Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-408/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyun 2022ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Qadın dünyası” idman zalının çöl divarına quraşdırılmış 800 manat dəyərində “Zanussi" markalı kondisionerin mühərrikini, 12 iyun 2022-ci il tarixdə saat 18 radələrində isə həmin idman zalının çöl divarına quraşdırılmış 700 manat dəyərində “LG” markalı kondisionerin mühərrikini vahid niyyətə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,815 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 26 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamaqda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Argo” sözləri yazılmış boş siqaret qutusunun içərisində 01 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,815 qram çəkidə, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə isintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrin aludəçisi olmuşdur. Əvvəllər müxtəlif yerlərdə mühafizəçi işləyib dolanışığını təmin etmişdir. Sonradan işləmədiyi üçün narkotik vasitəyə olan tələbatını və digər ehtiyaclarını ödəmək üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində ünvan 6 ünvanda yerləşən “Qadın dünyası” idman zalının yanından piyada keçən zaman, idman zalının arxa divarına bərkidilmiş 02 ədəd kondisionerin mühərrikini görmüş və onlar əlçatan yerdə olduğu üçün kondisionerlərin mühərrikini oğurlamaq qərarına gəlmişdir. Həmin kondisionerin birinin borularını və naqillərini yerindən çıxararaq sökmüş və yaxınlıqda yerləşən ağaclardan birinin dibinə qoymuş, daha sonra araba ilə metal yığan tanımadığı şəxsə 40 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin zala aid ikinci kondisioneri də söküb yerindən çıxararaq xırda ehtiyyat hissələrə bölüb Bakıxanov qəsəbəsində bazarın yaxınlığında tanımadığı araba ilə metal yığan şəxsə 40 manata satmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 20 manata "kokos” kimi tanıdığı heroin narkotik vasitə almış və bir qismini istifadə edib qalanını üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanda olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və 02 ədəd kondisioneri oğurlamaqda şübhəli bilindiyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, əynindəki qara rəngli şalvarın sağ yan cibindən "Arqo” markalı siqaretin qutusunda şəffav sellofana bükülü halda “kokos” kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən qanuna zidd hərəkətlərə məruz qalmamış, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş, törətdiyi cinayət əməllərindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Nizami rayonu, B.Nuriyev küçəsi 116-118 ünvanda yerləşən "Qadın dünyası” adlı idman zalını işlətmişdir. İdman zalında müştəri az olduğuna və havalar nisbətən sərin keçdiyi üçün zalın içərisi çox isti olmamış və buna görə 2022-ci ilin iyun ayının təxminən 10-dan zalda kondisionerləri işlətməmişdir. xx.xx.2022-ci il tarixdə işə gələrkən hava isti olduğundan zaldakı “LG" markalı kondisioneri işə salmaq istədikdə kondisionerin işləmədiyini görmüşdür. Daha sonra digər otaqdakı “Zanussi” markalı kondisioneri işə salmaq istədikdə həmin kondisioner də işləməmişdir. Buna görə həyətə çıxıb, zalın arxa tərəfindəki kondisionerlərin mühərrikləri olan yerə baxdıqda, divara bərkidilmiş bir ədəd 40 kvadrat metrlik dəyəri təxminən 700 manat olan “LG” markalı və bir ədəd 100 kvadrat metrlik dəyəri təxminən 800 manat olan “Zanussi” markalı kondisionerin mühərrikinin oğurlandığını müəyyən etmişdir. Yaxınlıqdakı yaşayış binasının müşahidə kameralarına baxan zaman xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində bir nəfər naməlum şəxsin “Zanussi” markalı kondisionerin mühərrikini, həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 18 radələrində isə “LG” markalı kondisionerin mühərrikini oğurladığını aşkar etmişdir. Həmin görüntüləri “CD” diskə köçürmüş və polisə şikayət etməklə təqdim etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi polis əməkdaşları tərəfindən müəyyən edilmiş və ona dəymiş ziyan tam ödənildiyindən heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 Zahid oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 16 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 24-cü PŞ-nə ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi ünvan 7 ünvandakı “Qadın dünyası” idman zalının arxa divarında olan iki ədəd kondisionerin mühərrikinin oğurlandığını bildirmişdir. Bundan sonra polis şöbəsində həmin kondisionerlərin mühərriklərini oğurlayan şəxsin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin kondisionerlərin mühərriklərini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində ünvan 8 ünvanda saxlanılaraq şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs “Qadın dünyası” idman zalının arxa divarında olan iki ədəd kondisionerin mühərrikini oğurlamaqda şübhəli olduğu bildirilərək 24-cü PŞ-nə dəvət olunmuşdur. PŞ-də Təqsirləndirilən şəxs etdiyi oğurluq əməli etiraf etmiş və narkotik aludəçisi olduğunu bildirmişdir. Buna görə, vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Argo” yazısı olan siqaret qutusunda şəffaf sellofana bükülü içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddənin “kakos” kimi tanıdığı heroin olduğunu və xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Musatafa oğlunun məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan 16 iyun 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi ünvan 6 ünvanda baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 16 iyun 2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:23 kimi görünən görüntünün və xx.xx.2022-ci il tarixdə saat 18:52 kimi görünən görüntünün videokadrlarında bir nəfər qara gödəkcəli, başında ağ-qara rəngli kepkası və qara rəngli şalvarı olan şəxs piyada hərəkət edərək divara bərkidilmiş kondisionerin mühərrikini oğurlayaraq oradan gedir. İşdə olan 26 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə" və 02 avqust 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən "Arqo” markalı siqaretin qutusunda şəffaf sellofana bükülü halda, içərisində “kokos” kimi tanıdığı narkotik vasitən heroini, eləcə də həmin şalvarının sol yan cibindən özünə məxsus "Samsung” markalı çəhrayi rəngli mobil telefonu təqdim etmişdir. Daha sonra 01 ədəd narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, 164 saylı möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 26 iyun 2022-ci il tarixli 6/3556 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri və imzaları qeyd edilmiş bir ədəd zərfdə içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,815 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazrlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli 4532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,815 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk, oğurluq hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınımış, 02 ədəd CD disk cinayət işinə əlavə edilmiş və narkotik vasitənin tədqiqatdan sonrakı qalığı 0,765 qramı Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 iyun 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmiş, şikayəti, iddia və tələbi yoxdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,765 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, məhkəmədə iştirak etdiyi cəmi 32 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,765 qram narkotik vasitə heroin məhv edilsin, 02 ədəd «CD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 192 (yüz doxsan iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-408/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-408/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver