Məhkəmə qərarları › İş №1(007)-384/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-384/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-384/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi İslam Fakharın iştirakları ilə, təqsirləndirilən şəxs - 15 sentyabr 1964-cü il tarixdə Pakistan İslam Respublikasının Karaçi şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Karaçi şəhərində qeydiyyatda olan, Bakı şəhərinə müvəqqəti gəlmiş və hazırda müvəqqəti ünvanlarda yaşayan, 19 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus lombarda gəlib Zərərçəkmiş şəxs üzərində olan xarici ölkələrə məxsus pul vəsaitini dəyişmək istədiyini bildirib, sonuncunun fikrinin yayınmasından istifadə edərək, lombardın içərisində olan masanın açıq olan siyirtməsinin içərisindən həmin dövrün rəsmi məzənnəsi ilə 595 (beş yüz doxsan beş) manat təşkil edən 350 (üz yüz əlli) ABŞ dolları və 6699 (altı min altı yüz doxsan doqquz) manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 7294 (yeddi min iki yüz doxsan dörd) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə öz həmyerlisi və tanışı Hammed Shah G ilə birlikdə müqəddəs ziyarətgahları və pirləri ziyarət etmək məqsədi ilə Pakistan İslam Respublikasının İslamabad şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişlər. İlk dəfə Bakı şəhərinə gəldikləri üçün şəhəri tanımamışlar. Taksi sürücülərinin köməyi ilə tapdıqları müxtəlif kirayə evlərdə yaşamışlar. 10 gün müddətində Bakı şəhərində yerləşən müxtəlif ziyarətgahlarda olmuşlar, Bakı şəhəri ərazisində müxtəlif yerləri gəzmişlər və alış-veriş etmişlər. 18 avqust 2022-ci il tarixdə saat 12 radələrində şəhər mərkəzində olan restoranlardan birində tanışı Hammed ilə birlikdə yemək yemişlər. Yemək yeyərkən o, az miqdarda spirtli içki olan araq içmişdir. Yemək yedikdən sonra şəhər mərkəzində olan taksilərdən birinə əyləşmişlər və sürücüdən onları alış-veriş edə biləcəkləri bir bazara aparmasını xahiş etmişlər. Taksi sürücüsü onları “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığına aparmışdır. Onlar taksidən enib yaxınlıqda yerləşən yarmarkaya tərəf piyada gedərkən üzərlərində olan dollarları manata dəyişmək üçün valtyutadəyişmə məntəqəsi axtarmağa başlamışlar. Yol kənarında, giriş hissəsində qızıl əşyalarının satıldığı bir yeri valyuta dəyişmə məntəqəsi zənn edib həmin obyektə daxil olmuşlar. Hammed obyektin giriş hissəsində gözləmiş, o isə obyektdə olan tanımadığı bir kişi ilə söhbət edib, pul dəyişmək üçün obyektin içinə daxil olmuşdur. Satıcıya 10 manatlıq əskinası göstərib, pul dəyişmək istədiyini və dollar qarşlığında ona verəcəyi manatlıq əskinasların 10 manatlıq əskinasdan daha yüksək əskinaslar olmasını xahiş etmişdir. Həmin şəxs isə onu anlamadığı üçün onu özünün oturduğu masanın arxasına dəvət etmiş, ona 20 və 50 manatlıq əskinasları göstərməyə başlamışdır. O, satıcının əyləşdiyi masanın dolabının açıq olmasını və orada xeyli sayda pulun olmasını görmüşdür. Sərxoş olduğu üçün nəfsinə hakim ola bilməyib orada olan qarışıqlıqdan və satıcının diqqətinin yayınmasından istifadə edib bir anda dolabın içində olan pulların bir hissəsini götürmüşdür. Bunu nə obyektdə olan adam, nə də ki, onunla birgə obyektə gələn tanışı Hammed bilməmişdir. Sonra həmin obyektdə olan şəxs onlara pul dəyişmək üçün nəzərdə tutulan obyektin yerini əl işarələri ilə başa salmış və onlar həmin obyekti tərk etmişlər. O, götürdüyü pulları sayarkən həmin pulların 350 ABŞ dolları və 6699 manat olmasını görmüşdür. Hammedə bildirmədən öz istifadəsi üçün həmin pulun bir hissəsini alış-verişə xərcləmişdir. Növbəti gün polis əməkdaşları onu və Hammedi saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş və xəstəliyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107 ünvanında yerləşən lombard kimi fəaliyyət göstərən ofisdə zərgər işləyir. Həmçinin lombard işi ilə əlaqədar qızıl və digər zinət əşyalarının qəbulu və digər işləri yerinə yetirir. Ofisdə tək işçi özüdür. 18 avqust 2022-ci il tarixdə saat 14 radələrində ofisdə olarkən iki nəfər digər ölkənin vətəndaşları ona yaxınlaşmışlar. Həmin şəxslərlə bir neçə saniyə ünsiyyətdə olduqdan sonra onların pakistanlı olduqlarını bilmişdir. Həmin şəxslərə kömək etmək üçün onları anlamağa çalışmışdır. Onlardan yaşlı olan, yəni sonradan adının Yousuf olduğunu öyrəndiyi kişi 10 manatlıq əskinası çıxardaraq ingilis və türk dilində ona həmin əskinasdan daha böyük əskinas istədiyini demişdir. O, qonaqpərvərlik etmək məqsədilə Yousuf və digərini ofisə dəvət etmişdir. Yousuf onun yanına gəlmiş, lakin sonradan adının Hameed olduğunu öyrəndiyi kişi isə tam içəri daxil olmamış, yəni qapıda dayanmışdır. Yousuf tam olaraq onun yanına gəlmiş, o, dolabı açaraq Yousufa 20 və 50 manatlıq əskinasları göstərmişdir. Yousuf həmin vaxt ona dollar dəyişmək istədiyini demişdir. O, Yousufa dollar dəyişmək üçün yaxınlıqda yerləşən valyutadəyişmə məntəqəsini göstərmişdir. Bundan sonra onlar getmişlər. O, bir neçə dəqiqə sonra yerinə qayıdıb dolaba baxdıqda orada qoyduğu pulun bir hissəsinin, yəni 350 ABŞ dollarının və 6699 manat pulun orada olmadığını görmüşdür. Həmin anda o, qeyd olunan pulu Yousufun götürdüyünü təxmin etmişdir. Dərhal küçəyə çıxıb Yousufu axtarsa da, tapa bilməmişdir. O, polisə şikayət vermiş, həmin pakistanlı şəxslər aşkar olunaraq saxlanılmışlar, Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf edərək ona məxsus olmaqla oğurladığı pulları ödəmişdir. Ona vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bu barədə ərizə də təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 19 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 5-7) - 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərində olan 1 ədəd 200 avroluq, 3 ədəd 100 avroluq, 5 ədəd 200 manatlıq, 37 ədəd 100 manatlıq, 1 ədəd 20 dollarlıq, 1 ədəd 5 dollarlıq, 24 ədəd 100 dollarlıq əskinaslar ondan götürülmüşdür. (i.v. 22) - 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 7294 manat məbləğində pulu Zərərçəkmiş şəxs təhvil vermişdir. (i.v. 23) - 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 09 ədəd 100 ABŞ dolları, 01 ədəd 200 avro və 03 ədəd 100 avro əskinaslar onun özünə təhvil verilmişdir. (i.v. 117) - 22 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 107 ünvanında 18 avqust 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus 350 ABŞ dolları və 6699 manat məbləğində pul vəsaitlərini oğurladığı yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 119-121) - 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, eyni zamanda Hameed Shah G barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 123-124) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinbi törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 39-40) - 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 108-111) - 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 112- 113) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 122) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsindən sonrakı davranışını, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuşdur. Hansı ki, Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşıdır və CM-nin 52-1.6-cı maddəsi azadlığın məhdudlaşdırılması cəzasının əcnəbilərə təyin edilməsini qadağan edir. Təqsirləndirilən şəxs qardaş Pakistan İslam Respublikasının vətəndaşı olmasını, onun Azərbaycan Respublikasına gəlmə səbəbini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməklə barışıq əldə etməsini nəzərə alaraq, habelə humanizm və ədalət prinsipləri baxımından məhkəmə onun azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid olunmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Həmin Qərarın 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 62ci maddəsini tətbiq etməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü qismində cərimə cəzasının təyin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı olmasını, Azərbaycan Respublikasına qısa müddət üçün gəlməsini və bu cəza növünun ona münasibətdə şamil edilməsini qadağan edən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona əsas cəza kimi təyin olunması nəzərdə tutulan cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət ümumilikdə 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü qismində 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona əsas cəza kimi təyin olunmuş cərimə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icaatı zamanı ümumilikdə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar