Məhkəmə qərarları › İş №1(007)-389/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-389/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-389/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1966-cı il tarixdə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu, Hacı Murad küçəsi, ev 13-də yaşayan, 30 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,355 qram psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımış, 30 yanvar 2025-ci il tarixdə saat 15:57 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üzərinə keçirilən yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,355 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Təqribən 5 ilə yaxın müddətdir ki, narkotik maddə istifadəçisidir. Üzərindən aşkar edilmiş narkotik maddəni 30 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nizami rayonu “8-ci kilometr bazarı”nın yaxınlığında üzdən tanıdığı, lakin haqqında başqa heç nə bilmədiyi şəxsdən 4 manat pul qarşılığında şəxsi istifadə məqsədilə alıb daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bir qədər sonra, təxminən saat 16 radələrində şəxsi işləri ilə əlaqədar Nizami rayonu C.Naxçıvanski küçəsi, 75 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən anidən 3 nəfər mülki geyimli şəxs onu qollarından tutub saxlamışdır. O, müqavimət göstərmək istəmiş, lakin həmin şəxslər polis əməkdaşı olduqlarını dedikdən sonra müqavimət göstərməmişdir. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlandığını bildirdikdən sonra videoçəkiliş vasitəsilə ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, könüllü surətdə təqdim etməsini təklif etmişlər. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümdə nə olduğunu soruşduqda “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri təkrar onun üzərinə baxış keçirmiş və üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Həmin büküm digər polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə 24-cü polis şöbəsinə getmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsdən ilk dəfə idi narkotik maddə alırdı, həmin şəxs barəsində dəqiq bir şey deyə bilmir. Həmin maddəni alan zaman qeyd olunan şəxsin şəxsiyyəti ilə maraqlanmamışdır. Saxlanılarkən, polis şöbəsinə aparılarkən və orada olduğu müddətdə polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmənin növbəti iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunanlardan fərqli olaraq göstərmişdir ki, “8-ci kilometr bazarı”nın yaxınlığında tanımadığı bir nəfər, özünü Hacı kimi təqdim edən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 15 radələrində onunla söhbət etmiş, demişdir ki, “yaşlı-başlı adamsan, səni işə düzəldim”. Sonra səhərdən ac olduğunu, yemək yemədiyini bildirmiş, o da həmin şəxsə yemək alıb yeməsi üçün 4 manat vermişdir. Bundan sonra həmin şəxs ona kağız verib saxlamasını demişdir. Həmin şəxs kağızı ona verdikdən sonra oradan tez qaçmış, həmin vaxt isə polislər gəlib onu saxlamışlar. Həmin şəxsin ona verdiyi kağızı niyə cibinə qiyduğunu, yerə atmadığını bilmir. Təqsirləndirilən şəxs X1 məhkəmənin əvvəlki iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin eyni məzmunlu ifadələri verdiyini etiraf etmiş, lakin hazırda verdiyi ifadəsini müdafiə etdiyini göstərmiş, ifadələri arasında olan ziddiyyətin səbəbini isə izah edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə isə əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis şöbəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X2 tərkibinə daxil edildiyi əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr aparmışlar. 30 yanvar 2025-ci il tarixdə saat 15:57-də ünvan 1 ünvanının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs saxlamışlar. İlahim ilk öncə müqavimət göstərmək istəsə də, onlar özlərini təqdim etdikdən sonra müqaviməti dayandırmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğunu, bu səbəbdən də üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. İlahim etiraz etmədən onlarla razılaşmışdır. Daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Videoçəkiliş əməliyyat müvəkkili Rövşən Alıyev tərəfindən həyata keçirilmişdir. Baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya, maddə və ya predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd içərisində “şüşə” kimi tanıdığı narkotik maddə olan bükümü təqdim etmişdir. Sonra onun üzərinə baxış zamanı başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmin büküm onun tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinə aparmışlar və protokol tərtib edərək təhqiqatçıya təhvil vermişlər. Şahid qismində dindirilmiş Şahid1 əlavə sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs “8-ci kilometr bazarı”nın yaxınlığında deyil, 24-cü polis şöbəsinə yaxın ərazidə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan və üzərinə baxış keçirilən zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis şöbəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Şahid1lə eyni məzmunlu ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, o, 30 yanvar 2025-ci il tarixdə saat 15:57-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, narkotik vasitə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun əynində olan gödəkçənin sol iç cibindən Xiaomi Redmi markalı mobil telefon, həmin gödəkçənin sağ iç cibindən 10 qəpik aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Xiaomi Redmi markalı mobil telefon götürülmüş, iş üçün əhəmiyyət kəsb etmədiyindən 10 qəpik pul şəxsin özünə geri qaytarılmışıdır. İlahim Müsayevə verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saat 15 radələrində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 4 manat qiymətində aldığını, üzərindən başqa digər yerlərdə narkotik vasitə gizlətmədiyini bildirmişdir. Üstünü yoxlama ünvan 1 ünvanında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. (i.v. 7-8) - 30 yanvar 2025-ci il və 03 fevral 2025-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindiyi üçün 30 yanvar 2025-ci il tarixdə saat 15:57-də ünvan 1 ünvanında saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə ağ rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və İlham Musayevdən götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 2 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 164 № möhürlə möhülənmiş vəziyyətdədir, zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza Şahid2, imza Şahid3, X3, Şahid1 yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması baradə bildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. DVD diskdə olan videogörüntülərə 03 fevral 2025-ci il tarixdə müstəntiq tərəfindən baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 13, 85) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 31 yanvar 2025-ci il tarixli 6/421 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,355 qram olanağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,355 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,305 qalıq qalmışdır. (i.v. 43-46) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 31 yanvar 2025-ci il tarixli 487 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 47-48) - 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Musayev llahim İsmayıl oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Musayev llahim İsmayıl oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin tətbiqi rədd edilmiş, Musayev llahim İsmayıl oğlunun psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü PŞ-yə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,355 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,305 qramı saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntülərin əks olunduğu 01 ədəd disk və "xxxx" MMC tərəfindən göndərilən 01 ədəd disk sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ona məxsus mobil telefon iş üzrə sübut əhəmiyyəti daşımadığından özünə qaytarılması nəzərə alınmışdır. (i.v. 103-106) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında əvvəl cinayət əməlini etiraf edən, ittihamın mahiyyətinə uyğun ifadə vermiş, sonradan həmin ifadəsindən fərqli, ziddiyyətli ifadə versə də, bunun səbəbini izah edə bilməməklə yanaşı irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış və toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmədə son sözündə isə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bəyan edərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin özü də polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilmədiyini məhkəmədə bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 75-76) - 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 77) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli tələbnamədən və qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 150 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəriməni 26 may 2014-cü il tarixdə ödəmişdir. (i.v. 88-90) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, maddi sübut olan 02 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı, həmçinin onun Respublika Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hesablanmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun, həmçinin onun Respublika Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,305 olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 220 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar