Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-395/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,341 qram narkotik vasitə heroini əldə edərək üzərində daşımaqla saxlamış, 16 iyun 2022-ci il tarixdə, saat 19:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 5-ci Polis Bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,341 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daxilində narkotik vasitə heroinin izləri olan 01 ədəd 1 millilik şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə aludəçisi olmuşdur. 16 iyun 2022-ci il tarixdə saat 13 radələrində Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında özünü “Sahib” kimi təqdim etmiş şəxsdən 20 manata “kokos” kimi tanıdığı naroktik vasitə heroin almışdır. 16 iyun 2022-ci il tarixdə saat təxminən 19 radələrində ünvan 3 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə aparılmışdır. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və barəsində keçirilən şəxsi axtarış zamanı, üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülü, içərisində “kokos” kimi tanıdığı narkotik vasitəni və narkotik vasitənin qəbul edilməsində istifadə etdiyi bir ədəd tibbi şprisi təqdim etmişdir. Təqdim etdiyi bükülünün içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahid ifadələri ilə, habelə işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X3 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. Xidmət etdiyi ərazi Bakı şəhəri, Nizami RPİ-nin 24-cüi PŞ-nin inzibati ərazisi olmuşdur. 16 iyun 2022-ci il tarixdə, saat 19:10 radələrində xidmət yoldaşı ilə ünvan 6 ünvanda xidmət apararkən, bir nəfər əlində noutbukla gedən şəxs özünü şübhəli apardığı üçün saxlanılmış və üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət olunmuşdur. Həmin şəxs saxlanılarkən narkotik vasitə aludəçisi və üzərində narkotik vasitə olduğunu bildirmişdir. PŞ-də həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd tibbi şpris və 1 ədəd bükülü çıxarıb təqdim etmiş və bükülünün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, 1 ədəd şprisdən narkotik vasitənin qəbulunda istifadə etdiyini və “kokos” kimi tanıdığı narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə və şpris zərfə qoyularaq möhürlənmiş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 16 iyun 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» və 17 iyun 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şprisi, 1 bükülü çıxarıb təqdim etmiş, bükülüdəkinin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və 1 ədəd şprisdən narkotik vasitə qəbulu zamanı istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxsdən istifadəsi üçün 20 manata alıb üzərində saxladığını bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2022-ci il tarixli 6/3394 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,341 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 ədəd 1 ml-lik şprisin daxilində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Ambulator Məhkəmə-Kompleks Psixoloji və Psixiatrik ekspertizasının 22 avqust 2022-ci il tarixli, 2251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qed edilməmiş, onda xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir, qeyd-olunan cinayət əməlini törədilən anda cinayət əməlini öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hal-hazırda hər hansı psixi xəstəlik, göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik qeyd edilmir. Öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, onda hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, qeyd olunan cinayət törədilən anda əqli inkişafda gerilik əlamətləri olmamış, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuş, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, fərdipsixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamış, baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,341 qram narkotik vasitə heroin, daxilində narkotik vasitə heroinin izləri olan 01 ədəd 1 ml-lik şpris və üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş 1 ədəd “CD” diski iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,291 qram narkotik vasitə heroin və daxilində narkotik vasitə heroinin izləri olan 01 ədəd 1 ml-lik şpris maddi sübutların saxlanc kamerasına təhvil verilmiş və 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. İşdə olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21-1/3- 18410/7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı Bakı şəhər Probasiya İdarəsinə qeydiyyata düşmədiyi üçün cəza çəkməmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən, hazırki hökm üzrə təyin olunan cəza ilə, hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,291 ram narkotik vasitə heroin və 01 ədəd 1 ml-lik şpris məhv edilməli, 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 34 saat, məhkəmədə iştirak etdiyi cəmi 33 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 402 manat (67x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,291 qram narkotik vasitə heroin və 01 ədəd 1 ml-lik şpris məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 67 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 402 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-395/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-395/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver