Məhkəmə qərarları › İş №1(007)-423/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-423/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-423/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İbrahimov Behruz Balakişi oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 fərdi həyət evində yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 18 yanvar 2025-ci il tarixdə, saat 01:00 radələrində yuyucu işlədiyi ünvan 3 ünvanında yerləşən “Grand Servis”in avtoyuma məntəqəsinə yuyulması üçün təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili yuyucu məntəqəsində olan avtomobilə məxsus açarla mühərriki işə salaraq, sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə həmin gün saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 26000 manat, xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Grand Servis”in avtoyuma məntəqəsində yuyucu işləmişdir. 2024-cü ilin sonlarında çalışdığı servisə təmir üçün təhvil verilmiş, sonradan bildiyinə görə Zərərçəkmiş şəxs məxsus “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil təmir işləri başa çatdıqdan sonra 17 yanvar 2025-ci il tarixdə yuyulması üçün avtoyuma məntəqəsinə təhvil verilmişdir. Həmin gün saat 01 radələrində iş sona çatdıqdan sonra o, avtoyuma sexində xatırlamadığı bir müştəri tərəfindən ona verilmiş spirtli içkini qəbul etmişdir. Bundan sonra yaşadığı ünvana getmək qərarına gəlmişdir. Avtoyuma məntəqəsinin içərisində olan, yuyacaqları maşınların açarlarını qoyduqları dolabı açıb oradan qeyd etdiyi “Kia Optima” markalı avtomobilin açarlarını götürmüş və heç kimə demədən avtomobili sürərək servisi tərk etmişdir. O, servisi tərk edən zaman servisin giriş qapısı açıq olduğundan mühafizəçi onu saxlamamışdır. Avtomobil ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda “Kamaz” markalı avtomobilin qabaq hissəsinə çırpılmışdır. Bundan sonra hadisə barədə heç kimə məlumat vermədən avtomobili hadisə yerində qoyaraq hazırda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobil ilə yaşadığı evə getmişdir. Səhər tezdən həmin avtomobil ilə işə qayıtdıqda servisin rəhbərliyinin avtomobili idarə etdiyindən xəbərləri olmayacağını fikirləşmişdir. Yol-nəqliyyat hadisəsi törətdikdən sonra sərxoş olduğundan, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və həmin avtomobili idarə etmək hüququ olmadığından yol-nəqliyyat hadisəsi barədə heç kimə məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxsə vurduğu zərəri birdəfəyə ödəmək imkanı yoxdur, rəsmi müqavilə bağlayıb hissə-hissə ödəyə bilər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir işləri aparmaq üçün 2024-cü ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən “Grand Servis”i icarə əsasında işlədən, əvvəllər tanıdığı Şahid1 təhvil vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Elçin onunla telefon əlaqəsi saxlayıb avtomobilin təmir işlərinin başa çatdığını bildirmişdir. O, Elçinə avtomobili yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsinə verməsini söyləmiş və özü də bir müddət keçmiş avtoservisə gəlmişdir. Həqiqətən də avtomobilin təmir işlərinin başa çatdığını və Elçinin avtomobilin dövlət qeydiyyat nişanlarını üzərindən çıxarıb avtoyuma məntəqəsinə təhvil verdiyini görmüşdür. Hətta avtoyuma məntəqəsində öz telefonu ilə avtomobilin şəkillərini çəkmişdir. Bundan sonra avtoservisi tərk etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Elçin onunla telefon əlaqəsi yaradıb avtoyuma məntəqəsində yuyucu işləyən Təqsirləndirilən şəxs “Kia Optima” markalı avtomobilini icazəsiz götürüb idarə edərək gecə saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda “Kamaz” markalı avtomobilin qabaq hissəsinə çırpıldığını bildirmişdir. “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir üçün “Grand Servis”ə verən zaman görüləcək işlər barədə rəsmi sənəd tərtib olunmuşdur. Avtomobil özünə məxsus olduğundan hadisə nəticəsində ona 26.000 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobili X1 qəzalı vəziyyətdə alınması və Azərbaycan Respublikasına gətirilməsi üçün 20.000 manat pul ödənilmişdir. Nizami rayonu, Mikayıl Əliyev küçəsi 24 ünvanında yerləşən “Grand Servis”də həmin avtomobilin təmiri üçün 13.000 manat pul verilmişdir. Avtomobilin real dəyəri 33.000 manat təşkil etmişdir. Hadisədən sonra avtomobilin zərər görməyən qalıq hissələrinin dəyərini hesablatdırdıqda, həmin hissələrin dəyərinin ümumilikdə 7000 manat olduğu müəyyən edilmişdir. Avtomobili avtoyuma məntəqəsinə təhvil verərkən yuyucu işləyən Təqsirləndirilən şəxs avtomobili idarə etməyə icazə verməmişdir. 28 yanvar 2025ci il tarixli ekspert rəyinə əsasən ona məxsus “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumilikdə 25240,00 manat vəsait tələb olunması ilə razı deyil, ona 26000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ünvan 3 ünvanında yerləşən “Grand Servis”i icarə əsasında işlədir. İcarəyə götürdüyü servisin avtoyuma məntəqəsi isə Ramazan adlı şəxsə icarəyə verilmişdir. Avtoyuma məntəqəsinin onun icarəyə götürdüyü servisə tabeliyi olmamışdır. 2024-cü ilin noyabr ayında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs servisə gələrək ABŞ-dan gətirdiyi qəzalı vəziyyətdə olan “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir işləri aparmaq üçün təhvil vermişdir. Avtomobilin təmir işləri başa çatdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 10 radələrində avtomobilin dövlət qevdiyyat nişanını üzərindən çıxarıb yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsini işlədən Ramazana təhvil vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ramazan onunla telefon əlaqəsi yaradıb avtoyuma məntəqəsində yuyucu işləyən Təqsirləndirilən şəxs qeyd olunan “Kia Optima” markalı avtomobili icazəsiz götürüb idarə edərək gecə saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda “Kamaz” markalı avtomobilin qabaq hissəsinə çırpıldığını bildirmişdir. “Kia Optima» markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir üçün Zərərçəkmiş şəxs təhvil alan zaman görüləcək işlər barədə rəsmi sənəd tərtib olunmuşdur. Həmin avtomobilin yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsini işlədən Ramazan adlı şəxsə təhvil verən zaman aralarında rəsmi müqavilə bağlanmamışdır. O, avtomobili Zərərçəkmiş şəxs istəyi ilə avtoyuma məntəqəsinə təhvil vermişdir. Pərviz öz telefonu ilə avtoyuma məntəqəsində avtomobilin şəkillərini çəkmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ünvan 3 ünvanında yerləşən “Grand Servis”in yuyucu məntəqəsini icarə əsasında işlətmişdir, icarəyə götürdüyü avtoyuma məntəqəsində avtomobillərin yuyulması və kimyəvi təmizlənməsi həyata keçirilmişdir. 17 yanvar 2025-ci il tarixdə, saat 10 radələrində “Grand Servis”in icarədarı Şahid1 Zərərçəkmiş şəxs bir neçə ay əvvəl təmir üçün servisə təhvil verdiyi ABŞ-dan gətirilmiş “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir işləri bitdiyindən dövlət qeydiyyat nişanını üzərindən çıxarıb yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsinə təhvil vermişdir. “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsinə təhvil verilən zaman avtomobilin sahibi Zərərçəkmiş şəxs da gəlib öz telefonu ilə avtoyuma məntəqəsində avtomobilin şəkillərini çəkmişdir. 18 yanvar 2025-ci il tarixdə gecə saat 02:30 radələrində avtoyuma məntəqəsində yuyucu işləyən Adil adlı şəxs onun istifadəsində olan mobil telefona zəng vuraraq qaynı, qeyd olunan avtoyuma məntəqəsində yuyucu işləyən Təqsirləndirilən şəxs “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili avtoyuma məntəqəsindən icazəsiz götürüb qaçıraraq Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda “Kamaz” markalı avtomobilin qabaq hissəsinə çırpıldığını bildirmişdir. O, dərhal hadisənin baş verdiyi əraziyə getmişdir. Lakin orada avtomobilin evakuator vasitəsilə aparıldığını öyrənmişdir. Səhər işə gələn zaman isə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı servisin rəhbərliyinə məlumat vermişdir. “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil yuyulması və kimyəvi təmizlənməsi üçün avtoyuma məntəqəsinə təhvil verilən zaman aralarında rəsmi müqavilə bağlanmamışdır. İcarə əsasında işlətdiyi yuyucu məntəqəsinin yuyucularına avtomobili idarə etməyə qəti olaraq icazə verilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 2/3143 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:25-də sərxoşluq müayinəsindən keçirilmiş və Təqsirləndirilən şəxs spirtli içkinin 0,145% qalıq əlaməti aşkar edilmişdir. - müstəqil sığorta eksperti X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 011/2025 nömrəli Aktdan görünür ki, Zərərçəkmiş şəxs dəymiş zərər 26 000 (iyirmi altı min) manat hesablanmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında azad edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində müəyyən olunmuş və həbsin əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 185-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan ələ keçirmiş (qaçırmış), sərxoş vəziyyətdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuş və həmin ziyanı ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 17 iş saatı müddətinə bərabər olmaqla, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11(on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla, cəmi 187 (bir yüz səksən yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan “Kia Optima” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 17 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 187 (bir yüz səksən yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar