Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-413/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi – “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, X10 Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və X2 Mərkəzinə ərizə yazaraq ərizənin mətnində bildirmişdir ki: “ Hörmətli hakim, bildirmək istəyirəm ki, bir neçə vaxt əvvəl sosial şəbəkədə X2 Mərkəzinin rəsmi YouTube səhifəsində vəkil Sümbülə Əliyeva ilə bağlı müraciəti izlədim. Həmin müraciətdə AR Vəkillər Kollegiyasının Sədri Anar Bağırov tənqid olundu, həmçinin siz işə baxan hakim Mahmud Ağalarov da. X2 Mərkəzinin heyətinin üzvü - keçmiş vəkil Zaman Səmədov (Ali Məhkəmənin qərarı ilə Vəkillər Kollegiyasından xaric olunmuş) mənim, ailəmin, dost-yanış və s. həmçinin aramızda uzun illər “dostluq” münasibəti olmuş, 2017-2018-ci illər idi bir gün həmişəki kimi iş saatlarından sonra metro M.Əcəmi yaxınlığında Şaurma kafesində görüşərkən mənə bildirdi ki, 1 saylıdan keçirəm 2 saylı məsləhətxanaya, müdürəmiz Dümbülə (Zaman Səmədov qadına lağ edirdi, Sümbülə yox Dümbülə kimi adını səsləndirdi) dələduzluq edib, iki yüz min manat DSMF-na keçən pulları mənimsəyib, biz vəkillər pensiya pulu almıyacıq. Dümbülə dəb-dəbəli həyat yaşayır, qızını xaricdə oxutdurur, ərinə bahalı maşın alıb. Zaman Səmədov hər dəfə Sümbülə Əliyeva haqqında mənfi fikirlər səsləndirirdi, (qadından zəhləsi getdiyini, qadının hüquq sahəsində savadsız və necə vəkil olmağını, niyə görə məsləhətxananın müdürü olmalıdır). Hətta 1 saylı hüquq məsləhətxanasında Sümbülə Əliyevanın qardaşının həyat yoldaşı İlahə adlı qadın katibə vəzifəsində çalışırdı, Zaman Səmədov, həmin qadına sevgi etirafları sms yolluyaraq, onu sevdiyini, onunla isti münasibət qurmaq istədiyi haqqında da mənə danışırdı. Zaman Səmədov mənə bildirmişdi ki, İlahə, Dümbülənin dələduzluqla bağlı xəbəri yayılanda, ərindən boşanmış və işdən çıxmışdı. Zaman, Sümbülə Əliyevaya o qədər nifrət edirdi ki, Sümbülə Əliyeva haqqında anonum bir şikayət məktub hansısa xəbər saytlarına göndərmiş. Mənə deyirdi ki, Müsavatın jurnalistlərin işini aparıram, xəbər saytlarına məlumat verə bilirəm. Vəkil Sümbülə Əliyeva haqqında mənə həm vəkilim, həm də “dostum” S.Zaman demiş. Lakin yazdığım ərizədə X2 Mərkəzi, vəkil Sümbülə Əliyevanın cinayət işində hakimin qərəzli yanaşmasını, Anar Bağırovun bu işdə maraqlı olmağını sosial şəbəkədə gündəmə gətirməsi, şəxsən məni sarsıtdı. X2 Mərkəzi, o mərkəz ki, hakimləri tənqid edir, amma öz sıralarında heyətin üzvü Zaman Səmədov məni 2020-ci ildə Xəzər Rayon Pİ-də şərləmiş, lakin həmin cinayət işinə bəraətverici əsasla xitam verilmiş və onun özünün bilə-bilə yalan ifadə verməsinə görə AR CM-nin 297-ci maddəsi ilə cinayət işi ayrılması üçün Xərəz Rayon Prokurorluğuna göndərilmişdir. Hörmətli Hakim, yazdığım ərizənin mahiyyəti odur ki, X2 X6 Bakı Nümayəndəliyi ilə görüş keçirdir, insan hüquqlarının pozulması, hakimlərin ədalətsiz qərarlarını tənqid edən, məhkəmə proseslərində monitorinq aparan bir qurumun hələ öz sırasında Polis İdarəsində yalan ifadə verən, digər insanları cinayətə sövq edən birisi heyətin üzvüdür. Ədalətin, haqqın peşəsində olan, ilk öncə öz əməllərinə dəyər verib, sonra başqası haqqında Ədalətsizsən deyə bilər.” Ərizənin yazılma üslubunda güclü qərəz müşahidə edilir. Bütün bu neqativ əlamətlərin bir yerdə irəli sürülməsi X1 niyyətlərə malik olduğunun bir göstəricisi kimi də anlaşıla bilər. Onu ən mənfi keyfiyyətlərlə tanıtmaqla sanki hansısa məqsədə nail olmağa çalışır. Tərtib etdiyi ərizədə sadaladığı çoxsaylı neqativ xarakterli cizgilərlə bərabər həm də şəxsi dostluq münasibətlərində olduğunu göstərməsi irəli sürdüyü fikirlərdə qeyri-səmimi olduğunu müəyyən etməklə müəyyən yan məqsəd güddüyünün əlaməti kimi də dəyərləndirmək mümkündür. X10 barəsində başlanılan cinayət işi üzrə 18 iyun 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X5 tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsindən, həmin Məcəllənin 182.1 və 243.1-ci maddələrinə tövsif edilmişdir. 18 iyun 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X5 tərəfindən X10 Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1-ci maddələri ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli Xəzər rayon Prokurorunun qərarı ilə Xəzər RPİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş ********* saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixli və cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarlar ləğv edilmiş və cinayət işi əlavə istintaq parılması üçün Xəzər RPİ-nin İstintaq İdarəsinə göndərilmişdir. Müxtəlif dövlət orqanlarına göndərilən bu ərizədə istinad edilən ifadələr mənim şərəf və ləyaqətimi ləkələyib. Həmin ifadələrin məzmununda barəmdə böhtan xarakterli sözlərin olmasını görməmək mümkün deyil. X10 şərəf və ləyaqətimi ləkələməklə yanaşı, cinayət törətməkdə ittiham edərək ona böhtan atmışdır. X10 tərəfindən onun barəsində olan böhtan dolu ərizələri kütləvi yayılmışdır. X7 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu ağır cinayətdə ittiham etmək, nüfuzunu alçaltmaq, ictimaiyyət arasında mənim haqqımda yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. 28 yanvar 1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan X12 barəsində AR CM-in 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 çıxış edərək bildirdi ki, sözügedən ərizəni təxminən iyun ayında yazılıb, həmin zaman Nizami rayonu ərazisində yaşamışdır. Həmçinin həmin ərizəni ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və X2 Mərkəzinə göndərmiş, heç bir kütləvi informasiya vasitəsində yayımlamamışdır. Sonda şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 çıxış edərək bildirdi ki, X7 əməlində cinayət əməlinin tərkib əlamətləri olmamışdır. Belə ki, şikayət ərizəsində X7 CM-nin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş əməli konkret hansı hərəkətlərlə törədilməsi göstərilməmişdir. Həmçinin sözügdən ərizə ancaq məhdud sayda şəxslərə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və X2 Mərkəzinə göndərilmiş, heç bir kütləvi informasiya vasitəsində yayımlanmamış, kütləvi çıxışlarda səslənməmişdir. Əlavə olaraq məhkəmə aidiyyatı məsələsi mübahisəlidir, cinayət hadisəsi əgər varsa, onun törədildiyi yer dəqiq göstərilməmişdir. Sonda ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə uygun tərtib edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət hadisəsinin törədilmə yeri və vaxtı barədə məlumatlar qeyd olunmamışdır. Belə ki, müvafiq müraciətin ünvanlandığı Bakı Ağır Cinayətlər Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və X2 Mərkəzinin ünvanının Nizami rayonu ərazisində yerləşməsi faktı müəyyən edilməmişdir. Həmçinin şikayətin məzmunundan və əlavə olunmuş materiallardan da görünür ki, X10 müvafiq ərizəni Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və X2 Mərkəzinə göndərmişdir. Həmin ərizənin və ərizədə göstərilən ifadələrin X10 tərəfindən hər hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanması, kütləvi çıxışlarda səsləndirilməsini təsdiq edən sübutlar şikayətə əlavə olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən isə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə qeyd olunan halların mövcudluğu xüsusi ittiham qaydasında verilməli olan şikayətin məhkəmə baxışına verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə icraatı dövründə 23 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 138 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-413/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-413/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver