Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-417/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 5, mənzil 38-də qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 01 mart 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 19 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkiləri 0,418 qram və 0,604 qram, ümumi təmiz çəkisi 1,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 19 fevral 2025-ci il tarixdə saat 18:30-da Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 172 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızlarına bükülmüş, xeyli miqdarda, təmiz çəkiləri 0,418 qram və 0,604 qram, ümumi təmiz çəkisi 1,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu xəstəxanada qaraciyər serrozundan müalicə alıb çıxdığı günün səhəri, “Koroğlu” ərazisində yerləşən “Bravo” marketdən çıxan zaman polis əməkdaşları saxlamışlar. Üzərinə heç bir baxış keçirilməmişdir. Onu saxlayan polis əməkdaşlarından biri mayor, digəri isə kapitan olmuşdur. Onu bölmədə kamerasız bir otağa aparmışlar. Üzərindən 2 ədəd sənəd çıxmışdır. Daha sonra polis əməkdaşlarından biri sol əli ilə sol cibindən tərəzini çıxardıb stolun üzərinə qoymuşdur. Digər polis əməkdaşı isə iki büküm narkotik maddəni onun qarşısına qoyaraq, “əgər canından bezməmisənsə, boynuna al” demişdir. O, sərbəst şəkildə ifadə verə bilməmiş, təzyiq altında olmuşdur. Bu hadisələr olan zaman onun yanında müdafiəçi olmamış, tək olmuşdur. O, həyatı boyunca narkotik maddə istifadə etməmiş və onun aludəçisi olmamışdır. Yaşadığı Lökbatan ərazisində də onun necə bir insan olduğunu hər kəs bilir. Bir nəfər də deyə bilməz ki, o, narkotik maddə istifadə edir. Yenə də qeyd edir ki, o, narkotik vasitə qəbul edən insan deyildir. Polis əməkdaşları narkotik maddəni onun qarşısına qoymuşlar, üzərindən çıxmamışdır. Polis əməkdaşlarının adlarını bilməmişdir. Bildiyi sadəcə biri mayor, digəri isə kapitan olmuşdur. O, həmin video görüntülərdə özündə olmamışdır, onu polis əməkdaşları canı ilə təhdid etmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 21 fevral 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum edilmiş, 2022-ci ildə azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsindən azad edildikdən indiyədək narkotik vasitə qəbul edir. Narkotik vasitəni müxtəlif yerlərdən müxtəlif qiymətlərə əldə edir. xx.xx.2025-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospektində olan zaman polis əməkdaşı ona yaxınlaşmış və narkotik vasitə istifadəçisi kimi şübhəli olduğunu bildirərək PB-yə dəvət etmişdir. Bundan sonra 23-cü PB-də inzibati otaqların birində əvvəlcə hüquqlarının müdafiə olunmasından ötrü 6 saylı vəkil bürosundan Müdafiəçi dəvət olunmuş, daha sonra onun razılığı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olması təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi və 02 ədəd gümüşü kağız bükümdə olan narkotik vasitəyə bənzər maddəni təqdim etməsi, 23-cü PB-nin sahə rəisi, polis kapitanı Şayiq Kərimov tərəfindən onun üzərinə baxış zamanı isə, qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu, 01 ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu və 1 manatlıq pul əskinazı, 85 qəpik pul aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükümlər və elektron tərəzi kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra o və iştirakçılar kağız zərfin üzərini imzalamışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, arada narkotik maddələrin satışı ilə məşğul olmuş, narkotik maddələri tanımadığı şəxslərə satmış və onlar haqqında heç bir məlumatı yoxdur, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həmin elektron tərəzini bir müddət əvvəl tanımadığı şəxsdən əldə etmiş və narkotik maddə satan zaman həmin tərəzidən istifadə etmiş, narkotik maddəni alan zaman 01 ədəd bükümdə olmuş və onu satmaq məqsədi ilə özü iki hissəyə bölərək gümüşü siqaret kağızına bükmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, iki büküm psixotrop maddə və tərəzi onun üzərində olmamış, polis bölməsində cibinə qoyulmuşdur. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, narkotik vasitə satmadığını nəzərə alaraq, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində həmin maddə ilə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 19 fevral 2025-ci il tarixdə saat 18:30-da Nizami rayonu, H.Əliyev prospekti 172 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin hərəkətlərində şübhə doğurduğunu görmüş və ona yaxınlaşıb özünü təqdim edən zaman həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğunu hiss etdiyi üçün 23cü PB-yə aparmışdır. Polis bölməsində olan zaman həmin şəxsin xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində müxtəlif yerlərdə gündəlik evlərdə kirayə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra onlar bu barədə raportla 23-cü PB-nin rəhbərliyinə məruzə etmişlər və tərtib edilmiş raport 23-cü PB-nin baş təhqiqatçısı X1 həvalə olunmuşdur. 23-cü PB-nin inzibati binasının xidməti otaqlarının birində baş təhqiqatçı Rəşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı, həmçinin videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi və 02 ədəd gümüşü kağız bükümdə olan narkotik vasitəyə bənzər maddəni təqdim etmiş, onun üzərinə baxış zamanı isə, qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu, 01 ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu və 1 manatlıq pul əskinazı, 85 qəpik pul aşkar etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümdə narkotik maddə metamfetaminə bənzər kütlə və elektron tərəzi, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Rəşad Vəliyev tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 fevral 2025-ci il tarixdə saat 18:45-də Nizami RPİ-nin 23-cü PB-də xidmətdə olduğu zaman, sahə rəisi Şayiq Kərimov tərəfindən PB-yə bir nəfər şəxsin gətirildiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs narkotik vasitənin istifadəsində şübhəli bilindiyinə görə, Şayiq Kərimov tərəfindən PB-yə dəvət edilmişdir. Polis bölməsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Şayiq Kərimov bu barədə raportla 23-cü PB-nin rəhbərliyinə məruzə etmiş və tərtib edilmiş raport 23-cü PB-nin baş təhqiqatçısı Rəşad Vəliyevə həvalə olunmuşdur. 23-cü PB-nin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı, həmçinin onun tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd iektron tərəzi və 02 ədəd gümüşü kağız bükümdə olan narkotik vasitəyə bənzər maddəni təqdim etmiş, onun üzərinə baxış zamanı isə, qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu, 01 ədəd alışqan, qara rəngli gödəkçənin sg yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusu və 1 manatlıq pul əskinazı, 85 qəpik aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd bükümdə narkotik addə metamfetaminə bənzər kütlə və elektron tərəzi, cinayət təqibi üzrə sübut əmiyyətinə malik olduğundan baş təhqiqatçı Rəşad Vəliyev tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı tərəfindən video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs 23cü PB-də olan zaman ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 19 fevral 2025-ci il və 21 fevral 2025-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə 18:30 radələrində Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd Prima markalı siqaret qutusu və 01 ədəd alışqan, qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd Prima markalı siqaret qutusu və 1 manatlıq pul əskinası, 85 qəpik pullar və göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi və iki ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükülünü təqdim edərək narkotik maddə olduğunu və tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, həmin bükümdə narkotik maddədir, həmin maddəni yaxın zamanlarda tanımadığı şəxsdən Nəsimi rayonu ərazisindən 50 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülən kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 23-cü PB-nin xidməti iş otaqlarından birində axşam vaxtı keçirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 21 fevral 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 25-27, 66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 20 fevral 2025-ci il tarixli 6/800 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qr., 0,604 qr., ümumi təmiz çəkisi 1,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,022 qram olmuş, tədqiqata ümumi 0,100 qram sərf edilmiş, 0,922 qram qalıq qalmışdır. (i.v. 38-42) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 aprel 2025-ci il tarixli 2371 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 104-105) - 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 1,022 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxtı üzərindən götürülmüş 02 ədəd “Prima” markalı siqaret, 01 ədəd alışqan, 1 manat əskinaz və 85 qəpik əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut kimi tanınmamış və Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində 19 fevral 2025-ci il tarixdə şəxsi axtarış və götürülmə keçirilməsi barədə videoçəkiliş görüntü olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi 1,022 qram olan psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış və Nizami RPİ-nin 23-cü PB-yə göndərilmişdir. (i.v. 113- 119) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddələrin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ümumilikdə təmiz çəkiləri 1,022 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə daşıyaraq saxlaması, öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin onun üzərində olan 02 ədəd bükümdə olan metamfetaminləri polis əməkdaşlarının elektron tərəzi ilə birlikdə üzərinə qoymaları barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 16) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 fevral 2025ci il tarixdən hesablanmışdır. (i.v. 78-81) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 01 mart 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 94-96) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə, həmin cəzadan 30 dekabr 2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan sonra, məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,922 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi 22 iş saatı pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 242 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-417/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-417/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver