Məhkəmə qərarları › İş №1(007)-383/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-383/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-383/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 75, mənzil 114-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,213 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,440 qram psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, 31 may 2022-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75 ünvanının qarşısında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin onun barəsində axtarış elan edilməsi, həbs qətimkan tədbiri seçilməsi ilə bağlı 19 may 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz əldə edib saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram və 0,098 qram olmaqla xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ümumi təmiz çəkisi 0,213 qram qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,440 qram ağ rəngli kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən narkotik vasitə heroini, 2020-ci ildən isə psixotrop maddə metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində üzərində narkotik vasitə daşıdığı üçün 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 2021-ci ilin dekabr ayında barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proseslərinə getmədiyi üçün barəsində axtarış elan edilmişdir. Lakin axtarıldığını sonradan bilmişdir. 30 may 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 15 manata narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibinə qoymuşdur. 31 may 2022-ci il tarixdə saat 20:15 radələində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin polis əməkdaşı kimi təqdim etmiş, ona özünü təqdim etməsini təklif etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onu 24-cü polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmişdir. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Sonra polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən bir ədəd sellofan bükümün içində olan üç ədəd bükümü otaqda olan masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin iki ədəd bükümdə olan maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir ədəd bükümdə isə metamfetamin kimi tandığı maddədir, 30 may 2022-ci il tarixdə tanımadığı şəxsdən 15 manata almışdır. Həmin bükümlər polis əməkdaşları tərəfində açılmış və iki bükümün içində qəhvəyi rəngli maddə, bir bükümün içində isə ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olunmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu göstərmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin cinayət axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə saat 20:15-də ünvan 3 ünvanda cinayət axtarışı üzrə kiçik inspektor Şahid2 ilə birlikdə xidmət apararkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs onun barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri ilə seçilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə bağlı və özünü şübhəli apardığı üçün saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər, Təqsirləndirilən şəxs üzərində nəsə gizlətməsi ilə əlaqədar şübhələr yaranmış və suallara dağınıq cavab verərək nədənsə narahat olduğuna görə həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin əldə edilməsi, saxlanılması və daşınmasına dair şübhələr yarandığı üçün onu ərazi aidiyyəti üzrə 24-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Xidməti otaqların birində 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün ərazi üzrə vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın kiçik sağ yan cibindən bir ədəd şəffaf bükümdə iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddədən ibarət olan narkotik vasitə heroinə bənzər maddəni, bir ədəd bükümün içərisində ağ rəngli maddədən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan maddənin narkotik vasitə heroin, bir ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, onları 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanımadığı şəxsdən 15 manata alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar olunan iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənib götürülmüş, şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin cinayət axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 may 2022-ci il və 25 iyun 2022-ci il tarixli protokollardan görünür ki, haqqında elan edilmiş axtarışla bağlı tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən kiçik şəffaf sellofanın içərisində bükülmüş vəziyyətdə olan 03 ədəd büküm aşkar edilmişdir. 01 ədəd ağ rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik olan kütlə, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristalşəkilli, spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan kütlənin “kakos”, bir ədəd bükümdə olan kütlənin isə “metamfetamin” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri 31 may 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadə üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 25 iyun 2022-ci il tarixdə baxış zamanı 31 may 2022-ci il tarixli protokolda qeyd olunanların öz əksini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 72) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli 6/3055 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..imza Məmmədli...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,098 qram olmaqla, ümumi təmiz çəkisi 0,213 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,440 qram ağ rəngli kistalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasirələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin ümumi çəkisi 0,213 qram olmuş, tədqiqata 0,1 qram (hər bir obyektdən 05 qram olmaqla) sərf edilmiş, 0,113 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi 0,440 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,390 qram qalıq qalmışdır. (i.v. 37-40) - 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,213 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,440 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatlarından sonra müvafiq olaraq qalıq qalmış 0,113 qram və 0,390 qram narkotik vasitələr Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. (i.v. 69) - 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlaməti olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, narkotik vasitə heronin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün cinayət işindən material ayrılaraq yoxlanılması üçün 24-cü polis çöbəsinə göndərilmişdir. (i.v. 92-99) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 may 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındakı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan digər cinayət işi üzrə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın icrası Nizami rayon polis idarəsinə həvalə edilmişdir. (i.v. 3-5) - 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli qərarı ilə haqqında axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə tutulmuşdur. (i.v. 18) - 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun 3 saylı istintaq təcridxanasında saxlanılması hazırkı iş üzrə nəzərə alınmışdır. (i.v. 63) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 82-83) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, habelə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə barəsində tutulma tətbiq edilməmiş Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökmlə cəzasını çəkdiyi 31 may 2022-ci il tarixdən hesablanmalı, onun azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs digər hökmlə müəyyən edildiyi qaydada cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıq hissələri məhv olunmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü ilə qəti olaraq təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(007)-87/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,113 qram olan narkotik vasitə heroin və 0,390 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 108 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar