Məhkəmə qərarları › İş №1(007)-409/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-409/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-409/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Rüstəmov Orxan Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Xucbala Ərazi Dairəsi, Digah kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,412 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 11 fevral 2025-ci il tarixdə saat 23:00 radələrində Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üzərinə keçirilən yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,098 qram, 0,122 qram, 0,192 qram olmaqla xarici görünüş və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, xeyli miqdarda ümumi təmiz çəkisi 0,412 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, kartına 43 manat yükləyərək şəxsi istifadəsi üçün 1 qram psixotrop maddə-metamfetamin almaq istəmişdir. 43 manat ödəməyi ilə bağlı şəxsi “M10” hesabında çek var. 11 fevral 2025-ci il tarixdə saat 23:00 radələrində həmin şəxsin göndərdiyi konum üzrə ünvandan, ağacın yanından içərisində psixotrop maddə olan siqaret qutusunu götürdükdən sonra bir neçə addım atmışdır ki, tutulmuşdur. O, siqaret qutusunu götürmüş, lakin qutunu açıb içinə baxmamışdır. Qutuda həmişə alanda standart bir büküm olur. Tutulanda da polis əməkdaşları ona təzyiq göstərmişlər və təzyiq altında olmuşdur. O, 1 qramı götürməyə getmiş, ona 0,412 qram yazıblar. Onun üzərində tərəzi olmamışdır. Siqaret qutusu heç açılmamış, polis əməkdaşları 3 bükümü əllərində gətirmişdilər. Guya tərəzi aldığı psixotrop maddəni ölçmək üçündür, bu absurddur, ödəniş əvvəlcədən olunur. Əgər tərəzi ona məxsusdursa, üzərində onun barmaq izi olmalıdır. Üzərindən aşkar olunmuş 3 büküm psixotrop maddəni və elektron tərəzini polislər cibinə qoymuşlar, o da çıxarıb təqdim etmişdir. Polis Şöbəsində ona təzyiq olunmuşdur. O, şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə-metamfetamin almışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri tanımadığı şəxslərdən şəxsi istifadə məqsədi ilə alır. Sonuncu dəfə üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini “İnstagram” mobil tətbiqi vasitəsilə tanış olduğu, lakin haqqında başqa bir şey bilmədiyi İran vətəndaşından əldə etmişdir. Belə ki, 11 fevral 2025-ci il tarixdə axşam saatlarında Nizami rayonu ərazisində tanışı Orxanla birlikdə olduğu zaman qızla danışmaq bəhanəsi ilə Orxandan telefonunu verməsini xahiş etmişdir. Həmin telefon vasitəsilə “İnstagram” mobil tətbiqinə daxil olub öz şəxsi hesabından həmin iranlı ilə danışmışdır. İranlı ona xatırlamadığı kart hesabı göndərmiş və o, həmin kart hesabına “Million” vasitəsilə 50 AZN pul köçürmüşdür. Daha sonra iranlı “WhatsApp” vasitəsilə ona “konum” göndərmişdir. Daha sonra tanışı Orxana qızla görüşəcəyini, buna görə də telefonun ona 1 saatlıq lazım olacağını, istəyirsə onunla gələ biləcəyini demiş və onlar razılaşmışlar. İranlının ona atdığı “konum”a çatmamış Orxana onu gözləməsini, qızla 15-20 dəqiqə görüşüb qayıdacağını bildirmişdir. Həmin “konum’a çatdıqda iranlının “whatsapp” vasitəsilə ona atdığı şəkildəki ağaca yaxınlaşmış və ağacın dibinə qoyulan daşın altındakı 03 ədəd bükümü götürmüşdür. Daha sonra telefondakı bütün danışıqlarını silmiş və Orxanın yanına doğru hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra, təqribən saat 23 radələrində Şirin Mirzəyev 79 A ünvanının yaxınlığında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməyini istədiklərində heç bir müqavimət göstərmədən özünü təqdim etmiş və bu zaman polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək videoçəkiliş vasitəsilə ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, könüllü surətdə təqdim etməyini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonu, 01 ədəd “BakıKart” gediş kartını, 01 ədəd “Leobank” kartını və həmin şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli dəri kisənin içərisində olan elektron tərəzini və 03 ədəd bükümü çıxarıb təqdim etmiş və “patı” kimi tanıdığı narkotik maddə olduğunu demişdir. Həmin bükümlər və tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmış və ona həmin bükümlərin içərisində olan maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. O da heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra “BakıKart” gediş kartı ona geri qaytarılmış, lakin mobil telefon və “Leobank” kartı sübut əhəmiyyətli olduğu üçün polis əməkdaşı tərəfindən götürülmüşdür. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində tanışı kimi qeyd etdiyi “Orxan” adlı şəxsi uzun müddətdir ki, tanıyır. Həmin şəxsin soyadı, ata adı və yaşadığı ünvan haqqında məlumatı yoxdur. Orxanın onun tutulduğu yerə metamfetamin götürmək üçün gəldiyindən xəbəri olmamışdır, ümumiyyətlə Orxan onun narkotik maddə istifadə etdiyini bilmir. Üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi özünə məxsusdur, əvvəlcədən üzərində olmuşdur. Həmin tərəzini narkotik maddələri alarkən çəkidə aldanmamaq üçün istifadə etmişdir. Saxlanılarkən və Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 11 fevral 2025-ci il tarixdə Ş.Mirzəyev küçəsi 79A ünvanında polis tərəfindən tutularkən, eləcə də digər vaxtlarda ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir, onu döyən olmamışdır. Tərəzi də əvvəlcədən onun üzərində olmuşdur, o, tərəzini aldığı psxiotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Məhkəmə prosesində döyüldüyünü və üzərində tərəzi olmadığını bildirməsinə səbəb özünü müdafiə etmək və həbs qətimkan tədbirinin seçilməsinə mane olmaq olmuşdur. Əslində isə ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir, döyülməmişdir, ona qarşı qeyri-insani rəftara yol verilməmişdir. Onun heç bir xəsarəti yoxdur. Ekspertizadan keçmək istəmir. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə ilkin ifadələrini təsdiq edir, lakin özünü qismən təqsirli bilir. Belə ki, onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə deyil 234.1-ci mədəsinə uyğundur. Çünki o, narkotik vasitələrin satışını həyata keçirməmişdir. O, üzərindən aşkar edilmiş 03 büküm psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Tərəzi isə əvvəlcədən onun üzərində olmuşdur. Tərəzini üzərində gəzdirməkdə məqsədi aldığı psixotrop maddənin elektron tərəzi vasitəsi ilə çəkisini müəyyən edib verdiyi pula uyğun miqdarda olubolmadığını yoxlamaq olmuşdur. Bu səbəbdən də ittiham üzrə özünü qismən təqsirli bilir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni aldığı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur, həmin şəxs ona İran vətəndaşı olduğunu, lakin Bakıda yaşadığını, narkotik və psixotrop maddələr satdığını bildirmişdir. O da söhbət zamanı həmin şəxsə öz istifadəsi üçün psixotrop maddə lazım olduğunu qeyd etmişdir. Onların arasında psixotrop maddələri başqa şəxslərə çatdırmağı ilə bağlı razılaşma olmamışdır. O, həqiqətən də psixotrop maddələri öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, Orxanın ona verdiyi telefon Orxanın ikinci telefonu olmuşdur. O, Orxanın əsas işlətdiyi telefonu istəsə də Orxan həmin telefonun “zaryatka”da yəni, enerji doldurmada olduğunu bildirib ona “Tecno” markalı digər telefonunu vermiş və üzərində mobil nömrə olmadığını qeyd etmişdir. Həqiqətən də həmin telefonun üzərində mobil nömrə olmamışdır. Lakin Orxan həmin ərazidə işlədiyindən telefonu ətrafda olan kafe və restoranların “simsiz” internetinə yəni “vayfay”a qoşulu olmuş, bu səbəbdən də internetə çıxışı olmuşdur. O, dərhal “whatsapp” vasitəsilə İran vətəndaşı kimi tanıdığı həmin şəxsin nömrəsinə mesaj yazıb özünü tanıtmış və sifariş verdiyi psixotrop maddənin “konum”unu yəni, internet vasitəsi ilə konkret məkanını, kordinatını göndərməsini bildirmişdir. O, həmin şəxs ilə bir gün əvvəldən başqa bir tanışının telefonu ilə “İnstagram” vasitəsilə danışdıqda iranlı ona istədiyi 3 büküm psixotrop maddəni Q.Qarayev metrosunun yaxınlığına qoyacağını bildirmiş, o da həmin gün iranlının dediyi kart hesabına Bakı şəhərində olan xatırlamadığı marketlərin birində olan ödəmə terminalı vasitəsilə 50 manat göndərmişdir. İranlı da ona növbəti gün “whatsapp” vasitəsilə mesaj yazmağını, həmin vaxt onun üçün qoyduğu “mal”ın-yəni psixotrop maddənin “konum”unu, yəni yerini ona göndərəcəyini bildirmişdir. Ona görə də ona lazım imiş ki, həmin ərazidə iranlıya mesaj yaza bilsin ki, iranlı da ona qoyduğu yeri göndərə bilsin. Belə də olmuşdur, o, Orxanın telefonu ilə iranlıya mesaj yazmış, iranlı da ona psixotrop maddənin konumunu və qoyulduğu yerin şəkilini göndərmişdir. “Konum” və şəkil açıldıqdan sonra telefonda internet olmasına ehtiyac qalmamışdır. Bu səbəbdən də telefonda xəritəyə baxa-baxa gedib həmin yeri tapmışdır. Orxan da onunla birlikdə gəlmiş, lakin Orxana qızla görüşəcəyini demişdir. Orxanın onun əsl məqsədindən xəbəri olmamışdır. O, həmin yerə yaxınlaşdıqda Orxana gözləməsini, 10-15 dəqiqəyə qayıdacağını bildirmişdir. Orxan onunla razılaşmış və gözləmişdir. O, geri qalan qısa yolu tək başına davam etmişdir. Atılan şəkildə olan ağac şəklini tapmış, dibində olan daşı qaldırıb 03 ədəd bükümü götürüb cibinə qoymuşdur. O, geri qayıdarkən telefonda olan bütün mesajları silmişdir ki, Orxan görməsin. Bir neçə addım atdıqdan sonra polis əməkdaşları onu tutmuşdur. Daha sonra baş verənləri isə əvvəlki ifadəsində qeyd etmişdir. Həmin vaxt onun və ya Şahid4 üzərində başqa mobil telefon olmamışdır. Ümumiyyətlə, o, tutulmamışdan bir ay əvvəldən başlayaraq “İnstagram”da kimin telefonu ilə yazdığını tam xatırlamır. Hansısa tanışının telefonu ilə yazmışdır. Lakin öz hesabı ilə giriş etmişdir. O, öz “İntsagram” hesabının istifadəçi adı və parolunu, İran vətəndaşının istifadəçi adını, mobil nömrəsini və bank kart hesab nömrəsini istintaqa təqdim edə bilmir, çünki o bunları xatırlamır. Üzərindən aşkar edilən mobil telefonun arxasında bir ədəd “Etibarsızdır” yazılan bir ABŞ dolları oyuncaq mağazalarında satılan üzərində etibarsız yazılan kağız olmuşdur. Həmin kağızın heç bir dəyəri yoxdur. Ona qarşı heç bir fiziki və ya digər növ təzyiq olunmamış, ona qarşı qeyri-insani rəftara yol verilməmişdir, buna görə də bununla bağlı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 11 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr aparmışlar. 11 fevral 2025-ci il tarixdə saat 23:00 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğunu, bu səbəbdən də üstünü yoxlayacaqlarını bildirmişlər. Mayis etiraz etmədən onlarla razılaşmışdır. Daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üstünü yoxlamışlar. Videoçəkiliş onun tərəfindən həyata keçirilmişdir. Əvvəlcə Mayisə üzərində olan qanunsuz əşya, maddə və ya predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Mayis üzərində olan mobil telefonu, bank kartını, metro kartını, 03 ədəd içərisində “patı” kimi tanıdığı narkotik maddə olan bükümü və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra onun üzərinə baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükümlər və elektron tərəzi onun tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Mobil telefon və bank kartı sübut əhəmiyyətli olduğundan götürülmüş, metro kartı isə özünə geri qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 istintaqda Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Mayislə münasibətləri normal olmuşdur. Mayis 11 fevral 2025-ci il tarixdə saat təqribən 22:30-da onun əvvəllər işlədiyi Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən kafeyə gəlmişdir. O da həmin vaxt iş vaxtı bitdiyindən Mayislə birlikdə çıxmışdır. Bir az ordan-burdan söhbət etdikdən sonra Mayis ona bir qızla görüşəcəyini, lakin telefonu olmadığı üçün qızla əlaqə yarada bilmədiyini bildirmiş və qıza mesaj yazmaq üçün ondan telefonunu bir saatlıq verməyini istəmiş, telefonu Mayisə vermiş və telefonun üzərində mobil nömrə olmadığını bildirmişdir. Mayis də ona bildirmişdir ki, həmin telefon vasitəsilə ətrafda olan obyektlərin kodsuz “Wi-fi”larına qoşulub internet vasitəsilə əlaqə yaradacaqdır. O, telefonu Mayisə verdikdən sonra Mayis telefonla məşğul olmağa başlamış və qızın Mayisə yer dediyini, görüşmək üçün Mayis ora getməli olduğunu bildirmişdir. İşdə rahat vaxt olduğundan o da Mayislə getmişdir. Fikirləşmişdir ki, Mayis işini qurtarar, o da telefonu alıb qayıdar. Lakin özünə məxsus üzərində nömrə olan mobil telefonu enerjidə olduğundan həmin telefonu götürməyib kafedə saxlamışdır. Mayislə danışa-danışa yeriməyə başlamışlar. Bir qədər sonra onlar Şirin Mirzəyev küçəsi 79 A ünvanının yaxınlığına gəlmişlər. Saat təqribən 23 radələrində Mayis ona burada gözləməyini, qızla görüşüb 5-10 dəqiqəyə qayıdacağını bildirmişdir. Bu səbəbdən də o, həmin ünvanın yaxınlığında yerləşən kafenin yaxınlığında gözləmişdir. Mayis isə yolun digər tərəfinə keçmişdir. Təqribən 15 dəqiqədən sonra Mayisdən səssoraq gəlmədiyini gördükdə işlədiyi kafeyə qayıtmışdır. Lakin kafenin yaxınlığında da Mayisi tapa bilməmişdir. O, Mayisin daha sonra onu tapacağını fikirləşmişdir. Bu səbəbdən də gözləməyin mənasız olduğunu fikirləşib işi qurtardıqdan sonra yaşadığı evə getmişdir. O, daha sonra öyrənmişdir ki, Mayis narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün polis tərəfindən tutulmuşdur. O, Mayisin telefonu belə bir iş üçün istədiyini bilsəydi verməzdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2025-ci il tarixdə saat 23:00-da tutulmuşdur. - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saxlanılmış Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yoxlama aparılmamışdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzlüyün içərisində 1 ədəd “Tecno” markalı telefonu, bir ədəd “BakıKart” gediş kartını, bir ədəd “LeoBank” bank kartını, göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dəri içlikdə olan qara rəngli üzərində “AOSAİ” yazıları olan elektron tərəzini və üzərlərində ardıcıl olaraq 1 ədəd 30 P, 2 ədəd 20 P yazıları olan gümüşü kağız içində şəffaf sellofana bükülü özünün deməsinə görə 3 büküm metamfetamini təqdim etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/638 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,098 qram, 0,122 qram, 0,192 qram ümumi təmiz çəkisi 0,412 qram ağ rəngli kristallik maddə xarici görünüş və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. - əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(007)-49/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 2554 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan 0,352 qram psixotrop maddə-metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən vəkilin sorğusuna verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız tip şəxsiyyət pozuntusu, çoxsaylı özünü kəsmələrlə” diaqnozu ilə xəstəxanada stasinar müayinədə olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində elektron tərəzinin olmamasına və bir büküm psixotrop maddə-metamfetamin almasına, üzərindən aşkar edilmiş 3 büküm psixotrop maddə-metamfetaminin polis əməkdaşları tərəfindən cibinə qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs “emosional davamsız tip şəxsiyyət pozuntusu” olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,352 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,352 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar