Məhkəmə qərarları › İş №1(007)-414/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-414/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-414/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanununda əməli törətmiş şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): xx.xx.2004-cü ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, X5 qəsəbəsi, 888 saylı Hərbi Hissə ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 14 may 2023-cü il tarixdə, saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 25 saylı yaşayış binasının 1 saylı mənzilində qonaq qismində olan zaman Zərərçəkmiş şəxs yatmasından istifadə edərək mənzilin qonaq otağında yerləşən masanın üzəridən sonuncuya məxsus 1250 manat dəyərinə “İphone” markalı “13 128GB” modelli mobil telefonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1250 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməli etiraf edərək bildirmişdir ki, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında qrup yoldaşları ilə birlikdə Səbail rayonu ərazisində yerləşən restoranların birində görüşərək restoranda əyləşib spirtli içki qəbul edib yemək yemişlər. xx.xx.2023-cü il tarixdə, saat təxminən 00:30 radələrində o, masadan durmuş və saatın gec olması, həmçinin spirtli içki qəbul etdiyindən evə getmək istəməmiş, bu zaman Ülvi adlı tanışı ilə əlaqə saxlamış və ona bir günlük qalmağa yer tapmasını istəmiş, Ülvi də ona Elgün adlı tanışının olduğunu, həmin şəxsin Nizami rayonu, M.X.Şərifli küçəsində qaldığını və Elgünün onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Elgün onunla əlaqə saxlayaraq ona evin yerini izah etmiş və o qeyd olunan yerə taksi vasitəsi ilə gedərək mənzilin qapısını döyüb evə daxil olduqdan və Zərərçəkmiş şəxslə salamlaşdıqdan sonra Elgün ona otağın və yatağın yerini göstərmişdir. Artıq gec saatları və yorğun olduqlarından onlar ətraflı söhbət etməyərək yatmışlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:00 radələrində yuxudan ayılmış, sanitar qovşağına gedən zaman masanın üzərində “İphone 13” markalı mobil telefonun olduğunu görmüş, borcları olduğundan mobil telefonu oğurlamaq qərarına gəlmiş və otağa qayıdaraq masanın üzərində olan mobil telefonu götürüb mənzildən çıxmışdır. Mobil telefon kodla bağlı olduğundan kodu açmamış, sata bilməyəcəyini anlamışdır. Gələcəkdə telefonu satmaqla əldə etdiyi pulu borclarına xərcləməyi planlaşdırmışdır. Hadisə zamanı mənzildə yalnız Elgün və o olmuş, əvvəlcədən Zərərçəkmiş şəxs tanımamış, Elgün sadəcə ona bir günlük evində qalmağa icazə vermişdir. Onunla başqa münasibəti olmamışdır. Hadisədən 2-3 gün sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Hazırda mobil telefonu zərərçəkmiş şəxsə qaytarmış, onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşman olmasını və hərbi xidmətə getmək istədiyini, bununla bağlı hərbi komissarlığa müraciət etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə, gecə saat təxminən 00:45 radələrində dostu Ülvi onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan İdman Akademiyasından tanışı olan Təqsirləndirilən şəxs bir gecəlik evində qonaq qəbul edibedə bilməyəcəyini soruşmuşdur. O, həmin zaman razılıq verərək kirayə yaşadığı evdə otağda boş yataq olduğunu və bir gecəlik onunla qala biləcəyini bildirmiş, Ülvinin ona təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus mobil nömrə ilə əlaqə saxlayaraq yaşadığı ünvanı izah etmişdir. Təxminən 30 dəqiqə sonra qapı döyülmüş, Təqsirləndirilən şəxs gəlmiş, o, Ramili qarşılıyaraq otağı və yatağın yerini göstərmişdir. Lakin gec saatların olduğundan onlar ətraflı danışa bilməmişlər və yatmışlar. Növbəti gün saat təxmənin 13:00 radələrində yuxudan ayıldıqda otaqda stolun üzərində olan “İphone 13, 128gb” markalı mobil telefonunu stolun üzərində aşkar etməmiş, bir neçə dəqiqə sonra isə gecə onunla bir otaqda qalan Təqsirləndirilən şəxs xəbərsiz getdiyini bilmişdir. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan İphone markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Hadisə baş verən zaman evdə yalnız o və Təqsirləndirilən şəxs olmuşdur. O həmin şəxsi öncədən tanımamış, Ramil onun dostu Ülvinin tanışı olmuş, o da Ülvinin xahişini nəzərə alaraq Ramili bir gecəlik yaşadığı evə buraxmışdır. O, mobil telefonu 1749 manata almışdır, lakin işlənmiş olduğundan dəyəri hal-hazırda düşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən mobil telefon ona geri qaytarılmışdır. Bu səbəbdən onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan məhkəmə-əmtəəşünalıq ekspertizasının 9/3812 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 13” markalı mobil telefonun satış üçün kolektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2023-cü ilin may ayına orta bazar qiyməti təxminən 1250,00 manat müəyyən olunur. 31 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 13, 128gb” markalı mobil telefon maddi sübut qismində tanınmış və telefonun zərərçəkmiş şəxsə təhvil verilməsi faktı nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materillarında olan İ-6213 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin əməli etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini və atası X1 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Nizami rayon 25-ci polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin MSY-nə təhvil verildiyi müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Beləliklə, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, 14 gün müddət həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “İphone 13, 128gb” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsdən (təqsirləndirilən şəxsdən) tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından hər ay dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 14 gün müddət (01 gün həbsdə olma müddəti 04 gün islah işləri cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq qazancından hər ay dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 10 ay 04 gün (on ay dörd gün) müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxsə məxsus “İphone 13, 128gb” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar