Məhkəmə qərarları › İş №1(007)-406/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-406/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-406/2025 20.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, onun nümayəndəsi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2, “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi1 və “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də növbə rəisi işləyən, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 29/1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 21 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 22 yanvar 2025-ci il tarixdə, saat 07:40 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi, X1 adına olan “Tofaş Doğan” markalı, **- MP-*** dovlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi ilə metronun “Neftçilər” stansiyasından üzü Bəkir Çobanzadə küçəsi istiqamətində saatda 40-50 km sürətlə üç zolaqlı yolun sol kənar zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəzliyinin təmin olunacağına əmin olaraq hərəkəti davam etdirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozub ünvan 1 ünvanının qarşısında, yolu piyada keçidi ilə sağdan-sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa agır zərər vurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı sümüklərinin kəllə əsasına qədər davam edən sınığı, üst dodağın əzilmiş yarası, sol budun qançırı, sol diz oynağının əzilmiş yarası, sağ diz oynağının, sol baldırın, sağ pəncənin, sifətin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş və həmin xəsarətlərdən kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması nəticəsində baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin ilkin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə təxminən saat 07:30 radələrində “Tofaş Doğan” markalı, **-MP-*** dovlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətindən üzü Bəkir Çobanzadə küçəsi istiqamətində yolun sol kənar zolağı ilə saatda 40-50 km sürətlə hərəkətdə olarkən Rüstəm Rüstəmov küçəsi 25/63 ünvanının qarşısında yolu sağdan-sola keçmək istəyən piyadanı təxminən 1 metr məsafə qalmış görmüşdür. Məsafə az olduğundan piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Bu zaman piyada irəlidə asfaltın üzərinə düşmüşdür. O, avtomobildən düşüb asfaltın üzərində uzanmış piyada qadına yaxınlaşmışdır. Piyadanın xəsarət aldığını görüb “103” təcili tibbi yardım xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə ərzində ətrafa xeyli sayda tanımadığı şəxslər toplanmışdır. Bir neçə dəqiqə keçmiş polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, hadisə yerinə gələn polis əməkdaşlarına özünü təqdim edərək yol-nəqliyyat hadisəsini törətmiş sürücü olduğunu bildirmişdir. Bundan sonra isə təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş və xəsarət almış piyadanı xəstəxanaya aparmışlar. Bir qədər sonra piyadanın yolda vəfat etdiyini eşitmişdir. Hadisənin şahidi həmin vaxt ətrafda olan tanımadığı şəxslər olmuşdur. O, yolu keçmək istəyən piyadanı təxminən 1 metr məsafədə görmüşdür. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisədən sonra sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı idarə etdiyim “Tofaş Doğan” markalı, **-MP-*** dövlət-qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuşdur. Piyadanı vurduqdan sonra avtomobilin qabaq sağ tərəf farası, buferi, sağ yan güzgüsü və alın şüşəsi sınmışdır. O, avtomobili təxminən saatda 40-50 km sürətlə hərəkət etdirmişdir. Hadisə baş verən zaman avtomobilində heç bir sərnişin olmamışdır. Piyada xəttini keçəndən sonra piyadanı görməyi ilə, saxlamağı və vurmağı bir olmuşdur. Hadisənin qarşısını ala bilməmişdir. Hadisədən dərhal sonra təcili tibbi yardım çağırmışdır. Hadisə yerində zərərçəkən şəxs ölməmişdir. O, piyada keçidlərinin harada olduğunu bilir, piyada keçidini 5 metrdən çox keçdikdən sonra hadisə olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsin ailəsinin yanına dəfələrlə barışığa getmiş, lakin qarşı tərəf barışığa yaxın durmamışdır. Hadisədə zərərçəkmiş şəxsin də günahı ola bilər. Hadisəni törətdiyinə görə peşmandır. Həyat yoldaşı vəfat etmişdir, özü müharibə veteranı, İİ tip şəkər xəstəsidir və digər xəstəliklərdən də əziyyət çəkir. Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında verilən sualları cavablandırarkən göstərmişdir ki, aralarında 50 metr məsafə olanda o, piyadanı görmüşdür. Zərərçəkmiş şəxs piyada xəttində olmamışdır. O, sürətini dayandırmamışdır. Çünki zərərçəkmiş şəxs yolun kənarında dayanmış, sonra birdən yola çıxmışdır. Piyada həmin an adi yerişlə yerimişdir. Düşən kim təcili yardım çağırmışdır. Maşına mindirməyə kömək etmiş, həmin vaxt piyada ölməmişdir. Sonra müstəntiq gəlmişdir. O, piyadanı piyada keçidinin üstündə deyil, piyada keçidindən 16 metr qabaqda vurmuşdur. Müstəntiq gəlib ölçü aparmış, demişdir ki, bunu belə yazsa yaxşdır, ona görə onun guya piyada keçidinin üzərində piyadanı vurmuş kimi yazmış, 16 metr qabaqda vurmağını yazmamışdır. O, müstəntiqə deməmişdir ki, piyadanı 1 metrədən görmüşdür. Müstəntiq ona demişdir ki, 1 metr yazsa onun xeyrinə, 150 metr yazsa ziyanınadır. Yolda tormoz izi qalmaya bilər. Tormoz vermişdir, videoda tormoz verdiyi an vardır. Təqsirləndirilən şəxs son sözündə belə bir hadisənin baş verməsinə görə peşman olduğunu, lakin onun hadisənin baş verməsində təqsiri, buna dair sübut olmadığını göstərmiş, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri onun təqsiri sübuta yetirilmədiyini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Eyni zamanda müdafiəçilərdən Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin barışıq əlaməti olaraq zərərçəkmiş şəxsin hüquqi varisinə 20.000 manat nağd pul təklif etdiyini, qəbul edərsə həmin pulu zərərçəkmiş şəxsin hüquqi varisinə vermək istədiklərini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük övladıdır. Günay Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsində yaşamaqla Bakı şəhəri Suraxanı rayonu 278 saylı tam orta məktəbdə dilədəbiyyat müəlliməsi kimi işləmişdir. 22 yanvar 2025-ci il tarixdə saat 07 radələrində yaşadığı Tovuz rayonunda olarkən tanımadığı bir nəfər ona zəng edərək qızı Günayın Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində piyada keçidindən yolu keçmək istəyən zaman onu avtomobil vurduğunu bildirmişdir. O, dərhal Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə övladının dünyasını dəyişdiyini öyrənmişdir. Bundan sonra övladını dəfn etmişlər. Təqsirləndirilən şəxs ifadəsində bildirir ki, qızını piyada xəttindən irəlidə vurmuşdur. Lakin ekspert rəyində yazılmışdır ki, piyada keçidində vurulmuşdur. O, həyatda 3 uşaq böyütmüşdür. Qızı öldükdən sonra o və ailəsi yaşamırlar, onlar cismən yaşayırlar. Onlar qızı öldüyü vaxtdan qəbiristanlıqda yaşayırlar. Təqsirləndirilən şəxs hadisədən sonra gəlib onun oğluna pul təklif etmişdir. “Belə şeylər olur da” deyir. Bunlar “arxalı”dırsa, onun da “arxası” var. Onun “arxası” Azərbaycan dövlətidir. Vicdandır, gəlib desin ki, hadisədir olub, üzr istəyir, lakin gəlib pul təklif edir. İndi o, təqsirləndirilən şəxsə pul təklif edir ki, uşağını diriltsin. O, demir ki, təqsirləndirilən şəxs qızını qəsdən vurmuşdur, amma piyada keçidində 50 km/saat sürətlə keçmək olmaz. Təqsirləndirilən şəxs heç bir yol hərəkət qaydasına riayət etməyərək birbaşa keçiddə 50 km/sürətlə gəlib onun uşağını vurmuşdur. Təqsirləndirilən şəxs qeyd edir ki, qızı piyada xəttində olmayıb. Lakin hadisə olan yerdə “reşotka” var. Ancaq piyada keçidində boşluq var. Bu onu göstərir ki, qızı piyada keçidində olub. Təqsirləndirilən şəxs deyir ki, qızı piyada keçidindən 16 metr qabaqda olub, lakin, qızı reşotkadan keçib hara gedirdi? O, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, ədalət tələb edir. Ona 20.000 manat pul təklif edirlər, lakin o da cavabında deyir ki, 200.000 manat pul verir, amma qızını ona geri qaytarsınlar. Təqsirləndirilən şəxs barəsində maddədə nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, təbii ki, hadisə qəsdlə deyil, ehtiyatsızlıqdan törədilmişdir. Qanunda bu kimi hadisələrlə bağlı bir ifadə var - cinayətkarcasına etinasızlıq, yəni şəxs hadisənin qarşısını ala biləcək halda özünə güvənərək hadisənin qarşısını almaq üçün addım atmırsa, ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq, şəxsin ölümünə səbəb olubsa, təqsirləndirilən şəxsin cəzalanması labüddür və təmsil etdiyi şəxs də bunu demək istəyir. Təqsirləndirilən şəxs qeyd edir ki, zərərçəkən piyada xəttində olmamışdır. Lakin hadisə olan yerdə keçiddən başqa qalan yer hamısı dəmir “reşotkalı” hasardır. Bu onu göstərir ki, zərərçəkən piyada keçidində olmuşdur. Qeyd olunan halları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 95.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət təqibi zamanı yol verildiyi ehtimal olunan nöqsanlar üzrə dindirilməsi üçün, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiq X5 məhkəmə iclasına dəvət edilmişdir. O, izah etmişdir ki, hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir, hadisə yolun hərəkət hissəsinin sağ kənarından 8 metr sol kənarına doğru məsafədə, piyada zolağının üstündə baş vermişdir. Hadisə yerində tormoz və ya digər izlər olmamışdır. Sürücü Təqsirləndirilən şəxs hadisə yerində olarkən piyadanı piyada keçidinin üzərində vurduğunu demiş, lakin sonra piyadanı vurdğu yer kimi piyada keçidindən xeyli irəlidə yolun hərəkət hissəsini göstərmiş, buna görə həmin yerdə onun şəkilini çəkib, materiala əlavə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 22 yanvar 2025-ci il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin, eləcə də sürücü Təqsirləndirilən şəxs iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə metronun “Neftçilər” stansiyasından üzü B.Çobanzadə küçəsi istiqamətinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə hərəkət hissəsinin sağ kənarından 8 metr sol kənarına doğru məsafədə, piyada zolağının üstündə baş vermişdir. (i.v. 4-9) - 22 yanvar 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsinin törədildiyi “Tofaş Doğan” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. (i.v. 15- 18) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 22 yanvar 2025-ci il tarixli, 2/3851 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:30-da keçirilən müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. (i.v. 20) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 06 fevral 2025-ci il tarixli, 3-13-16/2-24871/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2032-ci ilədək etibarlı olan) BB 350140 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 33) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 01 fevral 2025-ci il tarixli, 19 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı sümüklərinin kəllə əsasına qədər davam edən sınığı, üst dodağın əzilmiş yarası, sol budun qançırı, sol diz oynağının əzilmiş yarası, sağ diz oynağının, sol baldırın, sağ pəncənin, sifətin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə piyada qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması nəticəsində baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 56-61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2025-ci il tarixli, 8/567 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tofaş Doğan” markalı, **-MP-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yəni, sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəzliyinin təmin olunacağına əmin olaraq hərəkəti davam etdirməli olduğu halda bu tələblərə əməl etməmiş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 72-74) - 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə edərək cinayət törətdiyi, “Tofaş Doğan” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verən zaman dindirmə protokolunda özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə qismən təqsirli bilməsinə dair qeydi özünü müdafiə kimi qiymətləndirilmişdir. (i.v. 103- 108) -Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi üzrə kompleks məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertlər qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş həmin ekspertizanın 16 dekabr 2025-ci il tarixli 8/2451-4/1736 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 02 ədəd “SANDİSK” və “STRONTİUM” markalı yaddaş kartındakı (fləş kart) görüntülərə görə baş vermiş yol-nəqliyyat hadisəsi yaddaş kartındakı (fləş kart) iştirakçılarının digər cisimlərə nəzərən yerləşmələrini və hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. Videoyazıların məhkəmə ekspertizası yolu ilə sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar görüntülərə görə baş vermiş yol-nəqliyyat hadisəsi iştirakçılarının digər cisimlərə nəzərən yerləşmələrini və hərəkət parametrlərini müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası yolu ilə Tofaş Doğan markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, onun nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunan mötəbər sübutlarla təkzib olunmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilmiş anlayışa görə, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Hansı ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Tofaş Doğan” markalı, **-MP-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yəni, sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəzliyinin təmin olunacağına əmin olaraq hərəkəti davam etdirməli olduğu halda bu tələblərə əməl etməmiş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası 22 yanvar 2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, onun sxemi, fotoşəkillər və digər istintaq sənədləri əsasında keçirilmişdir. Hadisədən dərhal sonra, 22 yanvar 2025-ci il tarixdə müstəntiq tərəfindən hal şahidlərinin və sürücü Təqsirləndirilən şəxs özünün iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. Hadisə yeri məhz sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. O, hadisənin yolun hərəkət hissəsinin sağ kənarından 8 metr sol kənarına doğru məsafədə, piyada zolağının üstündə baş verdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda, hadisə yerində “TŞ” və ya iaşə obyektlərinin müşahidə kameralarının aşkar edilmədiyi göstərilmişdir. Eyni zamanda, istintaq orqanının əməliyyat tapşırığı əsasında Nizami RPİnin 25-ci polis şöbəsi tərəfindən müşahidə kameraları və ya hadisənin şahidləri müəyyən edilməmişdir. İbtidai istintaq orqanından fərqli olaraq, müdafiə tərəfi yol-nəqliyyat hadisəsinin ehtimal olunan video görüntülərini məhkəməyə təqdim etmişdir. 2 ədəd yaddaş kartında (fləş kart) olan həmin video görüntülər 22 yanvar 2025-ci il tarixdə, səhər saatlarında və işıqlanmamış hava şəraitində müvafiq obyektin video müşahidə kameraları ilə qeydə alınmışdır, lakin hadisə yerini bilavasitə, aydın şəkildə nümayiş etdirməmişdir. Ona görə həmin görüntülər ekspertiza tədqiqatına təqdim edilmiş, lakin ekspertizaya təqdim olunmuş həmin yaddaş kartlarındakı (fləş kart) görüntülərə görə baş vermiş yolnəqliyyat hadisəsi yaddaş kartındakı (fləş kart) iştirakçılarının digər cisimlərə nəzərən yerləşmələrini və hərəkət parametrlərini müəyyən etmək, həmçinin videoyazıların məhkəmə ekspertizası yolu ilə sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar görüntülərə görə baş vermiş yol-nəqliyyat hadisəsi iştirakçılarının digər cisimlərə nəzərən yerləşmələrini və hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə məhkəmə işdəki, yuxarıda istinad olunan sübutları, o cümlədən ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 yanvar 2025-ci il tarixli rəyini mötəbər sübut qismində qəbul etmişdir. Qeyd olunanlardan fərqli olaraq müdafiə tərəfinin irəli sürdüyü dəlillər hər hansı mötəbər sübutla müşayiət olunmamaqla şəxsi mülahizələrdən ibarətdir, eyni zamanda məhkəmə iclaslarında təqsirləndirilən şəxs hadisə anı ilə bağlı ziddiyyətli məlumatlar vermişdir. Hansı ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ittihamın faktiki mahiyyətinə uyğun olaraq verdiyi ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə təxminən saat 07:30 radələrində qeyd etdiyi avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətindən üzü Bəkir Çobanzadə küçəsi istiqamətində yolun sol kənar zolağı ilə saatda 40-50 km sürətlə hərəkətdə olarkən ünvan 2 ünvanının qarşısında yolu sağdan-sola keçmək istəyən piyadanı təxminən 1 metr məsafə qalmış görmüşdür. Məsafə az olduğundan piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Bu zaman piyada irəlidə asfaltın üzərinə düşmüşdür. O, avtomobildən düşüb alfaltın üzərində uzanmış piyada qadına yaxınlaşmışdır. Piyadanın xəsarət aldığını görüb “103” təcili tibbi yardım xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə ərzində ətrafa xeyli sayda tanımadığı şəxslər toplanmışdır. Bir neçə dəqiqə keçmiş polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gələn polis əməkdaşlarına özünü təqdim edərək yol-nəqliyyat hadisəsini törətmiş sürücü olduğunu bildirmişdir. Bundan sonra isə təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş və xəsarət almış piyadanı xəstəxanaya aparmışlar. Bir qədər sonra piyadanın yolda vəfat etdiyini eşitmişdir. Hadisənin şahidi həmin vaxt ətrafda olan tanımadığı şəxslər olmuşdur. O, yolu keçmək istəyən piyadanı təxminən 1 metr məsafədə görmüşdür. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisədən sonra sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı idarə etdiyi “Tofaş Doğan” markalı **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuşdur. Piyadanı vurduqdan sonra avtomobilin qabaq sağ tərəf farası, buferi, sağ yan güzgüsü və alın şüşəsi sınmışdır. O, avtomobili təxminən saatda 40-50 km sürətlə hərəkət etdirmişdir. Hadisə baş verən zaman avtomobilində heç bir sərnisin olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət əməlinə görə özünü təqsirli bilməyib, ona bəraət verilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları, ailə üzvləri ilə razılıq əldə etməyə, həmçinin onlara maddi ziyan qismində ödəniş etməyə cəhdlər etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 32) - 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 97) -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfinfən 04 avqust 2007-ci il tarixdə verilmiş 052773 nömrəli vəsiqənin sürətindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin 30 yanvar 2026-cı il tarixli, 3- 43-76/3-2-28/2 nömrəli arayışından görünür ki, istefada olan baş gizir Təqsirləndirilən şəxs müharibə veteranıdır. -“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 43 nömrəli Şəhər Poliklinikasının 29 yanvar 2026-cı il tarixli arayışından görünür ki, Məhərrəmov X2 endokrinoloji kabinetində 04 fevral 2025-ci il tarixdən “İnsiulindən asılı olmayan şəkərli diabet İİ tip” diaqnozu ilə dispanser qeydiyyatdadır, hazırda müalicə alır və müalicəsi davam edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin törədilməsində bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini, hadisənin baş verməsindən sonra hal-hazıradək mərhumun ailə üzvləri, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa davamlı cəhdlər etməsini, onun müharibə veteranı olmasını və 64 yaşı olmaqla müvafiq xəstəliklərdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, (bu hal, qanunvericiliyin tələbinə uyğun olaraq onun ziyanına şərh edilməmişdir) onun baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları, ailə üzvləri ilə razılıq əldə etməyə cəhd etməsi real hərəkətlərlə müşahidə olunmuş, barışıq əlaməti olaraq mərhumun ailəsinə 20.000 manat məbləğində nağd pul təklif etmişdir. Bu isə, təqsirləndirilən şəxsin öz əməlinə tənqidi münasibətini ifadə edir və onu müsbət cəhətdən xarakterizə edən, onu belə davranış nümayiş etdirməyən digər cinayət törətmiş şəxslərdən fərqləndirən cəhət kimi qəbul edilməlidir. Ona görə məhkəmə bu halı məhz CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardan biri kimi qiymətləndirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi içərisində görüntülər olan “SANDİSK” və “STRONTİUM” markalı 02 ədəd yaddaş kartı (fləş kart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə müqavilə əsasında vəkillər iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişlər, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Tofaş Doğan” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi içərisində görüntülər olan “SANDİSK” və “STRONTİUM” markalı 02 ədəd yaddaş kartı (fləş kart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 235 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar