Məhkəmə qərarları › İş №1(007)-420/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-420/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-420/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 26-28 yanvar 2025-ci il tarixlərdə 335 nəfər şəxsin üzv olaraq iştirak etdiyi “X1” adlı “whatsapp” qrupda ümumi şəkildə onun ünvanına “tulalar”, “sürtüy”, “cındır”, “tvar”, “qara yara”, “zibil” və bu kimi təhqiramiz, kobud ifadələr səsləndirməklə onu qərəzli şəkildə təhqir etmiş, bu əməlini mütəmadi qaydada həyata keçirərək arzu etmiş, etdiyi qəsdin mahiyyətindən anlaqlı olmuş və bununla da törətmiş olduğu bu əməllə onun şərəf və ləyaqətini “kütləvi qaydada” alçaltmışdır. Bu vəziyyətin sülh və barışıq yolu ilə aradan qalxmayacağı ona məlum olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, yuxarıda göstərilən işlətmiş olduğu təhqir xarakterli ifadələrə görə barəsində şikayət olunan şəxs-X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirli bilinməli və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət olaraq formasına görə böhtan əməli kimi, təhqir əməli də təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılması və nüfuzdan salınmasından ibarətdir. Cinayətin bilavasitə obyekti isə yenə də şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Təhqiredici hərəkətin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Qeyd olunanlara əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətinə islah işləri cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 xüsusi ittiham qaydasında şikayətə dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət edən X2 bildirdikləri həqiqəti əks etdirmir. X5 onun barəsində əsassız, yalan və böhtan xarakterli məlumatlar yaymaqla hüquqlarını pozmuşdur. Eyni zamanda əvvəllər də ona şər-böhtan atdığı üçün 2000 manat cərimə olunmuşdur. Onun məqsədi öz qanunsuz əməllərini ört-basdır etmək və Cəhri qəbiristanlığı adı altında qanunsuz fəaliyyətini gizlətməkdir. Belə ki, Abşeron rayonu Məhəmmədi inzibati ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində - hansı ki, Məmmədov Səxavətin şəxsi mülkiyyətidir - 70-dən artıq mərhumun dəfn edildiyi məlum olmuşdur. 25 dekabr 2018-ci il tarixli Nazirlər Kabinetinin 522 saylı qərarına əsasən şəxsi kənd təsərrüfatı təyinatlı torpaqda dəfn aparılması qadağandır və bu, qanuna ziddir. Bu qanunsuz dəfn işləri zamanı vətəndaşlardan (o cümlədən Cəhri və Gülşənabad kənd sakinlərindən) qəbir qazılması üçün 200 manat, arayışların verilməsi üçün isə 500 manat pul tələb edilməsi barədə məlumatlar vardır. Bu faktlar həmin şəxslərin aldadıldığını və hüquqi cəhətdən çaşdırıldığını sübut edir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir sayılır. Bu məsələ ilə bağlı “X1” adlı WhatsApp qrupu yaradılmış və orada o - kəndin sakini olaraq - baş verənlərə münasibətini bildirmişdir. Bunun müqabilində isə iddiaçılar tərəfindən təhqiramiz ifadələrə, böhtanlara və mənəvi təzyiqlərə məruz qalmışdır. Onun səs yazısı əslində bu qanunsuz əməlləri edənlərə fikrini çatdırmaqdır. Vüqar Məmmədov ona qarşı şikayət veribsə, deməli, bilavasitə qanunsuzluq etdiyini qəbul və təsdiq edir. Xüsusi ittiham qaydasında şikayət edən Vüqar Məmmədovun əsassız məhkəmə şikayətləri ilə çıxış etməsi onun öz qanunsuz əməllərinə don geyindirmək, məsuliyyətdən yayınmaq və məhkəmə orqanlarının vaxtını mənasız yerə alaraq dövlətə ziyan vurmaq məqsədi daşıyır. Qeyd etdiklərini nəzərə alaraq, X2 xüsusi ittiham qaydasında şikayəti əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X5 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, kifayət qədər ictimai nüfuza malik olan şəxsdir. X6 hər yerdə onu təhqir edir, nalayiq sözlər işlədir. Dəfələrlə xəbərdarlıq etmişdir ki, bu sözləri yığışdırsın. O, neçə dəfə demişdir ki, bu söyüşləri söyməsin, onun anasını, atasını söyür. Bir dəfə də onu söydüyünə görə şikayət etmiş, Kəramət bir də söyməyəcəyinə söz vermiş, 1 aydan sonra yenə başlamışdır. X3 ünvanı Nizami rayonudur, ona görə Nizami rayonu ərazisində baxılmalıdır. Şikayət CPM-nin 293-cü maddəsinin tələblərinə uyğundur. Dəfələrlə ünvanına, adını çəkərək söyüşlər söymüşdür. Bununla bağlı məhkəməyə disklər təqdim etmişdir. Şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X6 etiraz ərizəsinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Whatsapp qrupu kütləvi informasiya vasitəsi deyildir. Bu, onların öz qruplarıdır. Kütləvi informasiya vasitəsi kimi qeydə alınmamışdır. Qrup X1 üçün yaradılmışdır. Şikayətin kökü ondan ibarətdir ki, 2012-ci ildə o, böyük qardaşı Məmmədov Səxavətə 10000 manat, həmçinin digər şəxslər pul vermişlər ki, iki kəndi qəbiristanlıqla təmin etmək üçün torpaq alsın. Bu işə ağsaqqallığı o, Məmmədov Vüqarın atası Məmmədov Tofiq və rəhmətə gedən İman əmisi etmişdir. Səxavət bu pulla özünə şəxsi torpaq almış, bundan onların xəbərləri olmamışdır. Qardaşı ilə arasında mübahisə ona görə yaranmışdır ki, kəndin əhalisinin pulu ilə Məhəmmədi ərazisində alınmış 2.5 ha torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirmişdir. Onlar bu qrupu ona görə yaratmışlar ki, kim ki, qəbiristanlıq üçün pul verib, onlar da görülən işlər barədə məlumatlı olsunlar. O, kiminsə ünvanına təhqir, söyüş işlətməmişdir. Məmmədov Vüqarın dedikləri tamamilə yalandır. O, birbaşa KİV-də onun haqqında böhtan, təhqir, söyüş işlətdiyinə görə Məmmədov Vüqarı məhkəməyə vermişdir və onun şikayəti əsasında Məmmədov Vüqar cərimə olunmuşdur. O, Məmmədov Vüqarın ünvanına heç nə deməmişdir. O, demişdir ki, bu əməlləri öz kəndinə, camaatına qarşı kim eləyirsə, torpağa müdaxilə edirsə, Səxavətin arxasında durursa şərəfsiz və ləyaqətsizdir. Bu sözü ünvana işlətməmişdir. NK-nın 522 saylı qərarı əsasında torpaq əgər qəbiristanlıq adı altında alınıbsa bələdiyyəyə verilməlidir. Qrupda demişdir ki, Cəhri kəndinin pulu ilə alınan torpaq qanuniləşməlidir, buna qarşı kim çıxırsa onun şərəfi yoxdur. Bu şəxslər isə Səxavətin arxasında durur ki, o torpağı verməsin. Məmmədov Vüqar hansı səlahiyyətlə onun qardaşı ilə arasında olan söhbətə qarışır, onun qardaşı ilə olan məsələsini KİV-də yayır. O, qardaşı ilə arasında olan söhbətə müdaxilə edənləri söymüşdür. Whatsapp qrupu şəxsi qrupdur, qapalı qrupdur. Məmmədov Vüqar torpağın alınması üçün 100 manat pul vermiş, Səxavət isə həmin pulun müqabilində ona 125 kvadrat torpaq vermişdir. Maraqları nədir ki, Səxavəti müdafiə edirlər. X7 vəkili deyil, Whatsapp qrupunun üzvü də deyil. Deyirlər ki, Səxavətdən o torpağı kimsə ala bilməz. O, demişdir ki, Cəhri camaatına bu hərəkətləri edənlər..... belədir. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X3 vəkili Müdafiəçi bildirmişdir ki, hazırki şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs sübut təqdim etməmişdir.bilmədi. Şikayət əsassızdır. Azərbaycan Respublikası CPM-ə əsasən iş üzrə müraciət cinayətin törədildiyi ərazi üzrə verilir. Şikayətə əlavə olunan sənədlərdə cinayətin Nizami rayonu ərazisində törədilməsinə dair əsas yoxdur. Kəramətin harada yaşamasını təsdiq edən sənəd işə əlavə olunmamışdır. İşlədilən ifadələrin kimə ünvanlandığı məlum deyil. Məhkəmədən şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi məsələsini yoxlayaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə ehtimal olunan cinayətin törədilmə vaxtı 26-28 yanvar 2025-ci il tarixləri qeyd olunmuşdur. Lakin sübut qismində təqdim olunan səs yazılarından, cinayətin məhz hansı tarixdə və ya tarixlərdə törədildiyi, həmçinin bu zaman cinayətlərin təkrarlığının olub-olmaması müəyyən deyildir. Belə ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Bundan başqa, səs yazılarının stenoqramı da çıxarılıb materiala əlavə edilməmişdir. Ona görə natamam şəkildə təqdim edilən məhdud məlumatlı sübutun araşdırılması ilə (diskə əlavə edilmiş səs yazılarına qulaq asılması ilə) X3 qeyd olunan səs yazılarının hansında və hansı tarixdə orada səslənən fikir və ifadələri məhz hansı şəxsə aid etməsini aydınlaşdırmaq çətinlik yaradır. Ona görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olub-olmadığını müəyyən etmək olmur. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə “X1” adlı “WhatsApp” qrupunda X6 tərəfindən səsləndirilmiş ifadələrin ən azı iki nəfər şəxsin eşitməsini (həmin şəxslər barədə məlumatlar qeyd edilməklə) təsdiq edən sübutlar təqdim edilməmişdir. Bundan əlavə, X5 xüsusi ittiham qaydasında şikayətinin nəticə hissəsində X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, onun 01 il müddətinə islah işləri cəzasına məhkum edilməsini xahiş edərkən də qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi və X4 islah işləri cəzası təyin edildiyi halda onun qazancından dövlət nəfinə neçə faiz pul tutulması göstərilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 49.2-ci maddəsində islah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 12 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 132 (bir yüz otuz iki) manat (12x11) məbləğində, əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 məhkəmədə 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 132 (bir yüz otuz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar