Məhkəmə qərarları › İş №1(007)-41/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-41/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-41/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi-“Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Şamaxı rayonunun Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, üçüncü qrup əlil, məhkumluğu olmayan, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, ev 54B-də yaşayan, 26 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs, sonuncunun övladı, Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid2 yuxarı instansiya məhkəmələri vasitəsi ilə cəzasını daha yüngül cəza ilə əvəz edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsində Zərərçəkmiş şəxs 10.000 manat pulu aldıqdan sonra sonuncuya verdiyi yalan vədə inandırmaq məqsədi ilə həmin pulun 200 manatını Şahid2 barəsində çıxarılmış hökmdən kassasiya instansiyası məhkəməsinə şikayətin yazılması məqsədi ilə fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan X4 vermiş, daha sonra Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəlmiş cinayətkar hərəkətlərini davam etdirərək, guya məsələnin həlli üçün 19 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs övladı Şahid1 vasitəsi ilə göndərdiyi 6000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 15.800 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2006-cı ildən tanımış, taksi avtomobili sürən Əfqanla müştəri kimi tanış olmuşdur. Həmin vaxtdan sonra münasibətləri yaxşılaşmış, bir-birlərinin evinə qonaq getmiş, hətta Əfqanın oğlu Nihadın kirvəsi olmuşdur. Məlum pandemiya dövründə bir müddət Əfqanla görüşə bilməmiş, 2022-ci ilin aprel ayında görüşən zaman Əfqanın oğlu Fəqanın azyaşlı qızla cinsi əlaqədə olduğu üçün həbs edildiyi, artıq bir ildir ki, həbsdə olduğu Əfqanın öz deməsi ilə ona məlum olmuşdur. Həmin vaxt o, Əfqana oğlunu həbsdən çıxarmağa köməlik edəcəyini demişdir. Bir müddət sonra Əfqana yalandan 16.000 manata oğlunu həbsdən çıxarda biləcəyini demiş, həmin vaxt Əfqan ona 2 günə 10.000 manat pulu təşkil edib verəcəyini bildirmişdir. 16 iyun 2022-ci il tarixdə Əfqan qardaşı Mahir ilə birlikdə onunla zəngləşib “Planet” şadlıq sarayının arxasında olan kafedə görüşmüşlər. Həmin vaxt onlar üçü birlikdə Fəqanın işini bir daha ətralı müzakirə etmişlər, Əfqan ona Fəqanın məhkum edilməsinə dair məhkəmə hökmünü də vermişdir. Daha sonra onlar kafedən çıxmışlar və Əfqan onu öz avtombilində qardaşı ilə birlikdə Suraxanı rayonu Bahar qəsəbəsinə bacısının evinə aparmışdır. Bahar qəsəbəsində avtomobildə Əfqanın qardaşı Mahir 10.000 manat pulu sayıb ona vermiş, o da pulu sayıb qəbul etmişdir. Bundan sonra Əfqanla bir neçə dəfə görüşmüş, hər dəfə Əfqana narahat olmamağını, hər şeyin yaxşı olacağını demişdir. Hətta Əfqanla birlikdə bir dəfə oğlu Fəqanın yanına 3 saylı istintaq təcridxanasına da getmişdir. Orada o, Fəqana, onu buraxdıracağını, lakin bunun yalnız Ali Məhkəmə vasitəsi ilə mümkün olacağını, çünki əlaqələrinin Ali Məhkəmədə olduğunu demişdir. Bundan sonra Apellyasiya Məhkəməsində 08 iyul 2022-ci il tarixdə proses yekunlaşmış və Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin vaxt o, Apellyasiya Məhkəməsindən qərarı götürüb yeni vəkilə Ali Məhkəməyə kassasiya şikayəti yazdıracağını Əfqana demiş, lakin sonradan gedə bilməmiş və Əfqan tək gedib Apellyasiya Məhkəməsindən qərarı götürmüş və ona vermişdir. Həmin vaxt o, Əfqana, kassasiya şikayətini yazmaq üçün bütün zəruri sənədləri vəkilə çatdıracağını bildirmişdir. 16 avqust 2022-ci il tarixdə Əfqana zəng vurmuş və vəkilin yanında müqaviləyə imza etmək məqsədi ilə Yasamal rayonunda yerləşən “Salyanski” kazarmanın yanına gəlməyini demişdir. Daha sonra onlar orada görüşmüşlər və Akif adlı vəkillə söhbət etmiş, Əfqan vəkildən oğluna köməklik mümkün olub-olmayacağını soruşmuş, vəkil isə çalışacağını demiş, lakin heç nəyə söz verməmişdir. Orada o, vəkillə müqavilə pulunu danışmış, vəkil əvvəl 500 manat istəmiş, lakin o, 200 manata razılaşdırmış və vəkil müqavilə tərtib edən zaman 200 manat pulu vermişdir. Daha sonra vəkil müqaviləni tərtib edib qurtarmış və Əfqan müqaviləni imzalamışdır. Bundan sonra Əfqana zəng etmiş, yalandan “müəllimin” Ali Məhkəmənin sədrinin köməkçisi ilə danışdığını demiş və qalıq qalan 6000 manat pulun mütləq çatmalı olduğunu bildirmişdir. Əfqan özünün evdə olmadığını, lakin gedib oğlu Rəvandan pulu götürə biləcəyini ona demişdir. 19 avqust 2022-ci il tarixdə o, Əfqanın yaşadığı ünvana getmiş və Rəvanla görüşmüş, ondan 6000 manat pulu alıb oradan çıxıb getmişdir. O, Əfqandan götürdüyü pulları öz ehtiyaclarına xərcləmiş, bir müddət sonra pul qazanıb qaytaracağını düşünmüş, lakin imkanı yaxşılaşmadığı üçün pulu qaytara bilməmiş, Əfqan isə ondan şikayət etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Əməlindən səmimi peşmandır. Həmin halları və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyini nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Fəqan 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə həbs edilmiş, Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Fəqanın cəzasının azaldılmasına çalışsa da buna nail ola bilməmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs ilə təxminən 2022-ci ilin may ayında görüşən zaman Anar oğlunun həbs olunduğunu bilmiş və özünün tanışı olduğunu, həmin şəxslə görüşəcəyini və oğluna köməklik etməsi barədə danışacağını bildirmişdir. Təxminən 2-3 gün sonra onlar yenə də görüşmüşlər və Anar oğluna təyin edilmiş cəzanın Apellyasiya Məhkəməsində azaldılması məqsədi ilə 16.000 manat pul lazım olacağını ona bildirmişdir. Həmin vaxt o, 16.000 manat pulu olmadığını, 10.000 manat təşkil edə biləcəyini demiş, Anar isə artıq danışdığını, özünə heç nə qalmadığını, ondan heç nə ummadığını və 16.000 manatın “Çingiz” adlı müəllimə tam verilməli olduğunu, “Çingiz” müəllimin güya Şuşa şəhərində tikinti işlərinin başında dayanan şəxslərdən biri olduğunu demişdir. Buna görə o, iki günə 10.000 manat pulu təşkil edib verəcəyini Anara demişdir. Bundan sonra 16 iyun 2022-ci il tarixdə qardaşı Mahir ilə birlikdə Anarla zəngləşib Nizami rayonunda yerləşən “Planet” şadlıq sarayının arxasında olan kafedə görüşmüşlər. Həmin vaxt onlar üçü birlikdə oğlunun işini bir daha ətralı müzakirə etmişlər, o, “müəllim” adlandırdığı şəxslə bir daha danışmasını, onu da tanış etməsini, məsələni bir qədər aşağı, yəni 10.000 manata həl edə bilib-bilmədiyini soruşmasını Anardan xahiş etmiş, həmçinin Anara oğlu Əfqanın məhkum edilməsinə dair məhkəmə hökmünü də vermişdir. Orada Anar onlardan bir qədər kənarlaşıb “müəllim” adlandırdığı şəxsə zəng edib danışmış, sonra isə yanlarına qayıdıb, məsələnin həllinin 16.000 manatdan aşağı mümkün olmadığını bildirmişdir. Həmin vaxt o, 16.000 manat pul verəcəyi halda oğlunun aqibətinin necə olacağını, məhkəmədən azadlığa buraxılacağını Anardan soruşmuş, Anar isə Fəqanın şərti sınaq müddəti təyin edilməklə buraxılacağını, lakin “müəllimin” məsələ ilə əlaqədar Apellyasiya Məhkəməsində heç bir köməklik mümkün olmayacağını, məsələnin Ali Məhkəmədə həll ediləcəyini dediyini bildirmişdir. Daha sonra onlar həmin kafedən çıxmışlar və Anarı onun avtomobilində qardaşı ilə birlikdə Suraxanı rayonu Bahar qəsəbəsinə Anarın bacısının evinə aparmışlar. Həmin vaxt Bahar qəsəbəsində avtomobildə qardaşı 10.000 manat pulu sayıb Anara vermiş, Anar da pulu saymış və qəbul etmişdir. Orada Anar oğlunun işi ilə ciddi məşğul olacağını, məsələni həll edəcəyini, hər şeyin yaxşı olacağını demişdir. Bundan sonra o, Anarla bir neçə dəfə görüşmüş, hər dəfə Anar narahat olmamağını, hər şeyin yaxşı olacağını ona demişdir. Hətta bir dəfə Anar onunla birlikdə oğlu Fəqanın yanına 3 saylı istintaq təcridxanasına da getmişdir. Orada Anar oğluna da onu buraxdıracağına söz vermiş, lakin bunun yalnız Ali Məhkəmə vasitəsi ilə mümkün olacağını, adamının Ali Məhkəmədə olduğunu bildirmişdir. Bundan sonra Apellyasiya Məhkəməsində 08 iyul 2022-ci il tarixdə proses yekunlaşmış və Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin vaxt Anar gedib Apellyasiya Məhkəməsindən qərarı götürüb yeni vəkilə Ali Məhkəməyə kassasiya şikayətini yazdıracağını demiş, lakin sonradan Anar onunla gəlməmiş və o, tək gedib Apellyasiya Məhkəməsindən qərarı götürərək Anara vermişdir. Həmin vaxt Anar kassasiya şikayətini yazmaq üçün bütün zəruri sənədləri özünün vəkilə çatdıracağını demişdir. 16 avust 2022-ci il tarixdə Anar ona zəng vurmuş və vəkilin yanında müqaviləyə imza etmək məqsədi ilə Yasamal rayonunda yerləşən “Salyanski” kazarmanın yanına gəlməyini istəmişdir. Buna görə o, həmin yerə getmiş və Anarla görüşüb birlikdə yaxında olan binanın 8-ci mərtəbəsinə qalxmışdır. Orada Anar adını sonradan bildiyi Akif adlı vəkillə onu tanış etmiş, o, vəkildən oğluna köməklik mümkün olub-olmayacağını soruşmuş, vəkil isə çalışacağını demiş, lakin heç nəyə söz verməmişdir. Orada Anar vəkillə müqavilə pulunu danışmış, vəkil əvvəl 500 manat istəmiş, lakin Anar 200 manata razılaşdırmış və vəkil müqavilə tərtib edən zaman 200 manat pul vermişdir. Daha sonra vəkil müqaviləni tərtib edib qurtarmış və o, müqaviləni imzalamış, vəkil ilə əsasən Anar danışmışdır. Daha sonra Anar ona zəng etmiş, “müəllimin” Ali Məhkəmənin sədrinin köməkçisi ilə danışdığını demiş və qalıq qalan 6.000 manat pulun mütləq çatmalı olduğunu, “müəllimin” Şuşa şəhərinə getdiyini, pulu tez çatdırmaq lazım olduğunu demişdir. Həmin gün, yəni 19 avqust 2022-ci il tarixdə o, Babək prospektindəki maşın bazarında olduğundan o, pulu oğlu Rəvandan götürə biləcəyini demişdir. Həmin gün günorta saatlarında Anar yaşadığı binanın həyətinə getmiş və oğlu Rəvan orada Anara 6.000 manat pul vermiş, həmin vaxt oğlu tək olmuşdur. Bundan sonra görüşəndə Anar ən geci oktyabr ayında oğluna köməklik ediləcəyini, azadlığa buraxılacağını ona demişdir. Həmin ilin oktabr ayı bitəndə o, Anarla danışmış, Anar Ali Məhkəmədə işi onun “adamı” qəbul etməli olduğunu, işin həmin şəxsə gedib çatmalı olduğunu, hələ ki, çatmadığını bildirmişdir. Həmin ilin noyabr ayında o, çətinliklə Anarla görüşə bilmiş, Anar 2023-cü ilin fevral ayı üçün işin həll olunacağını demiş, belə bəhanələr gətirib onu aldatmışdır. Bundan sonra o, fevral ayınadək gözləmiş, lakin bir xəbər olmamış, Anarla da əlaqə saxlaya bilməmiş və buna görə artıq Anardan şübhələnməyə başlamışdır. Buna görə Ali Məhkəməyə getmiş, orada oğlunun prosesinin 01 mart 2023-cü il tarixə təyin edildiyini bilmişdir. Daha sonra Anara vatsapa məhkəmənin nə vaxt olacağı barədə səs atmış, Anar da həmin gün axşam zəng etmiş və vəkildən öyrənib deyəcəyini bildirmişdir. O, hansı səbəbdən uzun müddətdir onunla görüşmədiyini, zənglərinə cavab vermədiyini soruşduqda Anar guya Şuşada olduğunu, orada telefon danışıqlarına icazə verilmədiyini ona demişdir. Növbəti gün Anar ona zəng etmiş və Ali Məhkəmədə prosesin 01 mart 2023-cü il tarixə təyin edildiyini demişdir. Bundan sonra o, tək 01 mart 2023-cü il tarixdə Ali Məhkəməyə getmiş və orada prosesin başa çatdığını, əvvəl verilmiş cəzanın qüvvəsində saxlanıldığını ona demişlər. Buna görə o, Anara zəng vurmuş və bu barədə soruşmuş, Anar isə görüşüb danışacağını bildirmişdir. Daha sonra o, Anarla görüşə bilməmiş, yalnız telefonla danışmış, Anar görüşdən yayınmış, telefonla danışanda isə işə Ali Məhkəmədə yenidən baxılacağını bildirmişdir. Bundan sonra o, Anarla 06 mart 2023-cü il tarixdə Şamaxı rayonunun Həmyəli kəndində anasının hüzr məclisində görüşmüş, orada Anar yenə də məsələni həll edəcəyinə söz vermiş və onu Bakı şəhərinə yol avtomobili ilə tez yola salmış, Bakıda görüşəcəyini demişdir. Bundan sonra o, Anarla Bakı şəhərində görüşmüş və pulunu geri tələb etmiş, lakin Anar müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. O, vəkil Akif Əliyevlə görüşən zaman vəkil Anarın ondan 16.000 manat pul aldığını bilməmiş, bu barədə ümumiyyətlə söhbət etməmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri 50 saylı notariat ofisində 13 dekabr 2024-cü il tarixdə təsdiqlənərək reyestrdə 8İ-14669 nömrəsi ilə qeydə alınmış ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Əfqanın oğlu Fəqan 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə həbs edilmiş, Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixdə həmin maddə ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əfqan Fəqanın cəzasının azaldılmasına çalışsa da buna nail ola bilməmişdir. Bundan sonra Əfqanın tanışı Anar ona köməklik edəcəyini demiş, Fəqanı buraxdıracağına söz vermiş, bu məqsədlə də Əfqandan 16.000 manat pul istəmişdir. Həmin məqsədlə qardaşı ondan borca pul istəmiş, lakin o, qardaşına Anara inanmamağını demişdir, çünki Anarı iş bacaran kimi tanımamış, fırıldaq adam kimi tanımış, lakin Əfqan Anara inandığını demişdir. 16 iyun 2022-ci il tarixdə Əfqanla birlikdə Anarla zəngləşib “Planet” şadlıq sarayının arxasında olan kafedə görüşmüşlər. Həmin vaxt onlar üçü birlikdə Fəqanın işini bir daha ətralı müzakirə etmişlər, Əfqan Anardan “müəllim” adlandırdığı şəxslə bir daha danşmasını, onu da tanış etməsini, məsələni bir qədər aşağı, yəni 10.000 manata həl edə bilib-bilmədiyini sorşmasını xahiş etmiş, həmçinin Fəqanın məhkum edilməsinə dair məhkəmə hökmünü də vermişdir. Orada Anar onlardan bir qədər kənarlaşıb “müəllim” adlandırdığı şəxsə zəng edib danışmış, sonra isə yanlarına qayıdıb, məsələnin həllinin 16.000 manatdan aşağı mümkün olmadığını bildirmişdir. Əfqan 16.000 manat pul verəcəyi halda oğlunun aqibətinin necə olacağını, məhkəmədən azadlığa buraxılacağını soruşmuş, Anar isə Fəqanın şərti sınaq müddəti təyin edilməklə buraxılacağını, lakin “müəllimin” məsələ ilə əlaqədar Apellyasiya Məhkəməsində heç bir köməklik mümkün olmayacağını, məsələnin Ali Məhkəmədə həll ediləcəyini dediyini bildirmişdir. Daha sonra onlar üçü də kafedən çıxmışlar və Anarı onun avtomobilində qardaşı ilə birlikdə Suraxanı rayonu Bahar qəsəbəsinə bacısının evinə aparmışlar. Həmin vaxt Bahar qəsəbəsində avtomobildə o, 10.000 manat pulu sayıb Anara vermiş, Anar da pulu saymış və qəbul etmişdir. X7 işi ilə ciddi məşğul olacağını, məsələni həll edəcəyini, hər şeyin yaxşı olacağını demişdir. Daha sonra Anar qardaşı Əfqandan onun oğlu Rəvan vasitəsi ilə yaşadığı binanın həyətində 6.000 manat pulu da almışdır. Sonradan Anarın onun qardaşını aldatdığı, Fəqana heç bir köməklik etmədiyi, 6.000 manat pulu da qardaşı Əfqana “atdığı” məlum olmuşdur. Bununla bağlı qardaşı dəfələrlə Anarla görüşsə də və telefonla danışsa da Anar müxtəlif bəhanlər gətirib pulu qaytarmamış, Anar pulu qaytarmadığı üçün qardaşı Əfqan ondan polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Fəqan 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə həbs edilmiş, Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixdə həmin maddə ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X6 cəzasının azaldılmasına çalışsa da buna nail ola bilməmişdir. Bundan sonra atasının tanışı Anar köməklik edəcəyini demiş, Fəqanı buraxdıracağına söz vermiş, bu məqsədlə də atasından 16.000 manat pul istəmişdir. Atası əvvəl əmisi Mahir ilə birlikdə Anarla görüşüb ona 10.000 manat pul vermişdir. 19 avqust 2022-ci il tarixdə o, evdə olan zaman atası ona zəng etmiş, Anarın məhəllələrinə gələcəyini demiş və evdə 6.000 manat pulu saxladığı yeri bildirmiş, həmin pulu Anara verməyini tapşırmışdır. Buna görə o, həmin pulu götürüb yaşadıqları binanın həyətində Anarla görüşərək pulu vermiş, Anar da pulu sayıb təhvil almışdır. Sonradan Anarın onun atasını aldatdığı, qardaşına heç bir köməklik etmədiyi, 16.000 manat pulu da atasına “atdığı” məlum olmuşdur. Bununla bağlı atası dəfələrlə Anarla görüşsə də və telefonla danışsa da, Anar müxtəlif bəhanlər gətirib pulu qaytarmamışdır. Həmin vaxtdan evlərində qan-qaraçılıq olmuş, atası həmişə evdə əsəbi qalmış, Anar pulu qaytarmadığı üçün polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə həbs edilmiş, Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixdə həmin maddə ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Atası ona köməklik edilməsi üçün cəzasının azaldılmasına çalışmış, lakin buna nail ola bilməmişdir. Bundan sonra atasının tanışı Anar ona köməklik edəcəyini demiş, onu buraxdıracağına söz vermiş, bu məqsədlə atasından 16.000 manat pul istəmiş, atası da həmin pulu Anara vermişdir. O, 3 saylı istintaq təcridxanasında həbsdə olan zaman bir dəfə Anar onun atası ilə birlikdə yanına gəlmişdir. Həmin vaxt Anar ona hadisə barədə özünə niyə vaxtında xəbər vermədiyini demiş, buna görə öz iradını bildirmiş və ona köməklik edəcəyini, məsələni Ali Məhkəmədə həll edəcəyini demişdir. Lakin Ali Məhkəmədə işinə baxılsa da ona təyin edilmiş cəza qüvvəsində saxlanılmışdır. 16 noyabr 2023-cü il tarixdə o, 1 il 3 ay vaxtından əvvəl cəzadan azad edilmişdir. Bundan sonra Anarın onun atasını aldatdığı, ona heç bir köməklik etmədiyi, 16.000 manat pulu da atasına “atdığı” ona məlum olmuşdur. Bununla bağlı atası dəfələrlə Anarla görüşsə də və telefonla danışsa da Anar müxtəlif bəhanlər gətirib pulu qaytarmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il və 19 avqust 2022-ci il tarixlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs cəmi 16000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 yanvar 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-7) - 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə, onun təqdim etdiyi CD diskə baxış keçirilmişdir. Həmin diskdə olan 03 ədəd faylda zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasındakı telefon danışıqlarının səs yazıları vardır. Bütün danışıqlarda Təqsirləndirilən şəxs müxtəlif tarixlər qeyd edərək, həmin tarixdə pulu qaytaracağına vəd verir, and içir. Zərərçəkmiş şəxs pulu öz uşağının işinin həlli üçün verdiyini deyir, Təqsirləndirilən şəxs da bunu təsdiq edərək, işi həll edəcəyinə bir daha söz verir. (i.v. 46) - 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi, onun Təqsirləndirilən şəxs ilə səs yazıları olan 01 ədəd CD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 29,312 və 34.2,312-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs aldatma yolu ilə əldə etdiyi 16.000 manat puldan 200 manat pulu Zərərçəkmiş şəxs oğlunun barəsində olan hökmdən kassasiya şikayətinin yazılması üçün fərdi qaydada fəaliyyət göstərən vəkil X4 müqavilə üzrə xidmət haqqı kimi ödəməsi, bununla da faktiki olaraq 15.800 manat pulun ələ keçirilməsi nəzərə alınmışdır. (i.v. 86-92) - 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 111-112) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli tələbnamədən, hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə həmin hökm ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın zərərçəkmiş şəxs X2 qarşı dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, bu epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 58-60, 67-73, 80-85) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, o, "xxxx" ASC-nin Baş Ofisində 05 yanvar 2025-ci il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 15.800 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 3950 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Belə ki, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələridir (Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi). Bu baxımdan əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar. Nəzərə alınmalıdır ki, qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olmaqla, cinayət qanunvericiliyinin vəzifələrinin icrasının mümkünsüzlüyünə gətirib çıxara bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini 16 iyun 2022-ci il və 19 avqust 2022-ci il tarixlərdə vahid niyyətlə törətdikdən sonra, birinci instansiya məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə, 2021ci ilin avqust ayının ortalarında törətdiyi dələduzluq əməlinə görə cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən CM-nin 73-1.1-ci maddəsinə əsasən azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş şəxs olaraq məsuliyyətdən azad edilənədək törətmiş olduğu hazırkı cinayət əməlinə görə də cinayət məsuliyyətindən azad olunmasına mane olan hallar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Maddi sübut qismində tanınmış içərisində səs yazıları olan 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar