Məhkəmə qərarları › İş №1(007)-397/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-397/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-397/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanında yerləşən “Aliance Garden” adı ilə fəaliyyət göstərən restoranda olan zaman tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun restoranda olan başqa qadınlarla mübahisə etməsini irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmin restoranın foyesində Zərərçəkmiş şəxs sol qolunu tutaraq sıxmış və restoranın çıxışında mübahisəni davam etdirərək yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə, daha sonra Zərərçəkmiş şəxs yerə yıxıb ayaqla onun ayaq və qarın nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid sol alın-qaş nahiyəsinin hematoması, sol təpə nahiyəsinin, sol almacıq nahiyəsinin və sol ayağın İV barmağının üst nahiyəsinin şişkinlik halında əzilmələri, sol bazunun orta 1/3-nin ön-iç səthinin qançırları ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən təxminən 1 ay əvvəl tanımışdır. xx.xx.2024cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Aliance Garden” restoranında o və dostları ilə birlikdə oturub çörək yemişlər. O, tanışı Zərərçəkmiş şəxs zəng edərək restorana dəvət etmişdir. Sevda saat 21 radələrində restorana gəlmişdir. Sevda onun yanında masada əyləşmişdir. Onlar birlikdə yeyib içmişlər və spirtli içki qəbul elmişlər. O, restoranın içərisində olan zaman Sevda çölə çıxmışdır. O, çölə çıxdıqda görmüşdür ki, qızlar mübahisə edirlər, Sevda da həmin qızların yanındadır. O, Sevdaya demişdir ki, “sənin işin yoxdur bu məsələ ilə, içəri keç”. Sevdaya içəri keçməsini bildirdikdə Sevda uca səslə nalayiq söyüşlər söyərək onu təhqir etməyə başlamışdır. O, Sevdaya iradını bildirsə də Sevda onu söyməyə davam etmişdir. Kamera görüntülərindən da görünür ki, Sevda xanım onu dəfələrlə sinəsindən vurur, o isə bir söz demir. Onları Emin adlı şəxs ayıranda ola bilsin ki, içkili olduğu üçün onun əli Sevda xanıma dəymişdir. Sonra Sevda onu söyə-söyə restorandan çölə çıxmışdır. O, restoranın həyətində Sevda xanımı vurmamış, heç yaxın getməmişdir, əgər onu təpikləsəydi, yumruq vursaydı onda sınıq, kəsik, əzilmə xəsarətləri olardı və ya ağır xəsarət alardı. O, sadəcə Sevda xanımın qolundan tutub sakitləşdirməyə çalışmışdır. Ondan ayrılandan sonra Sevda xanım gedib özünə nəsə edib və ya etməyibsə onu bilmir. Sevda xanımı Emin evinə aparanda avtomobildən düşüb qaçmışdır. Onun isə halı pisləşdiyi üçün “Semaşko” adına xəstəxanaya aparılmışdır. O, dəfələrlə Sevda xanımla barışmaq istəmiş, lakin Sevda xanım ondan 5000 manat zərərin ödənilməsini tələb etdiyi üçün, onun ödəmək imkanı olmamış və bu səbəbdən barışıq əldə olunmamışdır. Əməlindən peşmandır. Məhkəmədən iki övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu “Aliance Garden” restoranına çağırsa da, o, getməmişdir. Onların tanışlıqları olduğu üçün bir neçə dəfə xahiş etdikdən sonra o, həmin restorana getmişdir. Orada bir masada 3 xanım, 4 kişi olmaqla, ümumilikdə 7 nəfər əyləşmişdilər. Şahid öz məclisi olduğu üçün Təqsirləndirilən şəxs dəvət etmiş, onu isə Təqsirləndirilən şəxs dəvət etmişdir. Orada olan zaman qırmızı geyimli bir xanım ona yaxınlaşaraq bildirmişdir ki, “yanındakı bəyə de ki, mənə yaxın durmasın”. Həmin vaxt Emin onlara aldığı qızılgülü Sənura yaxşılıq etmək məqsədi ilə həmin qırmızı geyimli xanıma vermiş və Sənurun adından ondan üzr istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona qəzəblənərək bildirmişdir ki, “sən kimsən ki, Eminin aldığı gülü ona verirsən”. O isə aranı sakitləşdirmək istədiyini bildirmişdir. Daha sonra digər masadan bir kişi durub Emini “hall”a çağırıb ona bildirmişdir ki, “sizin masada əyləşən bir kişi bizim masada əyləşən xanımla niyə oynayır”. O da aranı sakitləşdirmək üçün qızılgülü verməklə bərabər həm də üzr istəmiş və gəlib masada oturmuşdur. O, masaya oturandan sonra Sənur onunla mübahisə etməyə başlamış və onun qolunu sıxmışdır. Həmin vaxtı Emin də Sənura göz ağardaraq belə etməməsini ona bildirmiş, Sənur isə sakitləşməmişdir. Daha sonra xanımın masasında əyləşən bir kişi Eminlə çölə çıxmış, Sənur da arxasınca çıxmışdır. O, qadınla söhbət edərək bir qadın kimi aranı sakitləşdirməyə çalışmışdır ki, kişilər arasında mübahisə olmasın. Musiqidə fasilə olan zaman çöldə qışqırıq səsləri gəldiyini eşidib, çölə çıxanda görmüşdür ki, Sənur iki xanımla mübahisə edərək, onların üzərinə hücum edir. Bu zaman o, onları ayırmışdır. Xanımlara hücum çəkməyinin səbəbi, onun sataşdığı xanımın ona “ayıb olsun” deməsi olmuş, daha sonra Sənur onları təhqir etməyə başlamış və onları əxlaqsız adlandırmışdır. O, mübahisə edənləri ayırmaq istəyəndə Sənur onun üstünə gəlmiş, o isə Sənuru itələyərək üzündə plastik əməliyyat olduğundan sifətinə vurmamasının qarşısını almışdır, bununla da, özünü müdafiə etmişdir. Sənur onun qolunu tutaraq bərk sıxmağa başlamış və o, ağrıdan qışqırmışdır. Onları Emin ayırmış, o, yenidən zala keçib orada əyləşənlərlə mədəni şəkildə sağollaşmış, paltosunu və çantasını sakit şəkildə götürüb dəhlizə tərəf getmişdir. O, “hall”a çıxan zaman Sənuru və Emini görməmişdir. O, taksi çağırmış və restoranı tərk etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qaçaraq onun arxasınca gəlmiş, ona çatan kimi onun yaxasından sol əli ilə tutmuş və sağ əli ilə yumruqla onun sol sifət nahiyəsinə vurmağa başlamışdır. Sənur bir neçə dəfə onu yumruqla vurmuş, o, özünü qorumağa çalışmışdır. Bu zaman Emin gəlmiş və onu aralamışdır. Sənur isə Eminin əlindən çıxaraq onun üzərinə gəlmiş və onu itələyərək yerə yıxmışdır. O, yerdə olan zaman ayaq və qarın nahiyəsindən təpiklə vurmuşdur. Sonra isə Sənur aşağı əyilərək yumruqla onun başının orta hissəsindən vurmuşdur. Bundan sonra isə Emin yenidən onu aralamışdır. Bu zaman şalvarının arxa hissəsi və pencəyi sökülmüşdür. Onu aparıb Eminin avtomobilinə otuzdurmuşlar. Sonra DİN-nin 102 xidmətinə müraciət edərək şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən onun barəsində dövlət ittihamçısının təklif etdiyi cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, Zərərçəkmiş şəxs həmin gün restoranda tanımışdır. Hadisə günü onlar hamısı “Aliance Garden” restoranının zalında əyləşmişlər. Həmin vaxt kimlərinsə dalaşmaqlarını görməmişdir. Çox içkili olduğundan həmin günü tam xatırlaya bilmir. Zalda mübahisə olmamışdır. Sevda ilə Sənur çölə çıxandan sonra o və Gövhər də çölə çıxmışlar və onların mübahisə etdiklərini görüb sakitləşdirmişlər. X3 vurmamış, qolunu sıxmamışdır, sadəcə mübahisə edirdilər. Onların barışdıqlarını düşünüb zala daxil olmuşdur. Sonra ofisiant ona yaxınlaşıb demişdir ki, “Sevda xanım içkili vəziyyətdə çöldə yerdə oturub”. O, həyətə çıxanda Sevda xanımı ona məxsus avtomobilin yanında yerdə oturmuş vəziyyətdə görmüşdür. Qaranlıq olduğundan Sevdanın üzündə hər hansı bir xəsarət görməmişdir. X2 vurmamışdır. O, Sevda xanımı avtomobilə əyləşdirib yolun digər tərəfinə keçirdərək yola salmışdır. İstintaqda verdiyi ifadəni oxumadan imzalamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 72 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sıyrıqla müşayiət olunan sol alın-qaş nahiyəsinin hematoması, sol təpə nahiyəsinin, sol almacıq nahiyəsinin və sol ayağın İV barmağının üst nahiyəsinin şişkinlik halında əzilmələri, sol bazunun orta 1/3-nin ön-iç nahiyəsinin və sol budun orta 1/3-nin ön-iç səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sol alın-qaş nahiyəsində, sol təpə nahiyəsində, sol almacıq nahiyəsində, sol bazuda və sol ayağın İV barmağında aşkar olunmuş xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür. Zərərçəkmiş şəxs sol budun orta 1/3-nin ön-iç səthində aşkar edilmiş xəsarətin alınma müddəti müayinədən təxminən 5-7 gün əvvələ uyğun gələ bilərdi. Dərəcələrinə görə, Zərərçəkmiş şəxs sıyrıqla müşayiət olunan sol alın-qaş nahiyəsinin hematoma xəsarəti sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə (sol təpə nahiyəsinin, sol almacıq nahiyəsinin və sol ayağın İV barmağının üst nahiyəsinin şişkinlik halında əzilmələri, sol bazunun orta 1/3-nin ön-iç nahiyəsinin və sol budun orta 1/3-nin ön-iç səthinin qançırları) həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə “Aliance Garden” restoranında təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin görüntülərinin əks olunduğu “DVD” disk maddi sübut qismində tanınmışdır. - məhkəmə baxışında görüntülərin əks olunduğu diskə baxış zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapır. - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və iki övladı vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə məqsədilə verilmiş ifadə kimi, Şahid ifadəsini Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin və şahidin ifadələrində göstərdikləri xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində iki övladının olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, şəxsiyyətini, qəsdin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 34 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 204 (iki yüz dörd) manat (34x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 204 (iki yüz dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar