Məhkəmə qərarları › İş №1(007)-393/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-393/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-393/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,443 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 fevral 2024-cü il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43 nömrəli ünvanın qarşısında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 nömrəli ünvanda yerləşən ünvan 4sına gətirilmiş, həmin bölmədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,296 qram, 0,467 qram, 0,303 qram və 0,377 qram, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ümumi təmiz çəkisi 1,443 qram qəhvəyi rəngli tozşəkill maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, işləmək üçün taksi ilə Sabirabad rayonundan Bakı şəhərinə gəlmişdir. “20 Yanvar” metrostansiyasının yanından Binə qəsəbəsinə getmək üçün taksiyə əyləşmişdir.H.Əliyev prospektində yanacaq doldurma məntəqəsində taksini saxlatmış və kartdan pul çıxartmışdır. Yanacaq doldurma məntəqəsindən təxminən 200-300 metr uzaqlaşdıqda polis əməkdaşları taksini saxlatmışlar. Sürücü polis əməkdaşlarının onun tanışları olduğunu bildirərək avtomobili saxlamışdır. Polis əməkdaşları onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aparmışlar. Saxlanılan vaxt onun üzərində az miqdarda şəxsi istifadəsi üçün əldə etdiyi bir büküm narkotik vasitə-heroin olmuşdur. Bölmədə ona təzyiq edərək üzərinə əlavə üç büküm narkotik vasitə heroin, bir ədəd tərəzi qoymuşlar və barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanacağını bildirmişlər. Tərəzi və digər üç büküm ona məxsus olmamışdır. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsində ona təzyiq olduğu üçün üzərindən aşkar olunmuş dörd büküm narkotik vasitəheroinin və tərəzinin ona məxsus olmasını bildirmişdir. Məhkəmədən himayəsində iki azyaşlı övladının və xəstə anasının olmasını, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 1-2 ildir ki, narkotik vasitəni inyeksiya yolu ilə mütəmadi qəbul edir və narkotik vasitədən asılıdır. 26 fevral 2024-cü il tarixdə Sabirabad rayonundan Bakı şəhərinə iş axtarmaq üçün gəlmişdir. 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitəni əldə etmə və istifadə etməsində şübhəli bilindiyi üçün onu 23-cü Polis Bölməsinə gətirmişlər və həmin bölmədə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olmuş əşya və ya predmet varsa təqdim etsin. O, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş siqaretin sellofanına bükülmüş 04 ədəd bükümün narkotik vasitə olduğunu və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibində olan 01 ədəd elektron tərəzini isə özü istifadə edərkən çəkmək üçün götürmüşdür. Sonra həmin 04 ədəd büküm və 01 ədəd elektron tərəzi onun, vəkilin və iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitə heroini öz istifadəsi üçün alıb özündə saxlamış, narkotik vasitənin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroini əldə etdiyi şəxsin anket məlumatlarını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 27 fevral 2024-cü il tarixdə, saat 06:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2la təhkim olunmuş 06 saylı patrul sektoru ərazisində xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43 nömrəli ünvanın qarşısında zahiri əlamətlərindən narkotik maddənin istifadəçisinə bənzəyən bir nəfər şəxsin piyada hərəkət eldiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs onları görüb uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri olduqlarını bildirmişlər, həmin şəxsin narkotik vasitənin əldə edib saxlanılmasında və daşınmasında şübhələndiyinə görə üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə 23-cü Polis Bölməsinə gəlmiş və 23-cü Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün 23-cü Polis Bölməsinin rəhbərliyinin adına raportla müraciət etmişlər, Təqsirləndirilən şəxs 23-cü Polis Bölməsinə təhvil vermişlər və 06 saylı patrul sektoru ərazisinə gedərək xidməti davam etdirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 27 fevral 2024-cü il tarixdə, saat 06:40 radələrində 23-cü Polis Bölməsində xidmətdə olarkən Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən 27 fevral 2024-cü il tarixdə, saat 06:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43 nömrəli ünvanın qarşısında zahiri əlamətlərindən narkotik maddənin istifadəçisinə bənzəyən bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılması üçün onu 23-cü Polis Bölməsinə gətirmişlər. 23-cü Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. 23-cü Polis Bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümü və əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 01 ədəd elektron tərəzini xidməti otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 04 ədəd bükümdə nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs 04 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, elektron tərəzini narkotik vasitədən istifadə edərkən çəkib istifadə etmək üçün götürdüyünü bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Subhan oğlu Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin sellofanına bükülmüş 04 ədəd bükümləri təqdim edərək narkotik maddə olduğunu Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzini isə narkotiki çəkib istifadə etmək üçün götürdüyünü bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1161 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 163” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,296 qram, 0,467 qram, 0,303 qram və 0,377 qram, ümumilikdə təmiz çəkisi 1,443 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyil. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-62/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut qismində tanınma haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1,443 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan 1,323 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2720 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,323 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 (bir yüz iyirmi) manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,323 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 120 (bir yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar