Məhkəmə qərarları › İş №1(007)-422/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-422/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-422/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 fevral 2023cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 4 saylı binanın qarşısına gələrək, orada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə qırmaqla avtomobilin salonundan, içərisində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, hər biri 10 manat olmaqla 2 ədəd “Kapital Bank” kartı, 50 manat dəyərində 1 ədəd ətir və 507 manat nağd pul vəsaiti olan 20 manat dəyərində boz rəngli əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 597 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, xəstəsi olduğuna görə ehtiyacdan bu əməli törətmişdir. Avtomobil təsadüfən rastına çıxmışdır. Nizami rayonu 8-ci km ərazisində parkın yanında avtomobilin şüşəsini daşla sındırmış, salondan əl çantasını götürmüşdür. Çantada sənədlər, pul və ətir olmuşdur. Pulu götürmüş, digərlərinı atmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Əməlindən peşmandır, 2 azyaşlı övladı və xəstə, İİ qrup əlil ata və anası vardır. Xırda ticarətlə məşğul olur, islah olunmuşdur. Məhkəmədən humanist qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin tam ödənildiyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, nəvəsi X1 doğum gününü qeyd etmək üçün qızı Aysel və nəvəsi Tamerlanla birlikdə 25 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına olan parkın yanında yəni, B.Nuriyev küçəsi 4 saylı binanın yaxınlığında yerləşən “Akvarium” adlanan restorana getmişlər. Avtomobildən düşüb restorana daxil olub, doğum gününü qeyd etdikdən sonra saat 21:00 radələrində birlikdə restorandan çıxıb avtomobilə yaxınlaşmış və avtomobilin qarşı sağ yan şüşəsinin qırıldığını görüb salonuna baxdıqda özünə məxsus boz rəngli əl çantasının yerində olmadığını aşkar etmişdir. Əl çantasının içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 2 ədəd “Kapital Bank” kartı, 1 ədəd ətir və 507 manat pul vəsaiti olmuşdur. Oğurluq olduğunu başa düşdükdən sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və bu barədə ərizə yazmışdır. 27 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində istifadəsində olan 070-933- 53-03 saylı mobil nömrəsinə ***-***-**-** saylı nömrədən gələn zənglə özünü Orxan kimi təqdim edən şəxs ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsini 8-ci kilometr adlanan yerdə maşın bazarının yaxınlığında olan yanacaqdoldurma məntəqəsinin yanında tapdığını və onları vermək istədiyini bildirmişdir. Bundan sonra Orxana olduğu yer barədə məlumatı “whatsapp” vasitəsi ilə göndərmiş və sonuncu “Bolt” taksisi ilə ona sənədləri göndərmişdir. Orxanın özünü görməmişdir. Əl çantasını 20 manata yeni almış, ətrin qiyməti 50 manat, 2 ədəd “Kapital Bank” kartının hər birinin qiyməti 10 manat olmuş, sürücülük və şəxsiyyət vəsiqəsi özünə qayıtdığı üçün onların dövlət rüsumunu bilmir, avtomobilinin şüşəsinin qırılması ilə ona 100 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona 597 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində avtomobilinə ehtiyat hissəsi almaq üçün Nizami rayonu ərazisində 8-ci kilometrdə yerləşən avtomobil bazarına getmişdir. Bazara çatmamış körpünün yanında yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində yolun kənarında qara rəngli sənəd qabı görüb onu yerdən götürmüş, sənəd qabını açdıqda içərisində Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu və sürücülük vəsiqəsini görmüşdür. Həmin sənədlərin itirildiyini bilib DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bundan sonra sənəd qabının içərisində olan kağızda yazılmış mobil telefon nömrəsinə zəng edib sənədləri tapdığını və onu vermək istədiyini bildirmişdir. Onunla danışan qadın özünü Zülfiyyə kimi təqdim etmiş, onun “whatsapp” nömrəsinə olduğu yer barədə məlumat göndərmiş və o da sənədləri tanımadığı taksi vasitəsi ilə verilən ünvana göndərmişdir. Sənəd qabının içərisində başqa bir şey olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü iki övladı var. - Goranboy rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs anası X3 və atası X4 İİ tip ağır formada şəkərli diabet və s. xəstəlikləri var, İİ qrup əlildirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1487/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, evli olmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının və İİ qrup əlil olan valideynlərinin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 (bir yüz altmış iki) manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 162 (bir yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar