Məhkəmə qərarları › İş №1(007)-415/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-415/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-415/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1982-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, İsmayıllı rayonu, Quşencə ərazi dairəsi, Zoğallıq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, 1 May küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 mart 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 236 ünvanında yerləşən «Grand Market»in qarşısında quraşdırılmış «Azərbaycan Beynəlxalq Bankı»na aid bankomatın qarşısına gələrək həmin vaxt qeyd edilən bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək Zərərçəkmiş şəxs məxsus «Azərbaycan Beynəlxalq Bankı»na aid 5167 5111 0777 1747 hesab nömrəli bank kartını alıb həmin kartı bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs qaytararaq kartın hesabında pul olmamasını bildirib sonuncunun oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan çıxmış 304 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 304 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 09 mart 2023-cü il taixdə saat 11 radələrində həyat yoldaşı X1 adına olan «Kapital Bank» tərəfindən verilmiş plastik bank kartının hesabında olan pulu çıxarmaq məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən «Grand Market»in qarşısında quraşdırılmış «Azərbaycan Beynəlxalq Bankı»na məxsus bankomata yaxınlaşmışdır. Bankomatdan pul çıxarmaq istəyən zaman əvvəllər tanımadığı, 55-60 yaşlarında, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ona müraciət edərək özünə məxsus «Azərbaycan Beynəlxalq Bankı» tərəfindən verilmiş plastik bank kartının hesabında olan pulu tam olaraq çıxarmaqda ona köməklik etməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Zərərçəkmiş şəxs bank kartını bankomata daxil etmiş, Zərərçəkmiş şəxs ona bildirdiyi dörd rəqəmli kodu yığdıqdan sonra kartın hesabında 304 manat pul olduğunu görmüşdür. Kartın hesabında olan 304 manatı tam olaraq çıxarmaq üçün bankomatda 304 rəqəmini yığmış və düyməni basaraq əməliyyatı icra etmişdir. Bankomatdan çıxan bank kartını götürüb Zərərçəkmiş şəxs qaytarmış və kartda pul olmadığını bildirmişdir. Sonra isə bankamatdan çıxan 304 manat nağd pulu götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Özü və övladı vərəm xəstəsi olduqlarından, müalicələri üçün dərman almağa maddi imkanı olmadığına görə fürsətdən istifadə edərək bu oğurluq cinayətini törətmişdir. Qeyd etdiyi oğurluq cinayətini tək törətmiş, oğurluq etdiyi barədə heç kimə məlumat verməmişdir. 14 mart 2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Nizami rayonunda yerləşən «8-ci kilometr bazarı»nın yaxınlığında olarkən mülki geyimdə olan üç nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirmişlər və onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. O, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən o, səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 mart 2023cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığındakı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 236 ünvanında yerləşən «Grand Market»in qarşısında quraşdırılmış «Azərbaycan Beynəlxalq Bankı»na aid bankomatdan, özünə məxsus 5167 5111 0777 1747 nömrəli bank kartından aylıq təqaüdünü çıxarmaq istəyən zaman, əvvəllər tanımadığı, təxminən 40 yaşlarında olan, arıq bədən quruluşlu bir şəxs ona kömək etməyi təklif etmişdir. O, etiraz etməmiş və bank kartını həmin şəxsə vermişdir. Oğlan bank kartını bankomata daxil etdikdən sonra ondan kartının dörd rəqəmli kodunu soruşmuşdur. O, kodu oğlana dedikdən sonra həmin şəxs kodu yığıb hansısa əməliyyatı icra etmişdir. Bundan sonra bankomatdan çıxan bank kartını götürüb ona verərək kartın hesabında pul olmadığını bildirmiş və bankomatın yanından uzaqlaşıb naməlum istiqamətdə getmişdir. O isə, bankomatın qarşısında dayanmışdır. Bir neçə dəqiqə keçmiş bankomata əvvəllər tanımadığı cavan bir qız yaxınlaşmış, o, həmin qıza yaxınlaşıb kartını verərək bir daha kartını yoxlamasını xahiş etmişdir. Qız etiraz etməmiş və bank kartını bankomata daxil etdikdən sonra ondan kartın dörd rəqəmli kodunu soruşmuşdur. O, kodu qıza dedikdən sonra qız kodu yığıb həqiqətən də kartın balansında heç bir məbləğdə pul olmadığını bildirmişdir. O, bank kartını götürüb getmişdir. Axşam saatlarında evdə olarkən oğluna təqaüdünün hələ də oturmadığını demişdir. Oğlu «Azərbaycan Beynəlxalq Bankı»nın qaynar xəttinə zəng vurub kartının nömrəsini bildirmiş və bu zaman ona məlum olmuşdur ki, bank kartının hesabında olan 304 manat pul bankomatda ona kömək etmiş şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra hadisə ilə əlaqədar 10 mart 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyi hadisə nəticəsində ona 304 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, 09 mart 2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda qoyulmuş «Azərbaycan Beynəlxalq Bankı»na məxsus bankomatın ətrafında olan müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu DVD diskə baxış keçirilmiş, baxış zamanı diskdə olan «20230310_111630» qovluğundakı görüntülərdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mobil telefonla danışaraq 11:03:11-də ünvan 1 ünvanda qoyulmuş Azərbaycan “Beynəlxalq Bankı”na məxsus bankomata yaxınlaşması və bankomatın qarşısında növbə gözləməsi açıq aydın görünür. «20230310 111125» qovluğundakı görüntülərdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qoyulmuş Azərbaycan “Beynəlxalq Bankfna məxsus bankomatda hansısa əməliyyatı həyata keçirməsi, Zərərçəkmiş şəxs onun arxasında dayanıb gözlədiyi, sonra pul qabında olan bank kartını Təqsirləndirilən şəxs verdiyi, Təqsirləndirilən şəxs həmin kartı bankomata daxil ədib əməliyyat icra etdiyi, sonradan bank kartını Zərərçəkmiş şəxs qaytardığı açıq aydın görünmüşdür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə əks olunmuş şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 236 ünvanında yerləşən «Grand Market»in qarşısındakı yeri hadisə yeri kimi göstərərək, 09 mart 2023-cü il tarixdə saat 11 radələrində həmin marketin qarşısında quraşdırılmış «Azərbaycan Beynəlxalq Bankı»na aid bankomatdan özünə məxsus bank kartının balansında olan pulu çıxarmaq istəyən Zərərçəkmiş şəxs yaxınlaşıb kömək etdikdən sonra bank kartını bankomatdan çıxarıb hesabında pul olmadığını bildirdiyini, sonuncu uzaqlaşdıqdan sonra bankomatdan çıxan 304 manat nağd pulu götürüb gizli olaraq talayaraq oğurluq etdiyini əyani şəkildə göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və həmin şəkillər protokola əlavə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 09 iyun 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-228/2022 saylı qərarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(056)-08/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, bununla əlaqədar o, xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə isə Nizami RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar