Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-405/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 326.2ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 fevral 2025-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ” markalı, “2107” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidlə bağlı olmamasından istifadə edərək avtomobilin sağ ön qapısını açıb salonunda quraşdırılmış 350 manat dəyərində olan bir ədəd monitoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 fevral 2025-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 istifadəsində olan “VAZ” markalı, “2104” modelli, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısını özündə olan dırnaq qayçısı ilə açıb avtomobilin arxa oturacağının üzərinə qoyulmuş 200 manat dəyərində bir ədəd çanta ilə birlikdə içərisində olan təmir ləvazimatını və sellofanın içərisində olan 330 manat dəyərində soyuducu və paltaryuyan maşına aid ehtiyat hissələrini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 530 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 fevral 2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km. bazarının yaxınlığında kafedə yemək yeyib spirtli içki qəbul etmişdir. Əvvəl “Vaz 2107” markalı avtomobildən monitor oğurlamışdır. Bundan sonra digər “Vaz 2104” markalı avtomobildən içərisində təmir alətləri olan çanta və sellofan torba oğurlamışdır. Hər iki avtomobilin qapısı açıq olmuşdur. Zərərçəkmiş şəxslərə birincı epizod üzrə 170 manat, ikinci epizod üzrə 270 manat ziyan dəymişdir. Köhnə paltar və usta çantasının dəyəri 530 manat ola bilməz. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri özünün ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilib, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, “Lada Vaz 2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobil onun adınadır. 24 fevral 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarına alver etmək məqsədilə getmək üçün idarə etdiyi avtomobili ünvan 2 ünvanında yerləşən dayanacaqda saxlamışdır. Avtomobili saxladıqdan sonra bazara getmişdir. Avtomobilinin qapısını kilidləməyi unutduğundan qapı kilidli olmamışdır. Təxminən yarım saat bazarda alver etdikdən sonra avtomobilinə yaxınlaşıb avtomobilə əyləşdikdə avtomobilə quraşdırılmış dəyəri 350 manat olan monitorun yerində olmadığını aşkarlamışdır. O, DİNin 102 Xidməti Zəng Mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. 01 mart 2025-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində onun avtomobilindən oğurluq edən şəxsin saxlanıldığı və avtomobilindən oğurladığı monitoru polis əməkdaşlarına təqdim etdiyi barədə ona məlumat verilmişdir. O, 24-cü Polis Şöbəsində olan zaman avtomobilindən oğurlanmış monitor ona təhvil verilmişdir. O, avtomobilinə yeni monitor quraşdırdığından həmin monitoru maşın bazarında tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən iki-üç olar ki, fərdi qaydada soyuducu və paltaryuyan maşınlarının təmiri ilə məşğul olur. İşlə əlaqədar müxtəlif ünvanlara getdiyindən etibarnamə əsasında idarə etdiyi “Lada 2104” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilində təmir alətləri və ehtiyat hissələri olmuşdur. 24 fevral 2025-ci il tarixdə saat 12 radələrində 8-ci kilometr bazarından alver etmək üçün həmin bazarın yaxınlığında ünvan 3 ünvanında avtomobilini saxlamış və kilidlədikdən sonra bazara getmişdir. Təxminən yarım saat bazarda alver etdikdən sonra avtomobilinin yanına gəlmişdir. Avtomobilinin qapısının kilidli olmamasını aşkarlasa da qapını kilidləməyi unutduğunu zənn etmişdir. Daha sonra yaşadığı ünvana gəldikdən sonra avtomobilinə baxış keçirən zaman içərisində təmir üçün istifadə etdiyi alətlər və açar dəstləri olan çanta ilə birlikdə dəyəri 200 manat olan ləvazimat çantasının və içərisində ümumilikdə dəyərləri 330 manat olan müxtəlif soyuduculara və paltaryuyan maşınlarına aid ehtiyat hissələrini yığdığı sellofan torbanın yerində olmadığını aşkarlamışdır. Daha sonra fikirləşən zaman avtomobilini ünvan 3 ünvanında saxladığı yadına düşmüş və xx.xx.2025-ci il tarixdə DİN-in 102-Xidməti Zəng Mərkəzinə zəng edərək oğurluq barədə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2025-ci il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yaşayış binalarının yaxınlığında bir ədəd “Vaz 2104” markalı avtomobilin dayanması və bir nəfər qara geyimli əlində sellofan torba olan şəxsin həmin avtomobilin sağ ön hissəsinə yaxınlaşdığı və orada dayandığı və videonun 01:47-ci dəqiqəsində avtomobilin sağ ön qapısını açdığı və avtomobilin sağ ön oturacağına əyləşdiyi, videonun 01:56-cı dəqiqəsində avtomobilin sağ ön qapısını açaraq avtomobildən düşdüyü və avtomobilin sağ arxa qapısını açdığı, videonun 02:41-ci dəqiqəsində əlində olan yüklərlə birlikdə avtomobildən uzaqlaşdığı, kameraya yaxınlaşdıqda sağ əlində sellofan və çanta tutması, sol əlində isə sellofanın olması görünür. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin o olduğunu, əlində olan dırnaq qayçısı ilə avtomobilin qapısını açdığını və avtomobildən oğurluq əməli törətməsini bildirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd monitor cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildən edilmiş oğurluğun görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçdiyindən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini, şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd monitorun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 24 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 (iki yüz altmış dörd) manat (24x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2(iki) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd monitorun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 (iki yüz altmış dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-405/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-405/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver