Məhkəmə qərarları › İş №1(007)-419/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-419/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-419/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: xx.xx.1965-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(011)-16/2022 saylı hökmü ilə AR-sı CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 66.5-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(008)-4/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 10 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə, qəti olaraq 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs, sonuncunun övladı X4 Dağıstan universitetinə daxil olmağına nail olmasına, daha sonra gələcəkdə ixtisas üzrə Azərbaycan universitetlərinin birinə köçürüləcəyinə dair yalan vəd verərək aldadıb etibarından sui-istifadə etməklə, bu adla onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs qohumu Şahid vasitəsilə 2019-cu ilin iyul ayının sonlarında ünvan 3 ünvanında yerləşən “Qazilər” adlı kafedə 15000 (on beş min) manat pulunu, bir neçə gün sonra həmin yerdə 6000 (altı min) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 21000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs 21000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Şahid 2004-cü ildən tanıyır. 2019-cu ilin yay aylarında Firidunlə əlaqə saxlamış, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən “Veteranlar” parkında görüşmüşlər. O, Firidunə universitetə tələbə qəbuluna kömək edə biləcəyini bildirmişdir. Firidun də qohumunun ali məktəbə qəbul olması üçün imtahan verdiyini, lakin X3 keçirdiyi qəbul imtahanında az bal yığdığı üçün universitetə qəbul olmadığını bildirmişdir. O, bu məsələdə kömək edə biləcəyimi Firiduna bildirmişdir. Təxminən bir həftə sonra, yəni 2019-cu ilin iyul ayının sonlarında Firidun ona zəng vuraraq qohumu ilə birlikdə onunla görüşmək istədiyini bildirmişdir. O, sonradan adını bildiyi Zərərçəkmiş şəxs və Şahid Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi kafedə görüşmüşlər. Həmin görüş vaxtı o, Zərərçəkmiş şəxs övladını istənilən ali məktəbə qəbul etdirəcəyini və bunun qarşılığında 25000 (iyirmi beş min) manat pul lazım olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs övladını Dərbənd universitetinə daxil olmağına nail olmağına, bundan sonra ixtisas üzrə Azərbaycan universitetlərinin birinə köçürüləcəyini dair söz vermişdir. Sevda məbləğin bir az çox olduğunu və o qədər pulunun olmadığını bildirdikdə o, Sevda ilə 23000 (iyirmi üç min) manata razılaşmışdır. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Şahidlə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Veteranlar” adlanan parkda görüşdükdə Firidun 15000 (on beş min) manat pulu və istənilən sənədləri ona vermiş və qalan pulu qısa müddətə verəcəklərini bildirmişdir. Təxminən 2-3 gün sonra isə o, Zərərçəkmiş şəxs və Şahidlə yenidən Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Veteranlar” adlanan parkda görüşmüş və Firidun 6000 (altı min) manat pulu ona verərək işin düzəlməyindən sonra qalan 2000 (iki min) manat pulu da verəcəklərini bildirmişdir. Həmin ilin sentyabr ayında Firidunlə Sevda ondan işin nə yerdə olması barədə maraqlansalar da, o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Əldə etdiyi 21000 (iyirmi bir min) manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs övladının ali məktəbə daxil olmasına köməklik edəcəyinə dair vəd vermiş və ondan bunun qarşılığında 21000 (iyirmi bir min) manat pul almışdır. Təqsirləndirilən şəxs pulu adlıqdan sonra o, bir müddət gözləmiş, bir müddət keçdikdən sonra o, zəng vuraraq işin nə yerdə olması ilə maraqlanmışdır. Lakin Təqsirləndirilən şəxs hər dəfə işin düzələcəyini deyərək vaxtı uzatmağa başlamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və pulunu tələb etməyə başlamışdır.Pul verilərkən sənədləşmə işləri aparılmamışdır. 21000 (iyirmi bir min) manat pul qohumu Şahid vasitəsilə verilmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs 2004-cü ildən tanımışdır. Şahin özünü ona institut müəllimi kimi təqdim etmişdir. Həmin zaman da Şahin ona universitetə tələbə qəbuluna kömək edə biləcəyini bildirmişdir. 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxslə Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən “Veteranlar” parkında görüşmüşlər. Şahin ona universitetə tələbə qəbuluna kömək edə biləcəyini, əgər kimsə varsa deməyini xahiş etmişdir. O da qohumu olan Zərərçəkmiş şəxs övladının ali məktəbə qəbul olması üçün imtahan verdiyini, lakin X3 keçirdiyi qəbul imtahanında az bal yığdığı üçün universitetə qəbul olmadığını bildiyindən, bu məsələni Təqsirləndirilən şəxs demişdir. Şahin bu məsələdə ona kömək edə biləcəyini bildirdikdən sonra, Sevda ilə bu məsələni bir qədər müzakirə etmiş və Şahinlə görüşməyə qərar vermişdir. Təxminən bir həftə sonra, yəni 2019-cu ilin iyul ayının sonlarında o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi kafedə görüşmüşlər. Həmin görüş vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs övladını istənilən ali məktəbə qəbul etdirəcəyini və bunun qarşılığında 25000 (iyirmi beş min) manat pul lazım olduğunu bildirmişdir. Sevda məbləğin bir az çox olduğunu və o qədər pulunun olmadığını bildirmişdir. Sevda ilə Şahin 23000 (iyirmi üç min) manata razılaşmışlar. Bundan əlavə, Təqsirləndirilən şəxs Sevdadan övladı Nigar Rzayevanın şəxsiyyət vəsiqəsini surətini, attestatını istəmişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə X5 rayonu, Qara Qarayev prospektində yerləşən “Veteranlar” adlanan parkda görüşmüş və Sevda 15000 (on beş min) manat pulu və istənilən sənədləri ona vermiş və qalan pulu qısa müddətə verəcəyini bildirmişdir. O da sənədləri və 15000 (on beş min) manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2-3 gün sonra isə o, Zərərçəkmiş şəxs ilə birlikdə Şahin Ağayevlə yenidən Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Veteranlar” adlanan parkda görüşmüşlər və Sevda 6000 (altı min) manat pulu ona vermiş və işin düzəlməyindən sonra qalan 2000 (iki min) manat pulu da verəcəyini bildirmişdin. Təqsirləndirilən şəxs bu işi 2019-cu ilin sentyabr ayında həll edəcəyinə dair vəd vermişdir. Həmin ilin sentyabr ayında onlar Təqsirləndirilən şəxs işin nə yerdə olması barədə maraqlansalar da, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldadaraq nə verdiyi vədə əməl etmiş, nədə ki, verilən 21000 (iyirmi bir min) manat pulu geri qaytarmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Ş.Kərimov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Ş.Kərimova qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-16/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsaən onun üzərində 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-nin 66.5-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(008)-4/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 10 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə, qəti olaraq 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2019-cu il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti, əvvəlki hökm olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə AR-sı CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsini nəzərə alaraq, onun barəsində qətimkan tədbiri seçilməmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 354 (üç yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar