Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-38/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Mixaylovnanın, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 136,00 manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(004)-266/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2024-cü il tarixədək zərərçəkmiş şəxs X7 9469,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Mixaylovna ilə qeyri-rəsmi yaşamış, xx.xx.2017-ci il tarixdə X9 adlı uşaq doğulmuşdur. Zərərçəkmiş şəxs onunla və uşaqla maraqlanmadığını, heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixindən hesablanaraq yuxarıda qeyd etdiyi uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 136,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Mixaylovnaya ödənilməsi qət edilmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmiş, lakin maddi imkanı kifayət qədər olmadığından icra məmurunun qanuni tələblərini icra etmədiyi əsas gətirilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququm müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra yenidən icra şöbəsinə dəvət edilərək izahatı alınmış, bir daha aliment borcumu ödəməyi ondan tələb edilmişdir. Sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə qətnaməsini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. İnzibati həbsdən sonra "xxxx" MMC-də işə düzəlmiş, 365,00 manat əmək haqqı almış, həbs olunana qədər icra məmuru tərəfindən tələb əmək haqqının 70%-nə yönəlmiş və hər ay 255,00 manat vəsait tutularaq X4 hesabına köçürülür. Hazırkı tarixə kimi əmək haqqıdan cəmi 2295,00 manat vəsait tutularaq Şəbinə Bondarenkonun bank hesabına köçürülmüşdür. 2024-cü ilin avqust ayında tutulduğundan işindən azad olunmuş, bu səbəbdən ödənişlər edə bilməmişdir. Özü kirayədə yaşayır, maddi imkanı zəifdir, ailəyə yeganə qazanc gətirən şəxs odur, aylıq 400-450 manat ödənişlər edə bilər. Qalıq aliment borclarını ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda da borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Qətnaməni maddi imkanının olmaması ucbatından icra edə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs Mixaylovna ifadəsində göstrəmişdir ki, Təqsirləndirilən şəxs onu zorla qaçırmış, məcbur olub onunla rəsmi nikaha daxil olmadan evlənmiş, 2016-cı ildə hamilə olduğu müddətdə münasibətləri pozulmuş, xx.xx.2017-ci ildə Kristina doğulmuşdur. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Orxan uşağı ilə maraqlanmamış, həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X5 cavabdeh kimi ondan 07 iyun 2017-ci il tarixdən başlamaqla X2 yetkinlik yaşma çatanadək saxlanmasına görə hər ay 136,00 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs mebel sexində usta işləyir, onun aylıq gəliri rəsmi olaraq az göstərilsə də, onun aylıq gəliri 1500,00 mant təşkil edir. Hazırda təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs mebel sexndə işlədiyindən icra məmuru tərəfindən onun əmək haqqımın 70 faizi, yəni 255,00 manat vəsaitin tutulması qərara alınmış, 9 ay müddətinə Təqsirləndirilən şəxs əmək haqqından hər ay 255 manat olmaqla tutulmuşdur. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Axırıncı dəfə 2024-cü ilin sentyabr ayında 255 manat ödəniş olunmuşdur. Hazırda təqsirləndirilən şəxs yığılmış aliment borcunu ödəməmişdir, ondan şikayətçidir, ən ağır formada ciddi cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(004)-266/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon icra şöbəsi daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-4523/2023 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 8(007)-203/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs əmək haqqından 1200,00 manat tutularaq tələbkarın hesabına ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə 9469,00 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixədək 1020 manat ödəniş olunmuşdur. Həmçinin 2023-cü iyul ayından etibarən təqsirləndirilən şəxsin əmək haqqısına tutma yönəldilmiş, hər ay əmək haqqından 255 manat olmaqla tutulmuşdur. Təqsirləndirilən şəxsin özü heç bir ödəniş etməmiş, ödənişlər əmək haqqısından tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixindən hesablanmaqla X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,00 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Qətnamənin alimentlə bağlı hissəsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-4523/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/71-13G1981 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən xx.xx.2024cü il tarixədək 1020 manat, həmin tarixdən məktub verilən günədək isə 2040 manat əmək haqqından tutulmaqla ödəniş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Həmçinin təqsirləndirilən şəxs ittiham aktı üzrə göstərilən məbləğdən 2040 manat ödəniş etmiş, həmin məbləğdən 7429 manat aliment borcu qalmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, ittiham aktında göstərilən məbləğdən 2040 manat ödəniş edilməsi, 7429 manat borcunun qalması Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ümumi tövsifinə təsir etmir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə hazırkı vəziyyətdə, pul borcunu ödəməyən şəxsi, pulla bağlı cəza ilə tənbeh etməklə, cəzanın məqsədlərinə çatmağı mümkün hesab etmir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, icra edilməyən məhkəmə aktının uşağın saxlanılması ilə bağlı alimentlə əlaqədar olduğunu, alimentin ödənilməməsi uşağın mənafeyinə xələl gətirdiyini, öz uşağı üçün verilməli olan alimenti ödəməyən şəxsin cinayət törətməkdə təqsirli bilinməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulmuş, prosessual hərəkətlər yerinə yetirildikdən sonra Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 01 gün həbsdə olmuşdur. Bundan sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş və hökm çıxdığı hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 07 ay 29 gün (yeddi ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hökm çıxdığı hazırki tarixədək həbsdə olması nəzərə alınmaqla ona təyin olunmuş 07 ay 29 gün (yeddi ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab olunsun, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 294 (iki yüz doxsan dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-38/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-38/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver