Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-40/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1973-cü il tarixdə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, üç uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu ödənilməmiş, Masallı rayonunun Köhnə Alvadı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 25, mənzil 61-də yaşayan, 09 avqust 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 11 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 12 avqust 2023-cü il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Çin Xalq Respublikasından divar kağızlarının alınıb ölkəyə gətirilməsi məqsədi ilə, həmin malların dəyərinin qanuni yolla ödənilməsi üçün pul köçürmə etməsinə köməklik edəcəyinə yalandan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan sonuncudan 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında həmin dövrün məzənnəsi ilə 36550 manat, 21500 ABŞ dolları pulunu alıb ələ keçirərək həmin pul vəsaitlərini şəxsi borclarına sərf edib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Cümhuriyyətindən avtomobil aksessuarlarının alınıb ölkəyə gətirilməsi məqsədi ilə, həmin malların dəyərinin qanuni yolla ödənilməsi üçün pul köçürmə etməsinə köməklik edəcəyinə yalandan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan sonuncudan 27 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən filialının yaxınlığında 10200 manat pulunu alıb ələ keçirərək həmin pul vəsaitlərini şəxsi borclarına sərf edib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 “Sədərək” ticarət mərkəzində divar kağızları satışı mağazası olmuş və Rüfətlə də işlə bağlı tanış olmuşdur. Özü də alverlə məşğul olduğu üçün xarici ölkələrdə tanışları vardır və “Binə” ticarət mərkəzində icarə əsasında işlətdiyi bir ayaqqabı mağazası, bir parça mağazası olmuş, mütəmadi olaraq xarici ölkələrdə tanışları ilə əlaqə saxlamış, həmçinin həmin tanışları ona pul köçürmələri etməkdə də köməklik etmişlər. O, tanışları üçün pul köçürmələri edən zaman həmin məbləğin 1-1,5 faizini komissiya olaraq götürmüş, köçürülən məbləği isə xaricdə olan tanışları onun dediyi hesaba göndərmişlər. Alverlə məşğul olduğu üçün həmin şəxslərdə müəyyən miqdarda pulu olmuş, köçürmə üçün aldığı pulu burada götürmüş, qalan məbləği isə tanışları dediyi hesablara köçürmüşlər. Rüfətlə də münasibəti yaxşı olduğu üçün onun xahişi ilə əvvəllər bir neçə dəfə dediyi hesablara pul köçürməsi etməkdə Rüfətə köməklik etmişdir. Rüfətlə münasibətləri yaxşı olduğu üçün bir-birilərinə etibar etmişlər. 2019-cu ilin iyun ayının ortalarında Rüfət ona divar kağızları almaq üçün Çinə pul köçürmək lazım olduğunu bildirmiş, Rüfət ona etibar etdiyi üçün həmin pul köçürməsini öz tanışları vasitəsi ilə edə biləcəyini demişdir. Bundan sonra Rüfətlə belə razılaşmışlar ki, Rüfət lazım olan pulu ona versin, o da öz növbəsində özünə məxsus hesabda olan puldan köçürmə edib Rüfətin dediyi hesaba pulun göndərilməsini təmin etsin. Həmin vaxt o, uğursuz biznes fəaliyyətində böyük məbləğdə, təxminən 80000 manat dəyərində maddi ziyan etmiş və borcları yaranmışdır. Rüfətlə danışıb həmin gün Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında görüşüb ondan 21500 ABŞ dolları pul almış və həmişə olduğu kimi aldığı pulun təxminən 3-4 gün ərzində Rüfətin dediyi hesaba köçürülməsini təmin edəcəyini vəd vermişdir. 21500 ABŞ dolları pulu isə Bakı şəhərində şəxsi xərclərinə istifadə etmişdir. Rüfətin onun barəsində polisə şikayət etməsindən əvvəl ona vaxt verməsi, eləcə də Rüfəti aldığı pulu qaytaracağına inandırmaq üçün Rüfətə 3000 ABŞ dolları qaytarmışdır. Rüfət onun barəsində polisə şikayət elədikdən sonra Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı da Rüfətə vurduğu maddi ziyandan 4000 ABŞ dolları pulu qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 da bir neçə ildir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən maşın bazarının yaxınlığındakı avtomobil aksessuarlarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Pərvizlə onun işlətdiyi mağazada müştərisi kimi tanış olmuş, yaxşı münasibətləri olduğu üçün xarici ölkələrdə olan tanışları vasitəsi ilə pul köçürmələrini edə biləcəyini Pərvizə bildirmişdir. Xeyli vaxt münasibət saxladıqları üçün Pərviz ona etibar etmişdir. Bir dəfə Pərviz üçün Türkiyədən avtomobil aksessuarları alıb Bakı şəhərində satışını təşkil etmək üçün köçürmə etmişdir. 27 iyul 2022-ci il tarixdə Pərviz onunla əlaqə saxlayıb avtomobil aksessuarları almaq üçün Türkiyəyə pul köçürmək lazım olduğunu bildirmişdir. Aralarında etibarlı münasibətləri olduğu üçün Pərvizə köməklik edəcəyinə vəd vermiş, həmçinin Pərvizdən aldığı pulun müqabilində öz şəxsi borclarını da ödəmiş olacağını düşünmüşdür. Bu məqsədlə Pərvizlə "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən filialının yaxınlığında görüşmüş, həmin vaxt Pərviz Türkiyəyə köçürmə etmək üçün 10200 manat pulu sayıb ona vermişdir. O, həmin pulu götürüb köçürmənin 2-3 gün ərzində baş tutacağına söz vermiş, lakin həmin vaxt borcları olduğundan, Pərvizdən aldığı 10200 manat pulu borclarına çıxmışdır. 2-3 gün ərzində köçürməni edə bilməməsi bilindiyi üçün Pərvizlə əlaqə saxlayıb narahat olmamağını, ən qısa zamanda köçürmənin baş tutacağını bildirmişdir. Lakin həmin pulu borclarına verdiyi üçün Pərvizə söz verdiyi köçürməni edə bilməmiş, müxtəlif bəhanələrlə Pərvizdən vaxt istəyib pulunu qaytaracağına söz versə də, aldığı pulu qaytara bilməmişdir. 2022-ci ilin iyun ayında şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, Moskva şəhərində olduğu müddətdə də Pərvizlə əlaqə saxlamış, 2022-ci ilin dekabr ayında Bakı şəhərinə qayıtdıqdan sonra Pərvizlə görüşmüşdür. Yənə də Pərvizə pulu qaytaracağına inandırsa da, sonradan 10200 manat pulu ona qaytara bilməmişdir. Lakin barəsində ibtidai istintaqın aparıldığı dövrdə hər iki zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəmiş, onlarla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, həmin əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən etibarən tanışları vasitəsi ilə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanda tanımışdır. Özü Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki divar kağızları mağazasında işləmişdir. Rizvanın “Binə” ticarət mərkəzində pul köçürmələrini həyata keçirmək üçün ofislərinin olduğunu eşitmiş, tanışlıqları belə yaranmışdır. Divar kağızlarının ölkəyə idxalını təşkil etmək üçün Çinə pul köçürmələrini Rizvanın vasitəsi ilə həyata keçirmiş, ona görə etibarını qazanmışdır. Hər dəfə müxtəlif məbləğlərdə pulu Rizvana nağd vermiş, Rizvan da öz növbəsində onun tapşırdığı şəxslərə həmin pulları öz tanışları vasitəsi ilə rəsmi olaraq göndərmişdir. Fərdi sahibkarlıqla məşğul olduğu üçün işlərini vaxtlı-vaxtında başa çatdırmaq üçün Rizvanın köməyindən istifadə etmişdir. Hər dəfə olduğu kimi Çindən divar kağızları gətirmək üçün 2019-cu ilin iyun ayının ortalarında Rizvanla ona məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlayıb görüşməyi təklif etmiş, yenə də müəyyən miqdarda pul verəcəyini demiş, öz tanışları vasitəsi ilə həmin pulu Çinə köçürə bilib-bilməyəcəyi ilə maraqlanmışdır. Həmin gün Rizvanla Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında görüşmüşlər, görüş zamanı Rizvana 21500 ABŞ dolları verib Çindən divar kağızları almaq üçün tanışları vasitəsi ilə pul köçürməsini xahiş etmişdir. Rizvan da heç bir problem olmadığını, ən geci 3 gün ərzində pul köçürməsini edəcəyini demiş, o, etiraz etməyib razılaşmışdır. Rizvanın dediyi kimi 3 gün keçdikdən sonra tanışları vasitəsi ilə maraqlanıb Rizvana verdiyi 21500 ABŞ dollarını köçürmədiyini bilmiş, bundan sonra Rizvanla mobil telefon nömrəsi ilə əlaqə saxlayıb həmin pulun hesaba köçürülmədiyini demiş, bunun səbəbini soruşmuşdur. İlk vaxtlarda Rizvan pulun tez bir zamanda hesaba köçəcəyini demiş, lakin o, mütəmadi olaraq Çində olan tanışlarından Rizvana verdiyi pulun köçürülüb-köçürülməməsi ilə maraqlanmış və pulun köçürülmədiyini bilmişdir. Bundan başqa Rizvanla danışıb pulu köçürməsini tələb etmiş, lakin yenə də Rizvan hər gün müxtəlif bəhanələr gətirirək pulu qaytarmaqdan imtina etmişdir. Təxminən bir ay keçdikdən sonra Rizvandan öyrənmişdir ki, həmin vaxt Rizvanın başqa şəxslərə müəyyən qədər borcları yaranmış, Rizvan da onu uzun zamandır tanımağından və səmimi münasibətindən sui-istifadə edərək Çindən divar kağızları gətirmək üçün verdiyi pulu oradakı hesaba köçürməyərək öz borclarını bağlamaq üçün istifadə etmişdir. Rizvan özü bunu ona təxminən bir ay sonra etiraf etmiş və bu səbəbdən də verdiyi 21500 ABŞ dollarından hər hansı miqdarda köçürmə etmədiyini bildirmişdir. Belə olduğu halda o, Rizvandan verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin Rizvan hər həftənin axırı pulu qaytaracağını desə də, aldığı pulu qaytarmamışdır. Çox tələb etdikdən sonra Rizvan ona 3000 ABŞ dolları qaytarmış, müxtəlif bəhanələrlə qalan pulu qaytarmaqdan imtina etmiş, hər dəfə yalandan özünə məxsus avtomobilini, evini satıb pulunu ödəyəcəyini deyib vaxt istəmişdir. Rizvanın onu müxtəlif bəhanələrlə aldatdığını görüb 04 mart 2022-ci il tarixdə Rizvanın barəsində polisə şikayət etmişdir. Araşdırma zamanı Rizvan pulu tam ödəyəcəyi barədə iltizam versə də, yənə də pulun qalan hissəsini ödəməmişdir. Bir müddət sonra polisə müraciət etdiyi üçün Rizvan qaytarmalı olduğu puldan ona 4000 ABŞ dolları da qaytarmış, lakin sonradan yenə müxtəlif bəhanələrlə qalan pulu qaytarmaqdan imtina etmişdir. Rizvanın həbs olunmasından sonra ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, həmin şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, əvvəllər ona məxsus mağazadan bir neçə dəfə avtomobil aksessuarları aldığı üçün Təqsirləndirilən şəxs ilə münasibəti yaranmışdır. 2022-ci ilin iyul ayında o, Türkiyədən avtomobil aksessuarlarını daha münasib qiymətə gətirib mağazada satışını təşkil edərək daha yaxşı qazanc əldə edə biləcəyini düşünmüşdür. Həmin vaxt da işlədiyi bazardan Rizvanın öz tanışları vasitəsi ilə Türkiyəyə pul köçürməyinə köməklik edib sərfəli qiymətlərlə avtomobil aksessuarlarını Bakıya gətirə biləcəyini eşitmişdir. Həmin ərəfələrdə Rizvanla Bakı şəhəri Babək prospektində yerləşən özünə məxsus mağazada bu barədə danışmış, Türkiyədə tanışı olduğunu bildirərək həmin şəxsə pul köçürməyinə köməklik etməyini ondan xahiş etmişdir. Rizvan da narahat olmamağını bildirib pulun köçürülməsinə köməklik edəcəyinə vəd vermişdir. Bazarda işləyən şəxslərdən Rizvanın köçürməni edəcəyi puldan 1-1,5 faiz qazanc olaraq götürdüyünü də eşitmişdir. Bundan sonra pulu göndərmək üçün tanışı Əhməd adlı şəxsin adını və mobil nömrəsini Rizvana vermiş, həmin şəxsin pul köçürmə işindən məlumatlı olduğunu demişdir. Rizvan vasitəsi ilə əvvəllər də bir dəfə Türkiyəyə avtomobil aksessuarları almaq məqsədi ilə pul köçürməsi etdiyi üçün Rizvan onun etibarını qazanmışdır. Həmçinin bazarda işləyən bir neçə nəfərdən də Rizvanın pul köçürməsi işinə köməklik etdiyini eşitdiyi üçün Rizvanın bu işi görəcəyinə inanmışdır. 2021-ci ilin dekabrında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün öz adına kredit müqaviləsi ilə “Yelobank”dan 20000 manat kredit götürmüş, həmin götürdüyü pulun bir hissəsini işlətdiyi mağazada avtomobil aksessuarlarının alqı-satqı işində istifadə etmişdir. Rizvanla danışıb kredit götürdükdən sonra qalan pulun onun vasitəsi ilə Türkiyəyə tanışı Əhməd adlı şəxsə köçürüb oradan daha sərfəli qiymətə avtomobil aksessuarlarını alıb işlətdiyi mağazada satışını təşkil edərək qazanc əldə etməyə qərar vermiş, bu məqsədlə Rizvanla ona məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlayıb 27 iyul 2022-ci il tarixdə görüşməyi təklif etmişdir. Rizvan da razılaşmış və onlar "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən filialının yaxınlığında görüşmüşlər. Görüş zamanı o, avtomobil aksessuarları almaq məqsədi ilə manat pulu Əhmədə köçürməsi üçün 10200 manat pulu Rizvana vermişdir. Əhməd öz növbəsində onun sifariş verdiyi avtomobil aksessualarını alıb Türkiyədən ona göndərməli olmuşdur. Rizvan onunn verdiyi pulu sayıb götürmüş, bundan sonra pulun həmin gün, ən gec halda növbəti gün Əhmədə çatacağını demişdir. O da Rizvana etibar etdiyi üçün inanmışdır. Növbəti gün Əhmədlə əlaqə saxlayıb sifariş verdiyi aksessuarları alıb-almadığını soruşmuş, Əhməd isə Rizvan tərəfindən hər hansı miqdarda pul köçürmə olunmadığını demişdir. Bundan sonra Rizvanla əlaqə saxlamış, Rizvan müxtəlif bəhanələrlə pulun köçürülməsi işini yubatmağa başlamış, hər dəfə müxtəlif bəhanələr deməklə pulu köçürəcəyini vəd vermişdir. O, Rizvana verdiyi pulu Əhmədə köçürməsini, əks halda pulu qaytarmasını demişdir. Lakin Rizvan yenə də onu aldadıb nə Əhmədə pul köçürmüş, nə də verdiyi pulu geri qaytarmışdır. Təxminən 2-3 gün sonra Rizvanla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb pulu verməsi üçün görüşməyi təklif etmiş, Rizvan isə həmin vaxt ölkədə olmadığını bildirmiş, onu inandırmaq üçün ən qısa zamanda verdiyi pulu Əhmədə köçürəcəyini vəd vermişdir. 2022-ci ilin oktyabr ayına qədər mütəmadi olaraq Rizvanla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb verdiyi pulu qaytarmasını tələb etsə də, yenə müxtəlif bəhanələrlə Rizvan onu aldadıb verdiyi 10200 manat pulu qaytarmamışdır. Buna görə o, polisə müraciət etmiş, bundan bir neçə gün sonra araşdırma zamanı polis Rizvanla əlaqə saxladığına görə Rizvan onunla əlaqə saxlayıb nəyə görə şikayət etdiyini soruşmuş, o da artıq 3 aydan çoxdur ki, ona verdiyi pulu qaytarmadığını, onu aldatdığını demişdir. Rizvan yenə pulunu qaytaracağına söz vermişdir. Rizvan təxminən 2022-ci ilin dekabr ayının sonları, 2023-cü ilin yanvar ayının əvvəllərində əlaqə saxlayıb görüşmələrini təklif etmiş, pulu verdiyi yerdə görüşmüşlər, görüş zamanı Rizvan bir qədər problemlərinin olduğunu, narahat olmamağını deyərək aldığı pulu tez bir zamanda qaytaracağına söz vermişdir. Buna baxmayaraq Rizvan nə ona pulu qaytarmış, nə də Əhmədə köçürmə etməmişdir. Yalnız şikayəti əsasında aparılan istintaq zamanı Rizvanın həbs olunmasından sonra ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, həmin şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 15 il əvvəl Bakı şəhərində yerləşən “Şərq bazarı” adlanan bazarda Zərərçəkmiş şəxs1 ilə tanışlığı yaranmış, həmin bazarda Rüfətə məxsus kafel-metlax mağazası olmuşdur. O da Rüfətin yanında satıcı kimi işləmişdir. Sonradan Rüfət divar kağızlarını xarici ölkələrdən gətirib həm Bakı şəhərində, həm də rayonlarda satışını təşkil etmişdir. Rüfət xarici ölkələrdən divar kağızlarının almaq üçün orada olan tanışlarına pul köçürmələri etmiş, həmin şəxslər də divar kağızlarını söz verdikləri kimi Bakı şəhərinə göndərmişlər. Həmçinin Rüfət vasitəsi ilə Təqsirləndirilən şəxs təxminən 2018-2019-cu illərdə xarici ölkələrə pul köçürmələrini təşkil edən şəxs kimi tanımışdır. Rüfətlə artıq uzun müddət işlədiyi üçün Rüfət işçisi kimi ona etibar edib xaricdən alınacaq malların pullarını Rizvana çatdırmağı bir neçə dəfə ona həvalə etmiş, o da verilən pulları Rizvana çatdırmışdır. Rüfət Rizvana etibar etdiyi üçün pul köçürmələrinin əksəriyyətini onun vasitəsi ilə həyata keçirtmişdir. 2019-cu ilin iyun ayının ortalarında əvvəllər də olduğu kimi divar kağızlarını Çindən alıb satışını təşkil etmək məqsədi ilə Rüfət pul köçürməsi etməsi üçün Rizvanla danışmış, Rizvan əvvəllər bir neçə dəfə pul köçürməsini edib etibar qazandığı üçün Rüfət artıq böyük məbləğlərdə pulların köçürülməsini tam arxayınlıqla Rizvana həvalə etmişdir. Rüfət alınacaq divar kağızları üçün sonuncu dəfə 21500 ABŞ dolları pul köçürülməli olmuş, 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində Rüfət Rizvanla görüşmüş və həmin məbləğdə pulu Rizvana vermişdir. Rizvan da köçürməni ən tez bir zamanda edəcəyini, ən geci 3 gün ərzində pulun Çindəki lazımi hesaba köçürüləcəyinə söz vermişdir. Bundan sonra Rizvanın dediyi 3 gün müddəti keçsə də, həmin pulu köçürməmişdir. Bundan sonra Rüfət Rizvanla dəfələrlə əlaqə saxlayıb pulun köçməməsinin səbəbini soruşduqda Rizvan müxtəlif bəhanələr gətirərək pulun tez bir zamanda köçəcəyinə vəd verib Rüfəti inandırmışdır. Çox tələb etdikdən sonra Rizvan Rüfətə bir dəfə 3000 ABŞ dolları, bir dəfə isə 4000 ABŞ dolları qaytarmış, qalan pulu isə qaytarmamışdır. Rizvanın onu müxtəlif bəhanələrlə aldatdığını görüb Rüfət onun barəsində polisə şikayət etdikdən sonra qalan pulu ödəmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən X2 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 45-46) - 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (i.v. 245-258) Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli tələbnamədən, hökmün surətindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 32.5,234.4.1, 32.5,234.4.2 və 32.5,234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 32.5,234.4.1, 32.5,234.4.2 və 32.5,234.4.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 20 iyun 2012-ci il tarixdə 11 saylı MTCM-də qeydiyyata götürülmüş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən 28 iyun 2013-cü il tarixdə cəzadan azad edilmişdir. (i.v. 95-96, 164-177) - 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 180) - 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay 05 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 228-233) - 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 236-242) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 məhkəməyə ayrılıqda ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbləri olmadığını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, o, "xxxx" ASC-nin ADM Baş Ofisində 17 yanvar 2024-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 46750 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 11687,5 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-40/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-40/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver