Məhkəmə qərarları › İş №1(007)-406/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-406/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-406/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 89, mənzil 27-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 37, mənzil 34-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 09 may 2023-cü il tarixdə saat 06 radələrində ünvan 1 ünvanında yerləşən “Nice” adlı otelin 605 nömrəli otağında münasibətdə olduğu Zərərçəkmiş şəxs Quba rayonu, Qəçrəş qəsəbəsinə digər oğlanla getməsinə şübhələnməsi səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözətrafı nahiyənin hematoması xəsarəti yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyib üzrxahlıq edərək səmimi peşmançılığını bildirdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, bu halların nəzərə alınaraq, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin dəftərxanası vasitəsi ilə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki işin icraatına xitam verilməsini, eyni zamanda yolu uzaq olduğuna görə gələ bilmədiyindən məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 12 may 2023-cü il tarixli 431 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarət - sağ gözətrafı nahiyənin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində alınması inkar olunur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı Əfv Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 15 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyərək onunla barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs əvvəllər, yəni 18 fevral 2007-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsə də və 07 sentyabr 2015-ci il tarixdə məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum olunsa da, o, 2017-ci il 20 oktyabr tarixli Qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərsən sonra CM-nin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir, ona görə onun hazırda həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar