Məhkəmə qərarları › İş №1(007)-413/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-413/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-413/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cinayət hadisəsinin törədildiyi yer: Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 nömrəli tam orta məktəb, ünvanı: Bakı şəhəri, Nizami rayonu, 1-ci Köndələn küçəsi. Cinayət hadisəsinin baş verdiyi vaxt: 06 may 2025-ci il tarixdə məktəbdə. Cinayət hadisəsinin nədən ibarət olması: Afaq Əliyeva məktəbdə öz kabinetində vəkili Fətəliyev Sabirin və Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfaqətova Lalənin yanında onu “Teymur erməni köpəyidir” adlandırmış, tək onun deyil, Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Zəngəzur mahalının Qarakilsə (keçmiş Sisian) rayonunda doğulduğuna əsaslanaraq bütün Qərbi Azərbaycan əsilli toplumun, 2-3 milyondan artıq Azərbaycan vətəndaşının milli mənsubiyyətini, şərəf, ləyaqət və nüfuzunu alçaqcasına ləkələyərək təhqir etmişdir. Azərbaycan Respublikası Təhsil Qanununda məktəb direktoruna aid edilən etik davranış normalarına görə bu vəzifəni daşıyan şəxs nümunəvi əxlaqa, tərbiyəyə, yüksək mənəvi dəyərlərə malik, məktəbdə və məktəbdən kənar yerlərdə son dərəcə mədəni davranış sərgiləyən, özünə və ətrafındakılara hörmətlə yanaşan, nəzakətli, savadlı, intellektual səviyyəsi yüksək olan, müəllimlərə, şagirdlərə və valideynlərə qarşı səmimi, təkəbbürsüz bir şəxs olmalıdır. Afaq Əliyeva bu işlətdiyi ifadə ilə ailə tərbiyəsi deyil, küçə tərbiyəsi aldığını sübut etmişdir. O, işlətdiyi tərbiyəsinə və mədəni-əxlaqi səviyyəsinə uyğun olan bu ifadə ilə onun psixoloji durumuna ciddi ziyan vurmuşdur. Bununla da Afaq Əliyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci “Təhqir” maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində qeyd edilir ki, “Təhqir, hər hansı şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan ifadələri kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” deməkdir. CM-nin 3-cü maddəsinin tələblərinə uyğun olaraq X7 törətdiyi cinayət əməlində CM-nin 148-ci maddəsinin cinayət tərkibinin bütün elementləri mövcuddur. Cinayətin obyekti- onun şərəf və ləyaqəti, nüfuzudur, cinayətin obyektiv cəhəti-Həsənov Teymurun şərəf və ləyaqətinin, nüfuzunun ləkələnməsi, cinayətin subyekti - bu cinayəti törədən fiziki şəxsin varlığıdır ki, bu şəxs Əliyeva Afaqdır, səsinin audioyazısı olan “CD” disk təkzibedilməz sübutdur, cinayətin subyektiv cəhəti - Əliyeva Afaqın məqsədi ondan qisas və intiqam almaq istəyidir. Yəni cinayətin motivi qəsddir. Azərbaycan Respublikası Konstitusiyasının 46-ci maddəsinin 1-ci hissəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-ci maddəsinin 2-ci hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin, ləyaqətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarına əsasən şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə qarşı yönəlmişdir. Mühüm olan odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri etməyi arzu edir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və onu nüfuzdan salan məlumatların azı iki kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Sübut qismində təqdim etdiyi “CD” diskində qeyd edilmiş səslərdən başa düşülür ki, Afaq Əliyeva onu və bütün Qərbi Azərbaycanlıları təhqir edən “erməni köpəyi” ifadəsini Şəfaqətova Lalənin və vəkil Fətəliyev Sabirin iştirakı ilə söyləmişdir. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Afaq Əliyeva təhqir xarakterli ifadələrini kütləvi çıxış formasında yaymışdır. Cinayət hadisəsinin sübutları: 1. Afaq Əliyevanın, vəkil Sabir Fətəliyevin və Lalə Şəfaqətovanın səs yazısı qeyd olunmuş bir ədəd “CD” disk. 2. Şahid: X5, şəxsiyyət vəsiqəsi - AA4164111, qeydiyyat ünvanı: yaşayış ünvanı: Bakı şəhəri, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23/39, tel: *** *** ** **. Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən “şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Göründüyü kimi X2 çıxışda onun şərəf və ləyaqətini nalayiq formada ləkələyən ifadələr söyləmişdir. Bununla da, Afaq Əliyeva Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası CPM-nin 37.2-ci və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmə baxışına təyin edilməsini və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 (altı) ay müddətində, cinayətlərin məcmusu üzrə qəti cəza olaraq Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 6 (altı) ay müddətində azadlıqdan məhrum edilməsi, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna və psixoloji durumuna vurduğu ziyana görə 100 (yüz) min manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barəsində hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X8 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bu hadisə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbdə, xx.xx.2025-ci il tarixində baş vermiş, X12 201 nömrəli orta məktəbdə öz kabinetində olarkən vəkili Fətəliyev Sabirin və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfaqətova Lalənin yanında onu “Teymur erməni köpəyidir” adlandıraraq onun Ermənistandan olduğunu bildiyi üçün bunu demişdir. Bu bütün Qərbi Azərbaycanlılar üçün bir təhqirdir. Azərbaycan Respublikası Təhsil haqqında Qanununda məktəb direktoruna aid edilən etik davranış normalarına görə bu vəzifəni daşıyan şəxs nümunəvi əxlaqa, tərbiyəyə, yüksək mənəvi dəyərlərə malik bir şəxs olmalıdır. Halbuki onlar bunun əksini görür. Bu ifadələr təsdiq edir ki, həmin şəxs hansı xüsusiyyətlərə malikdir. Bu sözləri ilə Afaq Əliyeva Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində - “təhqir” maddəsində nəzərdə tutulmuş cinayət əməlini ona qarşı törətmişdir. Cinayətin səs yazısı iş materiallarında təqdim edilmişdir. Səs yazısı Lalə Şəfaqətova tərəfindən telefona qeydə alınmışdır. Həmin səs yazma sonradan mediada da səsləndirilib. Bütün Azərbaycan artıq bilir ki, Afaq Əliyeva kimdir və kimə qarşı hansı ifadələri işlədir. Cinayət Nizami rayonu ərazisində törədilib, bu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan bir məsələdir. Verilmiş xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPMnin 299-cu maddəsinin tələblərinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin bütün tələblərinə tərəfindən riayət edilmiş və şikayət tərtib edilmişdir. Bunları nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, hadisənin 6 mayda baş verməsi telefondakı səs yazıları ilə təsdiq olunur. Telefonda bilinir ki, bu səs yazısı hansı tarixdə qeydə alınıb. Lalə Şəfaqətova hazırda həmin məktəbdə işləyir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X12 bildirmişdir ki, birinci bu hadisənin mənbəyini araşdırmaq lazımdır. Lalə Şəfaqətova özbaşına, qəsdən və məqsədli olaraq, təhqir və böhtan məqsədi ilə otağına göndərilmişdir. Direktorun otağına girəndə heç kim əl çantası və telefon ilə girmir, onu katibin otağında qoyaraq içəri girirlər. Xüsusi səs qurğusu ilə səs yazısı aparılmışdır. Bu bir dəfə baş verməyib. Dörd dəfə Lalə Şəfaqətova onun otağında olmuş və onlar heç vaxt orada tək olmamışlar. Bir dəfə Samir Fətəliyev olub, bir dəfə Elvira xanım orada olub, yəni heç vaxt tək olmamışlar. Sosial şəbəkələrdə yayılan informasiya tamamilə yalan və təxribat xarakteri daşıyır. Sosial şəbəkələrdə başlıq var ki, “Direktor təhdid edir ki, sən Svetlana Hüseynovanın əleyhinə ifadələr ver”. Əslində elə bir şey yoxdur. Sadəcə olaraq bu qadını polisə çağırıblar ki, ifadə versin. O isə onun yanına gəlib və deyib ki, “polis məni çağırıb, mən nə deyim?”. Həmin səs yazılarında sakit şəkildə müəllim-direktor söhbətindən başqa bir şey yoxdur. Onun gizlin şəkildə səsinin qeydə alınması isə birbaşa onun konstitusion hüquqlarının pozulması deməkdir. İnsanlar şantaj və böhtan məqsədi ilə onun otağını dinlətdirirlər. Həmin səsyazılarına katiblə onun arasında olan söhbətlər də əlavə olunub. Bunlar qanun pozuntusundan başqa bir şey deyildir. Bu məqsədli baş verən bir şeydir. X4 nə ona, nə məktəbə, nə də məktəbin müəllimlərinə heç bir aidiyyatı yoxdur. Lalə Şəfaqətova da keçən il pedaqoji şurada üzr istəmişdir. Ona bir neçə dəfə ərizə yazmış, bütün pedaqoji şuraya müraciət etmişdir ki, “mən öz dediklərimdən imtina edirəm, Sizin hamınızdan üzr istəyirəm”, bu barədə o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində də bildirmişdir. Həmçinin Baş Prokurorluğa da teleqram göndərmişdir ki, “məni Svetlana Hüseynova məcbur edib ki, məktəb əleyhinə ifadələr hazırlayaq, saxtalaşmış sənədlər hazırlayaq və hər axşam bununla bağlı bizi evinə yığıb tapşırıqlar vermişdir”. Lalə Şəfaqətovadan bir növ buna görə istifadə ediblər. Bununla bağlı onun konkret olaraq 4 ərizəsi vardır. Bu ərizələrdən biri də Baş prokurora ünvanlanmışdır. Həmin məktubların məzmunlarında göstərilmişdir ki, “Svetlana Hüseynova mənə 7000 manat pul verib, 30000 manatın isə qəbzini almışdır”. Bülletendə olmağına baxmayaraq hər gün onların evindədir və onların tapşırıqlarını yerinə yetirir. Siyasi olaraq o məsələni qaldırırlar ki, guya o Qərbi Azərbaycanlılara qarşıdır. Əslində isə dostlarının və yanında olanların əksəriyyəti Qərbi Azərbaycanlılardır. “X6 erməni köpəyidir” ifadəsi tamamilə montaj olunmuş bir şeydir. O, nəyə görə məktəbə aidiyyəti olmayan adam haqqında danışır. Heç bir müəllimə, təhsil işçisinə yaraşmaz ki, həftənin 2-3 gününü məhkəmələrdə keçirsin. Onlar bu məsələlərlə bağlı hər yerə müraciət etmişlər ki, bu şantajlar, böhtanlar yığışdırılsın. Gördülər ki, televiziyadan bir nəticə çıxmadı. Gözləyirdilər ki, şantaj edəcəklər və məktəbdə hakimiyyəti yenidən ələ alacaqlar. O müəllimi də özlərinə alət ediblər, müəllim özbaşına işə gəlmir. Digər bir məsələ odur ki, həqiqətən erməni söhbəti olub, lakin bu söhbətin o adamların heç birinə aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, əgər səsyazısında hər hansı bir təhqiredici ifadə varsa da, o, ona məxsus deyildir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X7 vəkili Müdafiəçi bildirmişdir ki, hazırki şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Şikayət əsassızdır. Şikayətin xahiş etdim hissəsində qanunvericiliyin tələblərinə zidd olaraq X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 (altı) ay müddətində, cinayətlərin məcmusu üzrə qəti cəza olaraq Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 6 (altı) ay müddətində azadlıqdan məhrum edilməsi, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna və psixoloji durumuna vurduğu ziyana görə 100 (yüz) min manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barəsində hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədən şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi məsələsini yoxlayaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə ehtimal olunan cinayətin törədilmə vaxtı 06 may 2025-ci il tarixi qeyd olunmuşdur. Lakin sübut qismində təqdim olunan səs yazısından cinayətin məhz hansı tarixdə törədildiyi müəyyən deyildir. Bundan başqa, səs yazısının stenoqramı da çıxarılıb materiala əlavə edilməmişdir. Ona görə natamam şəkildə təqdim edilən məhdud məlumatlı sübutun araşdırılması ilə (diskə əlavə edilmiş səs yazısına qulaq asılması ilə) X7 qeyd olunan səs yazısının hansı tarixdə və harada ifadə edilməsini aydınlaşdırmaq çətinlik yaradır. Ona görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olub-olmadığını müəyyən etmək olmur. X1 şikayətdə qeyd etdiyi ifadələrin X12 tərəfindən hər hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanması, kütləvi çıxışlarda səsləndirilməsini təsdiq edən sübutlar şikayətə əlavə olunmamışdır. Bundan əlavə, X8 xüsusi ittiham qaydasında şikayətinin nəticə hissəsində X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, onun 06 ay müddətinə, cinayətlərin məcmusu üzrə qəti cəza olaraq CM-nin 66.2ci maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edərkən də qanunvericiliyin tələblərinə əməl etməmiş, belə ki, xüsusi ittiham qaydasında şikayət yalnız bir maddə ilə - X7 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunması barədə tərtib edilsə də, nəticə hissədə ona həmçinin cinayətlərin məcmusu üzrə CM-nin 66.2-ci maddəsi ilə cəza təyin edilməsi, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna və psixoloji durumuna vurduğu ziyana görə 100 (yüz) min manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barəsində hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 07 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla, 77 (yetmiş yeddi) manat (7x11) məbləğində, əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X9 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 məhkəmədə 07 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X9 77 (yetmiş yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar