Məhkəmə qərarları › İş №1(007)-408/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-408/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-408/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, təqsirləndirilən şəxs - 06 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 67, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, 06 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlamış və bu məqsədlər üçün mənzil sahəsi vermiş, eyni zamanda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Belə ki, o, 2021-ci ilin əvvəllərindən 2022-ci ilin avqust ayınadək keçən müddət ərzində vahid niyyətlə əhadə olunan qəsdlə, tamah niyyəti ilə özünə məxsus ünvan 1 ünvanının yataq otağını pul müqabilində cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs tanışları, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin mənzildə müxtəlif kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün mənzil sahəsi verilməsi ilə bağlı əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa, o, 2021-ci ilin iyul ayının əvvəllərindən 2022-ci ilin aprel ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu özünə məxsus ünvan 1 ünvanında tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə ev və qadın təşkil etdiyinə görə ümumilikdə 20-30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 50-100 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin iyul ayının sonlarından 2022-ci ilin iyul ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu özünə məxsus ünvan 1 ünvanında tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə ev və qadın təşkil etdiyinə görə ümumilikdə 20-30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 50-60 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu özünə məxsus ünvan 1 ünvanında tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə ev və qadın təşkil etdiyinə görə ümumilikdə 20-30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 50 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir müddət pul müqabilində müxtəlif kişilərlə görüşüb cinsi əlaqədə olmuş, sonradan maddi cəhətdən sıxıntıları olduğundan 2021-ci ilin təxminən əvvəllərindən etibarən özünə məxsus ünvan 1 ünvanında yerləşən evi bir günü 20 manat olmaqla kirayə vermişdir. Belə ki, müxtəlif tanışları ona zəng vuraraq ev boş olan zaman həmin evə gəlmiş və öz qadın tanışları ilə orada cinsi əlaqədə olmuşlar. Bunun müqabilində o, həmin şəxslərdən 20 manat pul almışdır. Həmçinin bəzi qadın tanışları da həmin evə gələrək orada öz tanışları ilə cinsi əlaqədə olmuşlar. Tanıdığı bir neçə qadını o, müəyyən məbləğdə pul müqabilində kişi tanışlarına cinsi əlaqədə olmaq üçün təqdim etmiş, bunun müqabilində o, həmin kişi müştərilərdən müxtəlif məbləğdə pul almışdır. Fatimatı təxminən 2021-ci ilin mart ayından etibarən tanımışdır. Fatimatla Bakı şəhərində yerləşən hazırda adını xatırlamadığı gözəllik salonlarının birində tanış olmuş, həmin vaxtdan etibarən yaxşı münasibətləri yaranmışdır. Söhbət əsnasında Fatimata qeyd etdiyi ünvanda yerləşən mənzilini pul müqabilində müxtəlif şəxslərə cinsi əlaqədə olmaları üçün verdiyini demişdir. Onda Fatimat kişi tanışı ilə həmin evə getmək istədiyini bildirmiş, o da Fatimatla razılaşıb ev boş olduğu müddət ərzində həmin evə gedə biləcəyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda Fatimat həmin evə gedərək öz tanışı ilə orada cinsi əlaqədə olmuşdur. 2021-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq o, Fatimatla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən o, Fatimatı müəyyən məbləğdə pul müqabilində müştərilərə təqdim etmişdir. Məlahəti 2021-ci ilin yay aylarından etibarən tanımışdır, belə ki, Məlahət Pərviz adlı tanışı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən evə gəlib-getmiş, həmin vaxtdan etibarən Məlahətlə əlaqəsi yaranmışdır. Daha sonra, 2021-ci ilin təxminən avqust ayının əvvəllərindən başlayaraq Məlahətlə müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən Məlahəti müəyyən məbləğdə pul müqabilində müştərilərə təqdim etmişdir. Nərminəni isə təxminən 2018-ci ildən etibarən tanımışdır, Nərminə Türkiyədən paltar gətirdiyi üçün ona müştəri kimi müraciət etmiş, həmin vaxtdan Nərminə ilə münasibəti yaranmışdır. Bundan sonra Nərminə ilə mütəmadi olaraq əlaqə saxlamışlar. 2021-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq isə Nərminə ilə müştərilərlə görüşməyi üçün əlaqə saxlamış və Nərminə ona məxsus olan qeyd etdiyi mənzildə pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayından etibarən Nərminə ilə hər hansı əlaqəsi olmamışdır. O, fahişəliyə cəlb etdiyi qadınların müqabilində müştərilərdən 20-30 manat pul almışdır, Azər, Ramil və adını xatırlamadığı digər şəxslərə öz evində cinsi əlaqədə olmaları üçün pul müqabilində qadın təşkil etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, oğlunun Vətən müharibəsinin iştirakçısı olmaqla medallarla təltif edildiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart ayından etibarən tanıyır. Zəminə ilə Bakı şəhərində yerləşən hazırda adını xatırlamadığı gözəllik salonlarının birində tanış olmuş, həmin vaxtdan etibarən Zəminə ilə münasibətləri yaranmışdır. Söhbət əsnasında Zəminə ona ünvan 1 ünvanında yerləşən mənzilini pul müqabilində müxtəlif şəxslərə cinsi əlaqədə olmaları üçün verdiyini demiş, belə olan halda o, kişi tanışı ilə həmin evə getmək istədiyini Zəminəyə demişdir. Zəminə də onunla razılaşıb mənzil boş olduğu müddət ərzində həmin mənzilə gedə biləcəyini demiş, bundan sonra müxtəlif vaxtlarda, 2021-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayınadək keçən müddət ərzində həmin mənzilə gedərək öz tanışı ilə orada cinsi əlaqədə olmuşdur. Hər dəfə qeyd etdiyi ünvana gedən zaman mənzilin açarını işıq sayğacının olduğu yerdən götürərək qapını açıb içəri daxil olmuş, cinsi əlaqədə olub qurtardıqdan sonra isə qonaq otağında olan dolabın içərisinə 10-15 manat pul qoymuşdur. Zəminə ona konkret olaraq məbləğ deməmiş, lakin o, hər dəfə Zəminəyə pul vermişdir. 2021-ci ilin iyul ayının əvvəllərində yaşadığı evdə olan zaman Zəminə onunla əlaqə saxlayaraq onu pul müqabilində cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim edə biləcəyini təklif etmiş, həmin vaxtlarda onun maddi vəziyyətdən sıxıntıları olduğundan Zəminənin dedikləri ilə razılaşmışdır. 2021-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq Zəminə onun müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən Zəminə onu 50-60 manat pul müqabilində müştərilərinə təqdim etmiş, o isə pulu müştəridən aldıqdan sonra həmin müştəri evə görə Zəminəyə 20 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Zəminə onu müştərilərinin yanına göndərmək üçün onunla əlaqə saxlamağa başlamış, o, Zəminə ilə danışdıqdan sonra qeyd etdiyi ünvanda yerləşən Zəminəyə məxsus mənzilə getmiş və orada Zəminənin təşkil etdiyi müştərilərlə cinsi əlaqədə olmuşdur. Hər dəfə müştərilərlə görüşdükdən sonra o, 50-60 manat pul almış, həmin müştəri mənzilə görə isə Zəminəyə 20 manat pul vermişdir. Sonuncu dəfə Zəminə onu 2022-ci ilin iyul ayının sonlarında fahişəliyə cəlb etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yay aylarından etibarən tanıyır. Belə ki, həmin vaxtlarda aralarında sevgi münasibəti olan Pərviz adlı tanışı onu cinsi əlaqədə olmaq üçün Zəminəyə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə aparmışdır. O, həmin mənzilə gedən zaman ev sahibi Zəminə də orada olmuşur, onlar Zəminə ilə bir az söhbət etdikdən sonra Zəminə ona məxsus mobil nömrəni götürmüş, həmin vaxtdan etibarən Zəminə ilə münasibəti yaranmışdır. Söhbət əsnasında Zəminə həmin mənzilini pul müqabilində müxtəlif şəxslərə cinsi əlaqədə olmaları üçün verdiyini demiş, bundan sonra o, müxtəlif vaxtlarda 2021-ci ilin yay aylarından 2022-ci ilin yay aylarınadək keçən müddət ərzində həmin mənzilə gedərək öz tanışı ilə orada cinsi əlaqədə olmuşdur. O, hər dəfə qeyd etdiyi ünvana gedən zaman mənzilin açarını işıq sayğacının olduğu yerdən götürərək qapını açıb içəri daxil olmuş, cinsi əlaqədə olub qurtardıqdan sonra isə qonaq otağında olan dolabın içərisinə 20 manat pul qoymuşdur. O, ilk dəfə oraya gedən zaman Zəminə qonaq otağındakı dolabın içərisində olan qabı göstərərək həmin qabın içərisində cinsi əlaqədə olan zaman istifadə etmək üçün qoruyucu olduğunu demiş, onlar da həmişə həmin qoruyucudan istifadə etmişlər. 2021-ci ilin iyul ayının sonlarında o, yaşadığı evdə olan zaman Zəminə onunla əlaqə saxlayaraq onu pul müqabilində cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim edə biləcəyini təklif etmiş, həmin vaxtlarda maddi vəziyyətdən sıxıntıları olduğundan Zəminənin dedikləri ilə razılaşmışdır. 2021-ci ilin təxminən avqust ayının əvvəllərindən başlayaraq Zəminə müştərilərlə görüşməsi üçün onunla əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən Zəminə onu 50 manat pul müqabilində müştərilərinə təqdim etmişdir. Bundan sonra bir neçə dəfə Zəminə onu müştərilərinin yanına göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o, Zəminə ilə danışdıqdan sonra ünvan 1 ünvanında yerləşən Zəminəyə məxsus mənzilə getmiş və orada Zəminənin təşkil etdiyi müştərilərlə cinsi əlaqədə olmuşdur. Zəminə hər dəfə onu mənzildə qarşılayıb müştəriyə təqdim etmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra o, Zəminədən 50 manat pul almış, həmin müştəri mənzilə və ona görə Zəminəyə ayrılıqda hazırda xatırlamadığı məbləğdə pul vermişdir. Sonuncu dəfə isə Zəminə onu 2022-ci ilin avqust ayının əvvəllərində fahişəliyə cəlb etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən etibarən tanıyır. Belə ki, o, Türkiyə Respublikasından paltar gətirən zaman Zəminə müştəri kimi ona müraciət etmiş, həmin vaxtdan Zəminə ilə münasibəti yaranmış, həmçinin Zəminə onu Bakı şəhəri ərazisində yerləşən restoranların birində baş tutan ad günü mərasiminə dəvət etdikdən sonra Zəminə ilə yaxın münasibətləri olmuşdur. Bundan sonra Zəminə ilə mütəmadi olaraq əlaqə saxlamışlar. 2021-ci ilin iyul ayının əvvəllərində yaşadığı ünvanda olan zaman Zəminə ilə mobil telefon vasitəsi ilə söhbət əsnasında Zəminəyə maddi cəhətdən sıxıntılarının olduğunu bildirmiş, belə olan halda Zəminə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, həmin işin nə olduğunu soruşduqda Zəminə tanış müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində özünə məxsus evdə cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demişdir. Belə olan halda o, məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Zəminə ilə razılaşmış, aralarında olan razılaşmaya əsasən Zəminə onu 50-100 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. 2021-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq Zəminə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, o, Zəminəyə məxsus Nizami rayonu, Çobanzadə küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən mənzildə pul müqabilində Zəminənin tapdığı müxtəlif şəxslərlə pul müqabilində cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayınadək keçən müddət ərzində Zəminə 4-5 dəfə onu müştərilərinin yanına göndərmək üçün onunla əlaqə saxmağa başlamışdır. O, Zəminə ilə danışdıqdan sonra qeyd etdiyi ünvanda yerləşən Zəminəyə məxsus mənzilə getmiş və orada Zəminənin təşkil etdiyi müştərilərlə cinsi əlaqədə olmuşdur. Hər dəfə müştərilərlə görüşdükdən sonra o, 50-100 manat pul almışdır. Həmin müştərilərin onunla cinsi əlaqədə olduqları üçün Zəminəyə hansı məbləğdə pul verməsi barədə onun məlumatı olmamışdır. Sonuncu dəfə Zəminə onu 2022-ci ilin aprel ayının sonlarında fahişəliyə cəlb etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, Zəminə ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ərazisində yerləşən “Xan Bağı” restoranında tanış olmuşlar, tanışlıq zamanı Zəminə pul müqabilində cinsi əlaqədə olduğunu demiş, o da Zəminə ilə 50 manat pul müqabilində yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Bundan sonra eyni qaydada bir neçə dəfə 50 manat pul müqabilində Zəminənin yaşadığı mənzildə onunla cinsi əlaqədə olmuş, bir müddət sonra isə özü tanış olduğu qadınlarla Zəminəyə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə cinsi əlaqədə olmuş, bunun müqabilində Zəminəyə 20 manat pul vermişdir. Hər dəfə Zəminəyə məxsus evə gedən zaman ona zəng edib mənzilin boş olub-olmadığını soruşumuş, sonra isə həmin mənzilə gedib qadınlarla cinsi əlaqədə olmuşdur. Bundan əlavə Zəminədən onun mənzilindən çıxan qadınların mobil nömrəsini istəmiş, Zəminə isə həmin qadınların bəzilərini onunla tanış etmişdir. Zəminəyə məxsus Çobanzadə küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən mənzilə sonuncu dəfə 2022-ci ilin may ayında cinsi əlaqədə olmaq üçün getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildən çoxdur ki, tanıyır. Belə ki, Zəminə ilə Bakı şəhəri ərazisində hazırda adını xatırlamadığı restoranların birində tanış olmuş, həmin vaxtdan etibarən Zəminə ilə yaxşı münasibəti yaranmışdır. Keçən müddət ərzində o, Zəminənin özü ilə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə dəfələrlə cinsi əlaqədə olmuş, bir neçə dəfə Zəminəyə məxsus həmin mənzildə öz qadın tanışı ilə də cinsi əlaqədə olmuş, bunun müqabilində Zəminəyə münasibətləri yaxşı olduğundan 20-30 manat pul vermişdir. Zəminəyə məxsus mənzildə bir neçə dəfə öz qadın tanışı ilə cinsi əlaqədə olmuş, Zəminə onunla hər hansı qadını tanış etməmişdir. O, Zəminə ilə cinsi əlaqədə olmaq üçün onun özünə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır. Belə ki, Bakı şəhəri ərazisində yerləşən restoranların birində hazırda adını xatırlamadığı bir nəfər xanım ilə tanış olmuş, həmin qadınla bir müddət əlaqə saxladıqdan sonra həmin qadın tanışının evində müəyyən məbləğdə pul müqabilində cinsi əlaqədə ola biləcəklərini demişdir. O, həmin qadınla razılaşmış və onlar birlikdə ünvan 1 ünvanında yerləşən həmin qadının tanışının mənzilinə getmişlər. Həmin vaxt mənzilin sahibi Zəminə də orada olmuşdur, o, həmin qadınla cinsi əlaqədə olduqdan sonra qadına 50 manat pul ödəmiş, eyni zamanda mənzili cinsi əlaqədə olmaq üçün onlara verdiyinə görə Zəminəyə də 20 manat pul vermişdir. Orada aralarında olan söhbət əsnasında Zəminə özünə məxsus mənzildə pul müqabilində özünün də fahişəliklə məşğul olduğunu, ona istədiyi təqdirdə cinsi əlaqədə olmaq üçün qadın təşkil edə biləcəyini demişdir. Bundan sonra o, Zəminəyə məxsus mobil nömrəni alıb daha sonra əlaqə saxlayacağını bildirmiş, keçən müddət ərzində o, təxminən 10 dəfə Zəminənin yaşadığı Çobanzadə küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən mənzilə gedərək Zəminə ilə cinsi əlaqədə olmuş, hər dəfə Zəminə ilə cinsi əlaqədə olduqdan sonra ona 50 manat pul ödəmişdir. Eyni zamanda Zəminə ona özünə məxsus mənzildə fahişəliklə məşğul olan hər hansı bir qadınla cinsi əlaqədə ola biləcəyini də demişdir. Keçən müddət ərzində o, Zəminəyə məxsus mənzildə bir dəfə Zəminənin ona təqdim etdiyi qadınla cinsi əlaqədə olmuş, bunun müqabilində Zəminəyə 20 manat, cinsi əlaqədə olduğu qadına isə 50 manat pul vermişdir. Sonuncu dəfə Zəminəyə məxsus həmin mənzilə 2022-ci ilin ortalarında cinsi əlaqədə olmaq üçün getmiş, həmin vaxtdan sonra Zəminə ilə hər hansı əlaqəsi olmamışdır. Beləliklə, o, Zəminəyə məxsus mənzildə iki dəfə başqa qadınlarla cinsi əlaqədə olmuşdur, birinci dəfə qadın tanışı ilə birlikdə həmin mənzilə gedərək, daha sonra isə Zəminənin ona təqdim etdiyi qadınla orada cinsi əlaqədə olmuş, hər dəfə Zəminəyə 20 manat pul ödəmişdir. Zəminənin onunla cinsi əlaqədə olmaq üçün tanış etdiyi qadınları hazırda xatırlamır. O, Zəminənin onunla cinsi əlaqədə olmaq üçün tanış etdiyi qadınlara hər dəfə təxminən 50 manat pul ödəmiş, Zəminəyə yalnız mənzildə tanış etdiyi qadınla cinsi əlaqədə olmağın müqabilində 20 manat pul ödəmiş, cinsi əlaqədə olduğu qadının Zəminəyə hər hansı məbləğdə pul verib-verməməsini isə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən beş ildir tanıyır. Belə ki, Zəminə ilə Bakı şəhəri ərazisində yerləşən hazırda adını xatırlamadığı restoranların birində tanış olmuşdur. Aralarında olan söhbət əsnasında Zəminə ona özünə məxsus mənzildə pul müqabilində fahişəliklə məşğul olan hər hansı bir qadınla cinsi əlaqədə ola biləcəyini demişdir. Bir müddət sonra özü tanış olduğu qadınlarla Zəminəyə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə cinsi əlaqədə olmağa başlamışdır. Bunun müqabilində Zəminəyə 20 manat pul vermişdir. Hər dəfə Zəminəyə məxsus mənzilə gedən zaman zəng edib mənzilin boş olub-olmadığını soruşmuş, sonra isə həmin mənzilə gedib qadınlarla cinsi əlaqədə olmuşdur. Zəminənin onunla tanış etdiyi qadınlarla da, Zəminəyə məxsus mənzildə cinsi əlaqədə olmuşdur. Belə ki, Zəminə ona fahişəliklə məşğul olan şəxslərin şəkillərini mobil telefon vasitəsilə ona göndərmiş, o isə bəyəndiyi qadını Zəminəyə dedikdən sonra həmin qadınla Zəminəyə məxsus mənzildə cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə Zəminəyə məxsus həmin mənzilə 2021-ci ilin sonlarında cinsi əlaqədə olmaq üçün getmişdir. O, Zəminədən əvvəllər 7-8 dəfə həmin mənzili pul müqabilində müxtəlif qadınlarla cinsi əlaqədə olmaq üçün almışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq üçün tanış etdiyi qadınları hazırda xatırlamır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq üçün tanış etdiyi qadınlara cinsi əlaqədə olmaq qarşılığında təxminən 50 manat pul ödəmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir tanıyır. Belə ki, Zəminə onun dostu Mahirin tanışı olmuşdur. Təxminən 2020-ci ilin əvvəllərində Mahirlə arasında olan söhbət əsnasında Mahir ona Zəminəyə məxsus mənzildə pul müqabilində fahişəliklə məşğul olan hər hansı bir qadınla cinsi əlaqədə ola biləcəyini demiş, həmin vaxtdan bir müddət sonra o, Mahirlə birlikdə Zəminəyə məxsus ünvan 1 ünvanında yerləşən evə getmişdir. Belə ki, Mahir ona məxsus mobil telefon vasitəsilə Zəminə ilə danışıb evinə gedəcəklərini demiş, həmin vaxt Zəminə özü də orada olmuş, onlar evə daxil olduqdan sonra Zəminə oraya iki nəfər fahişəliklə məşğul olan qadın çağırmış və özü çıxıb getmişdir. Bundan sonra Mahir və o, həmin qadınlarla cinsi əlaqədə olmuşlar, bunun müqabilində Mahir Zəminəyə təxminən 120-130 manat pul vermişdir. Mahir Zəminəyə 20 manat evə görə, hər qadına görə isə 50- 60 manat pul ödəmişdir. Keçən müddət ərzində Mahir və o, eyni qaydada təxminən 7-8 dəfə fahişəliklə məşğul olan qadınlarla cinsi əlaqədə olmaq üçün Zəminəyə məxsus Çobanzadə küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən mənzilə getmişlər. Sonuncu dəfə o, həmin mənzilə 2022-ci ilin ortalarında getmiş, daha sonra Mahir yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyindən onun Zəminə ilə hər hansı əlaqəsi olmamışdır. O, Zəminəyə məxsus evdə 7-8 dəfə pul müqabilində müxtəlif qadınlarla cinsi əlaqədə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq üçün tanış etdiyi qadınları xatırlamır. Zəminənin cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınlara hər hansı məbləğdə pul verməmiş, Mahir isə hər dəfə təxminən 50-60 manat pul ödəmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiqlənmiş 20 fevral 2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilini Təqsirləndirilən şəxs vəsiyyət etmişdir. (i.v. 110) - 05 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsindən həmin Məcəllənin 243.1 və 244.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində digər fayda əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 119- 126) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 243.1 və 244.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 37) - 06 may 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 149-151) -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri 07 iyul 2023-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı tam ödəmişdir, onlar təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. -Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 anası Təqsirləndirilən şəxsdır. -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, X1 müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bununla yanaşı, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb ediliyini, əməlindən səmimi peşman olduğunu, oğlunun Vətən müharibəsi zamanı erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş əməliyyatlarında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini, müharibə veteranı olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətlərin təkrar və tamah məqsədi ilə törədilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməlləri törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti müddətə cərimə cəzasının saxlanılması məqsədəmüvafiqdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqları müqavilə əsasında vəkili tərəfindən müdafiə edilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsinin müzakirə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 243.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına, CM-nin 244.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar