Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-417/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,916 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 dekabr 2022-ci il-tarixdə, saat 10 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhəri, Xətai rayonu, Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən “Rus qəbirstanlığı”-nın dəmir barmaqlıqlarının oğurlanmasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibatı binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,916 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,940 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 mart 2023-cü il tarixdə, saat 15:50 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,940 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki , təxminən 3-4 ildir ki, narkotik vasitə istifadəçisidir. 05 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Emin adlı tanışı mobil telefonuna zəng edərək fəhlə işi olduğunu, Nizami rayonu, Babək prospektində yerləşən “Astore” sağlamlıq mərkəzinin yaxınlığındakı “Rus qəbirstanlığı”nda dəmirləri avtomobilə yükləmək lazım olduğunu, bunun müqabilində ona 15-20 manat pul verəcəyini bildirmiş, 06 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində NZS qəsəbəsində Emin və Orxan ilə görüşüb “Rus qəbirstanlığı”-nm yaxınlığındakı dəmir barmaqlıqların olduğu yerə gəlmişlər. Orxan dəmir barmaqlıqların yanında gözləmiş, o, isə Eminlə birlikdə dəmirləri yükləmək üçün avtomobil axtarmağa getmiş, Babək prospektindən Qaz 2410 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil gətirib dəmir barmaqlıqları həmin avtomobilə yükləmişlər. Avtomobildə yer olmadığından Orxan piyada yaşadığı ünvana qayıtmaq istəmiş, bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, Emin polis əməkdaşlarının yaxınlaşdığını görüb oradan qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşları həmin dəmir barmaqlıqların oğurluq olduğunu bildirib onu və Orxanı, həmçinin avtomobilin sürücüsünü avomobildəki yüklə birlikdə Nizami rayonu 23-cü polis bölməsinə gətirmiş, həmin barmaqlıqların Nizami rayonu ərazisindəki “Rus qəbirstanlığı”ndan söküldüyünü onda bilmişdir. Emin onlara fəhlə kimi xidmətlərinə görə adam başına 15 manat pul verməliymiş, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilib orada xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah olunmuş, hüquqlarının dövlət hesabına müdafiəsi üçün ərizəsi əsasında vəkil dəvət edilmiş, bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə izah edilmişdir. Vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmiş, təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və predmetin olub-olmaması, varsa təqdim etməsi təklif edilmiş, bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş, həmin kütlənin kokos kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə heroini 06 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində Kubinka deyilən ərazidə tanımadığı bir nəfər şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Bundan başqa 02 mart 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata bir bükümdə narkotik vasitə olan heroin almış, saat 15:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu narkotik vasitələrin qanunsuz üzərində daşınmasında şübhəli bildirdiklərini qeyd edərək Nizami RPİ-nin 23-cü B-nə dəvət etmiş, o da polis əməkdaşlarının şübhələnməməsi üçün heç bir etiraz etmədən onlarla birlikdə Nizami RPİnin 23-cü PB-nə getmişdir. O, həmin polis bölməsinə gəldikdə ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulmuş, daha sonra xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək Binəqədi rayonu ərazisindən anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni də şəxsi istifadəsi üçün alaraq üzərində saxlamış, heç vaxt satmaq niyyəti olmamışdır. Hazırda əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİnin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə 16 saylı postda xidmət aparan zaman saat 10 radələrində bir nəfər tanımadığı şəxs ona və onunla birlikdə xidmət aparan Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantl X4 yaxınlaşaraq bir neçə şəxsin Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığın yanında qəbirstanlığa məxsus olan dəmir barmaqlıqları qara rəngli Qaz 24 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədiyini bildirmiş, onlar dərhal həmin qəbristanhğın yanına gəlmiş, orada qara rəngli Qaz 24 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, avtomobilin içərisində sürücü və iki nəfər şəxsin, avtomobilin yanında isə bir nəfər şəxsin olduğunu görmüşlər. Avtomobilə dəmir barmaqlıqlar yüklənmiş, avtomobildə olan şəxslərdən biri isə avtomobildən düşərək naməlum istiqamətdə qaçaraq gözdən itmişdir. Həmin şəxsi izləmək üçün zamanları olmadığından avtomobildəki qalan şəxsləri və sürücünü avtomobillə birlikdə Nizami RPİnin 23-cü polis bölməsinə gətirmiş, qaçan şəxsin anket məlumatlarını soruşduqda digər şəxslər adının Emin olduğunu bildirmişlər. Polis bölməsində həmin şəxslərin X5, Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X2 olması məlum olmuşdur. Həmin şəxslər onlar tərəfindən saxlanılan zaman onların heç birinə qarşı heç bir fiziki və ya digər zorakı hərəkətlər edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhəri Xətai rayonu, Kamran Əfqani küçəsinin kəsişməsində “Rus qəbirstanlığı”nın dəmir barmaqlıqlarının oğurlanmasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibatı binasına gətirilmiş, orada xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması güman edildiyindən, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, saat 11:35 dəqiqədə Nizami RPİ-nin 23cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən video çəkiliş aparılmaqla onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərar elan edilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü ürətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə “kakos” kimi tanınan narkotik maddə olan heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində Kubinka deyilən ərazidə tanımadığı bir nəfər şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya və ya perdmet aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik maddəyə bənzər kütlə qablaşdırılmış, DİN-nin 163 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı mobil telefondan istifadə edilməklə çəkiliş aparılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5la birlikdə inzibati ərazidə xidmət aparan zaman ünvan 8 ünvanının qarşısında zahiri əlamətlərindən narkotik vasitələrin istifadəsində və saxlanılmasında kifayət qədər şübhələr olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edən zaman sonuncu özünü qeyrisəmimi apararaq onlarda şübhələr yaratmış, həmin şəxsi Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra sonra onun üzərində narkotik vasitə olması güman edildiyindən, o Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, saat 17:45 dəqiqədə onun tərəfindən video çəkiliş aparılmaqla Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və ilk olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərar elan edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə “kakos” kimi tanınan narkotik maddə olan heroin olduğunu, heroini Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs İlqar Salamonuv üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya və ya perdmet aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik maddəyə bənzər kütlə qablaşdırılmış, DİN-nin 163 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı onun tərəfindən «İphone X» markalı mobil telefondan istifadə edilməklə çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPl-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid5 məhkəməyə və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaqa Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6911 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,916 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1280 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,940 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli 2681 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022ci il tarixli arayışına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(011)-389/2018 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 1500 manat miqdarında cərimə cəzası hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti cəza – 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11 bəndinə əsasən 1500 manat cərimə cəzasından azad edilmişdir. xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 28 gün (bir il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc – ümumilikdə 120 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkiləri 0,890 qram və 0,866 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 102 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-417/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-417/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver