Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-421/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 26-28 yanvar 2025-ci il tarixlərdə 335 nəfər şəxsin üzv olaraq iştirak etdiyi “X2” adlı “whatsapp” qrupda ümumi şəkildə onun ünvanına “tulalar”, “sürtüy”, “cındır”, “tvar”, “qara yara”, “zibil” və bu kimi təhqiramiz, kobud ifadələr səsləndirməklə onu qərəzli şəkildə təhqir etmiş, bu əməlini mütəmadi qaydada həyata keçirərək arzu etmiş, etdiyi qəsdin mahiyyətindən anlaqlı olmuş və bununla da törətmiş olduğu bu əməllə onun şərəf və ləyaqətini “kütləvi qaydada” alçatmışdır. Bu vəziyyətin sülh və barışıq yolu ilə aradan qalxmayacağı ona məlum olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, yuxarıda göstərilən işlətmiş olduğu təhqir xarakterli ifadələrə görə barəsində şikayət olunan şəxs-X9 Azərbaycan Respublikası CMnin 148-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirli bilinməli və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət olaraq formasına görə böhtan əməli kimi, təhqir əməli də təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılması və nüfuzdan salınmasından ibarətdir. Cinayətin bilavasitə obyekti isə yenə də şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Təhqiredici hərəkətin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Qeyd olunanlara əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətinə islah işləri cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 xüsusi ittiham qaydasında şikayətə dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət edən X4 bildirdikləri həqiqəti əks etdirmir. X8 onun barəsində əsassız, yalan və böhtan xarakterli məlumatlar yaymaqla hüquqlarını pozmuşdur. Onun məqsədi öz qanunsuz əməllərini ört-basdır etmək və Cəhri qəbiristanlığı adı altında qanunsuz fəaliyyətini gizlətməkdir. Belə ki, Abşeron rayonu Məhəmmədi inzibati ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində - hansı ki, Məmmədov Səxavətin şəxsi mülkiyyətidir - 70-dən artıq mərhumun dəfn edildiyi məlum olmuşdur. 25 dekabr 2018-ci il tarixli Nazirlər Kabinetinin 522 saylı qərarına əsasən şəxsi kənd təsərrüfatı təyinatlı torpaqda dəfn aparılması qadağandır və bu, qanuna ziddir. Bu qanunsuz dəfn işləri zamanı vətəndaşlardan (o cümlədən Cəhri və Gülşənabad kənd sakinlərindən) qəbir qazılması üçün 200 manat, arayışların verilməsi üçün isə 500 manat pul tələb edilməsi barədə məlumatlar vardır. Bu faktlar həmin şəxslərin aldadıldığını və hüquqi cəhətdən çaşdırıldığını sübut edir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir sayılır. Bu məsələ ilə bağlı “X3” adlı WhatsApp qrupu yaradılmış və orada o - kəndin sakini olaraq - baş verənlərə münasibətini bildirmişdir. Bunun müqabilində isə iddiaçılar tərəfindən təhqiramiz ifadələrə, böhtanlara və mənəvi təzyiqlərə məruz qalmışdır. Onun səs yazısı əslində bu qanunsuz əməlləri edənlərə fikrini çatdırmaqdır. Səxavət Məmmədov ona qarşı şikayət veribsə, deməli, bilavasitə qanunsuzluq etdiyini qəbul və təsdiq edir. Xüsusi ittiham qaydasında şikayət edən Səxavət Məmmədovun əsassız məhkəmə şikayətləri ilə çıxış etməsi onun öz qanunsuz əməllərinə don geyindirmək, məsuliyyətdən yayınmaq və məhkəmə orqanlarının vaxtını mənasız yerə alaraq dövlətə ziyan vurmaq məqsədi daşıyır. Qeyd etdiklərini nəzərə alaraq, X4 xüsusi ittiham qaydasında şikayəti əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X8 şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X11 etiraz ərizəsinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birincisi, onların qrupu kütləvi informasiya vasitəsi deyildir. Bu, onların öz qruplarıdır. Kütləvi informasiya vasitəsi kimi qeydə alınmamışdır. Onlar bu qrupu ona görə yaratmışlar ki, kim ki, qəbiristanlıq üçün pul verib, onlar da görülən işlər barədə məlumatlı olsunlar. Bu şəxslərə ağsaqqalığı onun özü etmişdir. İndi camaat deyir, həmin torpaq hanı. O da deyir ki, Səxavət almışdır. Lakin həmin şəxslər demişlər ki, “Səxavət indi bizim ölü dəfn etməyimiz üçün pul alır. Öz aldıqları torpaq üçün pul alır”. Səxavət bir dəfn üçün ortalama 450 manat pul alıb. DOST xidməti ölünü harda dəfn etmisənsə oradan arayış istəyir. Gedib Səxavətdən arayış istəyirlər, Səxavət arayış vermir, deyir ki, “mən arayış verə bilmirəm”. Onlar gedib bələdiyyədən arayış istəyirlər, bələdiyyə deyir ki, “biz oraya arayış verə bilmərik, çünki ora Səxavətin torpağıdır”. Sonra kəndlilərdən 500 manat pul alır, Abşeronun bələdiyyəsi arayışı verir. Qəbiristanlıqdırsa, Səxavət onu qeydiyyatdan keçirməli idi. Belə olan halda da arayış verə biləcəkdi. Amma Səxavət gedib torpağı öz adına keçirmişdir. Siyavuş Novruzov onların kəndlisidir. O da 1000 manat pul vermişdir. Siyavuş Novruzov bütün kəndliləri yığıb iclas keçirmişdir. Demişdir ki, Səxavət, sən bu torpağı bələdiyyənin adına keçir”. Lakin Səxavət keçirməmişdir. Torpaq 13 hektardır, 1 sotu 13000 manat olmaqla ******* manat pul edir. Həmçinin burada belə bir məsələ var ki, qəbirstanlıqlarda yer yoxdur. Hazırda qəbir yerinin biri 3000 manatdır. Səxavət də iştahlanmışdır ki, yeri başqa adamlara satsın ki, bir qəbir üçün 3000 manat qazansın. Axı bu kəndlilərin qəbiristanlığıdır. Başqa adamın qəbrinin orada nə işi var. O, konkret olaraq heç vaxt Səxavəti söyməmişdir. Qrupdakı çıxışında demişdir ki, kim o əməli etsə, .... belədir. O, birbaşa Səxavəti söyməmişdir. “Qarayara” sözünü heç bilmir, işlətməmişdir. O, demişdir ki, bu hərəkəti edən adam belədir, Cəhri camaatına bu hərəkəti edən şərəfsizdir. Deməmişdir ki, sənsən zibil. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X5 vəkili Müdafiəçi göstərmişdir ki, xüsusi ittiham qaydasında qeyd edilən ifadələr konkret şəxsə yönəlməmişdir. Şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi məsələsini yoxlayaraq, qeyd edir ki, şikayətdə göstərilənlərə görə, X8, X6, “26-28 yanvar 2025-ci il tarixlərdə 335 nəfər şəxsin üzv olaraq iştirak etdiyi “X1” adlı “WhatsApp” qrupunda ümumi şəkildə onun ünvanına “tulalar”, “sürtüy”, “cındır”, “tvar”, “qara yara”, “zibil” və bu kimi təhqiramiz, kobud ifadələr səsləndirməklə onu qərəzli şəkildə təhqir etməkdə ittiham edərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X8, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X5 şəxsiyyətini təsdiq edən, qeydiyyat və faktiki yaşayış yerini özündə əks etdirən sənədlər (DİN-in MAPS şöbəsinin arayışı və s.) şikayətə əlavə etməsə də, “Elektron məhkəmə” informasiya sistemində yoxlama zamanı həmin şəxsin şəxsiyyəti, rəsmi qeydə alındığı ünvan dəqiqləşdirilmiş və onun Bakı şəhəri Nizami rayonunda rəsmi qeydiyyatda olduğu öz təsdiqini tapmışdır. Lakin nəzərə alındıqda ki, ehtimal olunan cinayət əməli “WhatsApp” qrupunda (belə bir qrupda həmin məlumatların yayılmasının cinayət olub-olmamasına qiymət verilmədən) müvafiq məlumatların yayılması ilə törədilmişdir, o zaman həmin məlumatları yayan şəxsin faktiki yaşayış yeri müəyyən edilməlidir. Hazırkı halda isə, X5 rəsmi qeydiyyatda olduğu ünvanda yaşadığına, sonuncu yaşayış yerinə dair sübutlar təqdim edilməmişdir. Ona görə şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidliyi müəyyən edilmir. Xüsusi ittiham qaydasında şikayət üzrə ehtimal olunan cinayətin törədilmə vaxtına gəldikdə, cinayətin 26-28 yanvar 2025-ci il tarixlərində törədildiyi qeyd olunmuşdur. Lakin sübut qismində təqdim olunan səs yazılarından, cinayətin məhz hansı tarixdə və ya tarixlərdə törədildiyi, həmçinin bu zaman cinayətlərin təkrarlığının olub-olmaması müəyyən deyildir. Belə ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Bundan başqa, səs yazılarının stenoqramı da çıxarılıb materiala əlavə edilməmişdir. Ona görə natamam şəkildə təqdim edilən məhdud məlumatlı sübutun araşdırılması ilə (diskə əlavə edilmiş səs yazılarına qulaq asılması ilə) X5 qeyd olunan səs yazılarının hansında və hansı tarixdə orada səslənən fikir və ifadələri məhz hansı şəxsə aid etməsini aydınlaşdırmaq çətinlik yaradır. Ona görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olub-olmadığını müəyyən etmək olmur. Bundan əlavə, X8 xüsusi ittiham qaydasında şikayətinin nəticə hissəsində X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, onun 01 il müddətinə islah işləri cəzasına məhkum edilməsini xahiş edərkən də qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi və X7 islah işləri cəzası təyin edildiyi halda onun qazancından dövlət nəfinə neçə faiz pul tutulması göstərilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 49.2-ci maddəsində islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulması nəzərdə tutulmuşdur. Bu zaman, xüsusilə nəzərə alınmalıdır ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X4 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hər iş saatına 11 manat miqdarında əmək haqqı ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 hüquqlarının müdafiəsi üçün 3 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 33 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-421/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-421/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver