Məhkəmə qərarları › İş №1(007)-398/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-398/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-398/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, 04 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyul 2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə təmir etmək məqsədi ilə müvəqqəti yaşadıqları Şahid2 məxsus ünvan 1 ünvanında yataq otağında olan çarpayının üzərindəki yastığın içərisindən Zərərçəkmiş şəxs məxsus 1170 manat pulu və digər otaqda olan hər birinin dəyəri 1 manat olan 04 ədəd metal halqanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1174 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Beyləqan rayonunun Kəbirli kəndində qonşuluqda yaşayırlar və uzaqdan qohumluqları çatır. Rəfail uzun müddətdir ki, Bakıda usta kimi fəaliyyət göstərir və tez-tez rayona gəlir. O, kənddə özünə heç bir iş tapa bilmədiyi üçün Bakıya fəhlə kimi işləməyə gəlmişdir. Rəfail bir neçə dəfə onu Bakıda yaşadığı ünvana dəvət etmişdir. O, Rəfailin yaşadığı ünvana gəlmiş və Rəfaelə iş axtardığını söyləmişdir. Rəfail isə iş tapana kimi birlikdə qalmalarını təklif etmişdir. O, çox sevinmiş və düşünmüşdür ki, tez bir zamanda özünə iş tapacaqdır. Rəfailin yaşadığı ünvanda təmir işlərinə köməklik etmiş və hər səhər onunla birlikdə evdən çıxıb özünə iş axtarmışdır. Rəfail mənzilin açarını ona vermiş, ona görə nahar vaxtlarında evə qayıtmışdır. 25 iyul 2022-ci il tarixdə saat təxminən 15 radələrində Rəfailin yaşadığı ünvan 1 ünvanına evə qayıtmış, özünə yemək hazırlamış və yemək yeyən zaman yarım litrlik araq içmişdir. Sonra evi təmizləməyə başlamışdır. Bu zaman Rəfailin yatdığı otağa daxil olmuş və onun yatdığı çarpayını yığışdıran zaman orada olan balıncın içərisindən 1170 manat pul yerə düşmüşdür. O, həmin pulu tez götürüb cibinə qoymuşdur. Bundan sonra evdə yeni paçkada olan 04 ədəd su kranına bağlanan iki tərəfi rezba olan balaca boruları da götürmüş və qapını bağlayaraq evdən çıxmışdır. “Santexnik” malları satılan mağazalar tərəfə getmiş və həmin 04 ədəd metal halqanı yolun kənarında dayanmış tanımadığı bir nəfər kişiyə hər birini 1 manat məbləğinə, ümumilikdə 04 manat pula satmışdır. Bundan sonra metro ilə “20 Yanvar” adlanan əraziyə getmiş, orada yolun kənarında olan restorana daxil olmuş, Rəfailin evindən gizli olaraq götürdüyü pulla yeyib-içmişdir. Səhər saat 05 radələrində restorandan çıxaraq yenidən “20 Yanvar” metrosu tərəfə getmiş, bir az orada gəzdikdən sonra yol kənarında yerləşən kababxanaya daxil olmuş, orada yenidən yeyib-içmişdir. Axşam təxminən saat 16 radələrində restorandan çıxmış və avtovağzala gedərək Beyləqan rayonunda yaşadığı ünvana geri qayıtmışdır. Səhər yuxudan ayılan kimi Rəfailə zəng vuraraq onun pulunu və 04 ədəd metal halqanı oğurladığını bildirmiş, onun pulunu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini göstərərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Beyləqan rayonunun Kəbirli kəndindən Bakı şəhərinə usta kimi işləmək üçün gəlmiş, mənzillərin və evlərin təmir işləri ilə məşğul olmuşdur. Beyləqan rayonunun Kəbirli kəndində qonşuluğunda yaşayan və uzaq qohumu olan Təqsirləndirilən şəxs Bakı şəhərinə fəhlə kimi işləməyə gəlmişdir. O, Böyükkişiyə təklif etmişdir ki, özünə iş tapana qədər onunla birlikdə qala bilər, buna görə Böyükkişi onunla bir evdə yaşamağa başlamış, səhərlər bir yerdə evdən çıxmışlar, o, öz işinə getmiş, Böyükkişi isə özünə iş axtarmağa getmişdir. O, təmir işi apardığı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 nömrəli evin 50 nömrəli mənzilinin açarını Böyükkişiyə vermişdir ki, naharda evə gəlib çörək yesin, tapşırmışdır ki, əgər gec gəlsə, açarı binanın girişində olan daşın altına qoysun. Böyükkişi onunla təxminən bir neçə gün qalmış, yaşadığı mənzildə ona təmir işlərinə köməklik etmişdir. 25 iyul 2022-ci il tarixdə səhər saatlarında həmişəki kimi evdən birlikdə çıxmışlar, o, işə getmiş, Böyükkişi isə iş axtarmağa getmişdir. Həmin gün o, işdən çıxıb yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 nömrəli evin 50 nömrəli mənzilinə gəlmiş, mənzilin açarını daşın altından götürmüş, sonra mənzilə daxil olub Böyükkişinin mobil telefonuna zəng etmiş, Böyükkişinin telefonunun sönülü vəziyyətdə olduğunu bilmişdir. Bir müddət sonra mənzilin yataq otağında olan balıncın içərisindən özünə məxsus 1170 manat pulun və təmir üçün aldığı 1 manata olan 04 ədəd metal halqanın oğurlandığını aşkar etmişdir. Həmin mənzilə Böyükkişidən başqa kənar şəxs gəlməmiş və orada qalmamışdır. O, Böyükkişiyə dəfələrlə zəng etsə də, mobil telefonu sönülü olmuşdur. Bir neçə gün sonra öyrənmişdir ki, Böyükkişi yaşadığı kəndə qayıtmışdır. Daha sonra telefonla danışa bilmişlər, Böyükkişi ona demişdir ki, balıncının içərisindən ona məxsus olan 1170 manat pulu və 04 ədəd metal halqanı oğurlamışdır, onları geri qaytaracaqdır. Hazırda ona dəymiş həmin maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasına elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 iyul 2022-ci il tarixdə işdə növbədə olduğu zaman Zərərçəkmiş şəxs 24-cü PŞ-nə gəlib ərizə ilə müraciət edərək tanışı və uzaq qohumu olan Böyükkişi adlı şəxsin xx.xx.2022-ci il tarixdə saat 15 radələrində onun müvəqqəti yaşadığı ünvan 1 ünvanından ona məxsus 1170 manat pulu və 04 ədəd metal halqanı oğurlamasını bildirmişdir. Şöbə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən 1170 manat pulunu və 4 ədəd santexnik əşyalarını oğurlayan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində müvəqqəti yaşadığı ünvandan ona məxsus 1170 manat pulu və 04 ədəd metal halqanı oğurlayanın Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılaraq 24-cü PŞ-nə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs usta işlədiyi və müvəqqəti yaşadığı ünvan 1 ünvanına gələrək evdə heç kimin olmamasından istifadə edib özündə olan mənzilin açarı ilə mənzilin qapısını açaraq evə daxil olaraq yataq otağında olan çarpayının üzərindəki balıncın içərisindən 1170 manat pulunu və digər otaqda olan 04 ədəd metal halqanı birləşən boruları oğurlamış, 1170 manat pulu öz ehtiyaclarına xərcləmiş, 04 ədəd metal halqanı tanımadığı şəxsə satmışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və toplanmış material Təqsirləndirilən şəxs ilə bir yerdə Nizami rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasına elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Həmin mənzili o, təxminən may ayından etibarən təmir etdirmək məqsədi ilə usta Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs onun evini təmir etməklə yanaşı həmin ünvanda yaşamış və təmir işləri görmüşdür. O isə evində təmir işləri getməsi səbəbindən oğlunun yaşadığı mənzildə qalmışdır. Evində usta işləyən və yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs, Rəfaillə birlikdə onun evində müvəqqəti qalmış və Rəfailin pulunu həmin mənzildən gizlin olaraq oğurlamışdır. Hadisəni onun özü görməsə də, Zərərçəkmiş şəxs ona ev sahibi kimi şifahi məlumat vermişdir. Oğurluq nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-10) - 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (i.v. 23-25) - 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs usta işlədiyi və müvəqqəti yaşadığı Şahid2 məxsus ünvan 1 ünvanından oğurluq edən zaman evin sahibəsi Şahid2 heç bir maddi ziyan dəymədiyindən, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vasitəsi ilə ona məxsus evə gedib-gəlməsinə görə heç bir şikayət və tələbi olmadığından Zərərçəkmiş şəxs barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 93-98) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 37) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 82) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar