Məhkəmə qərarları › İş №1(007)-39/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-39/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-39/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ç.Nəsirov küçəsi ev 5A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində talama məqsədi olmadan ünvan 1, 46 nömrəli ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ-2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsindən əlini salmaqla qapısını açaraq, sükanın alt hissəsində yerləşən naqillərin köməkliyi ilə işə salıb qanunsuz ələ keçirməklə qaçırmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində iş axtarmaq məqsədi ilə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən çıxaraq Bakı şəhəri, “Q.Qarayev” metrostansiyasına gəlmişdir. Orada bir qədər gəzərək iş axtarmışdır. Lakin iş tapa bilməmiş, bundan sonra orada olan mobil telefon dükanlarına girib satışda olan mobil telefonlara baxmışdır. Bir qədər gəzdikdən sonra saat təxminən 22:00 radələrində evə getmək qərarına gəlmişdir. Həmin vaxt güclü yağış yağmışdır. Üzərində pul olmadığı üçün Ə.Hacıyev küçəsində olan binaların birinin blokuna girib yağışın dayanmasını gözləmişdir ki, yağış kəsdikdən sonra evə getsin. Blokda dayanıb gözləyən zaman həmin həyətdə “VAZ 2106” markalı avtomobilin dayandığını, avtomobilin qabaq şüşəsində olan nəfəsliyin açıq olduğunu görmüşdür. Bundan sonra qərara gəlmişdir ki, həmin avtomobildə əyləşərək yağışın dayanmasını gözləsin. Bu məqsədlə avtomobilə yaxınlaşmış, avtomobilin nəfəsliyindən əlini içəri salaraq qabaq sağ qapısını açaraq avtomobilə əyləşmişdir. Təxminən 30 dəqiqə avtomobildə əyləşərək yağışın kəsməsini gözləmişdir. Lakin yağışın kəsmədiyini gördükdə qərara gəlmişdir ki, həmin avtomobili işə salaraq evə getsin. Bunun üçün ilk öncə avtomobilin içərisində onun açarını axtarmış, lakin açarı tapa bilmədiyindən avtomobilin saxlanc yerindəki vintaçanı götürüb sükanın alt hissəsində olan plastması açaraq orada olan naqillərin köməyi ilə avtomobili işə salmışdır. Bundan sonra avtomobili idarə edib tutulmaması üçşün ara yollarla Suraxanı rayonu istiqamətində getmişdir. Lakin Əmircan qəsəbəsinə çatanda orada xidmət aparan postpatrul xidmətinin əməkdaşları idarə etdiyi avtomobili saxlatmışlar. Polis əməkdaşları onu saxladıqdan sonra avtomobilin sənədlərini istəmişlər. O isə avtomobilin sənədlərinin olmadığını, onu Nizami rayonu ərazisindən qaçırtdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobili təxminən 7-8 il əvvəl almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində həmin avtomobillə yaşadığı evə gələrək avtomobili binanın həyətində saxlayaraq evə qalxmışdır. Təxminən 2 saat sonra siqaret çəkmək üçün həyətə düşmüş, avtomobildən qəpik götürüb siqaret almaq istəmişdir. Lakin avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Ətrafa nəzər saldıqdan sonra avtomobilin oğurlandığını başa düşmüşdür. Bu zaman həyətdə Post-Patrul Xidmətinin əməkdaşlarının olduğunu görüb onlara yaxınlaşaraq bu barədə məlumat vermişdir. PPX-nin əməkdaşları isə 25-ci PŞ-nə zəng vuraraq hadisə barədə məlumat vermişlər. 25-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxmışlar, sonra onlarla birlikdə PŞ-nə gedərək ərizə və izahat vermişdir. Səhəri gün 25-ci PŞ-nə zəng vuraraq hadisə barədə məlumat almaq istəyən zaman ona bildirmişlər ki, avtomobili tapılmışdır, hazırda Suraxanı RP-nin 31-ci PB-nin həyətindədir. Bundan sonra o, gedərək avtomobili oradan götürmüşdür. Bununla da ona dəymiş maddi ziyan tam ödənilmişdir, avtomobilin qaçırılması zamanı isə ona hər hansı zədə yetirilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, onun barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanında ona məxsus “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat vermiş, avtomobilinin tapılıb onu qaçıran şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (i.v. 5) -Bakı şəhəri Suraxanı RPİ-nin PBXB-nin polis nəfərlərinin xx xxxxxx 2020-ci il tarixli raportlarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qara Minarə məscidinin qarşısında aşkar edilmiş, avtomobil saxlanılaraq sürücü ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə təhvil verilmişdir. (i.v. 12) -Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, onun saz vəziyyətdə olduğu müəyyən edilmişdir. (i.v. 13-17) -Zərərçəkmiş şəxs Abbas oğlunun xx xxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, o, “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili saz və işlək vəziyyətdə, həmçinin içərisində ona məxsus olan etibarnamə, sürücülük vəsiqəsi və texniki pasprotu təhvil almışdır. (i.v. 23) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 34) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxx 2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (i.v. 52-53) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177 və 185.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 117-120) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Həmin maddənin tələbinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ibidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə birlikdə, 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar