Məhkəmə qərarları › İş №1(007)-391/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-391/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-391/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 23 iyul 1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan X4, barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş G.Ə.Əsgərova şikayəti belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yaşayan, 23.07.1979-cu il təvəllüdlü, gözəllik salonu çalışdıran X2 RPİ-nin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, guya ona güzəştli əsaslarla sosial ev almaqda kömək etmək adı ilə onu aldatmış və 25000 (iyirmi beş min) manat pulunu ələ keçirmişdir. Bununla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırılma aparılmış və 31 mart 2020-ci il tarixində “ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı X10 dələduzluq cinayət əməli törətməsi faktı təsdiqini tapmamışdır. Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polsi mayoru Abdulla Əliyevin 31.03.2020-ci il tarixli Qərarında qeyd olunur ki, “araşdrımza zamanı müəyyən edilmişdir ki, X4, həmçinin X12 və X6 hüquq-mühafizə orqanlarına biləbilə yalan məlumat verməklə hərəkətlərində Azərbaycan Respublikası CM-nin 296-ci maddəsinin əlamətlərinə dəlalət edən əsaslar vardır. X9 polis orqanlarına yazdığı ərizədə ona böhtan atmışdır. Onun böhtan xarakterli ərizəsi polisdə araşdırılan zaman işini itirmişdir. Belə ki, A.Heydərov adına DİN-nin hospitalında tibb xidməti baş çavuşu kimi xidmət etmiş və analıq məzuniyyətində olarkən X5 ərizəsi əsas götürülərək DİO-dan xaric olunaraq iş yerini itirmiş və ona maddi və mənəvi zərər vurulmuşdur. Həmçinin, cavabdeh internet resurslarında, o cümlədən vatsappda, Facebookda və X1 ona məxsus ***-***-**-** mobil nömrəsindən və səhifələrdən onun şəkillərini nalayiq formada paylaşaraq qəsdən onu alçaltmaq məqsədilə “MDB-nin hospitalında işləyir uşaqlarından bixəbər, bacardıqca paylaşın hamı görsün”, “bu maşenniki tanıyanlar görənlər ona xəbər versin salondan pul oğurlavıb qaçıb”, “bu şeytan üzlünü də tanıyın, uşaqların birini bir ataya, ikisini də bir ataya verib işindən guya ki, analıq məzuniyyətinə çıxıb, uşağı xəstədi, ona baxır, belə uşaqların adından istifadə edən şərəfsiz analar var. Heç uşağından xəbəri yoxdu, Allah sənin elə bəlanı verəcək ki, verib də. Bu şəkli paylaşın hamı bunu tanısın ən azından” tipli şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları paylaşaraq onun övladlarının gələcəyinə də zərbə vuraraq, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təsbit edilmiş böhtan və təhqir cinayətlərini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7, xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğu üçün icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 xüsusi ittiham qaydasında şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti tədqiq edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 03 saylı Qərarının 05-ci bəndinə əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Habelə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 03 saylı Qərarının 05-ci bəndinə görə, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Şikayətə əlavə olunmuş 31 mart 2020-ci il tarixli qərardan görünür ki, 16 dekabr 2019-cu il tarixdə ünvan 3 ünvanda yaşayan X9 şikayət ərizəsi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, tanışı X10 ona güzəştli əsaslarla sosial ev almaqda köməklik göstərəcəyini vəd verərək aldadıb, 01 oktyabr 2019-cu il tarixdə 25.000 manat pulunu ələ keçirməsi haqqında toplanmış ilkin yoxlama materialı üzrə X10 əməlində cinayət tərkibinın əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmişdir. Göründüyü kimi, X4 hüquq mühafizə orqanlarına yazdığı şikayətdə X10 barəsində qeyd olunan məlumatların kütləvi çıxış şəklində yayılma hesab edilməsi və onun bu hərəkətin cinayət kimi qiymətləndirilməsi istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında X10 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan, onun elan olunduğu 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar