Məhkəmə qərarları › İş №1(007)-424/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-424/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-424/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan təcili tibbi yardım stansiyasına sürücü vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 23 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ünvan 4ın sonlarında da ünvan 5 ünvanında yerləşən “Maklerlər” bağında 500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 5000 manat pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda taksi sürücüsü işləyir. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğundan qonşusu İlhaməni sifarişlə toya apararkən İlhamə ona yaxın rəfiqəsi Aynurəni işə düzəltməkdə köməklik etməsini xahiş etmiş, o da heç bir etiraz etməmiş, Aynurə ilə tanış olan zaman yanında Ramilə də olmuş və ondan Elnuru işə düzəltməkdə köməklik etməsini xahiş etmişlər. O da heç bir etiraz etməmiş, beləliklə onu tanımışdır. O, Elnura yalandan onu təcili tibbi yardım stansiyasına sürücü düzəldə biləcəyini və hər ay 800 manat əmək haqqı alacağını demiş, eyni zamanda tanışının olduğunu və Elnuru 5.000 manata işə düzəldəcəyini bildirmişdir. Elnur isə onunla razılaşmış, 2022-ci ilin sentyabr ayının 23-də ona zəng edərək 4500 manat pul düzəltdiyini demiş, o da Elnuru inandırmaq məqsədilə aralarında borc müqaviləsi bağlamağı təklif etmiş, Elnur da razılaşmışdır. 23 sentyabr 2022-ci il tarixdə Elnur və o, 15 saylı notariat ofisinə gedərək aralarında borc müqaviləsi bağladıqdan sonra 4500 manat pulu almış, qalan 500 manat pulu da tez bir zamanda verməsini Elnura bildirmişdir. Bir neçə gün sonra Elnur ona zəng edərək 500 manat pulun hazır olduğunu demiş, o da dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında Elnur ilə görüşmüş və ondan 500 manat pulu almış, Eyni zamanda Elnura yalandan 1 ay müddətində işə çıxacağını bildirmişdir. Bundan sonra Elnurdan aldığı 5000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yalandan da Elnura “sən narahat olma çox yaxın günlərdə əmrin olacaq və işə çıxacaqsan” demişdir. Lakin aradan bir neçə ay keçdikdə Elnur aldadıldığını başa düşmüş və ona vermiş olduğu 5.000 manat pulu geri verməsini tələb etmiş, o, pulu xərclədiyindən qaytara bilməmişdir. Onun işə düzəlytmək üçün heç bir tanışı və səlahiyyəti olmamış, bu barədə yalan məlumat vermişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, səhvini başa düşməsini, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid1 ailəvi tanışlarıdır. Təqsirləndirilən şəxs isə Ramilə və Aynura görə tanımışdır. Beləliklə tanışı Ramilə 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu işə düzəltməkdə köməklik edə biləcəyini bildirmiş, Ramilə ona rəfiqəsi Aynurun məsləhət bildiyini qeyd etmiş, o da heç bir etiraz etmədən Əvəz ilə görüşüb ətraflı söhbət etmək qərarına gəlmiş, bu məqsədlə 20 sentyabr 2022-ci il tarixdə o, Ramilə və Aynur birlikdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkda olan çayçıda görüşmüşlər. O, ilk dəfə Əvəzi orada tanımış, söhbət zamanı Əvəzə dövlət işinə düzəlmək istədiyini bildirmiş, onu 800 manat əmək haqqı müqabilində təcili tibbi yardım stansiyasına sürücü düzəldə biləcəyini və işi özünün həll edəcəyini ona bildirmişdir. Lakin Əvəz ondan işin düzəlməsi üçün 8000 manat pul verməli olduğunu qeyd edərək ilkin mərhələdə ona 5000 manat, işə çıxdıqdan sonra isə 3.000 manatı verməsini istəmiş, o da Əvəz ilə razılaşmışdır. 2022-ci ilin sentyabr ayının 23-də o, Əvəzə zəng edərək 4500 manat pul düzəltdiyimi bildirmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Asan” xidmətin qarşısında görüşmüş, Asan xidmətdə onlara bildirilmişdir ki, pulu “Kapital” banka qoyub sonra Əvəz götürməlidir. Bu zaman Əvəz onun “Kapital” bankla problemi olduğunu, pulu həmin bank vasitəsi ilə ala bilməyəcəyini bildirmiş, belə olduqda Əvəz ona Nizami rayonu, Xəzər Universetinin yanında 15 saylı notariat xidmətində borc müqaviləsi bağlamalarını təklif etmiş, o Əvəzin dedikləri ilə razılaşaraq qeyd edilən notariusa getmişlər. Notariusda borc müqaviləsi bağlayaraq 4.500 manat pulu Əvəzə ödəmiş, Əvəz ona şəhər 3 saylı klinik xəstəxanasında təcili tibbi yardım stansiyasında sürücü vəzifəsinə işə düzəldəcəyini, həmçinin 500 manatı pulu da qısa müddət ona verməsini bildirmişdir. Bundan sonra sentyabr ayının sonunda o, Əvəzə zəng edərək 500 manat pulun hazır olduğunu demiş və Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Maklerlər” bağında Əvəz ilə görüşərək ona 500 manat pulu verdikdə Əvəz 1 ay müddətində işə çıxacağını demişdir. Bundan bir neçə vaxt keçdikdən sonra Əvəzdən xəbər çıxmadıqda ona zəng edib işə nə vaxt çıxacağını soruşduqda o, narahat olmamasını bildirərək yaxın günlərdə işi həll edəcəyini qeyd etmiş, lakin hər dəfə Əvəzlə danışdıqda işin nə yerdə olmasını soruşanda o, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, işin düzəlməməsini gördükdə Əvəzə verdiyi 5.000 manat pulu geri istəmiş, lakin hazırki vaxtadək Əvəz nə ondan almış olduğu 5.000 manat pulu vermiş, nə də ki, onu işə düzəltmişdir. Əvəz işə onu özünün düzəldəcəyini bildirmiş, heç kimin adını çəkməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərərin ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəl yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən X3 yataqxanasında qonşusu Şahid3 görə tanımışdır. Belə ki, özünə iş axtaran zaman İlhamə ona yaxın tanışı Əvəz adlı şəxsin olduğunu və işə düzəldə biləcəyini bildirmiş, o da İlhamə ilə razılaşmışdır. Bundan bir neçə gün sonra Əvəz ilə telefonla danışdıqda Əvəz ondan 3500 manat pul müqbailində X4 qeydiyyatçı kimi düzəldə biləcəyini bildirmiş, lakin onun pulu olmadığı üçün razılaşmamışdır. Bir neçə gün sonra təsadüfən qızının məktəbində olan zaman rəfiqəsi Şahid2 ilə söhbət əsnasında Ramilə ona nə səbəbə işə düzəlmədiyini bildirdikdə o, Ramiləyə Əvəz haqqında demiş və Əvəzin onu işə düzəltmək üçün pul istədiyini, pulu olmadığı üçün isə razılaşmadığını bildirmiş, Ramilə də onun əvəzinə pul verə biləcəyini, lakin əvvəlcə Əvəzlə görüşüb nə deyəcəyini öyrənmək istədiyini bildirmişdir. Bu səbəblə onlar 2022-ci ilin avqust ayında Nərimanov rayonu ərazisində yerləşən parkda görüşmüşlər. Həmin görüşdə o, Ramilə, Elnur və Əvəz iştirak etmişlər. Əvəz həmin görüşdə onu işə düzəltmək üçün pul istəmiş, lakin o, yenə pulunun olmadığını dedikdə Əvəz onunla razılaşmamış, sonra Əvəz Elnur ilə onu işə düzəltmək barədə söhbət etmiş və aralarında şifahi razılaşmışlar. Onun sonrakı söhbətlərdən heç bir xəbəri olmamışdır. Bundan bir neçə ay sonra Ramilə ona zəng edib bildirmişdir ki, X6 Tibb Mərkəzində təcili tibb mərkəzinə sürücü vəzifəsinə düzəltmək üçün 5.000 manat pul istəyib, Elnur da razılaşıb. 2022-ci ilin sentyabr ayının 23-də Elnur Əvəzə zəng edərək 4500 manat pul düzəltdiyini bildirmişdir. Onlar telefonda danışmış və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Asan” xidmətin qarşısında görüşmüşlər. Asan xidmətdə onlara bildirmişlər ki, pulu “Kapital” banka qoyub sonra Əvəz götürməlidir.Bu zaman Əvəz ona “Kapital” bankla problemi olduğu üçün pulu həmin bank vasitəsi ilə ala bilməz. Belə olduqda X7 rayonu, Xəzər Universetinin yanında 15 saylı notariusda borc müqaviləsi bağlamaqlarını təklif etmişdir.Elnur da Əvəzin dedikləri ilə razılaşmış və qeyd edilən notariusa getmişlər. Notariusda onlar aralarında borc müqaviləsi bağlanmış və 4.500 manat pulu Əvəzə ödəmişdir. Əvəz Elnura şəhər 3 saylı klinik xəstəxanasında təcili tibbi yardım stasniyasında sürücü vəzifəsinə düzələcəyini bildirmişdir. Əvəz həmin vaxtı 500 manatı qısa müddət ərzində ona verməsini bildirmişdir. Bundan sonra sentyabr ayının sonunda Elnuru Əvəzə zəng edərək 500 manat pulun hazır olduğunu demişdir.Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Maklerlər” bağında Əvəz ilə görüşmüş və ona 500 manat pulu vermişdir. Əvəz ona 1 ay müddətində işə çıxacağını bildirmişdir. Bundan bir neçə vaxt keçdikdən sonra Əvəzdən xəbər çıxmadıqda Elnur ona zəng edib işə nə vaxt çıxacağını soruşmuş Əvəz isə ona narahat olmamasını bildirərək yaxın günlərdə işi həll edəcəyini qeyd etmişdir.Lakin hər dəfə Elnur Əvəzlə danışdıqda işin nə yerdə olmasını soruşanda o, müxtəlif bəhanələr gətirərək Elnuru aldatmışdır. Elnur isə işin düzəlməməsini gördükdə Əvəzə verdiyi 5.000 manat pulu geri istəmişdir. Lakin hazırki vaxtacan Əvəz nə Elnurdan almış olduğu 5.000 manat pulu vermir nə də ki, onu işə düzəltmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 rəfiqəsidir. Təqsirləndirilən şəxs isə rəfiqəsi Aynura görə tanımışdır. Belə ki, təsadüfən övladının məktəbində olan zaman rəfiqəsi Şahid1 ilə söhbət əsnasında Aynura nə səbəbə işə düzəlmədiyini dedikdə Aynur ona Əvəz haqqında demiş və onu işə düzəltmək üçün pul istədiyini bildirmiş, Aynur da pulu olmadığı üçün razılaşmadığını qeyd etmişdir. Lakin o, Aynura əvəzinə pul verə biləcəyini, hələlik Əvəzlə görüşmək istədiyini bildirmişdir. Həmçinin Əvəzlə görüşüb danışmaqda məqsədi Elnura da bir iş düz qoş etməsi olmuşdur. Elnur ailəvi tanışlarıdır və Elnur da ailəsini saxlamaqda çətinlik çəkdiyi üçün özünə iş yeri axtarırdı. Bundan sonra bu barədə Elnura dedikdə Elnur razılaşmış, Əvəz ilə görüşüb ətraflı söhbət etmək qərarına gəlmişdir. Bunun üçün 20 sentyabr 2022-ci il tarixdə o, Aynur, Elnur və Əvəz birlikdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Nərimanov” staniyasının yaxınlığında yerləşən parkda olan çayçıda görüşmüşlər. O, ilk dəfə Əvəzi orada tanımışdır. Əvəz həmin görüşdə Aynuru işə düzəltmək üçün pul istədikdə Aynur yenə pulunun olmadığını demiş, Əvəz isə onunla razılaşmamış, sonra Əvəz Elnur ilə onu işə düzəltmək barədə söhbət etmiş, söhbət zamanı Elnur Əvəzə dövlət işinə düzəlmək istədiyini bildirmiş, Əvəz isə Elnuru 800 manat əmək haqqı müqabilində təcili tibbi yardım stansiyasına sürücü düzəldə biləcəyini bildirmişdir. Əvəz işi özünün həll edəcəyini də qeyd edərək işin düzəlməsi üçün 8000 manat pul verməli olduğunu bildirmiş, ilkin mərhələdə ona 5000 manat, işə çıxdıqdan sonra isə 3000 manatı verməsini istəmişdir. Elnur da Əvəz ilə razılaşmışdır. 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə Elnur ona zəng edərək 4500 manat pulu Əvəzə verdiyini bildirmişdir. Sonra isə əlavə olaraq 500 manat Əvəzə pul vermişdir. Lakin pul birbaşa onun yanında verilməmiş, Elnurun ona deməsindən 5000 manat pulu Əvəzə verdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 tanıyır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən X3 yataqxanasında tanımışdır. Təqsirləndirilən şəxs isə 2021-ci il tarixdən tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda onun ailə taksisi olmuşdur. Beləliklə Aynur ona işə düzəltməkdə köməklik göstərməyi xahiş etdikdə o, bu barədə Əvəzə bildirmiş, Əvəz isə ona Aynuru işə düzəldə biləcəyini bildirmişdir. O da bu barədə Aynura dedikdə, Aynur ondan Əvəzin telefon nömrəsini istəmiş və Əvəzin nömrəsini Aynura vermişdir. Bundan sonra onların danışıb görüşmələrindən xəbəri olmamış, sonradan Aynur ona bildirmişdir ki, o, Əvəzi tanışı Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Əvəz həmin vaxtı Elnurdan onu işə düzəltmək adı ilə ümumilikdə 5.000 manat pul almışdır. O, isə Aynura baş verənlərdən xəbərsiz olduğunu bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il, xx.xx.2017-ci il və xx.xx.2021-ci il təvəllüdlü uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, 02 gün müddətinə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar