliklə 2019-cu ilin mart ayınadək mütəmadi olaraq Nabatla əlaqə saxlamış, sonuncu pulu alıb qaytaracağına söz vermişdir. Sonra Nabatın rəhmətə getdiyini eşitmiş və Xanıma zəng edib pulu verdiyi şəxsin öldüyünü, lakin hər bir halda pulu qaytaracağına söz vermişdir. Sonradan doğmaları rəhmətə getmiş, maddi imkanı çətinləşmiş, odur ki, pulu qaytara bilməmiş və nəticədə Nurəddinlə aralarında narazılıq yaranmışdır. Hal-hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayında qızı X11 Tibb Universitetinin Bakı fillialına daxil olmaq üçün ali məktəbə sənədlərini vermiş, lakin imtahanın nəticələri həmin Universitetə daxil olmaq üçün kifayət etməmişdir. Odur ki, Ləmanın topladığı bala uyğun başqa institututa qəbul olunması üçün tanışlarından bu işi bacaran şəxs barədə soraqlaşmışdır. Həmin vaxt Bakı Slavyan Universitetində müəllimə işləyən Fidan Qaraqurbanlının mobil nömrəsini əldə edib arvadı Şahid1 vermişdir. Növbəti gün Xanım telefonla Fidan ilə söhbət etmiş və sonuncu Yaqut adlı iş yoldaşının mobil nömrəsini verib Yaqutun bu işdə ona kömək edə biləcəyni demişdir. Həmin gün onun arvadı Yaqutla əlaqə saxlayıb Bakı şəhəri, metronun “Nərimanov” stansiyası yaxınlığında görüş təyin etmişdir. xx.xx.2018-ci il tarixdə saat 15 radələrində o, arvadı Xanım və qızı Ləman metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “Mado” kafesində, sonradan tam adını bildiyi Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Yaqut görüşə tək gəlmiş, onlar kafedə əyləşib nahar etdikdən sonra söhbət zamanı Yaqut 10.000 manat pulun müqabilində onun qızı Ləmanı topladığı bala uyğun olaraq Pedaqoji Universitetin Biologiya fakültəsinə qəbul olunmasına kömək edəcəyinə söz vermişdir. O razılaşıb kafedə 10.000 manat pulu Yaquta vermişdir. Sonradan söhbət zamanı o Yaquta söyləmişdir ki, məqsədi qızını sonradan Moskva Tibb Universitetinin Bakı Fillialına daxil olmasına nail olmaqdır. Həmin vaxt Yaqut demişdir ki, bu barədə maraqlanıb ona deyəcəkdir. Növbəti gün Yaqut telefonla zəng edərək onları sevindirəcəyini, X16 Universitetinin Bakı Fillialına daxil olmasının mümkünlüyünü bildirib həmin məsələnin həlli üçün əlavə 25.000 manat pul lazım olduğunu demişdir. Onlar Yaqutun təklifi ilə razılaşmış, Ləmanın adına uzun müddət topladıqları pulu Yaquta verib istəklərinə nail ola biləcəklərini düşünmüşlər. xx.xx.2018-ci il tarixdə saat 15 radələrində o, arvadı Xanım və qızı Ləman ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən “Sərin” kafesində Yaqutla görüşmüşlər. Restoranda nahar etdikdən sonra Xanım 25.000 manat pulu onun yanında Yaquta vermişdir. Pulu qəbul etdikdən sonra Yaqut demişdir ki, X16 Universitetinin Bakı Fillialına daxil olmasına kömək edəcək, Ləman Moskvaya getməyəcək, sentyabr ayında birbaşa Bakıda Universitetə gedəcəkdir. İki gündən sonra o lazım olan sənədlərin surətlərini metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən "Metro city” ticarət mərkəzindəki türk kafesində Yaquta verilmişdir. 2018-ci ilin avqust ayının sonuna kimi onlar Ləmanın instituta qəbulu ilə bağlı tez-tez Yaqutla əlaqə saxlamış, hər dəfə Yaqut sentyabr ayında Ləman o biri tələbələr kimi instituta gedəcəyinə söz vermişdir. İnstitutda dərslərin başlanmasına az qalmış o Moskva Tibb Universitetinin saytına daxil olub maraqlanan zaman Ləmanın adının daxil olan tələbələrin siyahısında olmadığlı görüb Yaqutun onları aldatmasını bilmişdir. Odur ki, Yaqutu onlar ilə tanış edən Fidanın yanına getmiş, sonuncu onları dinləyib demişdir ki, Yaqut onun bir neçə tanışlarının işinə kömək etmişdir, narahat olmağa dəyməz. O Fidanın sözlərinə inanmış və bir müddət gözləmək qərarına gəlmişdir. Lakin Yaqutdan bir xəbər olmadığı üçün sonuncudan verdikləri pulu qaytarmasını tələb etmişlər. Yaqut sənədləri qaytarmış, lakin pulu qaytarmayıb müxtəlif bəhanələrlə onlardan vaxt istəmişdir. O təxminən bir il müddət Yaqutla mütəmadi əlaqə saxlayıb verdiyi pulu istəmiş, lakin sonda Yaqutun onlardan yayındığı üçün onun oğlu Şahid3 ərizə ilə Bakı şəhəri BPİ-nə müraciət etmişdir. O övladı Şahid2 ümumvətəndaşlıq pasportunda adının səhvən “Laman” kimi qeyd edilməsi səbəbindən təhsil aldığı universitetin arayışında Şahid2 tələbə siyahısından keçmədiyini, Təqsirləndirilən şəxs onun övladını universitetə kimin vasitəsi ilə qəbul etdirəcəyindən məlumatının olmadığını, bu barədə Təqsirləndirilən şəxs ona söyləmədiyini, Təqsirləndirilən şəxs həmin işi Nabat adlı qadının vasitəsi ilə düzəltmək istəməsi barədə yalnız istintaq zamanı eşitdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid3 Nurəddin oğlu valideyni Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş X5 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid1 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında qızı X11 Tibb Universitetinin Bakı Fillialına daxil olmaq üçün ali məktəbə sənəd vermiş, lakin imtahanın nəticələr həmin Universitetə daxil olmaq üçün kifayət etməmişdir. Odur ki, Ləmanın topladığı bala uyğun başqa bir institututa qəbul olunmasına kömək edən münsib adam axtarmışlar. Həmin vaxt onun əri Zərərçəkmiş şəxs tanışının arvadına məxsus mobil nömrəni ona verib demişdir ki, nömrənin sahibi Fidan Qaraqurnalı Bakı Slavyan Universitetində müəllimə işləyir, Ləmanın topladığı balına uyğun instituta daxil olnmasına köməkl edə bilər. Növbəti gün o telefonla Fidana zəng etmiş, sonuncu ona Yaqut adlı qadının mobil nömrəsini verib bu işdə Yaqutun onlara kömək edə biləcəyini demişdir. O həmin gün telefonda Yaqutla danışıb görüş təyin etmiş, xx.xx.2018-ci il tarixdə saat 15 radələrində o, əri Nurəddin və qızı Ləman ilə bir yerdə metronun “Nərimanov” stansiyası yaxınlığına olan “Mado” kafesində sonradan adını bildiyi Təqsirləndirilən şəxs İsmayıl qızı ilə görüşmüşdür. Yaqut görüşə tək gəlmiş, onlar bir yerdə kafedə nahar etdikdən sonra söhbət zamanı Yaqut 10.000 manat pulun müqabilində Ləmanı topladığı bala uyğun olaraq Pedaqoji Universitetin Biologiya fakültəsinə daxil olmasına kömək edəcəyinə söz vermişdir. Onlar razılaşdıqdan sonra 10.000 manat pulu Yaquta vermişlər. Söhbət zamanı o Yaquta demişdir ki, məqsədləri X16 Universitetinin Bakı fillialına daxil olmasına nail olmaqdır. Həmin vaxt Yaqut demişdir ki, bu barədə maraqlanıb onlara xəbər verəcəkdir. Növbəti gün Yaqut ona zəng edərək sevindirəcəyini, X16 Universitetinin Bakı Fillialına daxil olmasının mümkün olduğunu deyib həmin məsələnin həlli üçün əlavə 25.000 manat da lazım olduğunu bildirmişdir. Onlar razılaşmış və xx.xx.2018-ci il tarixdə saat 15 radələrində o, əri Nurəddin və qızı Ləman Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən “Sərin” kafesində görüşmüşlər. Yaqut görüşə tək gəlmiş və onlar restoranda nahar etdikdən sonra 25.000 manat pulu Yaquta vermişdir. Həmin vaxt Yaqut demişdir ki, X16 Universitetinin Bakı Fillialına daxil olmasına kömək edəcək, qızı Moskvaya getməyəcək, sentyabr ayında birbaşa universitetə gedəcəkdir. İki gündən sonra onlar lazım olan sənədlərin surətləri metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Metroicity” ticarət mərkəzindəki türk kafesində Yaquta vermişlər. 2018-ci ilin avqust ayının sonuna kimi onlar Ləmanın instituta qəbulu ilə bağlı tez-tez Yaqutla əlaqə saxlamış, hər dəfə Yaqut sentyabr ayında Ləman o biri tələbələr ki, instituta gedəcəyinə söz vermişdir. İnstitutda dərslərin başlanmasına az qalmış onlar Moskva Tibb Universitetinin saytına daxil olub maraqlanan zaman Ləmanın adının universitetə daxil olan tələbələrin siyahısında olmadığlı görüb Yaqutun onları aldatmasını bilmişlər. Odur ki, Yaqutu onlar ilə tanış edən Fidanın yanına getmiş, sonuncu onlara demişdir ki, Yaqut onun bir neçə tanışlarının işinə kömək etmişdir, narahat olmağa dəyməz. Onlar Fidanın sözlərinə inanmış və bir müddət gözləmək qərarına gəlmişlər. Lakin Yaqutdan bir xəbər olmadığı üçün sonuncudan pulu qaytarmasını tələb etmişlər. Yaqut sənədləri qaytarmış, lakin pulu qaytarmayıb müxtəlif bəhanələrlə onlardan vaxt istədi. Təxminən bir il müddət Yaqutla mütəmadi əlaqə saxlayıb verdiklər pulu istəmiş, lakin sonda Yaqutun onlardan yayındığını görüb oğlu Kənan ərizə ilə Bakı şəhəri BPİ-nə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X6 ifadəsində göstərmişdir ki, 2018ci ilin əvvəllərində o təzəcə Bakı Slavyan Universitetinə dekan vəzifəsinə təyin edilmiş, demək olar ki, kollektivi yaxşı tanımamışdır. Həmin vaxtlar bir dəfə həyat yoldaşı ondan xahiş etmişdir ki, tanışının övladı ali məktəbə qəbul imtahanında kifayət qədər bal toplaya bilməyib, həmin bal ilə başqa bir instituta qəbul olunmasına kömək edə bilən bir adam varsa əlaqə nömrəsini versin. O kollektivdə elə bir adamın olduğunu soruşanda ona söyləmişlər ki, institutda metodist işləyən Təqsirləndirilən şəxs elə məsələ ilə bağlı bir nəfərə kömək edib. O Yaquta bu barədə söylədikdə sonuncu ona demişdir ki, bəzən ali məktəblərə sənəd verən abituriyentlər topladıqları bal ilə başqa institutlara qəbul olmalarının mümkünlüyündən xəbərsiz olurlar, bu işdə o kömək edə bilər. O Yaquta demişdir ki, sonuncunun mobil nömrəsini barəsində danışdığı şəxsə verəcək, özləri aralarında danışsınlar. Həmin gün o Yaqutun mobil nömrəsini həyat yoldaşına vermişdir. Təqsirləndirilən şəxs ilə həmin şəxslər arasında görüşün nəticəsi onun üçün əhəmiyyətli olmadığı üçün bu barədə maraqlanmamışdır. Doğrusu həyat yoldaşı da bu barədə ondan bir söz soruşmamışdır. Həmin hadisədən təxminən 2-3 ay keçdikdən sonra onun yanına tanımadığı bir qadın ilə kişi gəlib söyləmişlər ki, onun vasitəsi ilə Yaqutu tanıyıblar, sonuncu onların övladını İ.M.Seçenov adına Moskva Tibb Universitetinə qəbul olunmasına kömək edəcəyinə söz verib 35.000 manat pul almışdır, lakin vədinə əməl etməyib. Həmin şəxslərin müraciəti onun üçün gözlənilməz olmuşdur. O demişdir ki, deyilən məsələ ilə bağlı işlədiyi kollektivdə ona Yaqutu məsləhət görmüşdülər, narahat olmasınlar o Yaqutla danışacaq, məsələ həllini tapar. Həmin şəxslər getdikdən sonra o Yaqutla söhbət edib məsələyə aydınlıq gətirmək istəyərkən Yaqut ona demişdir ki, həmin şəxslərin məsələsi tezliklə həllini tapacaqdır, narahatlığa ehtiyac yoxdur. Bir daha onun həmin məsələdən məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “CD diskdə olan telefon məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Rəşadət Axundov tərəfindən "xxxx" MMC-nin BKC/LGL-4683/22 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrəsi ilə X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrələri aralarında xx.xx.2018, xx.xx.2018 tarixdə 03 dəfə, xx.xx.2018-ci il tarixlərdə və xx.xx.2018-ci il tarixdən isə xx.xx.2019-cu il tarixinədək X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə çox sayda zənglərin edildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rəşadət Axundov tərəfindən “Whatsapp” proqramında yazışmaların olduğu 16 vərəqədən ibarət çıxarışa baxış keçirilmişdir. Baxış zamanı 1) “Yaqut Xanım”-ın ***-***-**-** mobil nömrəsindən saat 16:05-də “Salam sesimi eşitmek istəmirsiniz. Mesajları indi oxudum sizi aldatmaq fikrim olubsa sizə cefengiyyat dangişmisamsa allah qargisinizi qəbul eləsin men dediyiin üstunde dururam. İnanmayın menede ne istəyirsiniz eleyin men hazıram ancaq men size istəiyiniz xeberi verecem”,xx.xx.2018-ci ildə saat 17:30-da “Salam başqa yerdeyem damsa bilmirem eve gelim özüm yığacam, xx.xx.2018-də saat 13:44-də “Xestexanadayam usağin zəziy özum yiğacam”, xx.xx.2019-cu il tarixdə saat 11:32-də”Sabahiniz xeyr. Men uzaqdayamşTelefony xarab olub. Xalagilde qalir. Xeber eliyerem mutleq yiğar sizi”, saat 12:21-də “Men niye yalan demeliyem”, saat 10:40-da “Cox sağ olun sizi aldadanın ve aldatmq fikri olanin uc balasi ölsun, saat 10:40-da saat 1-de yiğacam”, saat 11:21-də “Men duzelmir demedim”, saat 20:28-də “Salam. Anama codu zengleriniz gelib anam xestexanada yatır veziyyeti yaxsi deyil sistemnen reaksiya gedib boğazi uzu sisib ozune gelende deyerem zeng eliyer, həmin yazılardan sonra Təqsirləndirilən şəxs yataqda müalicə almasını əks etdirən fotoşəkillər; 2) ***-***-**-** mobil nömrəsinə göndərilən yazışmalarda saat 13:22-də ’’Salam, isden nə xeber. men bir seyi basa dusmedim sened ucun moskvaya gedir, dediyiniz hec biri ust-uste dusmur”, saat 13:24-də “Danismaqdan yoruldum, bizi cox hiss veziyyete qoydunuz, yoldasimi, usağimi perisan etdiniz, bele davam ede bilmez.i buna artiq son qoyun”, “Aylardı sizden isstedeyimiz zengi esitmek hec cur qismet olmadı, biz arasdırdiq o adla komekci yoxdu!!!”, xx.xx.2018-də saat 19:30-da Niye cavab yəzmirsiniz, necə edek 4 aya keçib, axirinci defe 4 gun vaxt istediniz. 14 gun oldu”, saat 10:21-də “Zeng edirem telefonu acin ne utanmaz adəmsiniz. 4 aydı bizi aldadirsinizzfidan xanım dedi bize her seyi”, saat 10:23-də “Men vadar etmeyin sizin is yerine gelim, kecen hefteden demisiniz ki pulu qaytarıram”, saat 14:58-də “Niye zenglere cavab vermirsiniz, nece qiydiniz Lemani hec fikirlesmediniz bu isi gorende. men usağa ne cavab verim indi”, xx.xx.2018-ci il tarixdə saat 13:11-də “Besdi bizi oyunlarınıza alet etdiniz. 4ay bizi barmağınızda oynatdınız, yeqin indide yeni variantlar fikirleşib ortaya atarsız. en yaxsı meharetiniz. pulu qaytar!!!!!” məzmunda mesajlar müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Nizami Rayon Prokurorunun qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da şəxs 01 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə qətimkan tədbiri” “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilməsi müəyyən edilmişdi. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Bakcell” MMC-nin BKC/LGL-4683/22 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 29 gün (bir il on bir ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-nin BKC/LGL-4683/22 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar