Məhkəmə qərarları › İş №1(007)-387/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-387/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-387/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ortaixtisas təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Məkan Market” adlı marketin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus Şahid1 Sabir oğlunun etibarnamə əsasında idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edib avtomobilə əyləşərək mühərriki işə salaraq idarə edib talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 1,116 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023- cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri Nizami RPl-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Toyota-Prius” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81A ünvanında yerləşən Nizami rayon Polis idarəsinin 24-cü PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf selefan bükümdə təmiz çəkisi 1,116 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan dayısı Vüqarın evinə qonaq getmiş, qonaq olduğu müddətdə dayısı oğlu Şahid5 ilə bir yerdə spirtli içki qəbul etmişdir. Həmin gün axşam saat 22 radələrində spirtli içki almaq üçün onunla birlikdə mənzildən çıxıb yaxınlıqdakı marketə yollanmışlar. Marketdən çıxıb piyada gedən zaman ünvan 6 ünvanda yerləşən “Məkan Market” marketin qarşısında “Toyota-Pirus” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin sahibsiz işlək vəziyyətdə olmasını görmüş və içkili olduğu üçün həmin avtomobili qaçırmaq qərarına gəlsədə məqsədi barədə Ağakərimə bir söz deməmişdir. Həmin avtomobilin yanından keçərkən avtomobilin sürücü tərəfdən qapısını açıb sükan arxasına əyləşib Ağakərimə avtomobilin tanışının olmasını deyərək əyləşməsini demişdir. Ağakərim avtomobilin salonuna oturmağa tərəddüd etdikdə ona bir qədər sürüb qayıdacaqlarını bildirmişdir. Ağakərim bu dəfədə əyləşmək istəmədikdə təkrar və əsəbi səslə sonuncuya əyləşməsinə göstəriş vermişdir. Bundan sonra Ağakərim avtomobilə əyləşmişdir. Avtomobili 10 dəqiqə idarə edib, ünvan 7 ünvanda, yaşayış binasının arxa tərəfində saxlamışdır. Avtomobilin qarşı oturacaqların arasındakı saxlanc yerdində 2 manat pul olsada həmin pula toxunmamış, ümumiyyətlə avtomobilin salonundan heç bir əşya götürməmişdir. Avtomobili qapıları açıq şəkildə, açarları üstündə saxlayaraq oranı tərk etmişdir. Ağakərim ilə avtomobildən düşərək yenidən sonuncunun evinə piyada getmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində ünvan 8 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, avtomobil qaçırmaqda şübhəli olduğunu bildirib polis şöbəsnə dəvət etmişlər. Həmçinin AR-sı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, aşkar olunmuş 1,116 qram metamfetamin ona məxsus olmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 əvvəl Murad adlı şəxsdən “Toyota-Prius” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında 12.000 manat pul müqabilində satın almışdır. Avtomobili aldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülük etibarnaməsi ilə Şahid1 vermiş, sonuncu həmin avtomobili idarə edərək aralarında olan razılaşmaya görə gündəlik ona 35-40 manat pul ödəmiş, o isə Şahid1 hər həftə 200 manat maaş vermişdir. xx.xx.2023- cü il tarixdə saat 22 radələrində Səfər ona zəng edərək, etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobili ünvan 6 ünvanda yerləşən “Məkan Market” adlı marketin önündə saxlayaraq siqaret almaq üçün marketə daxil olduğunu, 3-4 dəqiqə sonra geri qayıtdıqda avtomobilin yerində olmadığını, qaçırıldığını aşkar etdiyini bildirmişdir. Əvvəlcə avtomobili hansısa tanışının zarafat məqsədi ilə götürdüyü zənn etsə də sonradan avtomobilinin geri qaytarılmadığını görüb, qaçırıldığını başa düşmüşdür. Həmin səbəbdən sürücü Şahid1 DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Tezliklə Nizami RPİnin 24-cü PŞ-dən polis əməkdaşları yaxınlaşıb sənədləşmə apardıqdan sonra avtomobildə quraşdırılmış GPS qurğusunun vasitəsi ilə avtomobilin yerini müəyyən etmişlər. Qeyd etmişdir ki, sonradan özü də avtomobilə baxış keçirtmiş və hər hansı zədə aşkar etməmişdir. Avtomobilinin qaçırılması ilə hər hansı məbləğdə maddi ziyan dəyməmişdir. Avtomobil özünə məxsusdur, mülkiyyətçisi özüdür, onu Murad adlı şəxsdən 12.000 manat müqabilində satın almışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirlən şəxslə barışmış, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarından Zərərçəkmiş şəxs adlı şəxsə məxsus “Toyota-Prius” markalı **- BO-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında taksi kimi idarə edir. xx.xx.2023- cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Toyota-Prius” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobili ünvan 6 ünvanda yerləşən “Məkan Market” adlı marketin önündə saxlayaraq siqaret almaq üçün marketə daxil olmuş, 3-4 dəqiqə sonra geri qayıtdıqda avtomobilin yerində olmadığını, qaçırıldığını aşkar etmişdir. Həmin səbəbdən DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Tezliklə Nizami RPİnin 24-cü PŞ-dən polis əməkdaşları yaxınlaşıb sənədləşmə apardıqdan sonra avtomobildə quraşdırılmış GPS qurğusunun vasitəsi ilə avtomobilin yerini müəyyən etmişdir. Avtomobil qaçırıldıqdan az sonra ünvan 9 ünvanın yaxınlığında saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **- BO-*** dövlət nömrə nişanlı avtomobilin ünvan 6 ünvanda yerləşən “Məkan Market”-in qarşısından qaçırılması faktı ilə əlaqədar tərəflərindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində xx.xx.1982-ci ildə Naxçıvan MR-nın ünvan 10 ünvanda qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, saxlanılan zaman üzərində narkotik maddə olmasını etiraf etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 fevral 2023-cü il tarixli qərara əsasən inzibati binada xidməti iş otaqların birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməzliyi izah edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPMin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “ipone 6” markalı, arxa tərəfində qara rəngli üzlük keçirilmiş **********37473 imei kodlu mobil telefonu, həmin şalvarın sağ arxa cibindən çıxardığı 01 ədəd “bakı kart” ictimai nəqliyyat kartını, 01 ədəd “leo Bank” tərəfindən verilmiş **********302236 saylı qara rəngli bank kartını, həmin şalvarın sağ yan-kiçik cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofan bükümü təhqiqata təqdim etmişdir. Həmin 01 ədəd bükümə baxış keçirilən zaman ağ rəngli kristal halında olan maddə olması müəyyən edilmiş, bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı” olaraq xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını bildirmiş, sonuncunun təhqiqata təqdim etdiyi bank kartı və mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən ondan götürülmüşdür. Baxış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ salfet parçası və 01 ədəd qara rəngli “Rothman” marakl siqret qutusundan 02 ədəd siqaret aşkar edilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəl tanımamış, onun narkotik vasitəni kimdən alması və onun cinayət əlaqələri barədə mənim dəqiq məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru Şahid3, Şahid4 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə birgə yaşadığı ünvan 12 ünvana qonaq getmiş, qonaq olduğu müddətdə bibisi oğlu Məmmədbağır ilə birlikdə mənzildə bir qədər spirtli içki qəbul etmişdir. Saat 22 radələrində yenə spirtli içki almaq üçün mənzili tərk edib, yaxınlıqdakı marketə getmişlər. Marketdən çıxıb bir qədər piyada getdikdən sonra ünvan 6 ünvanda yerləşən “Məkan Markef’-in qarşısında “Toyota-Pirus” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin işlək vəziyyətdə olduğunu və avtomobillin içində heç kimin olmadığını görmüşlər. Avtomobilin yanından keçərkən Məmmədbağır avtomobilin sürücü tərəfdən ön qapısını açaraq sükan arxasına əyləşib avtomobilin tanışının olduğunu bildirərək ona da avtomobilə əyləşməsini demişdir. Məmmədbağırm sözü inandırıcı gəlmədiyi üçün əyləşmək istəməmiş, lakin sonuncu təkrar və bir qədər də əsəbi səs tonu ilə eyni cümləni təkrar etdikdən sonra avtomobilə əyləşmişdir. Bundan sonra Məmmədbağır avtomobili 10 dəqiqə idarə edib, ünvan 13 ünvanda yerləşən yaşayış binasının arxa tərəfində saxladıqdan sonra avtomobildən düşüb yaşadıqları mənzilə piyada qayıtmışlar. Avtomobilin Məmmədbağır tərəfindən sahibindən icazəsiz götürülməsindən, ümumiyyətlə avtomobilin kimə məxsus olmasından xəbərsiz olmuş, avtomobil həqiqətən də, Məmmədbağırm tanışına məxsus olmasını zənn etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla birgə avtomobilin salonunda olduqları müddətdə o və Məmmədbağır həmin avtomobildən hər hansı bir əşya və ya pul götürməmiş, Məmmədbağırın narkotik vasitəni kimdən alması və onun cinayət əlaqələri barədə məlumatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,116 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 2489 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPLAİDLƏRİN və KANNABİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 185.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami RM-nin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR-sı CM-nin 177.2.3, 234.1 maddələri ilə təqsirli bilinmiş və AR-sı CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-93/2023 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,016 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar