Məhkəmə qərarları › İş №1(007)-382/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-382/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-382/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı hüquq məsləhətxanasının vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda oaln və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi X5 məxsus «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Nizami rayonu, Davud Aslan küçəsi ilə H.Əliyev prospekti istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alıb, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olduqdan sonra ötmə əməliyyatına başlamalı olduğu halda həmin tələbləri pozub idarə etdiyi avtomobilin qarşıdan əks istiqamətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz E220” markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığı vəziyətdə qarşı əks zolağına çıxararaq ötmə əməliyyatı etməsi nəticəsində “Mercedes Benz E220” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində “Mercedes Benz E220” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs sağ mil-bilək, çanaq sümüklərinin və İV-Vİ qabırğaların sınıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə «Yango» taksi şirkətinə müraciət edib taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmiş və həmin tarixdə «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətin müdiri kimi tanıdığı Babək adlı şəxs ona vermiş, o da həmin avtomobillə taksi fəaliyyətinə başlamışdır. Həmin gün saat 15-30 radələrində həmin avtomobili idarə etməklə Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi ilə təxminən 40 km/saat sürətlə H.Əliyev prospekti istiqamətinə hərəkət edərkən avtomobildə tək olmuş və avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin yerdə hərəkət hissə 2 zolaqlı olmaqla avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuşdur, hərəkət istiqamətlərini qoşa bütöv ağ xətt ayırır. Hərəkətdə olduğu zolaqda avtomobil sıxlığı olduğundan özündən qabaqda hərəkət edən yük avtomobilini ötmək üçün əks hərəkət zolağına çıxmış və əks istiqamətə hərəkət edən «Mercedes Benz E220» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində özü, digər avtomobilin sürücüsü və sərnişini xəsarət aldıqlarından hadisə yerinə gələn TTY avtomobili hər üçünü KTM-ə aparmışdır. Orada müayinə olunduqda xəsarəti cüzi olunduğundan evə buraxılmışdır. Lakin digər avtomobilin sərnişini Zərərçəkmiş şəxs qolunda və qabırğalarında sınıqlar müəyyən olunduğuna görə həmin gün ATU- nin X1 köçürülmüş və üzərində cərrahi əməliyyat aparılmışdır. İlkin olaraq onun cərrahi əməliyyat xərclərini ödəmiş, lakin sonradan müalicə xərclərini ödəmək imkanı olmamış, zərərçəkmiş şəxslə barışa bilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, «Mercedes Benz E220» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq ona məxsusdur, belə ki, həmin avtomobili öz adına rəsmiləşdirməmiş və baş etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci ildə şəxsi işləri ilə əlaqədar avtomobili idarə etməyi sürücülük vəsiqəsi olan qardaşı oğlu Şahid1 həvalə etmiş, özü isə sərnişin qismində avtomobildə qabaq sağ oturacaqda oturmaqla saat 15:30 radələrində Bakı şəhəri Nizami rayonu Davud Aslan küçəsi ilə təxminən 40 km/saat sürətlə Nizami Abdullayev küçəsi istiqamətinə hərəkət edirmişlər. Həmin yerdə hərəkət hissə 2 zolaqlı olmaqla avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuşdur, hərəkət istiqamətlərini qoşa bütöv ağ xətt ayırır. Bu zaman qarşıdan əks istiqamətdə hərəkət edən «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil özündən qabaqda hərəkət edən yük avtomobilini ötmək üçün onların getdiyi hərəkət zolağına çıxmış və məsafə yaxın olduğundan Sabir toqquşmadan yayına bilməmiş, avtomobillər qarşı-qarşyı toqquşmuş və yolun sağ hissəsində çəpəki vəziyyətdə dayanmışdır. Hadisə nəticəsində o, qardaşı oğlu Sabir və digər avtomobilin sürücüsü xəsarət aldıqlarından hadisə yerinə gələn təcili tibbi yardim avtomobili hər üçünü KTM-ə aparmışdır. Orada müayinə olunduqda qolunda və qabırğalarında sınıqlar müəyyən olunduğuna görə həmin gün ATU-nin X1 köçürülmüş və üzərində cərrahi əməliyyat aparılmışdır. Sonradan məlum ölmüşdür ki, «Toyota Corolla» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. O, ilkin olaraq cərrahi əməliyyat xərclərini ödəmiş, lakin sonradan müalicə xərclərini ödəmədiyindən onlar arasında barışıq olmamış, hal hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat 15-30 radələrində əmisi Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz E220» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Bakı şəhəri Nizami rayonu Davud Aslan küçəsi ilə təxminən 40 km/saat sürətlə Nizami Abdullayev küçəsi istiqamətinə hərəkət edirmiş. Avtomobildə əmisi Fərhad sərnişin kimi qabaq sağ oturacaqda oturmuşdur. Həmin yerdə hərəkət hissə 2 zolaqlı olmaqla avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuşdur, hərəkət istiqamətlərini qoşa bütöv ağ xətt ayırır. Bu zaman qarşıdan əks istiqamətdə hərəkət edən «Toyota Corolla» markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobil özündən qabaqda hərəkət edən yük avtomobilini ötmək üçün onun getdiyi hərəkət zolağına çıxmış və məsafə yaxın olduğundan toqquşmadan yayına bilməmiş, avtomobillər qarşı-qarşı toqquşmuş və yolun sağ hissəsində çəpəki vəziyyətdə dayanmışdır. Hadisə nəticəsində özü, əmisi Fərhad və digər avtomobilin sürücüsü xəsarət aldıqlarından hadisə yerinə gələn TTY avtomobili hər üçünü KTM-ə aparmışdır. Orada müayinə olunduqda onun heç bir xəsarəti olmadığı müəyyən olunduğundan evə buraxılmış, lakin əmisi Fərhadın qolunda və qabırğalarında sınıqlar müəyyən olunduğuna görə həmin gün ATU-nin X1 köçürülmüş və üzərində cərrahi əməliyyat aparılmışdır. Sonradan məlum olmuşdur ki, «Toyota Corolla» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. O, ilkin olaraq əmisinin cərrahi əməliyyat xərclərimi ödəmiş, lakin sonradan müalicə xərclərini ödəməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, «Yanqo» adı ilə, əvvəlki «Uber» adlanın taksi şirkətində taksi faliyyəti ilə məşğul olmuş, həmçinin həmin şirkətin «Elit-54» taksi parkının müdiri kimi «VÖEN» ilə digər sürücüləri də taksi faliyyətinə cəlb etməklə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona müraciət edib taksi fəaliyyəti ilə məşğul olmaq istədiyimi bildirmişdir. Təxminən 6 ay ondan əvvəl X7 arvadının adma olan «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə təqdim edərək icarəyə vermiş və Təqsirləndirilən şəxs müraciət edən vaxt həmin avtomobil boş olduğundan İbrahimə təhkim edib fəaliyyətə başlamasına razılıq vermiş və 1 həftə ərzində avtomobilin sahibi tərəfindən etibarnamə verəcəklərini bildirmişdir. Həmin gün ona məlum olmuşdur ki, İbrahim idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Nizami rayonu Davud Aslan küçəsi hərəkətdə olarkən «Mercedes Benz E220» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində həmin avtomobilin sərnişini xəsarət almışdır. O, da bu barədə avtomobilin sahibi Murad Qulamova məlumat vermişdir. Avtomobilin təmir işlərini öz üzərimə götürmüşdür. Səhvi ancaq ondan ibarət olmuşdur ki, etibarnamə olmadan X4 adma olan avtomobili Təqsirləndirilən şəxs idarə etməyə vermişdir . İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 45 №-lı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sağ milbilək, çanaq sümüklərinin və 4-6-cı qabırğaların sınıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 13 fevral 2023-cü il tarixli 8/232 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsnın hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli fakturaya əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əməliyyat məsrəfləri üçün 5500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar