Məhkəmə qərarları › İş №1(007)-396/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-396/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-396/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1960-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonunun Göycəkənd kəndində qeydiyyatda olmaqla orada yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 1(007)-260/2022 saylı hökmü ilə Azərbaycaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X5 küçəsi 3 saylı evin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə bir neçə gün əvvəl sonuncuya satdığı mopedə görə Zərərçəkmiş şəxs ona mopedin dəyərini tam ödəməməsi səbəbindən aralarında baş vermiş mübahisə zaman üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs üz və qol nahiyələrindən bir neçə dəfə vuraraq sonuncuya alt dodaqda bir ədəd, alt dodaq-çənə nahiyəsində solda bir ədəd, sol çənə nahiyəsində bir ədəd və sağ mil-biləyin arxa səthində bir ədəd kəsilmiş yaralarından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci il fevral ayının sonlarına kimi müxtəlif kafelər üçün istifadəsində olan “Neon” markalı moped ilə çatdırılma xidməti göstərmişdir. 2022-ci ilin fevral ayının sonları maddi vəziyyəti pis olduğu üçün mopedi sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu barədə tanışı Zərərçəkmiş şəxs da məlumat vermişdir. Xəqani mopedə göz gəzdirdikdən sonra mopedi təxminən 700 manata sata biləcəyini ona demişdir. O da Xəqaniyə mopedi 700 manata satacağı təqdirdən sonuncuya 50 manat bəxşiş verəcəyini demişdir. 3 gün sonra Xəqani mopedi özü üçün almaq istədiyini və 400 manat pulu olduğunu bildirmişdir. O, əvvəlcə Xəqaninin təklifi ilə razılaşmasa da, sonradan özü üçün aldığını nəzərə alaraq sonuncuya ilə razılaşmışdır. Bundan sonra Xəqani 400 manat pulu ona vermiş və mopedi götürüb getmişdir. Sonradan ona bəlli olmuşdur ki, Xəqani həmin mopedi 550 manata bir nəfərə satmışdır. Bununla bağlı olaraq bir neçə dəfə Xəqani ilə görüşərək, əlavə olaraq 100 manat verməsini istəmişdir. Belə ki, onun Xəqaniyə mopedi 400 manata satmağına səbəb Xəqaninin həmin mopedi özü üçün almaq istəməsi olmuşdur. Xəqani isə onu aldadaraq əvvəlcədən həmin mopedi satmaq üçün almışdır. Bu məsələdə onu ən çox əsəbləşdirən hal Xəqaninin onu aldatması olmuşdur. 28 fevral 2022-ci il tarixdə saat 20 radələrində Xəqaninin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən dükandan çıxdığını görüb sonuncunu yanına çağırmışdır. O, Xəqaniyə niyə 100 manatını vermədiyi barədə sual vermişdir. Xəqani ona pulunun olmadığını demişdir. O Xəqaninin ona pul vermək fikrinin olmadığını görüb əsəbləşmişdir. O mübahisə zamanı əsəbləşərək Xəqaniyə qarşı nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı o, bel nahiyəsindən, yəni şalvarı ilə bədəninin arasında saxladığı mətbəx bıçağını çıxartmış və təkrar Xaqanidən pulunu istəmişdir. Onun Xəqanini vurmaq fikri olmamış, fikri Xəqanini qorxutmaq olmuşdur. Xəqani təkrar pulunun olmadığını bildirdiyi üçün o. bıçaqla Xəqaninin dodaq və sağ qol nahiyələrinə xəsarət yetirmişdir. Bundan sonra, Xəqani oradan qaçaraq uzaqlaşmışdır. O isə yaşadığı evə getmişdir. Həmçinin, mübahisə zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirməmişdir. Törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığı üçün bunu nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs 27 oktyabr 2022-ci il tarixində məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir,təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək, buna görə də cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 155 saylı, 06 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs alt dodağında sağda bir ədəd, alt dodaq-çənə nahiyəsində solda bir ədəd, sol çənə nahiyəsində bir ədəd və sağ mil-biləyin arxa səthində bir ədəd kəsilmiş yaralar aşkar olundu. Bu yaralar hər hansı bir iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan bir ədəd bıçaq məhv edilməlidir, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan bir ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar