Məhkəmə qərarları › İş №1(007)-42/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-42/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-42/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 61də kirayədə yaşamış, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 25 ünvanında park vəziyyətində yolun kənarında dayanmış “Ford Transit” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən Zərərçəkmiş şəxs2 məxsus içərisində dəyəri 5 manat təşkil edən 070 874 83 09 GSM nömrəsi olan dəyəri 500 manat təşkil edən 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 505 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında park vəziyyətində yolun kənarında dayanmış “Ford Transit” markalı ** VU *** dövlət nömrə nişanlı avtomobilin salon hissəsindən Zərərçəkmiş şəxs1 məxsus içərisində dəyəri 5 manat təşkil edən 055 577 33 05 GSM nömrəsi olan dəyəri 480 manat təşkil edən 1 ədəd “Xiomi redmi 5+” markalı **********18683 və **********18691 İMEİ kodlu mobil telefon aparatını və 1200 manat nağd pul vəsaitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1685 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyənin İstanbul şəhərindən müvəqqəti yaşayış üçün aldığı icazənin müddətinin bitməsi səbəbi ilə deport edilmiş, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən “Araz” marketin qarşısında olarkən “Ford Tranzit” markalı avtomobilin mağazanın qarşısına yaxınlaşaraq orada saxladığını görmüşdür. Avtomobili idarə edən şəxs düşərək mağazaya daxil olmuşdur. O, üzun müddətdir ki, işsiz olması səbəbi ilə maddi cəhətdən sıxıntılar yaşamışdır. Həmin şəxs avtomobili tərk etdikdən sonra o, avtomobilin sağ yan qapısına yaxınlaşmış, avtomobilin içərisində bir ədəd mobil telefon apartının olduğunu görmüşdür. Bundan sonra avtomobildən düşmüş şəxslərin gəlibgəlmədiyinə əmin olmaq üçün mağazaya tərəf baxmış, həmin şəxslərin gəlmədiyinə əmin olduqdan sonra yenidən avtomobilə yaxınlaşaraq sağ qapısını açmış və avtomobilin içərisində olan mobil telefonu götürərək oranı tərk elmişdir. xx xxxx 2020-cu il tarixdə axşam saatlarında Nizami rayonu, “Q.Qarayev” melroslansiyasının yaxınlığında adını bilmədiyi bir nəfər şəxsə yaxınlaşaraq mobil telefon satmaq istədiyini bildirmişdir. Bir qədər danışdıqdan sonra mobil telefonu 50 manata həmin şəxsə satmışdır. 50 manat pulu müxtəlif yerlərdə xərcləmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 42 ünvanında yerləşən “NV” mağazasının qarşısında olarkən “Ford” markalı avtomobilin mağazanın qarşısına yaxınlaşaraq orada saxladığını, avtomobili idarə edən və onun yanında olan şəxsin avtomobildən düşərək mağazaya daxil olduqlarını görmüşdür. Bundan sonra o, avtomobilin sağ yan qapısına yaxınlaşıb avtomobilin içərisində bir ədəd mobil telefon apartının olduğunu görmüşdür. Avtomobildən düşmüş şəxslərin gəlmədiyinə əmin olduqdan sonra yenidən yaxınlaşaraq avtomobilin sağ qapısını açmış və avtomobilin içərisində olan mobil telefonu götürərək oranı tərk etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında Nizami rayonu, “Neftçilər” metrostansiyasınm yaxınlığında yerləşən mobil telefon mağazalarından birinə daxil olaraq oğurladığı həmin “Xiomi Redmi” markalı mobil telefonu satıcıya satmaq istəmişdir. Satıcı ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd istəmişdir. O, heç bir sənədinin olmadığını bildirib mağazanı tərk edərək digər mağazalara müraciət etmək istəmişdir. Mağazanın qarşısında olarkən tanımadığı və adlarını bilmədiyi iki nəfər şəxs ona yaxınlaşaraq mobil telefonu satıb-satmadığını soruşmuşlar, o, telefonu satmaq istədiyini demişdir. Bir qədər danışdıqdan sonra mobil telefonu 80 manata tanımadığı bu şəxslərə satmışdır. 80 manat pulu müxtəlif yerlərdə xərcləmişdir. İkinci avtomobildən 1200 manat pulu oğurlamamışdır, lakin ailə üzvləri həmin pulu zərərçəkmiş şəxsə ödəmişlər. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam ödənildiyini və zərərçəkmiş şəxslərin onu bağışladıqlarını, rəsmi nikahı olmasa da, Leyla Əmirzadə adlı şəxslə ər-arvad münasibətində olmaqla yaşadığı müddətdə xx xxxx 2011-ci il təvəllüdlü Nərmin adlı qızlarının doğulduğunu, qızının onun himayəsində olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Ford Tranzit” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” MMC-dən ərzaq mallarını əvvəlcədən öz pulunu nağd ödəməklə alaraq mağazalara paylayır, sonra isə mağazalardan malların pulunu yığmaqla ailəsini dolandırır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində tanışı Şahidlə birlikdə həmin avtomobili ilə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 42 ünvanında yerləşən “NV” adlı mağazaya qida məhsulları vermək məqsədi ilə getmişdir. O, avtomobili mağazanın qarşısında saxlamış, yük yerindən bir neçə qida məhsulları götürərək avtomobilin qapılarını açıq vəziyyətdə qoyub mağazaya daxil olmuşdur. Ramin də onunla birlikdə olmuşdur. Mağazada təxminən 20-25 dəqiqə qaldıqdan sonra oranı tərk edərək yenidən avtomobilə tərəf getmişlər. Mağazadan çıxdıqdan sonra avtomobilə əyləşərək yaxınlıqda yerləşən “Paşa” restoranına getmək məqsədi ilə yola düşmüşlər. Elə bu zaman avtomobilin içərisində özünə məxsus olan içərisində dəyəri 5 manat təşkil edən 055 577 33 05 GSM nömrəsi olan İMEİ kodu **********18683 və **********18691 olan, 480 manat dəyərində “Xiomi Redmi 5+” markalı mobil telefonunun və özünə məxsus olan, malların mağazalara satışından yığdığı 1200 manat pulun yerində olmadığını aşkar etmişdir. Yenidən “NV” mağazasına qayıtmış və mağazanın sahibinin icazəsi ilə mağazanın ön giriş hissəsini göstərən təhlükəsizlik kameralarına baxmışdır. Həmin vaxt tanımadığı naməlum şəxsin, sonradan hazırkı təqsirləndirilən şəxs olduğunu bildiyi Təqsirləndirilən şəxs bir qədər əvvəl onlar mağazada olduqları zaman qabaq sağ qapısını açaraq avtomobilə daxil olduğunu və sonra tələsik oradan uzaqlaşdığını görmüş, həmin şəxsin ona məxsus mobil telefonu və pulu oğurladığını bilib bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Polislər tərəfindən aparılan araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyi üçün onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binə çörək zavodunda ekspeditor vəzifəsində işləyir. ** XK *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobillə zavod tərəfindən sifariş qəbul edilmiş ünvanlara çörək çatdırmaqla məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən “Araz” marketin qarşısında avtomobili park halında saxlamış və yük yerindən çörəkləri götürərək mağazaya daxil olmuşdur. Bu zaman avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Təxminən 30 dəqiqə mağazada olduqdan sonra geri qayıtmışdır. Avtomobilə əyləşdikdən sonra avtomobilin saxlanc yerində olan dəyəri 5 manat təşkil edən 070 874 83 09 saylı mobil telefon nömrəsi olan dəyəri 500 manat olan “Samsung A10” markalı mobil telefonunun olmadığını görmüşdür. Telefonunun naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüş, dərhal baş vermiş hadisə barəsində DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Sonradan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Ona dəymiş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs bağışlamış, barışmışdır, hər hansı tələbi yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şahid məhkəməyə poçt vasitəsi ilə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixində saat 13 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi ** VU *** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 42 ünvanında yerləşən “NV” adlı mağazaya getmişlər. Mağazanın qarşısında avtomobili saxlayıb mağazaya daxil olmuşlar. Mağazaya gəldikdən sonra Zərərçəkmiş şəxs1 qayıdıb avtomaşından sənəd götürüb mağazaya gətirmişdir. Mağazada müdirlə danışdıqdan sonra Zərərçəkmiş şəxs1la birlikdə mağazanı tərk edərək avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs1 avtomobili işə salmış və onlar hərəkətə başlamışlar. Təxminən bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs1 avtomobildə olan və özünə məxsus olan mobil telefon aparatının olmadığını aşkar etmiş, bu zaman o, avtomobilin saxlanc yerində olan 1200 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la birlikdə yenidən “NV” adlı mağazaya qayıtmışlar. Mağazanın sahibinin razılığı ilə mağazaya məxsus olan təhlükəsizlik kameralarına baxan zaman bir nəfər şəxsin avtomobilin sağ yan qapısını açaraq oraya daxil olması və təxminən bir neçə saniyədən sonra avtomobilin qapısını bağlayaraq iti addımlarla hadisə yerini tərk etməsini görmüşlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisənin baş verdiyi yerə və avtomobilə baxış keçirilmişdir. (i.v. 8-9) -Götürmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 saylı ünvanda yerləşən “NV” marketin qarşısında olan müşahidə kamerasını qeydə alan kameranın yaddaşından hadisə baş verən anın görüntüləri 1 ədəd CD diskdə götürülmüşdür. (i.v. 10) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisənin baş verdiyi yerə və avtomobilə baxış keçirilmişdir. (i.v. 51-53) -Cinayət işinin tövsif edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. (i.v. 76) -İfadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə oğurluq etdiyi yerləri göstərib, əməlləri hansı qaydada törətdiyini izah etmişdir. (i.v. 99-103) -Baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən marketdə görüntü kamerasından götürülmüş 1 ədəd CD diskdəki videogörüntülərə baxış keçirilərkən xx xxxx 2020-ci il tarixdə saat 13:00-da qeydə alınmış görüntüdə Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanı qarşısında saxlanmış ** VU *** dövlət nömrə nişanlı “Ford Tranzit” markalı avtomobilin yanında bir şəxsin az bir müddət ərzində ətrafı seyr etməsi və sonra avtomobilin sağ yan qapısını tələsik açaraq avtomobilin salonuna daxil olması, az müddət sonra tələsik avtomobildən düşərək oranı tərk etməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin avtomobilə minmiş və tez-tələsik düşüb oranı tərk edən şəxs onun özü olmasını bildirmişdir. ünvan 6 ünvanda yerləşən “Araz” marketin görüntü kamerasından 1 ədəd CD diskdə götürülmüş görüntülərə baxış keçirilərkən xx xxxx 2020-ci il tarixdə saat 17:00-da qeydə alınmış görüntüdə həmin ünvan qarşısında saxlanmış ** XK *** dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsünün avtomobildən uzaqlaşmasından az sonra avtomobilin yanına bir şəxsin gəlib az bir müddət ərzində ətrafı seyr etməsi və sonra avtomobilin sağ yan qapısını tələsik açaraq avtomobilin salonuna daxil olması və az müddət sonra tələsik avtomobildən düşərək oranı tərk etməsi görüntülərə baxışla müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin avtomobilə minmiş və tez-tələsik düşüb oranı tərk edən şəxsin onun özü olmasını bildirmişdir. (i.v. 104) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 məxsus 1200 manat nağd pulu oğurlamaması kimi göstərmiş olduğu xüsusat özünü müdafiə xarakteri daşıdığından rədd edilmiş, görüntü kameralarından götürülmüş oğurluq anının görüntüləri qeydə alınmış 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 195-199) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində Zərərçəkmiş şəxs1 məxsus avtomobildən xx xxxx 2020-ci il tarixdə 1200 manat məbləğində pul oğurlamadığını göstərsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan onun ailə üzvləri tərəfindən ödənildikdən və zərərçəkmiş şəxsin bununla əlaqədar onunla barışdığına dair ərizə verməsindən sonra, son sözündə əməlindən səmimi peşmançılığını bildirmiş, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilərək onlarla barışıq əldə edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə saat 15:30-da tutulmuşdur. (i.v. 86) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 29 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 123-125) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X4 Respublikasının Muş Sülh Cəza Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə 5682 SY 34; TCQ 62/1 51/1 51/3-6-7 01 ay 07 gün həbs edilmişdir. (i.v. 129-130) -Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyi üçün onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona vurulmuş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs bağışlamış, barışmışdır, hər hansı tələbi yoxdur. -Məhkəməyə təqdim edilmiş AZ-İİİ seriyalı, 981186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2011-ci il tarixdə doğulmuşdur. X1, anası X5r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” x xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Məhkəmə istinad edilən qərarla müəyyən edilmiş hüquqi nəticəyə uyğun olaraq, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının Muş Sülh Cəza Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə məhkum olunmasını nəzərə almır, hesab edir ki, o, əvvəllər məhkum olunmamış şəxs kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, oğurluğun təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 3 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 3 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar