Məhkəmə qərarları › İş №1(007)-401/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-401/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-401/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Firuz oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1968-ci ildə Gürcüstan Respublikasının Xoni şəhərində anadan olan, Gürcüstan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, evli, işləməyən, Gürcüstan Respublikası, Kutaisi şəhəri, Sulxan-Saba Orbeliani küçəsi, ev 72-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyun 2022ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən mənzilin qapısının kilidini açarseçmə üsulu ilə açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı şkafdan həmin ünvanda kirayədə yaşayan Zərərçəkmiş şəxs1 məxsus 6000 (altı min) manat məbləğində pul vəsaitini, bir ədəd 1300 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı 7 qramlıq nişan üzüyünü və bir ədəd 3700 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 38 qramlıq boyunbağı-qolbaq-üzük-sırğa dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 11000 (on bir min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2022-ci il tarixdə saat 15 radələrində X2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin qapısının kilidini açarseçmə üsulu ilə açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, mənzilin yataq otağındakı şkafdan həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 750 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı 5 qramlıq nişan üzüyünü, 600 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 8 qramlıq bir ədəd üzük və iki ədəd sırğa cütü dəstini, 700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 9 qramlıq bir ədəd üzük və iki ədəd sırğa cütü dəstini, bir ədəd 180 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 2 qramlıq üzərində ərəb əlifbası ilə Allah sözü yazılmış kulonu, bir ədəd 400 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram kütləli sırğa cütünü, bir ədəd 680 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı 7 qramlıq nişan üzüyünü və 200 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 10 qramlıq bir ədəd üzük, iki ədəd sırğa dəstini və bir ədəd kulon dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3510 (üç min beş yüz on) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 23 iyun 1968-ci ildə Gürcüstan Respublikasının Xoni şəhərində anadan olmuşdur. Milliyətcə gürcüdür. 2012-ci ildə milliyətcə azərbaycanlı olan Rusiya Federasiyasının vətəndaşı Şahid1 ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuş və həmin vaxtdan birgə yaşayırlar. 12 iyun 2022-ci il tarixdə gecə saat 23:15-də arvadı Şahid1 ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bir müddət sonra pul əldə etmək məqsədilə Bakı şəhərində yerləşən mənzillərdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, 14 iyun 2022-ci il saat 14 radələrində Tbilisidən gələrkən özü ilə götürdüyü vintaçan və digər alətləri götürüb Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19 ünvanına getmiş, binanın həyətində bir neçə dəqiqə gəzişdikdən sonra, 35 nömrəli bloka daxil olaraq yeddinci mərtəbəyə qalxmışdır. Bir neçə dəqiqə gözlədikdən sonra 17 nömrəli mənzildən səs eşidilmədiyini görüb cəld özü ilə götürdüyü alətlərdən istifadə etməklə həmin mənzilin giriş qapısının kilidini açmış, yataq otağına daxil olmuş, şkafı axtaran zaman şkafın sağdan birinci qapısını açarkən yuxarıdan birinci gözdə 850 (səkkiz yüz əlli) manat məbləğində pul aşkar edib götürmüşdür. Həmin mənzildən 6000 (altı min) manat məbləğində pul və qızıl-zinət əşyaları oğurlamamışdır. Bundan başqa o, 21 iyun 2022-ci il tarixdə Tbilisidən gələrkən özü ilə götürdüyü vintaçan və digər alətləri özü ilə götürüb Bakı şəhəri, Nizami rayonuna getmişdir. Nizami rayonunda Qara Qarayev metrostansiyasının yaxınlığında, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39A ünvanında yerləşən doqquz mərtəbəli köhnə binanın həyətinə gəlmiş, 6-cı mərtəbəyə qalxaraq, həmin mərtəbədə yerləşən soldan birinci mənzildən ümumiyyətlə səs gəlmədiyini olduğunu görüb, mənzilin giriş qapısının kilidini açmağa başlamışdır. Təxminən 5-10 dəqiqə ərzində mənzilin qapısının kilidini açıb içəri daxil olarkən, yataq otağında olan şkafın kosmetik vasitələr yığılmış gözündə qızıl-zinət əşyaları onun diqqətini cəlb etmişdir. Şkafın kosmetik vasitələr yığılmış gözünü diqqətlə axtarıb oradan bir ədəd üzərində qaşları olan sarı rəngli qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd üzərində qaşları olan ağ rəngli qızıldan hazırlanmış kişi üzüyü, bir ədəd gümüşdən hazırlanmış qadın üzüyü, bir ədəd gümüşdən hazırlanmış sırğa cütü və bir ədəd gümüşdən hazırlanmış kulon aşkar edib götürmüşdür. Daha sonra isə başqa pul və ya qiymətli heç bir əşya tapmayıb mənzili tərk etmişdir. 22 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, dəymiş zərəri ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 çıxış edərək bildirmişdir ki, o, 2016-cı ildən etibarən ünvan 1-də kirayədə yaşayır. Bir müddət əvvəl ailə qurmaq üçün nişanlanmışdır. Yaşadığı mənzil, 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 14 iyun 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı mənzili tərk edib işə getmişdir. Həmin gün axşam saat 21:20 radələrində mənzilə qayıtmışdır. Həmin vaxt mənzilin qapısı kilidli vəziyyətdə olduğundan heç nədən şübhələnmədən özündə olan açarla qapının kilidin açıb içəri daxil olmuşdur. Bu zaman yataq otağının giriş qapısının açıq vəziyyətdə olduğunu və paltar şkafındakı bəzi paltarlarının döşəmənin üzərinə atıldığını görüb mənzildə olmadığı müddət ərzində kiminsə içəri daxil olduğunu anlamış, yataq otağında paltar şkafında saxladığı pulunun və qızıl-zinət əşyalarının yerində olubolmadığını yoxlamaq üçün cəld həmin otağa keçmişdir. Yataq otağına daxil olduqda paltar şkafının bütün qapılarının açıq vəziyyətdə olduğunu və şkafın sağ tərəfdə yuxarıdan birinci gözündə saxladığı 200 manatlıq əskinaslardan ibarət 6000 (altı min) manat məbləğində pulunun, öz vəsaiti hesabına aldığı bir ədəd 1300 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı 7 qram kütləli nişan üzüyünün, habelə 2022-ci ilin oktyabr ayında keçiriləcək toy mərasimimlə əlaqədar nişanlısı üçün öz vəsaiti hesabına aldığı bir ədəd 3700 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 38 qram kütləli boyunbağı- qolbaqüzük-sırğa cütü dəstinin yerində olmadığını görüb naməlum şəxsin həmin gün o, olmadığı müddət ərzində gizlincə yaşadığı mənzilə daxil olub pulunu və qızıl-zinət əşyalarını oğurladığını başa düşmüşdür. Baş vermiş hadisə nəticəsində 6000 (altı min) manat məbləğində pul və 5000 (beş min) manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 11.000 (on bir min) manat məbləğində maddi ziyan vurulduğunu, ziyanın ödənilmədiyini qeyd etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd olunan mənzil ailəsinə məxsusdur. Zərərçəkmiş şəxs2 onu həyat yoldaşıdır. 21 iyun 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində ailə üzvləri ilə birgə evdən çıxaraq, ilk əvvəl həyat yoldaşı olan Ruxsarəni işə aparmış, sonra isə saat təxminən 11 radələrində azyaşlı övladı ilə birgə evə qayıtmışdır. Evə daxil olaraq uşaq otağına yollanıb lazım olan paketi götürərək evdən təkrar çıxmışdır. Sonra isə anasıgilə getmişdir. Axşam saat təxminən 19 radələrində evə qayıtmışdır. Evə gələrək saat təxminən 20:30 radələrində işlədiyi iş ilə əlaqədar növbəyə yollanmışdır. Qeyd edir ki, axşam işdə olan zaman Ruxsarə ona zəng edərək yataq otağında olan qızılların yerində olmadığını və tapa bilmədiyini bildirmişdir. O, isə ümumiyyətlə həmin otağa səhər çıxandan daxil olmadığını və qızıllardan xəbərinin olmadığını bildirmişdir. Bu səbəbdəndə səhər işdən gələndə baş vermiş hadisə haqqında DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Hal hazırda yoldaşı Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənildiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2022-ci il tarixli 9/5721 saylı rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2022-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri 2065 manat müəyyən edilmişdir. Belə ki, 5,63 qram kütləli 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzüyün dəyəri 1167 manat, 7,01 qram kütləli 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzüyün dəyəri 798 manat, 19,94 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış 1 dəst sırğa cütü-üzük-kulon- dəyəri 100 manat qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli rəyinə əsasən təqdimata təqdim edilmiş silindrik mexanizm uyğun konstruksiyalı taxma qıfılın hissəsidir, ekspertizaya təqdim edilmiş hissəsində sazdır, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş silindrik mexanizmin açar yuvasının giriş səthində daxili mexanizminin detalları üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və sair izlər aşkar edilmədi, Mexanizmin kilidaçanla iz yaratmadan açılıb bağlanması mümkündür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını, dəymiş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Hazırkı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona əsas cəza kimi təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 190 manat (yüz doxsan) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar