Məhkəmə qərarları › İş №1(007)-397/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-397/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-397/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun nümayəndəsi Nümayəndə1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X1 Afaq Asif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cinayət hadisəsinin törədildiyi yer: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 nömrəli tam orta məktəb, ünvanı: ünvan 2inin inzibati binası, məhkəmə zalı. Cinayət hadisəsinin baş verdiyi vaxt: 14 sentyabr 2023-cü il və 19 sentyabr 2023-cü il tarixlərində məktəbdə və xx.xx.2024-cü il tarixdə məhkəmədə. Cinayət hadisəsinin nədən ibarət olması: 1. Afaq Əliyeva xx.xx.2023-cü il tarixdə məktəbdə keçirilən Pedaqoji Şuranın iclasında şərəf, ləyaqət və nüfuzunu ləkələyən aşağıdakı yalan və böhtan xarakterli ifadələr işlətmişdir: saat 2.22.10-da-Afaq: “Nəriman müəllimi təhdid edib, sizi süründürəcəm deyib”, Svetlana: “Nəriman müəllim süründürəcəm demişəm?”, Nəriman: “süründürəcəm sözü deyilməyib”; saat 2.22.12-də- Afaq: “Nəriman müəllimə süründürəcəm yox, çox biədəb söz işlədib”; Svetlana: “Nəriman müəllim mən sizə biədəb söz işlətmişəm?, Nəriman : “mən eşitməmişəm”; saat 2.23.42də-Afaq: “mənə işlətmisiniz”, saat 2.24.17-də-“siz həqiqətən direktor müavinisizsə ayın 28dən (avqust ayının) mən sizin üzünüzü görməmişəm”; saat 2.45.30-da-“sizin diplomunuz haradadır”; saat 3.06.23-də- “Hüseynova Svetlanaya əmək funksiyalarını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin”. Afaq Əliyeva yalan olduğunu bilə-bilə ona böhtan ataraq, Nəriman Vəliyevlə söhbət zamanı guya onun barəsində nalayiq və biədəb ifadələr işlətdiyini kütləvi çıxış şəklində iclasda bəyan edir. Afaq Əliyeva vəzifəsindən sui-istifadə edərək Nəriman Vəliyevi yalan söyləməyə təhrik etsə də, Nəriman Vəliyev onun söylədiklərini inkar edir. Bundan sonra yalanını ört-basdır etmək üçün bildirir ki, guya bu sözləri onun üzünə işlətmişdir. X9 özü həmin iclasda (diskdə saat 2.24.17-də) etiraf etmişdir ki, avqustun 28-dən onu görməmişdir və xx.xx.2023-cü ilə aid səs yazısı olan diskdə isə saat 0.54.30-da isə etiraf etmişdir ki, sonuncu dəfə Svetlana Hüseynovanı iyun ayının 25-də görmüşdür. Afaq Əliyeva bu böhtanı ilə onun haqqında mədəniyyətsiz, tərbiyəsiz, ağzının sözünü bilməyən, rəhbərliyin şərəf və ləyaqəti barədə təhqiramiz ifadələr işlədən neqativ şəxs obrazı yaratmaqla barəsində kollektivdə mənfi rəy formalaşdırmaq istəmişdir. Bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci “Böhtan” maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Afaq Əliyeva 2006-cı ildən onun da vəzifə statusu üzrə onun kimi Bakı şəhər Təhsil İdarəsinin nomenklaturasında olduğunu, əmək funksiyasının və vəzifə öhdəliklərinin yerinə yetirilməsi məsələsinin yoxlanması, araşdırılması funksiyasının işəgötürən orqan kimi Bakı şəhər Təhsil İdarəsinin səlahiyyətində olduğunu bildiyi halda öz səlahiyyət həddini aşmış, onun fəaliyyətini yoxlamaq üçün kitabxanaçı, laborant, idman müəllimi və sair onun sözünü eşidən səlahiyyətsiz, səviyyəsiz, savadsız və səriştəsiz üzvlərdən ibarət qondarma “Komissiya” yaratmış, heç bir hüquqi əsası olmayan komissiyanın saxta və hüquqi əhəmiyyəti olmayan rəyini tərtib etdirmiş, imzalatmış, həmin saxta rəy əsasında səlahiyyəti çatmadığına baxmayaraq Bakı şəhər Təhsil İdarəsinin səlahiyyətini qanunsuz mənimsəyərək ona sonuncu xəbərdarlıqla şiddətli töhmət etmiş və bu hərəkəti ilə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldaraq təhqir etmişdir. Bu qanunsuzluğu ilə hətta fəxrlə məktub yazaraq Nizami rayon Polis İdarəsinin rəisi cənab Ziya Əliyevi haqqında mənfi rəy yaratmaq məqsədi ilə muştuluqlamışdır. Bununla da Afaq Əliyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci “Təhqir” maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. .Afaq Əliyeva xx.xx.2023-cü il tarixdə keçirilən növbədənkənar Pedaqoji Şuranın iclasında şərəf, ləyaqət və nüfuzunu ləkələyən aşağıdakı söz və ifadələri işlətmişdir: saat 26.51-də-Afaq: “diplom istədim vermədi”; saat 54.30-da Afaq” “adam” uşaqlara, müəllimlərə şiddət, qorxu, şantaj tətbiq edib, sonuncu dəfə bu “adamın” üzünü iyun ayının 25-də görmüşəm”; saat-56.40-da-Afaq: “düz adamsan diplomunu niyə təqdim etmirsən?”; saat 1.30.55-də- Afaq: “ayın 15-dən dərs başlayıb, sadəcə yenə öz çirkli əməllərini davam etdirdiyinə,..,müəllimləri təhdid etdiyinə görə mən sizin hər birinizə icazə verirəm ki, əgər kiminsə dərsinə girəcəksə imtina edin, ixtiyarı yoxdur ki, dərsinizə girsin, hansısa sorğu sual etsin, sizi təhdid etsin, mən “adama” o səlahiyyətləri verməmişəm ki, hər hansı dərslə bağlı sizə göstəriş versin, zatən hal-hazırda öz əmək funksiyalarını yerinə yetirmir, rus bölməsi üçün də, azərbaycan bölməsi üçün də bu xəbərdarlıq keçərlidir”. Afaq Əliyeva həm xx.xx.2023-cü il tarixdə (diskdə saat 2.45.30-da), həm də xx.xx.2023-cü il tarixdə (saat 0.26.51-də və saat 0.56.40-da) keçirilən iclaslarda diplomunu ona təqdim etməyi tələb edir. Belə bir fikir formalaşdırmaq istəyir ki, onun ya diplomu yoxdur, ya da saxtadır. Hətta həddini aşaraq onu təhqir etməkdən belə çəkinmir, saat 0.56.40 rişxəndlə “düz adamsansa diplomunu niyə təqdim etmirsən? ifadəsini işlədir. Afaq Əliyeva bu sözü ilə bildirir ki, sən diplomunu təqdim etmədiyin üçün düz adam deyilsən. Azərbaycan dilinin izahlı lüğətində düz adam olmamaq-yalançı, vicdansız, qeyri-səmimi, namussuz, natəmiz kimi mənalarda işlənir. Göründüyü kimi Afaq Əliyeva bu ifadəsi ilə onun şərəf, ləyaqət və nüfuzunu nalayiq şəkildə təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 148-ci “Təhqir” maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Afaq Əliyeva kütləvi çıxışında onu müəllimlərə, uşaqlara şiddət, qorxu, təhdid və şantaj tətbiq etməkdə ittiham edir. Azərbaycan dilinin izahlı lüğətində ‘‘təhdid etmək”- kimisə qorxutmaq, qorxu və hədə altında saxlamaq, arzuolunmaz hərəkətlərlə xəbərdarlıq etmək; “şantaj”-ifşaedici məlumat və böhtan yayma hədəsi ilə kimdənsə pul və ya başqa şey tələb etmək, “şiddət”-qəddarlıq və ya pis rəftar, zorakılıq tətbiq etmək mənalarında işlənir. İşlədiyi müddətdə bir dəfə də olsun bu cür nüqativ hallara yol verməmişdir. Bir dəfə də olsun bu cür hallarla bağlı rəsmi dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına şikayət edən olmamışdır. Bundan əlavə məktəbdə hər yer koridorlar, sinif otaqları, zallar və s. yerlər müasir kamera sistemi ilə təchiz edilmişdir və nəzarət altındadır. Barəsində deyilən faktlarla bağlı bir dənə də olsun kamera qeydləri уoxdur. Afaq Əliyevanın kütləvi çıxışda söylədikləri isə tamamilə böhtandır. Afaq Əliyeva heç bir sübuta əsaslanmadan işlətdiyi bu ifadələrlə ona növbəti dəfə böhtan atmışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 147.1-ci “Böhtan” maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Afaq Əliyeva kütləvi çıxışında müəllimlərə onu “hələlik direktor müavini” adlandırmaqla təhqir və təhdid etmiş, adamın göstərişlərinə əməl etməyin, dərslərinizə buraxmayın şəklində verdiyi göstərişlə isə onun şərəf və ləyaqətini, nüfuzunu alçaldaraq, faktiki olaraq vəzifə funksiyalarının icrasından uzaqlaşdırmaq niyyətində olduğunu göstərmişdir. Bununla da Afaq Əliyeva Azərbaycan Respublikası CM-nin 148-ci “Təhqir” maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nizami Rayon Məhkəməsinin inzibati binasında onun verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində çıxış edərkən Afaq Əliyeva onu ağır cinayət (rüşvət alma) törətməkdəmüəllimləri təhdid edərək müəllimlərdən və şagirdlərdən pul yığmaqda ittiham elmişdir. 1(007)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə hökmünün 11-ci vərəqində göstərilmişdir: Afaq Əliyeva ifadəsində göstərmişdir ki, müəllimlərin çoxu Svetlana Hüseynovaya qarşı qərəzlidir, buna səbəb onların Svetlana Hüseynova tərəfindən təhdid olunmaları, həm müəllimlərdən, həm də şagirdlərdən pulların yığılması olmuşdur. Bununla da Afaq Əliyeva məhkəmə zalında kütləvi çıxış şəklində rəsmi dövlət qurumlarından barəsində əsaslı rəsmi sübutu olmadan söylədiyi ifadə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci “Ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göründüyü kimi Afaq Əliyeva məhkəmə iclasında onu rüşvət almaqda ittiham edərək böhtan atmışdır. Onun yalan və böhtan xarakterli ifadəsindən belə nəticəyə gəlinir ki, o, Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə (rüşvət atma) cinayət törətmişdir. Afaq Əliyeva məhkəmənin və məhkəmədə iştirak edən 10 nəfər şəxsin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur, onun 30 ilini Nizami rayonu, 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında müəyyən hörmətə və nüfuza malikdir. Bakı şəhər Təhsil İdarəsinin müdiri olmuş Mehriban Vəliyeva barədə Azərbaycan Respublikası CM-nin 308, 309, 313 və 314-cü maddələri ilə cinayət işinin başlanılması üçün xx.xx.2023-cü il tarixdə prokurorluğa müraciət ünvanladığına görə qərəzçiliklə qanunsuz və əsassız olaraq onu ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarmışdır, hələlik heç bir əmək fəaliyyəti ilə məşğul deyil, yalnız pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmələrdə özünü müdafiə edir. Məlumat üçün bildirir ki, Əmək Müfəttişliyinə etdiyi şikayət müsbət nəticələnmiş, M.Vəliyeva barəsində inzibati protokol tərtib olunmuş, İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə olunmıışdur. İşə bərpa və vurulmuş maddi ziyanla əlaqədar mülki iddiası ilə bağlı iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası CM-nin 147.1 maddəsində qeyd edilir ki, ’’Böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" deməkdir. CM-nin 3-cü maddəsinin tələblərinə uyğun olaraq X7 törətdiyi cinayət əməllərində CM-nin 147-ci və 148-ci maddələrinin cinayət tərkibinin bütün elementləri mövcuddur. Cinayətin obyekti- Hüseynova Svetlananın şərəf və ləyaqəti, nüfuzudur. Cinayətin obyektiv cəhəti- Hüseynova Svetlananın şərəf və ləyaqətinin, nüfuzunun ləkələnməsi, rüşvət tələb etməsi və alması böhtanı ilə ağır cinayətdə ittiham olunmasıdır. Cinayətin subyekti-bu cinayəti törədən fiziki şəxsin varlığıdır ki, bu şəxs Əliyeva Afaqdır, səsinin audioyazısı olan iki ədəd “CD” diski və çıxışı qeyd edilmiş məhkəmə hökmü təkzibedilməz sübutlardır, cinayətin subyektiv cəhəti-Əliyeva Afaqın məqsədinin Hüseynova Svetlanaya böhtan atmaqla ondan qisas və intiqam almaq istəyidir. Yəni cinayətin motivi qəsddir. Bu qəsdin başlıca səbəbi inventarizasiya komissiyasının sədri kimi aşkar etdiyi 2017-ci ildən məktəbdən oğurlanmış ilkin dəyəri 70693 manat məbləğində aktivlərin qanunsuz yolla Afaq Əliyeva tərəfindən saxta aktla balansdan silinməsi barəsində 24 iyun 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməyi olmuşdur. Məlumat üçün bildirir ki, onun şikayəti əsasında həmin idarədə 201 nömrəli məktəbin vəzifəli şəxsləri barəsində (o cümlədən Afaq Əliyeva barəsində) Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanılmış, istintaq həmin idarədə aparılmış, cinayət işinə xx.xx.2024-cü il tarixdə bəraətverici əsas olmadan CM-nin 73-1.2-ci və CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. Ali Məhkəmə Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında “14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir, məlumatın şərəf və ləyaqəti ləkələməsi, məlumatın doğru olması, məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Barəsində yayılan məlumatlar əxlaqi prinsiplər baxımından məktəb kollektivi arasında haqqında mənfi rəy yaratmışdır. Plenumun qərarında qeyd olunub ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Afaq Əliyeva isə böhtan və təhqir xarakterli məlumatlarını kütləvi çıxış formasında yaymışdır. Cinayət hadisəsinin sübutları: Afaq Əliyevanın səs yazıları qeyd olunmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 201 nömrəli məktəbdə keçirilmiş Pedaqoji Şura iclaslarına aid iki ədəd CD diski və Nizami Rayon Məhkəməsinin 1(007)-89/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü. Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən “şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Göründüyü kimi X4 çıxışda həm onun şərəf və ləyaqətini, nüfuzunu ləkələyən, alçaldan məlumatlar yaymış, həm də onu ağır cinayətlər törətməkdə ittiham edən böhtanı kütlə içərisində yaymışdır. Bununla da Afaq Əliyeva Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cəzalandırılmalıdır. Xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə baxışına təyin edilməsini və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 , 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 6(altı) ay müddətində, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 3(üç) il müddətində, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6(altı) ay müddətində, cinayətlərin məcmusu üzrə qəti cəza olaraq Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 4(dörd) il müddətində azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X3 şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X2 nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X8 izahatında bildirmişdir ki, iclasların səs yazıları var, həmin səs yazılarından görünür ki, Svetlana Hüseynova nə təhqir, nə təhdid olunub. Onun barəsində heç bir böhtan səslənməyib, əksinə Svetlana Hüseynova tərəfindən müəllimlər, məktəbin işçi heyəti, rəhbərliyi təzyiqə, təhdidə, həmçinin yeri gəldikcə təhqirə məruz qalıblar. Şər-böhtan ilə bağlı yanvar ayında Ali Məhkəmənin qərarı da vardır ki, onlar ona böhtan atmışlar. May ayından etibarən onun və məktəbin barəsində yalan məlumatlar paylaşırlar. Əvvəlki məktəb direktorlarının dövründə də Svetlana Hüseynovanın rəhbərliyə qarşı məhkəmə işləri vardır. Yazdığı təqdimatların məzmunu da əvvəlki rəhbərlərin təqdimatları ilə üst-üstə düşür. Süsən Salmanova da o vaxt yazıbmış ki, Svetlana Hüseynova məktəbdə müəllimlər arasında çox ciddi çaxnaşma yaradır, bu isə məktəbdə dözülməz vəziyyət yaradır. Hazırda xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X7 müdafiəçisi Nümayəndə2 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır. Xüsusi ittiham qaydasında verilmiş şikayət konkret olmalıdır. Bütün bu qeyd edilənlər şər və böhtan xarakteri daşıyır. Konkret olaraq təhqir və böhtanın nədən ibarət olması məlum deyil. İttihamı sübut edən əsas yoxdur. 147 və 148-ci maddələri əhatə edən heç bir hərəkət yoxdur. Xüsusi ittiham qaydasında şikayətin cəza hissəsi də səhv qeyd olunub və qanunun tələblərinə ziddir. Svetlana Hüseynova barəsində bütün direktorlar şikayət etmişlər. Qeyd olunanları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət əsassız olduğundan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 əməlində Azərbaycan Respublikası CM-nin 147.1,147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Azərbaycan Respublikası CM-nin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası CM-nin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar