Məhkəmə qərarları › İş №1(007)-397/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-397/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-397/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxxx 1992-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası qəsəbəsi, fərdi yaşayış evində yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 fevral 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 154,00 manat alimentin və uşağın üç yaşına çatanadək hər ay 50,00 manat məbləğində alimentin tutularaq İsmayılova (Güləhmədzadə) Tuncay Sultan qızına ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(007)-1446/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(007)-701/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 16 may 2022-ci il və 16 noyabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12 yanvar 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs İsmayılova (Güləhmədzadə) Tuncay Sultan qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 3879,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından Elvin adlı bir övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğuna görə Zərərçəkmiş şəxs nikahın pozulması və alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən aralarında qeydə alınmış nikahın pozulması və 09 fevral 2018-ci il tarixdən başlayaraq Elvin adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 154,00 manat alimentin və uşağın üç yaşına çatanadək hər ay 50,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 12 iyun 2018-ci il tarixli, 2(007)-1446/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə 4943,00 manat məbləğində ödəniş etmiş, 12 yanvar 2023-cü il tarixədək 3879,00 manat məbləğində qalıq borcu qalmış, istintaq dövründə alimentə görə borclu olduğu məbləğdən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 1500,00 manat məbləğində ödəniş etmişdir. Məhkəmə baxışında qalan aliment borcunu tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşman olmasını, aliment borcunu tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmayılova (Güləhmədza- də) Tuncay Sultan qızı ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından 12 dekabr 2017-ci il tarixdə Elvin adlı bir oğlu dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətləri pozulduğu üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ilin əvvəllərində bir azyaşlı övladını götürərək valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Bir müddət sonra boşanmağa görə və uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən aralarında qeydə alınmış rəsmi nikahları ləğv olunaraq 09 fevral 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2017-ci il tarixdə anadan olmuş Elvinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 154,00 manat alimentin və uşağın üç yaşına çatanadək hər ay 50,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 12 iyun 2018-ci il tarixli, 2(007)-1446/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona 4943,00 manat məbləğində ödəniş etmiş və 12 yanvar 2023-cü il tarixədək 3879,00 manat məbləğində qalıq borcu qalmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs qalan aliment borcunu tam ödəmişdir. Hazırda ona olan aliment borcu tam olaraq ödənildiyindən, onun Elvara qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(007)-1446/2018 nömrəli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50,00 manat pulun Güləhmədzadə (İsmayılova) Tuncay Sultan qızının xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsində 11 iyul 2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb yerinə yetirilməmiş və bildirişə heç bir münasibət bildirməmişdir. Daha sonra borclu İcra şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmasının zəruriliyi izah olunmuş və 09 avqust 2018-ci il tarixdə bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu tərəfindən tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun əmlakının axtarılması barədə həm banklara, həm də digər qurumlara 16 yanvar 2019-cu il tarixdə sorğu edilmiş, lakin borclunun bank hesabları və mülkiyyətində hər hansı digər əmlak aşkar olunmamışdır. Daha sonra borclu şöbəyə dəvət olunmuş və tələbin icra edilməsinin zəruriliyi bir daha vurğulanaraq 13 fevral 2019-cu il tarixdə izahatı alınmış və borclu izahatında işsiz olduğunu, hər ay 150,00 manat aliment ödəniş edə biləcəyini qeyd etmişdir. Bundan sonra tələbkar 25 yanvar 2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclunun 855,00 manat ödəniş etdiyini, 1394,00 manat aliment borcu yarandığını və borclu barəsində məcburi icra tədbiri görülərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 08 avqust 2020-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 8(007)-261/2020 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclunun işlədiyi müəyyən olunaraq 31 yanvar 2020-ci il tarixdə icra sənədi icra olunması üçün borclunun iş yeri üzrə göndərilmiş və iş yeri tərəfindən şöbəyə ünvanlanmış 17 mart 2020ci il tarixli məktubda borclunun öz xahişi ilə 02 mart 2020-ci il tarixdə işdən azad olunduğu qeyd olunmuşdur. Bundan əlavə 02 oktyabr 2020-ci il tarixdə borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Daha sonra tələbkar 28 sentyabr 2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək həmin tarixə ödənilməmiş 2032,00 manat aliment borcu olduğunu qeyd edərək borclu barəsində axtarış elan olunması barədə 28 sentyabr 2021-ci il tarixli qərar qəbul olunaraq müvafiq orqana göndərilmişdir. Borclu 29 mart 2022-ci il tarixdə şöbəyə təhvil verilmiş və icra sənədinin icrasından qərəzli olaraq yayınması, icra məmurunun qanuni tələbinə tabe olmaması və icra sənədlərindəki tələbi üzürsüz səbəbdən icra etməməsinə görə və yaranmış 2956,00 manat aliment borcunu ödəmədiyinə görə borclu barəsində 29 mart 2022-ci il tarixdə inzibati protokol tərtib olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(007)-701/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda borclunun əmlakının axtarılması barədə müxtəlif banklara sorğu verilmiş və borclunun hesabında pul vəsaiti aşkar olunmamışdır. 21 aprel 2022-ci il tarixdə borclu barəsində axtarış elan olunması üçün müvafiq orqana müraciət edilmişdir. Borclu şöbəyə təhvil verilmiş və 16 may 2022-ci il tarixli izahatında sözügedən tarixə mövcud olan 3010,00 manat aliment borcunu tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Bununla əlaqədar olaraq borcluya təkrarən 16 noyabr 2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Belə olan halda tələbkar ərizə ilə şöbəyə müraciət edərək iş üzrə borclu Təqsirləndirilən şəxs 4943,00 manat ödəniş etdiyini və hazırda 3263,00 manat aliment borcunu tam ödəmədiyi üçün barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixə kimi 3879,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 12 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1446/2018 saylı qətnaməsindən və həmin tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin və uşaq 12 dekabr 2017-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat alimentin Güləhmədzadə (İsmayılova) Tuncay Sultan qızının xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1446/2018- 005 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-261/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1446/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İsmayılova (Güləhmədzadə) Tuncay Sultan qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-397/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu tam ödəmiş və bu barədə zərərçəkmiş şəxs İsmayılova (Güləhmədzadə) Tuncay Sultan qızı ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və dərhal həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 (iyirmi üç) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 (bir yüz otuz səkkiz) manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar