Məhkəmə qərarları › İş №1(007)-380/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-380/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-380/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2019cu il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,582 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, onun özünü şübhəli aparması ilə bağlı 26 mart 2023-cü il tarixdə, saat 14:05 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən, gümüşü rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,582 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 25 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı bir şəxsdən 20 manat müqabilində 01 bükümdə heroin almışdır. Həmin heroinin az bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə şalvarının cibinə yerləşdirmişdir. Növbəti gün, yəni 26 mart 2023-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanın qarşısında dayandığı zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Polis əməkdaşları onun ad, soyad və ata adını, həmçinin barəsində digər məlumatlar əldə etmək məqsədilə ona suallar vermişlər. O üzərində heroin olduğu üçün həyəcanlanmışdır. Bundan sonra polis əməkdaşları onu 23-cü PB-nə dəvət etmişlər. O, PB-nə gedəcəyi halda üzərindəki heroinin aşkar olunacacağını ehtimal edib üzərində gəzdirdiyi bıçağı çıxardaraq həmin bıçaq vasitəsilə boyun nahiyəsindən və qarın nahiyəsindən özünə xəsarət yetirmişdir ki, polis əməkdaşları ondan uzaq dayansınlar və onu PB-nə aparmasınlar. Lakin polis əməkdaşları onun əlində olan bıçağı götürərək onu PB-nə aparmışlar. Bölmənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına Müdafiəçi Ah oğlu ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində heroin aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etdiyini soruşduqda o, həmin heroini Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı ondan boğaz nahiyəsində olan xəsarətlərin yaranması ilə bağlı sual verdikdən o, həmin xəsarətləri üzərində olan bıçaq ilə polis əməkdaşları onu saxlayararkən həyəcanlandığı və qorxduğu üçün özü-özünə yetirdiyini, həmçinin həmin bıçaq vasitəsilə qarm nahiyəsinə də xəsarət yetirdiyini demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 26 mart 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nizami RPİ- nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə xidmət apardığı zaman Puşkin küçəsi 4 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə özlərini təqdim etdikdən sonra ona suallar verməyə başlamışlar. Həmin şəxsə verdikləri suallar onun ad, soyad, ata adı, yaşayış yeri ilə bağlı olmuşdur. Lakin həmin şəxs verilən suallara gec və tərəddüdlü şəkildə cavab vermişdir. Həmçinin həmin adamın üzərində şəxsiyyət vəsiqəsi olmamış, xarici görkəmindən isə narkotik vasitə istifadəçisinə oxşamış və buna görə onlar həmin şəxsin üzərində narkotik vasitə olmasına şübhə etmişlər. Bununla bağlı həmin şəxsi 23-cü PB-nə dəvət etmişlər. Həmin vaxt həmin şəxs cibindən bıçaq çıxardaraq özünə xəsarət yetirməyə başlamışdır. Onlar dərhal həmin şəxsin əlindən bıçağı almış və onu xidməti avtomobilə əyləşdirərək PB-nə aparmışlar. PB-nə məlum olmuşdur ki, həmin şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. PB-də Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ah oğlu şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 15 radələrində 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən sonuncuya məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu demişdir. Bundan sonra təqdim edilən bükümə baxış keçirilmişdir. Baxış zaman büküm təhqiqatçı tərəfindən açılmışdır. Bükümün içərisində heroin aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs heorini haradan əldə etdiyini soruşduqda o həmin heorini Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs boğaz nahiyəsində olan xəsarətlərin yaranması ilə bağlı sual verdikdə sonuncu həmin xəsarətləri üzərində olan bıçaq ilə polis əməkdaşları onu saxlayararkən həyəcanlandığı və qorxduğu üçün özüözünə yetirdiyini, həmçinin həmin bıçaq vasitəsilə qarm nahiyəsin də xəsarət yetirdiyini demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Şahidlər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilmiş ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadə verərək Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” və diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, 26 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu deyir. Bundan sonra təqdim edilən bükümə baxış keçirilir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılır. Bükümün içərisində heroin aşkar olunur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs heorini haradan əldə etdiyini soruşduqda o, həmin heroini Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs boğaz nahiyəsində olan xəsarətlərin yaranması ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs həmin xəsarətləri üzərində olan bıçaq ilə polis əməkdaşları onu saxlayararkən həyəcanlandığı və qorxduğu üçün özü-özünə yetirdiyini, həmçinin həmin bıçaq vasitəsilə qarın nahiyəsinə də xəsarət yetirdiyini deyir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 mart 2023-cü il tarixli 6/1720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsi” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,582 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.532 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 19 aprel 2023-cü il tarixli 3/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2023-cü il tarixli 1699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 0.582 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.05 qram sərf edildikdən sonra 0.532 qram heronin qalığının saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntülərini əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsinə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli olmasını məhkəmə cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 sentyabr 2022-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 7(007)-1283/2022 saylı qərarı ilə həmin cəzanın çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 304069-21-1/3- 1725-23 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1283/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 2 il keçmədən, habelə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəməballistik ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.532 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.532 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar