Məhkəmə qərarları › İş №1(007)-424/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-424/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-424/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi ev 10, mənzil 8-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi, ev 32-də yaşayan, 27 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 28 iyul 2022-ci il tarixdə saat 20 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında onun azyaşlı övladı X1 Zərərçəkmiş şəxs yaşadığı həyətə icazəsiz daxil olmasına sonuncunun irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı yerdən götürdüyü kafel və əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya alt dodağın selikli qişa səthinin qansızması və əzilmiş yarası, sol bazunun hematoması və cızıqları, sol mil-bilək oynağının şişkinlik halında əzilməsi, sağ əlin İV barmağının, sağ diz oynağının qançırları xəsarətlərini yetirməklə ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını göstərmiş və onun barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 23 sentyabr 2022-ci il tarixli 14/662 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin qansızması və əzilmiş yarası, sol bazunun hematoması və cızıqları, sol mil-bilək oynağının şişkinlik halında əzilməsi, sağ əlin İV barmağının, sağ diz oynağının qançırları olmuşdur. Qeyd olunan cızıqlar iti kənara malik əşyanın (əşyaların, ola bilsin kafel parçası), digər xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırcı deyil. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. İşdə olan 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 221 və 228.4-cü maddələrinin tərkibi olmadığından cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına təyin olunmuş vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Digər vəkil isə müqavilə əsasında işdə iştirak etdiyindən ona münasibətdə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 15 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar