Məhkəmə qərarları › İş №1(007)-419/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-419/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-419/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxxxxx 1974-cü ildə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 mart 2024cü il tarixdə, gecə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanının qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq açıb, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus 2000 manat nağd pul vəsaitini və dəyəri 30 manat olan “Bvlgari” markalı, dəri materialdan yaşıl rəngli qadın pul qabını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2030 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 mart 2024-cü il tarixdə, gecə saat 04 radələrində, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanının qapısının kilidini açarseçmə üsulu ilə açıb, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1600 manat olan 01 ədəd qadın qızıl üzüyünü, dəyəri 360 manat olan 01 ədəd qadın qızıl qolbağını və dəyəri 250 manat olan 01 ədəd qadın qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2210 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 mart 2024-cü il tarixdə, gecə saat 04:45 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanının qapısının kilidini açarseçmə üsulu ilə açıb, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, oradan Zərərçəkmiş şəxs3 məxsus 200 manat nağd pul vəsaitini, çəkisi 4 qram olan, 300 manat dəyərində qadın qızıl üzüyünü, dəyəri 80 manat olan 01 ədəd üzərində sim kart olmayan “F+” markalı, “Ezzy 5” modelli, “**********86608” və “**********86616” İmei kodlu mobil telefonu və dəyəri 40 manat olan 01 ədəd smart qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 620 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, heç bir evə daxil olmamışdır. İttiham aktında göstərilən üç epizod üzrə də özünü təqsirli bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş əşyalar hamısı polis əməkdaşları - əməliyyatçılar tərəfindən onun avtomobilinə yerləşdirilmişdir. Onun idarə etdiyi avtomobili Bakıxanov qəsəbəsindən, Sabunçu rayon İcra Hakimiyyətinin qarşısından Bakı şəhəri Nizami rayon Polis İdarəsinin qarşısına kimi onun iştirakı olmadan gətirmişlər. Əgər pul qabında pul yoxdursa, əgər pul oğurlayırdırsa o, niyə həmin pul qabını götürməlidir. Onun oğurlamadığı əşyalar onun avtomobilindən çıxmışdır. Həmin ərazidə tanışı yaşadığından Naxçıvanski küçəsinə aylarla gedib-gəlmişdir, bayram günləri də ola bilsin ki, getmişdir. 18-23 mart tarixlərində heç bir evə daxil olmamış, oğurluq etməmişdir. Görüntülərdə olan şəxs o deyildir. Onu Razində saxlayıblar, lakin avtomobilinə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin qarşısında baxış keçirilmişdir. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən təhdid olunmuşdur, ona təzyiqlər edilmişdir. Onun avtomobilində zərərçəkmiş şəxsin evindən oğurlanmış əşyalar olmamışdır. Məhkəmədən cəza təyin edilərkən qeyd olunanların, həyat yoldaşının xəstə olmasının və yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında Tunar Murtuzəliyevlə ailə həyatı qurmuşlar və ünvan 5 ünvanında yaşamışlar. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində o, əri ilə birlikdə Novruz bayramını qeyd etmək məqsədilə Balakən rayonuna getdiklərindən yaşadığı ünvan 5 ünvanı boş olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvana gələn zaman evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşlər. Mənzilin qapısını açıb içəri daxil olduqdan sonra mənzilin dağınıq halda olduğunu və oğurluq baş verdiyini aşkar etmişlər. Mənzilə baxış keçirən zaman yataq otağında olan dolabın üzərinə qoyduğu ona məxsus dəyəri 1.600 manat olan, 750 əyyarlı 01 ədəd ağ qızıl nişan üzüyünün, dəyəri 360 manat olan, 583 əyyarlı “Pandora” markalı sarı qızıl qolbağının və dəyəri 250 manat olan, 583 əyyarlı sarı qızıl üzüyünün oğurlanmasını müəyyən etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2210 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, Novruz bayramı ilə əlaqədar Zaqatala şəhərinə getdiyindən yaşadığı ünvan 4 ünvanı boş olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində rayondan gəlmişlər. Mənzilin açarını uşağına vermişdir ki, qapını açsın. Uşaq mənzilin giriş qapısını açıq görüb qışqırmışdır. Mənzilə daxil olduqdan sonra mənzilin dağınıq halda olduğunu və oğurluq baş verdiyini aşkar etmişlər və polisə müraciət etmişlər. Mənzilə baxış keçirən zaman yataq otağında olan dolabdakı çantanın içərisinə qoyduğu 200 manat nağd pulunun, digər uşaq yataq otağında olan paltar dolabına qoyduğu çəkisi 4 qram olan, Rus istehsallı, dəyəri 300 manat olan qadın qızıl üzüyünün, həmin otağa qoyduğu 4 ədəd plastik bank kartlarının, dəyəri 80 manat olan, üzərində sim kartlar olmayan “F+” markalı, “Ezzy 5” modelli mobil telefonunun və dəyəri 40 manat olan, cəhrayi rəngli, korpusunun yanları boz olan, korpusu dördbucaq forması olan, qolları cəhrayi rəngdə smart saatının oğurlanmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsi ilə bağlı videogörüntü də vardır. Telefon və saat polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Evə gəldikdən sonra telefonun və saatın istifadəyə yararsız olduğunu görmüşdür. Oğurlanmış kartlar bloklandığından həmin kartlardan pul çıxarılmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanı binanın birinci mərtəbəsində yerləşir və binanın hər iki tərəfindən evə giriş mövcud olmuşdur. Belə ki, binanın arxa hissəsindən qapı açdırdığından həmin qapıdan mənzilə giriş-çıxış etmək mümkündür. Nəvəsi X1 Sərhəd Xidmətinin Akademiyasında təhsil almış və bu səbəbdən də bəzi əşyalarını onun yaşadığı mənzildə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 2 ünvanından çıxıb qızının Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən yaşadığı ünvana qonaq getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində nəvəsi Fariz ona zəng edərək, onun yaşadığı mənzildən oğurluq faktı baş verdiyini bildirmişdir. Buna görə də o, dərhal yaşadığı evə gəlmiş və mənzilinin hər iki giriş qapılarının kilidlərinin sındırıldığını görmüşdir. O, mənzilə daxil olub baxış keçirdikdən sonra mənzilin qonaq otağında olan paltar dolabının içərisində saxladığı ona məxsus olan pencəyin cibinə qoyduğu 2.000 manat nağd pulun və qızının ona hədiyyə olaraq aldığı dolaba qoyduğu içərisi boş olan, “Bvlgari” markalı, dəyəri 30 manat olan yaşıl rəngli qadın pul qabının oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 2030 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, 77- EJ- 976 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildə aşkar olunmuş əşyalardan bəzilərinin özünə məxsus olmasını, digərlərinin isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 34 saylı evin mənzillərindən birindən oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobilin kim tərəfindən idarə edilərək 24-cü Polis Şöbəsinin qarşısına gətirilməsi barədə məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması, icraata qəbul olunması və zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Vətəndaşlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. - təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qayçı, 03 ədəd mənzil açarı və 01 ədəd iynə təqdim etmiş, onları mənzillərdən oğurluq edən zaman istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə oğurluq məqsədi ilə mənzilə daxil olan zaman mənzilin giriş qapısını açarseçmə üsulu ilə açdığını bildirmişdir. Təqdim edilmiş əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdir. - baxış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücü tərəfdən yerləşən qabaq sol qapısnın içərisində su qutusu, saxlanc yerində yaşıl rəngli qadın pul kisəsi, “Bizon” energetik içkisi, digər saxlanc yerində ağ rəngli stəkan, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 1 ədəd elektron qol saatı, 1 ədəd “F+” markalı mobil telefon, baqaj hissəsini açdıqda isə ağ rəngli sellofanın içərisində su qabları, ayaqaltı kağızları, qara rəngli qutu, ağ rəngli maddə, arxa qapısını açdıqda isə heç bir əşya aşkar edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs yaşıl rəngli pul kisəsini ünvan 8 ünvanında oğurluq edən zaman oğurladığını, 1 ədəd elektron qol saatını və 1 ədəd qara rəngli “F+” markalı mobil telefonu ünvan 9 ünvanında oğurluq edən zaman oğurladığını, digər “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Baxış zamanı yaşlı rəngli pul kiəsi, 1 ədəd elektron qol saatı və 1 ədəd qara rəngli “F+” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Azercell Telecom'’ MMC-dən xx.xx.2024-cü il tarixli, 7572 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskinə və DİN-in Təhlükəsiz Şəhər Xidmətindən xx.xx.2024-cü il tarixli, 3-13- 3/2-9009/2024 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskinə baxış keçirilmişdir. Əvvəl "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirildikdə Təqsirləndirilən şəxs 2024cü ilin mart ayında Bakı şəhəri, Nizami rayonunun ərazisində mənzillərdən oğurluq cinayətlərini törətdiyi zaman istifadəsində olmuş (051)-921-40-68 SİM nömrəsinə daxil olan və göndərilən SMS mətnlərinin, eləcə də həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, həmçinin həmin siyahıdakı abonentlərin anket məlumatlarının və Təqsirləndirilən şəxs telefonunun anten məlumatlarının olması müəyyən edilmişdir. Həmin məlumatlar və cinayət işinin materialları tədqiq edildikdə müəyyən edilir ki, oğurluq baş vermiş bütün tarixlərdə oğurluq saatlarına yaxın vaxtlarda Təqsirləndirilən şəxs telefonunu işlətməmişdir. Oğurluq barədə yazışmalar aşkar edilməmişdir. Daha sonra DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd CD diskinə baxş keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, 77-EJ 976 dövlət qeydiyyat nişanlı avtomobilin oğurluqların baş verdiyi tarixlərdə, gecə saatlarında Nizami rayonunun, xüsusən də hadisə yerinə yaxın ərazilərdə, Qara Qarayev prospektində hərəkət etməsi aşkar edilmişdir. Belə ki, hər iki diskdə olan məlumatlar təhlil edildikdə Təqsirləndirilən şəxs ifşa edilməməsi məqsədi ilə istifadəsində olan mobil telefonunu məqsədli şəkildə söndürdüyü təsdiq edilir. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən Təqsirləndirilən şəxs izahatının alınmasının videogörüntüləri vardır. Görüntünün 27 dəqiqə 53 saniyə davam etdiyi müəyyən edilir. Görüntü Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilovun özünü təqdim etməsi ilə başlayır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir, özü haqqında ətraflı məlumat verir və sərbəst çəkildə, heç bir kənar təzyiq olmadan izahat verir, təhqiqatçı isə onun izahatını kompüterdə yazır. Həmin izahatın məzmunu Təqsirləndirilən şəxs izahatının çap edilmiş və onun tərəfindən imzalanmış izahatının məzmunu ilə eynilik təşkil etməsi müəyyən edilir. - cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış 660-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 24/914 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq izi xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 may 2024-cü il tarixli, 9/2553 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən olunur: 1. 01 ədəd Çin istehsalı olan “F+” markalı, “Ezzy 5” modelli, “**********86608” və “**********86616” İMEİ kodlu, klassik dizaynlı mobil telefon ( komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla)-40,0 manat; 2. 01 ədəd üzərində “Bvlgari” yazıları olan, yaşıl rəngli, 13x11 sm ölçülü, süni dəri materialdan olan pul kisəsi-10,0 manat; 3. 01 ədəd Çin istehsalı, markalanmasına dair heç bir məlumat olmayan, arxa hissəsində “healthy lifestyle smart watch heart rate fashion sports” yazıları olan çəhrayı rəngli smart qol saatı- 30,0 manat. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 30 aprel 2024-cü il tarixli, 3-16-16/2- 3/614 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş silindrik mexanizm tədqiqata təqdim edilmiş vəziyyətində işləkdir, istifadəyə yararlıdır. Silindrik mexanizm taxma qıfılın bütün hissələri ilə birlikdə təqdim edildiyi zaman taxma qıfılın daxilində olan bağlayıcı mexanizmin vəziyyətinə dair (açıq və ya bağlı olması) tədqiqatın aparılması mümkündür. Taxma qıfılın konstruktiv xüsusiyyətlərinə görə onun silindrik mexanizmi taxma qıfıldan qıfılın bağlayıcı mexanizmi açıq olduğu halda ayrılır. Tədqiqata təqdim edilmiş silindrik mexanizmin, onun açar yuvasının səthində və daxili detallarının üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, sürtünmə, cızılma və s. izlər (zədələr) aşkar edilmədi. Təqdim edilmiş silindrik mexanizmin ştat açarı və ya ona dəqiq uyğunlaşdırılmış açarla, həmçinin kənar predmetlə (məs. kilidaçan ilə) o cümlədən, təqdim edilmiş iynə ilə iz yaratmadan açılması mümkündür. Lakin silindrik mexanizmin tədqiqata təqdim edilmiş qayçı ilə iz yaratmadan açılması istisna edilir. Qıfılın silindrik mexanizmi ilə birlikdə təqdim edilmiş dörd ədəd açarın rəyin tədqiqi hissəsində göstərilən səbəbdən qıfılın ştat açarı olması istisna edilmir. Həmin açarların üzərində onların forma və qəlibinin nüsxəsinin çıxarılmasına xarakterik əlamətlər-mexaniki qurğu və ya vasitədən yaranan izlər aşkar edilmədiyi üçün onların nüsxəsinin çıxarılması müəyyən edilmədi. Təqdim edilmiş silindrik mexanizmin üzərində “Təqsirləndirilən şəxs götürülmüş" yazı qeydləri olan zərfdən aşkar edilmiş üç ədəd açarla açılması rəyin tədqiqi hissəsində göstərilən səbəbdən istisna edilir. - maddi sübut qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qayçı, 03 ədəd mənzil açarı, 01 ədəd iynə, maddi sübut qismində tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlanılması otağına verilmişdir. Zərərçəkmiş şəxs3 mənzilinin qapısının 01 ədəd qıfılı və ona aid 04 ədəd açarı maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılmışdır. - sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “F+” markalı mobil telefon, qadın qol saatı, eləcə də Zərərçəkmiş şəxs2 məxsus “Bvlgari” markalı pul qabı maddi sübut qismində tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 ünvanından götürülmüş videogörüntülərin köçürüldüyü “CD” disk, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı çəkilmiş videogörüntünün köçürüldüyü “CD” disk, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən Təqsirləndirilən şəxs izahatının alınmasının videogörüntüləri olan “CD” disk, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 7572 nömrəli məktubla daxil olmuş 01 ədəd “CD” disk və “Toyota Prius” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyasını əks etdirən DİN-in Təhlükəsiz Şəhər Xidmətindən xx.xx.2024-cü il tarixli, 3-13-3/2-9009/2024 nömrəli məktubla daxil olmuş 01 ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü övladı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntülər, Təqsirləndirilən şəxs videoçəkilişlə verdiyi izahatı ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs yaşayış sahəsinə təkrarən qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərin əmlakını gizli talayaraq oğurlaması tamamilə təsdiq olunur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi əvvəllər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-180/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda icraatda olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-180/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1- 66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-180/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-180/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə 23 oktyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək 1 ay həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qayçı, 03 ədəd mənzil açarı və 01 ədəd iynə hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “F+" markalı mobil telefon, 01 ədəd smart qol saatı və 01 ədəd qıfıl və 04 ədəd açar Zərərçəkmiş şəxs3, 01 ədəd “Bvlgari” markalı pul qabı Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 05 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 113 (bir yüz on üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-180/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək 1 ay həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan - Bakı şəhəri Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qayçı, 03 ədəd mənzil açarı və 01 ədəd iynə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 5 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “F+" markalı mobil telefon, 01 ədəd smart qol saatı, 01 ədəd qıfıl və 04 ədəd açar Zərərçəkmiş şəxs3, 01 ədəd “Bvlgari” markalı pul qabı Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 113 (bir yüz on üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar