Məhkəmə qərarları › İş №1(007)-408/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-408/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-408/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx xxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 ilə endirilmiş, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi 23 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,285 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı X1çıları tərəfindən 8 saylı dəstənin 48 saylı yataqxanasında üzərinə və yataq yerinə hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilərkən, yataq yerinin üzərində olan ona məxsus qara rəngli gödəkcənin sol yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,285 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və yataq yerində əlində saxladığı, daxilində psixotrop maddə metamfetamin izləri olan, başlıq hissəsinə borucuq keçirilmiş lampa aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:30 radələrində 6 saylı Cəzaçəkmə Müəssisəsinin yaşayış sahəsində qeydiyyatda olduğu 8 saylı dəstənin 48 saylı yataqxanasında, öz yataq yerində yatmayıb əldə etdiyi, özünə məxsus psixotrop maddəni istifadə etmək üçün əvvəlcədən tapdığı yararsız lampanın içərisini söküb kustar üsulla qəlyan formasında düzəltdiyi lampanın içərisinə az miqdarda əlavə edib istifadə etməyə başlayarkən müəssisə əməkdaşları qəfildən ona yaxınlaşmışlar. Üzərinə və yataq yerinə hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirmişlər. Əvvəlcə həmin içərisində psixotrop maddə olan lampanı təhvil vermişdir. Sonra isə yatdığı çarpayının üzərində olan, ona məxsus qara rəngli gödəkcəsinə hal şahidlərinin iştirakı ilə axtarış-baxış keçirildikdə, həmin gödəkcənin sol yan cibindən gümüşü rəngli kağız aşkar olunmuşdur. Həmin kağız parçasına baxış keçirilmiş və içərisindən təxmini çəkisi 0,5 qrama yaxın ağ rəngli kristal formasında psixotrop maddə aşkar olunaraq əməkdaşlar tərəfindən götürülmüşdür. Sanitar qovşağında əllərini yuyarkən əl-üz yuyanın yanında gümüşü rəngli kağız bükülünü yerdən tapmışdır. İçərisinə baxdıqda psixotrop maddə olduğunu görüb gizlincə əynində olan qara gödəkcənin cibində gizlətmişdir. Bu barədə heç kimə bir söz deməyib yataq yerinə getmişdir. Hamı yatdıqdan sonra isə istifadə etmək qərarına gəlmişdir. Sonra həmin kağız parçasının içərisində olan psixotrop maddə və içərisində psixotrop maddə olan lampa onun və hal şahidlərinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, imzalanmış və üzəri möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X1 şöbəsinin böyük inspektoru, ədliyyə baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:30 radələrində, əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən, böyük nəzarətçi, ədliyyə baş giziri Adil Sadiqov və nəzarətçi ədliyyə çavuşu İslam Cəbrayılov ilə birlikdə müəssisə rəhbərliyinin göstərişinə əsasən müəssisənin yaşayış sahəsindəki 8 saylı dəstənin 48 saylı yataqxanasına gəlmişlər. 8 saylı dəstənin 48 saylı yataqxanasının qarşısında dayanmış məhkumlar X7 və X2 yaxınlaşaraq hər iki məhkuma hal şahidi olmaqlarını təklif edib, razılıqlarını aldıqdan sonra, hal şahidinin hüquq və vəzifələrini izah etmişdir. Sonra 8 saylı dəstənin 48 saylı yataqxanasına daxil olaraq, orada, öz yataq yerində yatmayaraq əyləşmiş, məhkum Təqsirləndirilən şəxs qəflətən yaxınlaşıb əlində saxladığı elektrik lampasını əlindən almışlar. Sonra hal şahidlərinin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərinə və yataq yerinə axtarış-baxış tədbiri keçirilmişdir. Baxış zamanı məhkum Təqsirləndirilən şəxs çarpayısının üzərində olan sonuncuya məxsus qara rəngli gödəkcənin sol yan cibinin içərisindən 1 ədəd gümüşü rəngli kağız bükülü aşkar edilərək tərəflərindən götürülmüşdür. Hal şahidləri və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə elektrik lampasına və 1 ədəd gümüşü rəngli kağız bükülüyə baxış keçirilən zaman, yarıyanmış vəziyyətdə olan elektrik lampasının içərisində ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddə və 1 ədəd gümüşü rəngli kağız bükülünün içərisində olan ağ rəngli kristal formasında olan psixotrop maddəyə bənzər maddə aşkar edilərək tərəflərindən götürülmüşdür. Şifahi sorğu zamanı məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər yarıyanmış vəziyyətdə olan elektrik lampasının və çarpayısının üzərində olan özünə məxsus qara rəngli gödəkcənin sol yan cibinin içərisində, ağ rəngli, kristal formasında, psixotrop vasitəyə bənzər maddə olan 1 ədəd gümüşü rəngli kağız bükülünün içərisində psixotrop maddə olduğunu, özünə məxsus olduğunu, həmçinin, aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kütləni qeydiyyatda olduğu 8 saylı dəstənin sanitar qovşağından tapdığını, psixotrop maddəyə bənzədərək özü istifadə etmək məqsədilə üzərində saxladığını etiraf etmişdir. Sonra həmin götürülmüş 1 ədəd gümüşü rəngli kağız bükülünün içərisindəki, ağ rəngli kristal formasında, psixotrop maddəyə bənzər maddəni və içərisində ağ rəngli, kristal formasında psixotrop maddəyə bənzər maddə olan yararsız lampanı zərfə yerləşdirərək imzalayıb və möhürləyib qablaşdırmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin böyük nəzarətçisi, ədliyyə baş giziri X5 və 6 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi, ədliyyə çavuşu X3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:45 radələrində, 8 saylı dəstənin 48 saylı yataqxanasında əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən, 6 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2021-ci il tarixdən cəza çəkən məhkum Təqsirləndirilən şəxs öz yataq yerində əlində saxladığı, içərisində ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər yarıyanmış vəziyyətdə olan elektrik lampası və çarpayısının üzərində olan ona məxsus qara rəngli gödəkcənin sol yan cibindən içərisində, ağ rəngli, kristal formasında olan psixotrop maddəyə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli kağız bükülü aşkar edilərək tərəflərindən götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kütlənin ona məxsus olduğunu və qeydiyyatda olduğu 8 saylı dəstənin sanitar qovşağından tapdığını, psixotrop maddəyə bənzədərək istifadə etmək məqsədilə üzərində saxladığını etiraf etmişdir. Götürülmüş maddi sübut olan 1 (bir) ədəd gümüşü rəngli kağız bükülünün içərisindəki, ağ rəngli, kristal formasında olan psixotrop maddəyə bənzər kütlə və içərisində ağ rəngli, kristal formasında psixotrop maddəyə bənzər kütlə olan yararsız lampa zərfə yerləşdirərək "zərflər üçün" möhürlə möhürlənmiş, məhkum Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən həmin zərf imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 14 dekabr 2024-cü il tarixli, 6/5471 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Penitensiar Xidmət...6 saylı CÇM-nə məxsus “Zərflər üçün” möhür əksi, “...məhkum Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; başlıq hissəsinə borucuq keçirilmiş lampanın daxilində metamfetamin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2207 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Lənkəran rayonlararası narkoloji xəstəxanasında “F11.2” (opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatındadır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram psixotrop maddə metamfetamin və başlıq hissəsinə borucuq keçirilmiş daxilində metamfetamin izləri olan lampa maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq 0,235 qram psixotrop maddə metamfetamin və lampa Bakı şəhəri Nizami Rayon Polis İdarəsində maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) -162/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 ilə endirilmiş, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkərkən yenidən qəsdən az ağır cinayət törətmiş və onun məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilmiş hissəsi 6 il 18 gün, çəkilməmiş qalan hissəsi isə 4 il 11 ay 12 gün təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi olan 4 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı barəsində hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,235 qram psixotrop maddə-metamfetamin məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və xx.xx.2019-cu il tarixdən Lənkəran rayonlararası narkoloji xəstəxanasında “F11.2” (opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla 330 (üç yüz otuz) manat (30x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi olan 4 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək, Təqsirləndirilən şəxs qəti cəza- 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə) cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və xx.xx.2019-cu il tarixdən Lənkəran rayonlararası narkoloji xəstəxanasında “F11.2” (opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,235 qram psixotrop maddə-metamfetamin və başlıq hissəsinə borucuq keçirilmiş, daxilində metamfetamin izləri olan lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar