Məhkəmə qərarları › İş №1(007)-412/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-412/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-412/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, Nərimanov Bələdiyyəsində əmlak və torpaq vergisi ödəyicisi kimi vergi uçotunda olan Tural Kərimov adlı şəxs qanunla nəzərdə tutulmuş qaydada bələdiyyə tərəfindən vergi borcunun hesablanmasına etiraz olaraq müxtəlif dövlət orqanlarına əsassız və yalan müraciətlər edərək barəsində təhqiredici və böhtan xarakterli məlumat verməklə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmiş, həmçinin bilə-bilə tərəfindən guya cinayət törədilməsi barədə yalan məlumatlar vermişdir. Belə ki, onu cinayət törətməkdə və cinayət xarakterli əməllərdə ağır ittiham edərək yuxarı instansiyalara, o cümlədən Ədliyyə Nazirliyi və digər təşkilatlara rəsmi şəkildə müraciət edərək yalan məlumat verməklə onun şərəf və ləyaqətini ləkələməklə, işgüzar nüfuzuna xələl gətirmişdir. 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciətində qeyd etmişdir ki, “həmin rayonun bələdiyyə sədri Təmraz Tağıvevin qanunsuz hərəkətləri, onlara-sahibkarlara qarşı küçə davranışları artıq dözülməz hala gəlmişdir. Belə ki, sahibkarlara saxta, mənbəyi olmayan borclar yazaraq mənimsəyir, onlara köçürmə deyil, nağd şəkildə güzəşt edib, az ödətdirərək qəbz vermədən mənimsəyir.” Həmçinin həmin şikayət ərizəsində vurğulamışdır ki, "Hörmətli Rəhman müəllim. Təmraz Tağıvev cənab Prezidentin sərəncamlarına niyə məhəl qoymur? Kimdir buna bu cürəti verən? Qeyd olunan məlumatların yalan olduğunu bilə-bilə həmin fikirlərin öz ərizələrində, həmçinin də ayrı-ayrı instansiyalara müraciətlərində təkrarən ağır cinayətlərin törədilməsində həqiqətə uyğun olmayan məlumatları səsləndirərək tədbir görülməsini xahiş edir. Belə ki, sonuncu müraciətində yalan məlumatları bildirməklə ağır cinayəti törədəcəyi hədəsi ilə qeyd etməklə T.T.Tağıyev mərkəzə hücum edərək təhqiramiz küçə söyüşləri ilə onları yaşatmayacağı ilə hədələməsi ağır cinayətdə ittiham etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ aşağıdakı şəkildə təsbit olunmuşdur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi-mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Ali Məhkəmənin istinad olunan Plenumunun qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan xarakterli məlumatlar məktub, ərizə və şikayətlərdə göstərilməklə və.s üsullarla da yayıla bilər. Hər kəsin (hüquqi və ya fiziki) şərəfi, ləyaqəti və nüfuzu bir-bir ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, həm Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində, həm də 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin, ləyaqətin alçaldılmasına əsas verə bilməz. Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasında cəmiyyətin hər tərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində təsbit olunmuşdur. Eyni zamanda Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüqüqu təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmalıdır. Nəzərə alınmalıdır ki, "İnsan Hüquqları və X6 haqqında" Konvensiyanın 9-10-cu maddələrində də fikir və azadlıqların həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Göründüyü kimi, istər milli hüquq, istərsə də beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtər ehtiva edir. Bu gün demokratik dövlət quruculuğu yolunda inkişaf edən dövlətimiz də mənəviyyatın qorunması, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi məqsədilə demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə bu hüquqları qanunla məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə - iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147-148-ci maddələrində qeyd olunur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması: bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Göründüyü kimi, Tural Kərimov tərəfindən onun barəsidə şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olan məlumatların yayılması tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının MM-nin 23.2-ci maddəsinin tələbinə görə isə bu halda həmin məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla yanaşı qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri onda dərin sarsıntıların yaranmasına və iztirabların keçirilməsinə səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və va işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH 2009 qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.` Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999cu il tarixli "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Qərarının 13-cü bəndinə görə isə vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Həmin Qərarın 14-cü bəndinə əsasən mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2014-cü il 21 fevral tarixli 3 nömrəli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümyiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Eyni zamanda həmin qərarda məhkəmələrin diqqətinə çatdırılır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nın 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Yəni, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvan başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Əlavə olaraq bildirmişdir ki, ərizədə adı qeyd olunan şəxsin adı, soyadı və imzası sənədlərlə uyğunsuzluq təşkil edir. Ərizənin müraciət hissəsində X8 göstərildiyi halda, ərizəni T.Abuzərli imzalamışdır. Şikayətin faktiki hallarına və hüquqi əsaslarına görə hesab edir ki, ona qarşı böhtan və təhqir xarakterli halları törətmiş X3 əməllərində CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur və buna görə də o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Qeyd olunanları nəzərə alıb X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələr əsasında onun azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi Müdafiəçi2 şikayəti müdafiə edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X8 hüquqlarını müdafiə etdiyi X9 barəsində yuxarı orqanlara və digər təşkilatlara həqiqətə uyğun olmayan yalan məlumatlar, həmçinin yalan olduğunu bilərək ağır cinayətdə ittiham etməklə xüsusi ifadələr işlətmişdir. Bu ifadələri yazılı şəkildə onlar təqdim etmişlər və nəzarət qaydasında bir neçə şəxslər tərəfindən araşdırılmasını xahiş etmişlər. Sonda isə bu müraciətlər aidiyyəti üzrə bələdiyyənin özünə yönəldilmişdir. Orada isə icraata qəbul olunaraq araşdırılmış və məlumat verilmişdir. Ağır cinayətdə ittiham etməyinin mahiyyəti ondan ibarətdir ki, X8 birbaşa olaraq rəsmi yazısı ilə bildirmişdir ki, Nərimanov rayon Bələdiyyəsinin sədri X9 öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək, sahibkarlarla əlaqəyə girməklə, onlara yüksək məbləğdə borc yazdırmaqla açıq sövdələşməyə girmiş və pulu nağd şəkildə alaraq mənimsəmişdir. Doğru dan da belə bir şey varsa hər bir şəxs, o cümlədən vəzifəli şəxslər cəzalandırılmalıdır. Hüquqlarını müdafiə etdiyi X9 özü də kifayət qədər tanınmış, hörmətli bir şəxsdir. 27 il fasiləsiz olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədri olmuşdur, həmin müddətdə qüsursuz işləmiş, barəsində heç bir böhtan, təhqir xarakterli iş olmamışdır. Həm bələdiyyənin sədri olmuş, həm də Respublika Bələdiyyələr Assosiasiyasının sədri olmuşdur. X10 Bələdiyyələr Assosiasiyasının sədrinin müavinidir. Eyni zamanda Avropa Şurasında bələdiyyələrin xüsusi nümayəndəsidir. X1 olaraq əmlakı var və o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Son vaxtlar isə bu obyekti icarəyə vermişdir. Qanunvericiliyin tələblərinə əsasən isə buna görə əmlak vergisi və torpaq vergisi müəyyən olunmuşdur. Bələdiyyə tərəfindən X5 mülkiyyətində və istifadəsində olan əmlaklar barəsində xəbərdarlıq edilərək onun bələdiyyə vergisi borcu yarandığı bildirilmişdir. O isə bu xəbərdarlığa məhəl qoymamışdır. Daha sonra isə bu xəbərdarlıq yenidən göndərilmişdir. Bu da bir nəticə vermədiyindən, vergilərin yığılması haqqında təlimata uyğun olaraq şəxsin özünə məlumat verildikdən sonra bu məsələ iclasda müzakirəyə qaldırılmışdır. Kərimov Tural özü də dəvət olunmuş, lakin o gəlməmişdir. Daha sonra isə bələdiyyə tərəfindən 4369 manat borcun tutulması ilə bağlı qərar qəbul edilərək, icra olunması üçün müvafiq icra orqanına yönəldilmişdir. Həmin icra sənədi əsasında Kərimov Turala bildirilmişdir ki, könüllü olaraq borcu ödəmədiyi halda məcburi icra tədbirləri həyata keçiriləcəkdir. Bundan sonra X8 qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmədə yeganə əsası o olmuşdur ki, bələdiyyənin iclasında qəbul edilmiş qərar və həmin qərarın X5 göndərilməsi ilə bağlı işin içində çatdırılma bildirişləri yoxdur. Buna görə də hesab etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur və şəxsə iclasda iştirak etməsi ilə bağlı məlumat verilməmişdir. Bu əsasla isə Nərimanov rayon Bələdiyyəsinin qərarı ləğv edilmişdir. Bundan sonra yenidən bələdiyyə tərəfindən borcun ödənilməsi ilə bağlı X5 bildiriş göndərilmişdir. O, sadəcə başa düşməlidir ki, qəbul edilmiş qərar borcun ləğv edilməsi ilə bağlı deyildi, yəni borcun silinməsi ilə hər hansı bir göstəriş yoxdur. Yenidən tədiyə bildirişi göndərildikdə isə artıq şəxsdə aqressiya yaranmışdır ki, qərar ləğv edilib, lakin yenidən bildiriş göndərilir. Məhkəmədə isə X3 nümayəndəsi bildirmişdir ki, onlar pulu nağd şəkildə X7 ödəmişlər. Vergi yığılması ilə bağlı səlahiyyətli şəxslər məşğul olurlar. Tağıyev Təmraz isə belə bir şey olmadığını deyir və bildirir ki, X3 atasını da tanıyır, əgər belə bir şey olmuş olsa idi ən azından bu barədə ona məlumat verərdilər. Yuxarı orqanlara yazılan müraciətlərdə də böhtan və ittiham xarakterli ifadələr vardır. Bu ictimailəşdirilməsə belə yuxarı orqanlara edilən müraciət şəxs barəsində məlumatın yayılmasıdır və hesab edirlər ki, bu müraciət müraciətə baxan bir neçə insanın əlindən keçmiş və yenidən bələdiyyəyə qayıtmışdır, həmçinin orada qeyd olunmuşdur ki, X8 pulu mənimsəmişdir. Əgər yazsa idi ki, onlardan pul mənimsənilib bunu başa düşmək olardı. X2 qeyd etmişdir ki, Tağıyev Təmraz sahibkarlarla əlaqəyə girib pulu mənimsəyir. Hesab edirlər ki, bunlar həqiqətə uyğun olmayan məlumatlardır və şəxsin ağır cinayətdə ittiham olunmasıdır. Bələdiyyələrdə ay ərzində 100.000 manatdan yuxarı vergi yığılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanması və qeyd edilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, işin hallarından da görünür ki, tərəflər arasında mülki məhkəmə mübahisəsi olmuş, qarşı tərəf isə həmin mübahisəni məhkəmə qaydasında uduzmuşdur. Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin dispozisiyası qədər açıq və səlis yazılan digər maddə tapmaq çətindir. Çünki həmin maddələrdə konkret hallar göstərilmişdir. CM-nin 147.2-ci maddəsində ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma nəzərdə tutulmuşdur. Qarşı tərəf isə konkret olaraq hansı cinayətdə ittiham etdiyini söyləyə bilməmişdir. Burada hansı məbləğdən söhbət getdiyi naməlumdur, bəs ağır və ya xüsusilə ağır cinayətdə ittiham olunma nə ilə sübut olunur. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. X8 ona qarşı olan haqsızlıqlara qarşı dövlət orqanlarına şikayət yazır, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində göstərilən maddələrin heç birinin tərkibi yoxdur və işin məhkəmə baxışına təyin edilməsinə heç bir əsas yoxdur, bundan əlavə ilkin sübutlar da təqdim olunmamışdır. Əgər iş məhkəmə baxışına təyin olunarsa bu məhkəmə üçün sadəcə olaraq vaxt itkisinə səbəb olacaqdır. Buna görə də şikayətin icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Cinayət qanunvericiliyinə görə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs böhtan və təhqir xarakterli məlumatların şikayətdə əks olunduğunu qeyd etmişdir. Göründüyü kimi böhtan və təhqir xarakterli məlumatların şikayətdə əks olunması həmin şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsini istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar